İsrailli ekspert ADU tələbələri ilə görüşüb
Azərbaycan Dillər
Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında beynəlxalq
münasibətlər üzrə ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki
nümayəndəliyinin rəhbəri, "Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının həmsədri
Arye Qut Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İsrailşünaslıq
ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.
Görüşdə A.Qut "İsrail və Azərbaycan
münasibətlərində multikulturalizm faktoru” mövzusunda məruzə ilə çıxış edib.
A.Qut çıxışında İsraildə 70 minə
yaxın Azərbaycan kökənli yəhudinin yaşaması və "Aziz” Azərbaycan-İsrail diaspor
təşkilatının işindən danışıb. Azərbaycan və İsrail əlaqələrinin perspektivlərini
müsbət dəyərləndirən ekspert deyib ki, İsrail-Azərbaycan münasibətləri strateji
tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan ilə İsrail arasında iqtisadi, siyasi
və hətta geosiyasi əlaqələrin mövcud olduğunu söyləyən A.Qut iki ölkə arasında
hərbi-texniki tərəfdaşlığın da fəal inkişaf etdiyini deyib. O, Azərbaycan və
İsraili bu əlaqələrdən daha çox, insani əlaqələrin bağladığını xüsusi
vurğulayıb. A.Qut hesab edir ki, əlaqələrin inkişafı ilə İsraillə Azərbaycan
yaxın dosta çevrilib.
O, həmçinin İsrailin Akko şəhərində
İsrail hökumətinin hesabına Azərbaycan Evinin tikilməsi ideyasının
yaranmasından və bu prosesdən bəhs edib.
Azərbaycanı güclü müstəqil dövlət,
Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi qiymətləndirən
A.Qut tolerantlıq və multikulturalizmin Azərbaycan cəmiyyətinin mühüm əsasları
olduğunu qeyd edib. Ekspert çıxışında vurğulayıb ki, bir sıra xalqlardan fərqli
olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıb, bu ölkədə
yəhudi xalqı heç vaxt təqiblərə və təhqirlərə məruz qalmayıb. O, həmçinin Azərbaycanda
7 sinaqoq və 2 yəhudi məktəbinin fəaliyyət göstərdiyini deyib.
Səkkiz ilə yaxın müddətdə Azərbaycanı
İsraildə və dünyada tanıtmaqla məşğul olan A.Qut bu fəaliyyətlə bağlı antiazərbaycan
qrupları tərəfindən təzyiqlərlə qarşılaşdığını söyləyib. Ekspert Xocalı və
Qarabağda baş verən hadisələrlə əlaqədar təbliğat xarakterli məruzələrindən və
digər fəaliyyətindən söz açıb. O, Azərbaycan həqiqətlərinin dünyada
tanıdılmasında Azərbaycan Dövlət Televiziyasında 40 il rejissor və ssenarist
işləmiş atası ilə bərabər yazdığı və Xocalı qətliamı ilə bağlı bədii sənədli
romanın İsraildə çap olunmasının mühüm rol oynadığını bildirib və onun süjet xətti
ilə iştirakçıları tanış edib.
Görüşün davamında qonaq tələbələri
maraqlandıran sualları cavablandırıb.