İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub - Fotolar
İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan
dramaturqu Hüseyn Cavidin "İblis” əsəri tamaşaya qoyulub. Tamaşa İstanbul Şəhər
Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə
hazırlanıb. Səhnə əsərinin hazırlanmasında İstanbul Şəhər Teatrlarının
direktoru Sedat Çakır tərəfindən mənəvi dəstək verilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mədəniyyət
naziri Əbülfəs Qarayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Günay Əfəndiyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin
sədri Akkan Suver, səfir Xəzər İbrahim, baş konsul Məsim Hacıyev, səfirliyin və
konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri və digərləri iştirak
ediblər.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi,
İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini
müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi
isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.
Baş rolların ifaçıları Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi,
Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay
Palabıyıkdır.
Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın
Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.
Bu tamaşada ilk dəfə olaraq "Maping” 3D işıq cihazlarından istifadə
edilib. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu
qurğu tamaşaya xüsusi görkəm verib.
Tamaşaya baxışdan sonra çıxış edən Məlahət Abbasova, Əbülfəs Qarayev
və Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir yazıçını türk, eləcə də dünya
tamaşaçısına tanıtmağın vacibliyini qeyd ediblər. Bildirilib ki, "İblis” Cavid
dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu
bu gün də aktuallığını qoruyur və təəssüf ki, müasir həyatımızda davam edən
qarşıdurmaları özündə əks etdirir.
Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq
münasibətləri ilə yanaşı, mədəni əlaqələrin də sıx olduğu vurğulanıb. Bu əsərin
Türkiyənin ən görkəmli səhnələrindən birində tamaşaya qoyulması yüksək
qiymətləndirilib.