• şənbə, 20 Aprel, 14:41
  • Baku Bakı 23°C

“Maariv” qəzeti: Azərbaycan müsəlman dünyasında İsrailin müttəfiqidir

17.04.18 19:06 949
“Maariv” qəzeti: Azərbaycan müsəlman dünyasında İsrailin müttəfiqidir
İsrailin nüfuzlu "Maariv” qəzeti bu yaxınlarda ölkəmizdə səfərdə olmuş İris Qorletin "Azərbaycan müsəlman dünyasında İsrailin müttəfiqidir” sərlövhəli məqaləsini dərc edib.
AZƏRTACxəbər verir ki, məqalədə Azərbaycanın coğrafi mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etməsi barədə məlumatlar təqdim olunur.
Azərbaycan XİN-in mətbuat xidmətinin katibi Hikmət Hacıyev "Maariv” qəzetinə müsahibəsində deyib: "Bizim mürəkkəb coğrafi regionumuzda elə ölkələr var ki, onlar İsrail Dövləti ilə möhkəm, səmimi və dost münasibətlərimizə öz narazılıqlarını ifadə edirlər. Lakin buna baxmayaraq, hesab edirik ki, bu münasibətlər bizim üçün vacibdir. Bu strateji münasibətlər bizim üçün çox mühüm mənəvi məqamdır və yəhudi xalqına bizim hörmət və səmimi dostluq münasibətimizi əks etdirir.
Biz yəhudi xalqına böyük hörmətlə, sevgi ilə yanaşırıq, bizim aramızda dərin tarixi bağlılıqlar var. Biz yəhudi xalqının dünya elminə, tibbə, yüksək texnologiyalara, kənd təsərrüfatına verdiyi töhfələri yüksək dəyərləndiririk. Şəxsən mən israilli müğənni Yasmin Levini dinləməyi sevirəm”.
İris Qorlet qeyd edir ki, Azərbaycan neft və qaz kimi faydalı qazıntılarla zəngindir. "Maariv” qəzeti yazır: "Odlar Yurdu”nun əhalisi 10 milyona yaxındır. Ölkədə 15-20 min yəhudi yaşayır. Yəhudi icmasına olan xoş münasibətin dünyada analoqu yoxdur.
Geosiyasi baxımdan, Azərbaycan İsrail üçün çox mühüm ölkədir. Ötən həftə Azərbaycanda prezident seçkiləri keçirildi. İlham Əliyev inamla və böyük uğurla seçkilərdə 86 faiz səs toplayaraq, 7 rəqibinə qalib gəldi”.
Xarici ekspertlərin fikrincə, ölkələr arasında hərbi-strateji münasibətlər çox yüksək səviyyədədir. Müəllif qeyd edir ki, Prezident İlham Əliyev 2016-cı ildə təkcə hərbi sahədə Azərbaycanın 5 milyard dollar məbləğində İsrail texnologiyası əldə etdiyini bildirmişdi.
"Azərbaycanlılarla yəhudilər arasında 2600 illik tarixi bağlılıq var. Yəhudilər burada özlərini evlərindəki kimi hiss edirlər. Biz İsrail Dövlətinə böyük hörmət və ehtiramla yanaşırıq. Çünki sizin ölkəniz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Biz İsraillə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dostluq və tərəfdaşlıq strategiyamızı davam etdiririk. İsraillə olan münasibətlərimizi qorumalı, inkişaf etdirməli və möhkəmləndirməliyik. Biz əfsanəvi insan, İsrailin 9-cu Prezidenti Şimon Peresin böyük töhfəsini dəyərləndiririk. Münasibətlərimizin inkişafına öz dəyərli töhfəsini verən İsrailin müdafiə naziri Aviqdor Liberman əsl dostumuzdur. Regionumuz uğrunda çoxlu geosiyasi aktorlar mübarizə aparıb, ölkəmiz çox iztirablar çəkib. Bizim bütün ölkələrlə əməkdaşlıq və tərəfdaşlığımız vacibdir, o cümlədən Ermənistan ilə. Ermənistanla əməkdaşlığa başlamaq üçün onlar əvvəlcə bizim hazırda işğal altında olan əzəli torpaqlarımızı azad etməlidirlər. Bizim Gürcüstanla praktik olaraq bütün sahələrdə - turizm, vergi, sərmayə sahələrində çox gözəl əməkdaşlıq modelimiz var”, - deyə Hikmət Hacıyev qeyd edib.
"Maariv” qəzetinin müxbirinin Azərbaycanın xarici siyasət strategiyasının uğurlarının sirri barədə sualına cavab verən XİN-in mətbuat katibi H.Hacıyev bildirib ki, bir prinsip mövcuddur – şəffaflıq, açıqlıq və gələcək münasibətlərin planlaşdırılması. O deyib: "Bizim uğurumuzun sirri ondadır ki, biz hər ölkə ilə məxsusi əməkdaşlıq və tərəfdaşlıq kanalı yaratmışıq. Bu səbəbdən onların hər biri ilə xüsusi münasibətlərimiz mövcuddur. Ona görə də biz dünya birliyinin layiqli və bərabərhüquqlu üzvüyük”.
Azərbaycan ilə İsrailin hərbi-texniki əməkdaşlığına dair suala cavab verən H.Hacıyev qeyd edib ki, İsrail dünyanın ən yaxşı inkişaf etmiş hərbi-sənaye komplekslərindən birinə malikdir. "Bizim bu sahədə Rusiya, Belarus, Pakistan, İsraillə yaxşı münasibətlərimiz qurulub. Lakin biz öz hərbi-sənaye komplekslərimizi də inkişaf etdiririk. Biz aparıcı İsrail şirkətləri ilə əməkdaşlıq edirik və bunun nəticəsində həm Azərbaycanda, həm İsraildə yeni iş yerləri açılır”, - deyə mətbuat katibi bildirib.
İ.Qorlet öz məqaləsində vurğulayır ki, Azərbaycanın paytaxtı Bakı əcnəbi turistləri çox səmimi qarşılayır. Çoxsaylı gözəl parklar, tarixi yerlər, gözəl məscidlər, kilsələr, sinaqoqlar insanı heyrətləndirir. Şəhərin arxitekturasında Avropa ilə Şərq memarlığının sintezini görmək olar. Burada qadınlar Qərb stilində və çox gözəl geyinirlər. Azərbaycanlılar çox səmimi, incə təbiətli və qonaqpərvər xalqdır. "Pulman” otelində İsrail dilində danışıqları tez-tez eşitmək və israillilərin böyük qruplarına rast gəlmək mümkündür.
"Əla ərzaqdan çox dadlı və keyfiyyətli yemək – bu gözəl ölkəyə gəlmək üçün kifayət qədər yaxşı səbəbdir. Memarlıq kimi, mətbəx nümunələrində də Şərq və Qərbin möhtəşəmliyi və sintezi insanı valeh edir. Gözəl Bakının küçələrində gəzərkən özünü tam təhlükəsiz hiss edirsən. Küçələrdə, demək olar, polis və silahlı əsgər görməzsən”, - deyə israilli xanım jurnalist İris Qorlet qeyd edir.
"Maariv” qəzetinin müxbiri xatırladır ki, Azərbaycan 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib, son üç ildir Bakı Formula 1-in mərkəzinə çevrilib.
"Bu gözəl ölkə Paris və Dubayın inteqrasiya olunmuş və uğurlu modeli olmasına çalışır. Azərbaycan İslam dünyasında həm də dünyəvi dövlətin ən uğurlu modeli, multikulturalizm və tolerantlığın ən yaxşı nümunələrindən biri kimi məşhurdur. Azərbaycan qadın azadlığını və bərabərhüquqluğunu təşviq edən ölkədir”, - deyə İ.Qorlet yazır.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda Ermənistanla müharibəsi zamanı tankçı Albert Aqarunov 1992-ci ildə Dağlıq Qarabağda həlak olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2017-ci ilin sentyabr ayında Azərbaycanın müdafiə naziri, general Zakir Həsənov İsrailə səfəri zamanı Təl-Əvivdə qəhrəmanın qardaşı Rantik Aqarunovla görüşüb.
Müəllifin bir çox müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda qadınların rolunun və qadın faktorunun çox hiss olunması barədə sualını cavablandıran XİN-in mətbuat katibi Hikmət Hacıyev qeyd edib: "Biz "Azad qadın” heykəli ilə qürur duyuruq. Qadın azadlığı Azərbaycan rəhbərliyinin siyasi bazisidir. Biz fərqliyik, xüsusən Azərbaycanda heç kimdən hansı dinə etiqad etdiyini soruşmurlar. Qeyd etmək vacibdir ki, ölkəmizin məktəblərində Holokost Gününə həsr olunmuş dərslər keçirilir”.
İris Qorletin bəzi Qərb strukturlarının Azərbaycanda prezident seçkilərini tənqid etməsi barədə sualına H.Hacıyev belə cavab verib: "Siz seçkilərdə oldunuz, soruşa bilərsiniz, insanlar nə üçün səsverməyə gəlirlər. İnsanlar nəyin yaxşı, nəyin pis olduğunu bilirlər. Biz müstəqillik və demokratiyanın ağır və əzablı yolundan keçmişik, seçki şəraitini daim modernləşdirir və daha da yaxşılaşdırırıq. Siz insan hüquqları sahəsində, təhsildə, insanların dini hüquqlarında, qadın hüquqlarında, əhalinin məşğulluğu sahəsində sürətli dəyişiklikləri hiss edirsiniz. Biz tez-tez görürük ki, bir hadisəni götürür və onu ümumiləşdirirlər. Onlar bizim seçkilərdə problemlər axtarırlar. Məsələn, bir kamera sınır və bir müşahidəçi hay-küy salır ki, biz insan hüquqlarını pozuruq. Bu, ciddi deyil”, - deyə Hikmət Hacıyev vurğulayıb.
İsrailin Azərbaycandakı səfiri Dan Stav İris Qorletlə söhbətində deyib: "Burada Azərbaycan xalqının əsas dəyərlərinə, eləcə də digər xalqlara və konfessiyalara çox böyük hörmətlə yanaşmağı özlərinə borc bilirlər. Bu dövlətdə yəhudi icmasının mövcudluğu və inkişafı bunu təsdiqləyir. İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan dördüncü ölkə olub. Azərbaycandan İsrailə ixrac olunan neft münasibətlərdə çox vacib rol oynayır. İndi isə İsrail Türkiyə və Avropa üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinə qoşulacaq. Azərbaycan şirkətləri qaz yataqlarının işlənməsi üzrə tenderlərdə İsrail və Qərb şirkətləri ilə rəqabət aparırlar”.
"Azərbaycan və İsrail ümumi maraqlara əsaslanan, həmçinin Azərbaycanda müsəlmanlar və yəhudilər arasında ənənəvi sıx münasibətlərlə dəstəklənən möhkəm qarşılıqlı əlaqələrə və çoxplanlı tərəfdaşlığa malikdir”, - deyə Yerusəlimdəki Yəhudi Universiteti yanında Trumen İnstitutunun elmi işçisi, doktor Xen Bram bildirir.
İris Qorlet İsrailin nüfuzlu "Maariv” qəzetində Azərbaycandakı prezident seçkilərinə həsr edilmiş məqaləsində fikrini belə yekunlaşdırıb: "Azərbaycan hökuməti radikal İslam ideologiyasının nəticələrindən narahatdır və heç bir xarici müdaxiləyə imkan vermir. Azərbaycanın İranın ərazi bütövlüyünü qəbul etməsinə və tarixin hökmü ilə İranın tərkibində olan 38 milyon etnik azərbaycanlının müdafiəsi məqsədilə İranın daxili işinə qarışmasa da, iranlılar öz ölkələrində azərbaycanlıların milli əhval-ruhiyyəsinin yüksəlişində maraqlı deyillər. Lakin Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanla İranın yaxın müttəfiq olmasından, onunla sıx logistik və ticarət münasibətlərini davam etdirməsindən narazıdır. Azərbaycan İsrailə ABŞ-ın ən yaxın müttəfiqi kimi baxır və rəsmi Vaşinqtonla yaxınlaşmaq üçün əlavə imkanlar yaratmaq istəyi də İsrail-Azərbaycan əməkdaşlığının motivasiyasına kömək edir”.
banner

Oxşar Xəbərlər