• cümə axşamı, 25 aprel, 09:41
  • Baku Bakı 14°C

İstanbul toplantısı neftin qiymətinə müsbət təsir göstərəcək

08.10.16 10:00 1920
İstanbul toplantısı neftin qiymətinə müsbət təsir göstərəcək
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr Vyana sammitində neft hasilatını daha əvvəl nəzərdə tutulan gündəlik 0,7 milyon bareldən daha çox azalda bilər. "Reuters.com” xəbər verir ki, bu barədə Əlcəzairin enerji naziri Nurəddin Buterfe məlumat verib. O bildirib ki, OPEC Vyana yığıncağında bazarı qiymətləndirəcək. Əgər hasilatın nəzərdə tutulan 0,7 milyon barel azaldılması kifayət etməsə, bu həcm artırılacaq.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEC-ə üzv olan ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə gündəlik hasilatın 32,5 milyon barel səviyyəsinədək saxlanılmasına dair razılıq əldə olunub. Görüşdə neft hasilatının 6 aydan 1 ilədək "dondurulması” müzakirə edilib. Bu həftə isə OPEC üzvləri və təşkilata üzv olmayan bir sıra neft hasil edən ölkələr İstanbulda keçiriləcək olan energetika forumunda yenidən toplanaraq hər bir ölkənin yeni kvotasının müəyyən edilməsi ilə bağlı müzakirələr aparacaq. "Report"un "Vesti" agentliyinə istinadən verdiyixəbərə görə,Əlcəzairin energetika naziri Nurəddin Buterfa qeyd edib ki, görüşün oktyabrın13-dəkkeçirilməsi gözlənilir. Bu ilnoyabrın 30-daVyana şəhərində keçiriləcək OPEC-in rəsmi sammitinə qədər təşkilata üzv olan və digər neft hasil edən ölkələrin hasilat kvotalarının müəyyənləşdirilməsi planlaşdırılıb. Məhz gələn həftə İstanbulda keçiriləcək görüşün səbəbi bununla bağlıdır. Bəs görəsən bu proseslərin fonunda neftin qiymətinin taleyi necə olacaq. Vyana görüşü nələri vəd edir? Qiymətlərin qalxması tendensiyası davam edəcəkmi?

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, qiymətlərin qalxması tendensiyası davamlı olmaya bilər: "Neftin 1 barelinin dünya bazarlarında qiyməti artıq 53 ABŞ dolları həddindədir. Bu, son 1 ildən çox bir vaxt ərzində ilk ən yüksək səviyyədir. Səbəb isə bəllidir. Belə ki, son 2 il ərzində OPEC ölkələri və o cümlədən ona üzv olmayan digər hasilatçı ölkələr deyəsən, nəhayət ki, ortaq bir razılığa gəlirlər. Söhbət hasilatın azaldılacağından gedir. Ancaq, bu elə bir məsələdir ki, hər bir hasilatçı tərəf, yəni ölkə üçün dəqiq və müvafiq yanaşma tələb edir. Belə ki, bütün neft ölkələrinin hamısı eyni həcmdə hasilatla məşğul olmur. Odur ki, bu və ya digər həcmdə azaldılma və yaxud dondurulma bir ölkəyə sərf edə bilər, digərinə isə yox. Ona görə də bu kimi məsələlər hələ həllini tapmalıdır. Bu baxımdan, qiymətlər qalxsa da, bunun davamlı olub-olmayacağını heç kim deyə bilməz”.

İqtisadçının fikrincə, qiymətlərin bahalaşması üçün təkcə hasilatın dayandırılması kifayət etmir: "Bununla belə, bir şeyi tam dəqiqliyi ilə söyləmək mümkündür ki, qiymətlər 40 ABŞ dollarından aşağı düşəcək istiqamətdə inkişaf edən deyil. Çünki bu heç bir ölkəyə - nə şist hasilatı ilə məşğul olan ABŞ-a, nə də dünyada ən ucuz neft hasilatı ilə məşğul olan Səudiyyə Ərəbistanına sərf edir. O ki qaldı artıma, davamlı bahalaşma üçün təkcə hasilatın azaldılması və ya dondurulması yetərli deyil. Eyni zamanda, tələb də genişlənməlidir. Tələbin genişlənməsi və yüksəlməsi üçünsə, dünya iqtisadiyyatının aparıcı ölkələrinin iqtisadiyyatlarında artım olmalıdır. Söhbət Çin və Avropa İttifaqı ölkələri, o cümlədən ABŞ başda olmaqla digər nəhəng iqtisadiyyatlardan gedir. Bu mənada, mövcud fonda qiymətlər hətta 60 ABŞ dollarına da yaxınlaşa bilər. Hətta onu ötə də bilər. Lakin bir şeyi dəqiqliklə söyləmək olar ki, qiymətlər əvvəlki illərdəki kimi 100 dollara çatmayacaq, yaxud bu həddi keçməyəcək”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban: "Sabahkı İstanbul energetika forumuna OPEC ölkələrindən bir neçə nümayəndə qatılır. Burada söhbət OPEC-ə üzv ölkələrin enerji nazirləri ilə neft hasilatının dondurulması çərçivəsində ikitərəfli görüşlərdən gedir. Təbii ki, ümumilikdə İstanbul forumu və bu görüşlər bazara pozitiv siqnallar ötürür. Hazırda neftin qiyməti 53 dollara yaxınlaşmaq üzrədir. Faktiki olaraq neftin qiymətinin birdən-birə 13 faiz artım dinamikasına Əlcəzair görüşü böyük təsir göstərdi. Qiymətlərin artmasının digər səbəbi çərşənbə günündə Amerikada neft ehtiyatlarının azalması ilə bağlı enerji adminstrasiyasının açıqladığı hesabat oldu. Yaxın günlərdə keçirilməsi planlaşdırlan İstanbul toplantısı da öz növbəsində bazara müsbət siqnallar ötürməkdədir. Neft hasilatının azalması ilə bağlı deyə bilərəm ki, bu mümkündür. Əgər razılaşma və istək olsa, hasilatı azaltmaq mümkündür. Təkcə Rusiyanın özü hasilatı bir milyon barel azaltsa, bu, dünya üçün böyük bir töhfə olardı”.

Ekspert Vyana görüşündən gözləntilərin böyük olduğunu da vurğuladı: "Əgər Əlcəzair görüşündə razılaşma əldə olunubsa, Vyana görüşündə həmin konfransın yekunu olaraq OPEC ölkələri artıq ilk dəfə kvotaları rəsmən yenidən bölüşdürəcəklər. Vyana görüşü artıq hüquqi öhdəlik deməkdir. Bu hüquqi öhdəlik qarşısında bazar böyük reaksiya göstərəcək. Çox güman ki, qəbul edilən qərarlar yanvar ayının birindən qüvvəyə minəcək. Əgər fevral ayında dərc olunacaq hesabatlarda öhdəlik götürən ölkələrin qərarlaşdırılan kvotalara əməl etdikləri aydın olsa, onda neftin qiyməti artmaqda davam edəcək. Əgər reallıqla deyilənlər üst-üstə düşməzsə, bazar buna neqativ reaksiya göstərəcək. Lakin bölüşdürülən bu kvotalar da çox güman ki, 6 ay müddətinə qüvvədə olacaq. Çünki bu, uzunmüddətli ola bilməz. Neftin qiymətinə dair proqnoza gəldikdə isə, deyə bilərəm ki, bir barel neftin qiyməti 55, hətta müəyyən müddətə 57-58 dollara çata bilər. Lakin belə olan təqdirdə, ABŞ-da və Kanadada kiçik neft yataqlarında hasilat kəskin şəkildə artmağa başlayacaq ki, bu da neftin qiymətinin aşağı düşməsinə səbəb olan əsas faktorlardandır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər