• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

İstanbul, Ankara və Bağdadı birləşdirən Bəybazarı

12.04.18 16:00 1676
İstanbul, Ankara və Bağdadı birləşdirən Bəybazarı
Türkiyənin paytaxtı Ankara ilə yanaşı, onun bölgələri də özündə tarix yaşadır. Ankaranın iç Anadolu bölgəsində yerləşən Bəybazarına gedəcəyimizi eşidəndə, düşündüm ki, bəylərin şanına layiq olan müasir və böyük bir bazara düşmüş olacağam. Amma gördüklərimdən sonra yanıldığımı anladım. Qədim tarixlə üz-üzə qaldım.

XXI əsrdə Osmanlı dövrünü xatırladan kənd

Bəybazarı şəhərin qərbində, orta hesabla, dəniz səviyyəsindən 700 metr yüksəklikdə qərar tutub. Osmanlı İmperatorluğunun silahlı qüvvələrinin əsasını təşkil edən qüdrətli sipahi mərkəzlərindən olub Bəybazarı. Sipahi beyninin yerləşməsinə və iqtisadi və ticarət həyatının qaynar olmasına Beg Bazarı adlandırılmış, daha sonralar Bəybazarına uyğunlaşdırılmışdır.
Roma dövründə Bəybazarı İstanbulu Ankara və Bağdadı birləşdirən əsas tarixi keçid marşrutunun üzərində yerləşmişdir. Şəhərin tarixi ilə bağlı qısa məlumat əldə etdikdən gəzintiyə başladıq.
Bəybazarını gəzdikdə Osmanlı ab-havası yaşadıq. Burada insanlar arasında isti münasibət var. Xanımlar, bəylər qədimi geyimlərlə şəhərdə rahat şəkildə gəzirlər. Şəhərin qədimliyini təkcə insanların geyimləri deyil, eyni zamanda onun infrastrukturu da qoruyub saxlayır. Küçə boyu qədim evlər, köhnə bazarlar buralara hakim kəsilib.
Bəybazarı kiçik mərtəbəli evləri ilə məşhurdur. Nimdaşlığını qoruyub-saxlayan bir kənddir. İki və ya üç mərtəbəli, funksional və mədəni detallar ilə bəzədilmiş evlər qədim türk məmləkətlərinə bənzəyir. Bu evlərin alt qatları daş, üst qatları taxta və ya kərpiclə inşa edilib. Bəybazarı həm də tarixi İpək Yolunun üzərində yerləşən yaşayış məntəqələrindən biridir.

Bəybazarının məşhur bağ evi

Bəybazarına daxil olarkən bizi bağ evi deyilən kiçik bir restorana qonaq etdilər. Restoran demək bir qədər böyük səslənsə də, qədim və böyük köhnə evləri xatırladır. Taxtadan tikilmiş bu qədim evin içərisində qonaqlar üçün ağac kötüklərindən oturacaqlar hazırlanmışdır. Evin tam mərkəzində iki böyük ağac kötüyü uzanır ki, bu da bağ evinə xüsusi gözəllik qatır.
Tarixiliyini qoruyub saxlayan restoranın sahibi Hüsnü Bayramoğlu gələn qonaqlara ağacları göstərərək, uşaqlıq xatirələrindən və ağacların onun üçün nə qədər əziz olduğundan bəhs etdi. Məkan müştəri qıtlığı çəkmir. Maraqlıdır ki, müştərilərin çoxunu xanımlar təşkil edir. Yaşlı xanımların üstünlük verdiyi bu məkanda onlar bir-birləri ilə ünsiyyət quraraq, bizim təbirimizcə desək, "qeybət” edir, öz gəlinlərindən, nəvələrindən danışır və problemlərini bölüşürlər. Hətta analar oğlanlarına qız axtararkən bu məkana üz tutur, ailə həyatı qurmayan qızların anaları da tez-tez bu məkana gəlirlər.
Burada bizə Baryamoğlu ailəsinin xanımlarının ev üsulu ilə hazırladığı təamlar təqdim olundu. Təbii məhsullardan hazırlanan süfrədə bulaqdan götürülmüş su, elə yanımızda hazırlanan yeməklər, inək südü təqdim edildi. Kənd məhsullarını yenicə dadmışdıq ki, gözəl ifa səsləndirildi. Belə ki, restoranın sahibi ailəsi ilə birlikdə gələn qonaqlara buranın yerli adətlərindən danışır və xalq musiqiləri ilə qonaqları bir-bir rəqsə dəvət edirdi.

600 illik yaşı olan bazar

Nahar etdikdən sonra Bəybazarının küçələrini gəzdik. Küçələrdə salınmış bazarın 600 illik yaşı var. Burada tarixi əşyalarla bərabər, Türkiyə mətbəxinə xas olan yeməklərə, şirniyyatlara da rast gəldik. Belə ki, bu bazarda daha çox tərəvəz lokumları və quru meyvələr, kəndlilərin hazırladığı ədviyyatlar satılır. Bazarın dar keçidlərində duran xanımlar müştərilərə tut, kök suyu təklif edirdilər. Onlar turistlərə yaxınlaşır, yerli ədvalarından dadmalarını məsləhət görürdülər.
Bura dünyanın hər yerindən turistlər gələrək, canlı tarixlə tanış olurlar. Dəmirçilər, qalayçılar müxtəlif əşyalar hazırlayıb elə evlərinin önündəcə satırlar.
Qədim geyimdə bardaş qurub muncuqlardan boyunbağılar, sırğalar düzəldən nənələr "əl əməyi, göz nuru” deyib əl işlərini evlərinin önündə satışa çıxarırlar. "Siz bunları Bəybazarından başqa heç yerdə tapmazsınız” deyərək, müştəriləri cəlb edirlər.
Bəybazarı dolması, gümüşü, güvəçi, lokumu, paxlavası ilə də məşhurdur. Bəzək əşyalarına gəlincə, burada gümüşdən demək olar ki, bütün növ bəzək əşyaları hazırlanır. Əşyalar böyük səbr və diqqətlə işlənir. Türkiyənin ən məşhur gümüşülərinin məhz buradan ixrac olunduğu da deyilir. Bəbazaranın çox məşhur gümüş ustaları var. Hansı ki, onlar əldə hazırlanan gümüşlərə görə çox məşhurdurlar. Burada hazırlanan gümüşlər öz keyfiyyəti ilə də seçilir. Gümüş məhsulları Türkiyənin digər bölgələrinə və Səudiyyə Ərəbistanı başda olmaqla 18 xarici ölkəyə göndərilir. Burada əsasən gümüş kolleksiyası: kəmər, bilərzik, boyunbağı, sırqalar, iynə və başlıqlar hazırlanr. Təbii ki, bu sənətkarlıq məhsullar xanımlar üçün qiymətli cehizlik də sayılır.
Daxil olduğumuz bir mağazada gəlinlə qaynananın gümüş seçiminin şahidi olduq. Qaynana gəlinə nə qədər çox dəyər verirsə, ona o ağırlıqda gümüş hədiyyə edir.
Haradasa, 200 ildir ki, gümüş istehsalı baxımdan ən önəmli kənd olan Bəybazarında xanımlar qızıldan çox, gümüşə üstünlük verirlər. Evdən adi bazar adı ilə belə çölə çıxanda, ən ağır gümüş bilərziklərini taxırlar. Bəybazarının ən məşhur gümüş seriyası isə Telkaridir.
Gümüş dükanlarının birində sırğanın necə ərsəyə gəlməsini izlədik. Nazik bir simi müxtəlif formalara salaraq Telkari gümüşlərinin hansı proseslərdən keçdiyini gördük.

Türkiyənin yerkökü ehtiyacının 60 faizini ödəyir

Bəybazarının gümüşləri ilə tanış olduqdan sonra müxtəlif çay evlərində oturur, yaşlı insanlardan şəhərin tarixi ilə bağlı hekayələri dinləyirik. Deyilənlərə görə, burdakı əhalinin təxminən 67 faizi kənd təsərrüfatı ilə məşğuldur. Bəybazarının Trona mədən (soda külü) ehtiyatı 237 milyon tondur və dünyanın ən böyük ikinci ehtiyatıdır. Yüksək texnologiya sayəsində qazma üsulu ilə yuyulur və çıxarılır. Bütün bu zənginliklərlə bərabər, Bəybazarında mədəniyyət və tarix muzeyi də fəaliyyət göstərir ki, bu muzeydə də Osmanlı dönəminin əşyaları, əsərləri saxlanılır. Həmçinin burada Roma, Bizans dönəminə aid əsərlər də qorunur.
Bölgə Türkiyənin yerkökü ehtiyacının 60 faizini ödəyir. Elə Bəybazarının girişində yerkökü abidəsi də buna işarədir. Bu abidə Bəybazarının simvolu hesab olunur. Ümumilikdə isə Ankaranın meyvə və tərəvəz məhsullarına olan tələbatını əsasən Bəybazarı ödəyir. Eyni anda, buranın camaatı heyvandarlıqla, xüsusən də keçi saxlamaqla məşğuldur.

Son olaraq isə Bəybazarının mərkəzində Atatürk parkında zaman keçiririk. Bu parkda Atatürkün abidəsi ucaldılıb. Atatürkün "Ne mutlu türküm diyene” sözləri həkk edilmiş bu abidə, Bəybazarı vətəndaşları üçün çox önəm daşıyır. Bu parkın qərar tutuğu yerdə bütün dağlıq ərazilər aydın şəkildə görünür. Ona görə də turistlər bu parkda daha çox şəkil çəkdirir və zaman keçirirlər.
Bu bölgəni sözün əsil mənasında, Türkiyənin "yaşayan tarixi” də adlandırmaq mümkündür. Biz də bu məmləkətdən xoş təəssüratlarla ayrılırıq.
Xəyalə Rəis







banner

Oxşar Xəbərlər