• şənbə, 20 Aprel, 16:13
  • Baku Bakı 23°C

İsrail və İranın ümumi dostu

21.05.15 06:44 1106
İsrail və İranın ümumi dostu
İsrailin nüfuzlu “Ynetnews” jurnalında Billi Frenkelin Azərbaycan haqqında “İsrail və İranın ümumi dostu” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycan həmişə neytral olduğunu qeyd edir və bir-birlərinə qarşı mənfi münasibətdə olan Vaşinqton və Moskva, o cümlədən Tehran və Yerusəlim ilə müsbət əlaqələr qurulmasının tərəfdarıdır: “Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan əhalisinin əksəriyyəti müsəlman şiələrindən ibarət olan dünyəvi dövlətdir. 9,5 milyon əhalisi olan Azərbaycan İsrail ilə müttəfiq ölkədir. Azərbaycan paytaxtının kənarında yüzlərlə neft nasosu işləyir ki, bu da Bakı şəhərini ölkənin əsas iqtisadi mərkəzinə çevirib. Hazırda dövlət büdcəsinin 70 faizi qara qızıldan asılıdır. Lakin 1990-cı illərin əvvəlində müstəqil olan gənc ölkə neftin qiymətinin düşməsi ilə yeni istiqamətdə investisiyalar qoymağa başlayıb. Bakı şəhərində iyunda keçiriləcək I Avropa Oyunlarından qabaq olan səfərimiz zamanı biz Azərbaycanın həm İsrail, həm Türkiyə, həm də cənub qonşusu olan İran ilə necə yaxşı əlaqələr qurmasını başa düşməyə çalışırdıq. Biz Azərbaycanın problemləri, həmçinin qərb qonşusu olan Ermənistanla müharibə şəraitində olduğu haqqında da məlumat topladıq”.
Yazar qeyd edir ki, İsrail ilə Azərbaycan arasında əlaqələr ilkin olaraq gizli saxlanılırdı: “Lakin son illərdə Moşe Yaalon, Aviqdor Liberman, Şimon Peres və Benyamin Netanyahu başda olmaqla bir sıra İsrail rəsmiləri Azərbaycana səfər ediblər. İsrail neftinin 40 faizini Azərbaycandan ixrac edir. Həmçinin İsrail bunun müqabilində Azərbaycana milyardlarla dollarlıq silah satır. O cümlədən, bəzi mənbələrə görə, iki ölkə arasında olan əlaqələr İsrailə həssas bölgədə azad fəaliyyət göstərmək imkanı verir. Son dövrlərdə belə şayiələr gəzirdi ki, İsrail Azərbaycana Ermənistan ilə münaqişədə dəstək verəcək. Buna görə Azərbaycan öz hava məkanından İsrailə İranın nüvə obyektlərinə zərbə endirməyə imkan verəcək. Lakin dövlət rəsmiləri tərəfindən bu iddialar rədd edilib. Bu şayiələr gənc ölkəyə bəzi problemlər yaradıb. Prezidentin köməkçisi Əli Həsənov ilə söhbətimiz zamanı o bildirib ki, İran bizim qonşumuzdur, bu ölkə ilə bizim yaxşı və tarixi əlaqələrimiz mövcuddur. Əli Həsənov qeyd edib ki, biz dövlətlərlə qarşılıqlı əlaqələr qururuq, lakin heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayaraq, öz neytrallığımızı qoruyuruq - biz həm Rusiya və Amerika Birləşmiş Ştatları ilə, həm də İsrail və İran ilə dost dövlətlərik və buna bir çox misallar göstərmək olar”.
B.Frenkel vurğulayır ki, müstəqilliyin ilk illərində Azərbaycan üçün ən böyük problem Ermənistan ilə Dağlıq Qarabağ bölgəsində baş verən hərbi münaqişə idi: “1994-cü ildə iki ölkə arasında atəşkəs sazişi imzalanıb. Lakin bu münaqişə indiyədək davam edir və hər iki ölkənin sərhədində zorakı insidentlər baş verir”.
Məqalədə həmçinin Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsinin rəisi Hüseyn Mahmudovun da fikirlərinə yer verilib. O bildirib ki, bizim İsrail ilə əlaqələrimiz ölkənin hərbi imkanlarını daha da artırır: “İsrail də belə bir problem ilə üz-üzədir və onlar bizim vəziyyətimizi yaxşı başa düşürlər. Azərbaycan tolerant ölkədir və iki dövlət arasında oxşar cəhətlər mövcuddur. Azərbaycanda yaşayan yəhudilər bizim vətəndaşlarımızdır və onların dini inancı dövlət üçün heç bir önəm kəsb etmir”.
H.Mahmudov vurğulayıb ki, Ermənistan təcavüzkar ölkədir və onlar il başlayandan bəri 4000 dəfə atəşkəs rejimini pozublar: “Ermənistan tərəfi Azərbaycan ərazilərini işğal edib və onlar hər gün mülki vətəndaşları, kəndləri atəşə tuturlar. Biz işğal altında olan torpaqlarımızı azad etmək istəyirik və buna hər zaman hazır olmalıyıq. Həmçinin Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün Rusiya, Türkiyə, İran, İsrail ilə yaxşı əlaqələr qurmaq niyyətindədir. Son 15 il ərzində biz ölkədə sabitlik yaratmağa nail olmuşuq. Bizim kəmərlərimiz Rusiyadan keçərək neftimizi Avropa bazarlarına çıxarır; təhlükəsizliyə görə də biz bütün dövlətlər ilə yaxşı əlaqələrin qurulmasının tərəfdarıyıq. Əgər bizim İran ilə yaxşı əlaqələrimiz mövcuddursa, bu, Azərbaycanın İsrailin əleyhinə olduğunu göstərmir”.
Yazıda həmçinin Azərbaycan-İsrail Assosiasiyasının sədri Lev Spivakın fikirlərinə yer verilib. O bildirib ki, hazırda Azərbaycanda 30 min nəfər yəhudi yaşayır: “Onların əksəriyyəti Bakı şəhərində qalır. Azərbaycanda 70 min yəhudi yaşayırdı ki, onların bir çoxu hazırda İsraildə qaz, neft sənayesi üzrə çalışır”.
Məqalədə qeyd olunur ki, dini tolerantlıq azərbaycanlıların qürur mənbəyidir və bu özünü bir çox adət-ənənələrdə, müxtəlif dinə mənsub ola insanların bayramlarının keçirilməsində və nikah mərasimində göstərir: “Yəhudi icmasına qarşı da əhali çox tolerantdır. İcma üzvləri qədim zamanlardan bəri Azərbaycanda yaşayır”.
Yazı İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın fikirləri ilə tamamlanır. O bildirib ki, Azərbaycan zəngin neft və qaz yataqlarına malik olan dövlətdir: “Bu sahədə Azərbaycanın zəngin təcrübəsini öyrənmək arzusundayıq və onlar bu barədə hər zaman bizimlə bölüşməyə hazır olduqlarını bildirirlər. Azərbaycan ilə İsrail arasında yaxşı əlaqələr mövcuddur. Mən hətta bu əlaqələri strateji adlandırardım”.
Səfir vurğulayıb ki, Azərbaycan böyüməkdə olan ölkədir: “Ölkə bir çox sahələrdə inkişaf edib. Azərbaycan hazırda İsrailin uğurlu olduğu nanotexnologiyalar sahəsində inkişaf etməyə çalışır. Burada İsrailə məxsus bir çox şirkətlər fəaliyyət göstərir və Azərbaycan rəsmiləri İsrailə gələrək özləri ilə bərabər bir çox texnologiyaları ölkələrinə gətirirlər”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər