• cümə axşamı, 25 aprel, 04:22
  • Baku Bakı 19°C

İstanbulda meydan savaşı: yaralananlar var Fotolar

11.06.13 12:33 1606
İstanbulda meydan savaşı: yaralananlar var  Fotolar
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, polis Taksim meydanındakı aksiyaçılara qarşı qaz bombası və təzyiqli sudan istifadə edir.
Polis müdaxiləsi nəticəsində Atatürk Kültür Mərkəzi ətrafından çəkilən aksiyaçılar polislərə “Molotof kakteyli” və daşlarla qarşılıq verirlər.
Taksim meydanına çıxan ara küçələrdə də polislə aksiyaçılar arasında qarşıdurma yaşanır. Aksiyaçılar “Hər yer Taksim, hər yer dirəniş!” şüarları səsləndirirlər. Bəzi aksiyaçılar meydanda tikinti işləri üçün gətirilən materiallardan barrikada qururlar. Əllərində Türkiyə bayrağı olan bəzi aksiyaçıların polis maşınları qarşısına uzanaraq onların keçməsinə mane olmağa çalışdıqları da müşahidə edilib.
Bu arada polis Harbiye, Tarlabaşı və Sıraselviler tərəfdə toplaşan aksiyaçılara bibər qazı ilə müdaxilə edib. Olaylar zamanı təzyiqli su sıxan polis maşınlarından biri atılan “Molotov kokteyli” nəticəsində yanmağa başlayıb. Yanğın sonradan söndürülsə də, maşına ciddi ziyan dəyib. Olaylar zamanı Gümüşsuyu istiqamətində bir reklam lövhəsi və bir avtomobil də yanıb.
Polisin Taksim meydanında tez-tez istifadə etdiyi bibər qazından yaranan bulud Gezi parkına da çatıb. Aksiyaçılar Gezi parkı ətrafında əl-ələ tutaraq insan zənciri yaratmağa və polis müdaxiləsinin qarşısını almağa çalışırlar. Olaylar zamanı yaralananlar olub və yaralananlar xəstəxanaya yerləşdirilib. Olaylarla bağlı metronun Taksim meydanı istiqamətindəki çıxışı da bağlanıb.

banner

Oxşar Xəbərlər