• cümə axşamı, 18 aprel, 14:51
  • Baku Bakı 22°C

İsrailin quruluş ildönümündə qazanılan “Eurovision” qalibiyyəti

15.05.18 09:00 1110
İsrailin quruluş ildönümündə qazanılan “Eurovision” qalibiyyəti
Hər dəfə özündə böyük qalmaqalları, müzakirə mövzularını əks etdirən bir "Eurovision” mahnı müsabiqəsinin də sonuna gəldik. Mayın 12-də Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018” müsabiqəsinin final mərhələsi keçirildi. Final mərhələsi haqda danışmamışdan öncə təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova "Eurovision”u yarımfinalda tərk etdi. İlk dəfə Azərbaycan müsabiqənin finalına vəsiqə qazana bilmədi. Xatırladaq ki, A.Məmmədova (Aisel) müsabiqədə birinci olaraq səhnəyə çıxıb, "X my heart” mahnısınıifa etmişdi.
İl ərzində səbirsizliklə gözlənilən müsabiqənin qalibi isə İsrail təmsilçisi Netta oldu. O, "TOY” mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerə sahibləndi. Bu qalibiyyət isə heç də birmənalı qarşılanmadı. Belə ki, "Eurovision-2019” mahnı müsabiqəsinin Qüdsdə keçiriləcəyi ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu status yazdı. Nettanı "Twitter” sosial şəbəkəsindəki səhifəsində təbrik edən B.Netanyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi Qüdsdə olacaq. Onun bu açıqlamasından sonra beynəlxalq mahnı müsabiqəsinin məhz siyasətə dayandığını, əslində qalib mahnının da o qədər keyfiyyətli olmadığını, burada siyasi oyunların rol oynadığını bildirənlər az olmadı. Xüsusilə, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı adlandırması və dünən Birləşmiş Ştatlar səfirliyinin bu şəhərə köçürülməsindən sonra regionda və dünyada gərginliyin yaranması fonunda gələn il yarışların məhz bu ölkədə keçiriləcəyi müzakirə olunur.
Məsələ ilə bağlı CNN Türkiye-də yayımlanan "Parlament” proqramında Ebru Baki "Eurovision-2019” mahnı yarışmasına hansı ölkələrin qatılmayacağı ilə bağlı suala: "Məncə, növbəti il bir çox ölkə qatılmayacaq. Səbəbi isə İsrail ola bilər. "Eurovision” siyasəti hər zaman müzakirələrə açıq bir mövzu olsa da, Nettanın bu il birinci olması onsuz da gözlənilirdi” - kimi cavab verib. Türkiyə mətbuatında mahnının yayımlandığı ilk gündən "Eurovision” fanları tərəfindən yüksək qiymətləndirildiyi və eyni zamanda yarışmanın son həftəsinə qədər favoritlərin ilk sırasında yer alması mahnının uğurunun səbəbi kimi göstərilir. Qeyd olunur ki, müsabiqənin son anına qədər Eleninin qalib olması gözlənilirdi. İsrailin birinciliyi təhlükəyə girsə də, yenə də yekun olaraq təəccüblü bir nəticə əldə edilmədi.
Ancaq sosial mediada müxtəlif fikirlər irəli sürülür. Belə ki, Qüds məsələsinin gündəmdə olduğu bir vaxtda İsrailin birincilik qazanmasını təsadüf hesab etməyənlər çoxdur. 1948-ci ilin 14 mayı - İsrailin quruluşunun yubileyi olan bir gündə Qüdsün belə bir zəfər qazanması şübhələnənlərə əsas verir. Bundan əlavə, İsrailin baş naziri Benyamin Netanyahunun "Gələn il İsraildə qeyd olunacaq yerinə, gələn il Qüdsdə görüşərik” yazmasını da bir mesaj hesab edənlər də az deyil.
Mövzu ilə bağlı yerli ekspertlərimiz də öz fikirlərini bildirdilər. Bəstəkar, aparıcı və ifaçı Murad Arif məsələni yaradıcılıq baxımından qiymətləndirdi: "İsveç-Yunan mahnıları ilə təmsil olunan Azərbaycan "Eurovision” mahnı yarışmasında heç finala da keçə bilmədi. Çox təəssüf edirəm. Ən çox da istedadlı qızımız Aysel üçün məyus oldum. Necəliyini bilmirəm, amma "Eurovision” mahnı müsabiqəsi əslində bu ölkədə estradanı dirçəltməli, bu sektoru yönəltməliydi. Heç nə etmədi... Bilmirəm niyə belə olur! Niyə biz öz vətənimizdə tacik, özbək, fars musiqi ritmlərini xalqa sırıdıq, sevdirdik. Avropaya isə rəngsiz-soyuq əcnəbi musiqiləri alıb, göndərdik. Bəlkə, doğrudan da biz istedadsızıq? Yoxsa axtarmaq, həvəsləndirmək, çalışdırmaq və üzə çıxartmağı bacarmırıq? Bilmirəm!”
O ki qaldı İsrailin qələbəsinə, Murad Arif deyir ki, martın 12-də İsrail təmsilçisi Nettanın"TOY”mahnısının qalib olacağı ilə bağlı sosial şəbəkədəki öz səhifəsində paylaşım edib və onun qalib olacağını bildirib. Bəstəkar bizimlə söhbətində qalib olan mahnının keyfiyyətini yüksək qiymətləndirdi: "Həmin mahnı çıxan kimi dinlədim və bildirdim ki, bu ilin qalibi məhz bu mahnı olacaq. "TOY” müasir dövrün pop janrının nəbzini tutan bir mahnı idi. Əgər Qüds dünya ölkələri tərəfindən İsrail şəhəri kimi tanınırsa, İsrailin hüququ çatır ki, yarışmanı orada keçirsin. Mahnı keyfiyyətlidir, niyə də birincilik qazanmasın? Hər il "Eurovision” mahnı yarışmasında məhz belə hit mahnılar qalib gəlir. Bu, bir ənənədir. Burda təəccüblü bir şey yoxdur. Mahnının keyfiyyəti və onun qalib olacağı da öncədən yaxşı düşünülüb. Bu yarışmada ondan başqa qalib olacaq mahnı yox idi. Məhz qalib gəlmək üçün İsrail xüsusi hazırlanmışdı və qalib də oldu. Onlar seçim edib, mahnıların ən yaxşısını göndərib, bu qədər bəsit. Misal üçün, biz də yenə tanınmaq və Avropanın diqqətində olmaq lazım gəldikdə, ən yaxşı vasitələrdən istifadə edib, istədiyimizə nail olacağıq”.
Xalq artisti Mübariz Tağıyev təmsilçimiz Ayselin ifasını, əslində bəyəndiyini, ancaq bir çox səbəblərdən onun finala vəsiqə qazana bilmədiyini bildirdi: "Bu yarışmanı bir siyasətə döndəriblər. Ayselin nə üçün yarımfinaldan keçə bilmədiyini anlaya bilmirəm. Bu il qalib İsrail təmsilçisi Netta oldu. Ayselin ifa etdiyi mahnı heç də o"TOY”mahnısından zəif bir mahnı deyildi. O ki qaldı İsrail məsələsinə, mən siyasi məsələlərə qarışmaq istəməzdim, amma bu, bir həqiqətdir. Bu məsələdə siyasət də rol oynayır”.
"Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov öz sosial şəbəkə hesabında İsrail təmsilçisinin birincilik əldə etməsinin onun dünyagörüşünə görə simvolik olduğunu vurğulayıb: "Bir-birinin antonimi olan ifaçılar və tam fərqli möhtəşəm qadınlar. Dünya standartlardan kənar və musiqi bazarının stereotiplərindən uzaq olanı seçdi. Netta isə fərqliliyini və öz ürəyini seçdi. Heç də yanılmadı. Çünki standartlar və çərçivələr ancaq bizim başımızda mövcuddur. Azad olun, fərqli olun, seçilin. İsraili təbrik edirəm”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər