İşsizlər üçün sığorta fondu
"İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsiötən
həftə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
iclasında müzakirəyə çıxarılıb. "Report”un məlumatına görə,yeni layihə
barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki,sənəd iki il ərzində
Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdəhazırlanıb.Komitə sədrinin sözlərinə görə, qanun layihəsində
işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması məsələsi də
var: "Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Vəsaitdən özünüməşğulluq
xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun
yaradılması əslində çox yaxşı bir addım kimi qiymətləndirilə bilər. Bəs bu fond
necə işləyəcək? Kimlər yararlana biləcək, kimlər yox?
"Xüsusi bir fond olmayacaq”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, xüsusi bir fond olmayacaq:
"Ümumiyyətlə, işsizlik sığortası ilə bağlı qanun layihəsi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb parlamentə göndərilib. Əmək və
sosial siyasət komitəsinin iclasında həmin qanun layihəsi müzakirə olunub. Bu,
çox müsbət qanun layihəsidir. Dünya təcrübəsində də bu barədə geniş məlumatlar
var. Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən, iqtisadi münasibətlər quran
inkişaf etmiş ölkələrin əksəriyyətində belə bir qanun da var, fondlar da. Bizdə
isə fond olmayacaq, çox güman ki, vəsaitlər Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin nəzdində olan Dövlət Sosial Müdafiə Fonduna yığılacaq”.
M.Quliyevin
sözlərinə görə, belə bir fondun yaradılmasının müsbət tərəfi ondan ibarətdir
ki, əgər müəssisə ləğv olunursa, yaxud işçilərinin bir qismi ixtisara düşürsə,
işsiz qalan şəxslər iş tapana qədər, ən çox isə 9 ay müddətində müavinət alır:
"Bu müavinət isə onun orta aylıq əməkhaqqına, iş təcrübəsinə bağlı olur. Əgər
iş təcrübəsi və orta aylıq əmək haqqı çoxdursa, müavinət də çox olacaq. Bu,
birinci növbədə işçini sığortalayır, digər tərəfdən dövlət büdcəsinin yükünü
azaldır. Eyni zamanda fondda yığılan vəsaitin bir hissəsi yeni peşələr öyrənilməsinə,
kurslar açılmasına, ixtisas dəyişilməsinə və s. xərclənir”.
"Bu, əmək
müqaviləsi ilə işləyənlərin sayını artıracaq”
Millət vəkili
bildirdi ki, fondun yaradılması həm də əmək müqaviləsi ilə işləyənlərin sayını
artıracaq: "Ola bilsin ki, işçi ilə işəgötürən arasında danışıqlar gedir və rəsmi
əməkhaqqı az yazılır, bir hissəsini qeyri-formal alır. Əmək müfəttişliyi
bunları vaxtaşırı araşdırır. İşçinin də öz düşüncələri olmalı, az-çox gələcəyi
haqqında fikirləşməlidir. Əgər belə danışıqlara gedilirsə, maaşının bir hissəsini
qeyri-rəsmi şəkildə alırsa, o vergi və sosial sığorta fonduna ödəmələrdən
yayınır, gələcəkdə pensiyası da az olur. İşsiz qalanda alacağı müavinətin məbləği
də az olur. Bu qanunun qəbul olunması məhz həmin neqativ halların qarşısının
alınmasına bir kömək olacaq.O ki, qaldı əmək
müqaviləsi ilə işləyən içilərin sayının az olmasına, bəli, Azərbaycanda 4,6 milyon
işləyən insan var, onun milyon yarımı əmək müqaviləsi ilə işləyir. Qalanları
özünü məşğulluq, kənd təsərrüfatı sektorunda, yaxud əmək müqaviləsi bağlamadan
mülki müqavilə əsasında işləyirlər və s. Məqsəd isə ümumiyyətlə, əmək müqavilələrinin
sayını artırmaqdır. Harada mümkündürsə, əmək müqaviləsi ilə işləməyi təmin etmək
lazımdır. Bu, birinci növbədə leqallıq şəraiti yaradır, büdcəyə vergilərin və
sosial sığortaların lazımı məbləğdə ödənilməsinə səbəb olur. Digər tərəfdən,
işçinin özünün də gələcəkdə baş verə biləcək hər hansı hadisələrdən, o cümlədən,
pensiya, sığorta, icbari tibbi sığorta kimi hallar yaranarsa, daha yüksək
imkanlarla müdafiə olunmasına gətirib çıxarır”.
M.Quliyev
qeyd etdi ki, qanun qəbul olunandan sonra bu ilin payızında, gələn ilin əvvəlinə
fəaliyyətə başlaya bilər: "Qanun layihəsi Milli Məclisə təqdim olunub, komitədə
birinci oxunuşdan keçib. Yəqin ki Məclisin növbəti iclaslarının biridə birinci
oxunuşda plenar sessiyada baxılacaq”.
"İllik büdcəsi
təxminən 80-82 milyon manat arası ola bilər”
ƏməkHüquqlarını
Müdafiə Liqasının rəhbəriSahib Məmmədov deyir ki, dünya təcrübəsində işsizlikdən sığorta ilə
bağlı belə fondların yaradılması var: "Belə bir layihə bizdə çoxdan var. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi hazırlasa da, təəssüf ki ictimai dinləmə keçirtməyib. Ona görə bütün
müddəalar barədə məlumatlı deyilik. Amma işsizlik hallarından sığorta ilə bağlı
dünya təcrübəsində bir müddəa var. Bizdə DSMF-dən işsizliyə görə müavinət üçün
təxminən 4-5 milyon arası vəsait ayrılıb, bu isə çox cüzi məbləğdir. Hansı ki,
bütün işsizlərin ehtiyaclarını ödəmir. Ona görə belə bir fondun yaradılmasını
düşünürlər. Təxmini hesablamalara görə, ilkin variantda fondun illik büdcəsi təxminən
80-82 milyon manat arası ola bilər. Bu, əvvəlki 5 milyona nisbətdə bir az əhəmiyyətli
məbləğdir”.
"Hər işsiz bəhrələnə
bilməyəcək”
S.Məmmədov
deyir ki, burada bir neçə diqqət yetiriləcək məsələ var: "Birincisi, fondun
yaradılması işçilərlə işəgötürənlərin yükünü artıracaq. Çünki vəsait işçidən və
işəgötürəndən tutulacaq. İndi ümumi götürsək, onlardan 25 faiz tutulursa, onda
26 faiz tutulacaq. Həmin bir faiz də toplanıb 82 milyonu təşkil edəcək. İşəgötürənlər
onsuz da sosial sığorta yükündən yayınmaq üçün qeyri-formal əmək bazarına daha
çox üstünlük verirdilər. Bu, bir az da bu məsələni aktuallaşdıra bilər. İkinci
bir məsələ odur ki sığorta fondundan işsiz hər kəs bəhrələnə bilməyəcək. Burada
şərtlər var. Məsələn, kimsə mülki hüququ müqavilə ilə işləyibsə, sonra müqavilə
başa çatıbsa, bu fonda iddia edə bilməyəcək.
Bu, yalnız əmək
müqaviləsi ilə işləyən və əmək bazarını tərk etməyə məcbur olan şəxslər üçün nəzərdə
tutulub. İşçi ixtisara düşdükdə, işəgötürənin təşəbbüsü ilə hansısa hallarda
işdən çıxarıldıqda, əmək şəraiti şərtlərinin dəyişməsi ilə əlaqədar işçi əmək
bazarını tərk etdikdə və s. hallarda iddia edə biləcək. Əgər həmin şəxsə məşğulluq
mərkəzləri məşğulluğu təmin edəcək müvafiq iş təklif etmirlərsə, onlar bu
müavinəti ala biləcəklər. Bu o deməkdir ki, hazırda qeyri-formal əmək bazarında
olan təxminən milyon yarım insan, 500 min mülki hüquqi müqavilə ilə işləyən
insanın heç biri bu pullara iddia edə bilməyəcəklər. Layihə barədə tam məlumatlı
olmadığım üçün təxmini, dünya praktikasına uyğun olaraq şərh edirəm”.
"Bu kompleks
yanaşma tələb edən məsələdir”
Müsahibimin
sözlərinə görə, qeyri-formal əmək bazarının hüdudları məhdudlaşdırıldığı halda,
qanun daha mükəmməl işləyə bilər: "Təəssüf ki bu istiqamətdə ciddi bir inkişaf
yoxdur. Yaxınlarda ölkə başçısının tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi,
kameralar quraşdırılması, "ASAN xidmət” vasitəsilə vizual müşahidələrin
aparılması sistemi ilə bağlı fərmanı oldu. Bu, yalnız tikinti sektorunda olacaq
və yalnız Bakı şəhərində həyata keçiriləcək. Pilot layihə olduğu üçün nə qədər
effektli olacağını demək çətindir. Amma
qeyri-formal əmək bazarının məhdudlaşdırılması ilə bağlı növbəti addımdır. Bu
kompleks yanaşma tələb edən məsələdir. Bu qanunun qəbulu digər tədbirlərin də həyata
keçirilməsinə rəvac verməlidir. Əgər olarsa, bu zaman müəyyən effekt ola bilər.
İndiki halda, işsizliyə görə müavinət çox effektiv olmayan bir mexanizmdir”.
S.Məmmədov
bildirdi ki, Məşğulluq Mərkəzi layiqli iş təklif etməlidir deyəndə, onu nəzərdə
tutur ki, hər kəs öz ixtisasına, peşəsinə, qabiliyyətinə uyğun işlə təmin
olunsun: "Hüquqşünasa ixtisasından kənar iş təklif edilirsə, bu, onun üçün
layiqli məşğulluq sayılmır. Amma elə bir şəxs var ki, ixtisası və heç bir peşəsi
yoxdursa, iş onun üçün layiqli məşğulluq sayıla bilər. İxtisasa uyğun məşğuliyyət
təklif olunduqda, şəxs ondan dalbadal iki dəfə imtina etdikdə, artıq həmin şəxs
sığorta fondundan pula iddia edə bilməyəcək. Burada nüanslar çoxdur”.
S.Məmmədov
qeyd etdi ki, burada narahatlıq yaradan əsas məsələ fondun formalaşması üçün mənbədir:
"İndi işçilərdən 3 faiz tutulurdusa, bundan sonra 3,5 faiz, işəgötürənlərdən 22
faiz əvəzinə 22,5 faiz vergi tutulacaq. Gələcəkdə Tibbi Sığorta məsələsi var.
Bu da işçi və işəgötürənlərin üzərinə düşəcək”.
Aygün Asimqızı