• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

İsrail telekanalında Azərbaycan ilə diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümünə həsr edilmiş süjet göstərilib

16.04.17 16:15 1290
İsrail telekanalında Azərbaycan ilə diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümünə həsr edilmiş süjet göstərilib
Bu günlərdə biz İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. İki dövlət arasında bu real və həqiqi tərəfdaşlıq müxtəlif sahələrdə sıx əməkdaşlıq nəticəsində artıq iyirmi ildən çoxdur ki, inkişaf edir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur.
AZƏRTACxəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin 9-cu telekanalının "Den” proqramının birbaşa efirində "Azərbaycan ilə diplomatik münasibətlərin 25 illiyi” adlı süjeti şərh edərkən söyləyib.
Ekspert vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan islam dünyasında İsrailin ən yaxın dostuna və tərəfdaşına çevrilib. Arye Qut deyib: "Yəhudi dövləti Cənubi Qafqazda tərəfdaşlar axtarışında keçmiş sovet imperiyası və İran arasında yerləşən yeni dünyəvi dövlətin - Azərbaycan Respublikasının simasında arzu edilən və etibarlı tərəfdaş tapdı. İki ölkənin mürəkkəb geosiyasi əhatəsinə baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq yaranıb, burada energetika iki dövlətin qarşılıqlı münasibətlərinin əsas strateji sütunlarından biridir”.
Arye Qut vurğulayıb ki, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan, həmçinin digər etnik və dini qruplar, o cümlədən zərdüştiliyin, xristian və yəhudi icmalarının da doğma evidir. İpək Yolu dövründən bu günümüzədək Azərbaycanda milli azlıqlara hörmət və dözümlülük mühüm rol oynayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra milli azlıqların nümayəndələri, habelə qadınlar hökumətdə təmsil olunublar.
Azərbaycanda qadınlara seçki hüququ Avropa dövlətlərindən daha əvvəl, hələ XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. Həmin dövrdə və sonrakı illərdə Azərbaycan hökumətində milli azlıqların nümayəndələri, o cümlədən yəhudilər də təmsil olunmuşdur. Azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar.
Azərbaycan dövlətçiliyinin qurulması və inkişafı tarixində yəhudi icmasının mühüm və inteqral rolu barədə Azərbaycandan kənarda və ya dünyadakı yəhudi icmalarından nisbətən az adam məlumatlıdır. "Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi - doktor Yevsey Gindes olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması "Kavkazskiy yevreyskiy byulleten” jurnalı, "Palestina” qəzeti, habelə "Molodyoj Siona” jurnalı nəşr edirdi.
Arye Qut İsrailin 9-cu telekanalının "Den” proqramının birbaşa efirindəki çıxışında deyib: "Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin Azərbaycana səfəri zamanı mən bu barədə ona da məlumat vermişəm”.
A.Qut qeyd edib ki, praktiki olaraq bütün sahələrdə əməkdaşlıq və tərəfdaşlıq inkişaf edir. O deyib: "Son iki ildə İsrailli jurnalistlərdən ibarət beşdən çox nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu illər ərzində mən özüm iki-üç dəfə belə nümayəndə heyətlərini müşayiət etmişəm ki, onlar azərbaycanlıların yəhudilərə necə münasibət bəslədiklərini öz gözləri ilə görsünlər. Real dəstək və düzgüm strategiya olmadan bu cür layihələri həyata keçirmək mümkün deyil. Yeri gəlmişkən, burada Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun böyük rolunu xüsusi vurğulamaq istəyirəm. O, Azərbaycan ilə İsrail arasında qarşılıqlı münasibətlərin inkişafına və möhkəmlənməsinə çox böyük töhfə verir”.
İsrailli ekspert qeyd edib ki, qonşu Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsi və təcavüzünə baxmayaraq, dinc yanaşı yaşama prinsipi Azərbaycan cəmiyyətinin təməl daşı kimi qalmaqda davam edir. O deyib: "Hətta 25 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında müharibə başlayanda Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında harmoniyanı qoruyub saxladı. Bu gün Azərbaycan Cənubi Qafqazda güclü müstəqil dövlət, geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan dünya və region dövlətlərindən asılı olmayan çoxvektorlu xarici siyasət həyata keçirir. İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiramla yanaşır. Onlar beynəlxalq arenada güclü və müstəqil aktor olan Azərbaycanın iqtisadi inkişafı istiqamətində Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirirlər. Belə bir faktı vurğulamağa dəyər ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistanın təcavüzkar əməllərini pisləyir. 25 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun qaytarılması məsələsində İsrail real və həqiqi tərəfdaş kimi Azərbaycana dəstəyini nümayiş etdirib”, - məqalədə deyilir.
Arye Qut İsraillin Baş naziri Benyamin Netanyahunun Bakıya tarixi səfərinin əhəmiyyətini vurğulayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya səfəri zamanı İsrail-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib. O deyib: "Biz dünyada özümüzə qarşı dözümsüzlük, nifrətli münasibət hallarını çox görürük. Burada - Azərbaycanda isə bütün dünyada müsəlmanlarla yəhudilər arasında hansı münasibətlərin ola bilməsinin və olmasının nümunəsini görürük”.
İsrailin indiki müdafiə naziri Aviqdor Liberman hələ xarici işlər naziri olduğu dövrdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə böyük töhfə verib. O deyib: "Azərbaycan İsrailin təkcə strateji tərəfdaşı deyil, həm də dinlərarası və etnik qruplar arasında tolerantlıq nümunəsidir. Azərbaycanla İsrail arasında dostluq münasibətləri getdikcə daha möhkəm və sarsılmaz olur ki, bu da şübhəsiz, hər iki tərəfə fayda gətirir”.
Arye Qut qeyd edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər pozitiv, strateji xarakter daşıyır. Azərbaycan-İsrail ticari əməkdaşlığı çiçəklənir, əmtəə dövriyyəsinin həcmi 4 milyard dollara yaxındır.
Arye Qut öz çıxışında fəxrlə qeyd edib ki, bir neçə dəfə şəxsən Azərbaycanın prezidenti İlham Əliyevlə görüşüb. Bu görüşlərdə O, Azərbaycan rəhbərliyinin ölkədəki milli azlıqların, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibətini real hiss edib. "Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əgər kimdəsə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi ölkənin İsraillə yüksək səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxmaq kifayət edər.
Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə unikal yerdir. Bu qəsəbə Azərbaycanın həqiqi qürurudur. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. Ermənistanın Azərbaycana qarşı yeritdiyi etnik təmizləmə siyasətinə və təcavüzünə, o cümlədən ölkə ərazisinin 20 faizinin işğal altında olmasına və ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq, Azərbaycan sivilizasiyalar və konfessiyalararası dialoqun həqiqi nümunəsi olmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmlənməsi üçün siyasi və sosial şəraitin yaradılmasında zəruri səylər göstərib.
Arye Qutun sözlərinə görə, Azərbaycan konfessiyalararası harmoniyanın mümkün olmasını, hər hansı problemlərin dinc yolla, zorakılığa və ya münaqişələrə həll atmadan, həll edilə biləcəyini əməli şəkildə nümayiş etdirir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin 9-cu telekanalının "Den” proqramının birbaşa efirində "Azərbaycan ilə diplomatik münasibətlərin 25 illiyi” adlı süjeti şərh edərkən çıxışını bu sözlərlə tamamlayıb: "Prezident İlham Əliyev dünyəvi dövlətə, tolerantlığa sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə, İsrail cəmiyyətinin xeyli hissəsinin, eləcə də dünyadakı yəhudi icmalarının hörmət və ehtiramını qazanıb. İsrail və Azərbaycan arasında münasibətləri, habelə Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri yalnız qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərini ümumi dəyərlər və ümumi tarix bağlayır. Hər iki ölkə onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır: Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir”.
banner

Oxşar Xəbərlər