AZE | RUS | ENG |

“İsrail tamaşaçıları həddindən artıq həssasdırlar”

“İsrail tamaşaçıları həddindən artıq həssasdırlar”
Bəyimxanım Vəliyeva: “Vətənimi belə bir festivalda təmsil etmək mənim üçün şərəfdir”

Festival bir ölkənin tanınmasında böyük rol oynayır. Əslində isə festival bir bayramdır. Hələ bu, sərhəd tanımayan, din, dil, irq fərqi qoymayan musiqinin festivalıdırsa, o zaman ikiqat bayramdır. Beynəlxalq festivallarda iştirak etmək isə dünyaya açılan qapıdan vətənin təbliğatının sənin əllərində olması deməkdir. Son illər tanınmış xanəndələrimizin, musiqi aləmindəki sənətkarlarımızın səsi məhz belə festivallardan eşidilir. Bu dəfə isə gənc xanəndəmiz, Əməkdar artist Bəyimxanım Vəliyevanın növbəti bir beynəlxalq festivalda çıxış etdiyini eşitdik. Onunla əlaqə saxladıqda, xanəndə artıq vətənə yola düşürdü. Müasir texnologiyanın verdiyi imkanlardan istifadə edərək Qüdsdə olan ifaçı ilə əlaqə saxladıq, səfərin səbəbini soruşduq: 
 
- Noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq "Ud” festivalında iştirak etdim. Artıq 3-cü dəfədir ki, bu festivala dəvət alıram və ölkəmizi belə mötəbər bir festivalda təmsil edirəm. Dünyanın diqqətində olan və ətrafına böyük auditoriya cəm edən belə bir festivalda iştirak etmək, orada öz ölkəni təmsil etmək həqiqətən böyük bir şərəf, eyni zamanda məsuliyyətdir. Mən bu dəfə həmin festivala Azərbaycandan tək qatılmışdım. Festivalda israilli musiqiçilərlə birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış etdim.  
 
- Sintez muğam proqramına hansı musiqilər daxil idi? 
 
- Festivalda məni İsrail musiqiçiləri müşayiət edirdi. Xalq və bəstəkar mahnılarımızı ifa etdim. Belə ki, "Getmə-getmə” xalq mahnısını, "Bəstə Nigar”, Hacıbaba Hüseynovun repertuarından "İki sevda çəkənlərin cəzası var” təsniflərini və sair repertuara daxil etmişdim. İsrail musiqiçilərindən məşhur instrumentalist Markın bəstələdiyi bir mahnını səsləndirdim. Orada Azərbaycanı təmsil etdiyim üçün bildirdim ki, burada Azərbaycan sözləri də mütləq olmalıdır. Həmin mahnı sırf instrumental musiqi idi. Həmin mahnıya bizim gözəl qəzəlxanımız Şəhriyarın sözlərini əlavə etdim. Onların 2 improvizələri var idi ki, mən orada muğamlar səsləndirdim. Həqiqətən də çox fərqli və maraqlı bir proqram oldu. Təəssüratlarım xoşdur və bu konsertdən böyük ruh yüksəkliyi ilə geri dönürəm. 
 
 
 
- Bu sintez ifa tamaşaçılar tərəfindən necə qarşılandı?
 
- Konsert sonrası tamaşaçılar ayaq üstə alqışladılar və məni ikinci dəfə səhnəyə dəvət etdilər. Yenidən ifa etməyimi xahiş etdilər. 
Zalda əyləşən tamaşaçılar bu konsertdən böyük zövq almışdılar. Onlar konsert sonrası da öz xoş təəssüratlarını səsləndirdilər. Azərbaycan muğamına böyük maraqlarının olduqlarını söylədilər. Onu qeyd edim ki, İsrail tamaşaçıları həddindən artıq həssasdırlar. Musiqini sevirlər və keyfiyyətli musiqiyə dəyər verməyi bacarırlar. Onlar bir növ musiqi fanatıdırlar. 
 
- Festivalda hansı ölkələr iştirak edirdi?
- "Ud” festivalına Hindistan, İraq, Gürcüstan, Amerika, İsrail, Kanada və bir çox ölkələrdən iştirakçılar qatılmışdı. Məndən öncə ölkəmizin görkəmli sənətkarı, Xalq artisti Alim Qasımov Azərbaycanımızı bu festivalda təmsil edib. Ondan sonra mən dəvət aldım. Məhz bu sintez şəklində. 2015-ci ildə bu festivalda iştirak edəndə Azərbaycandan istedadlı tarzənimiz Malik Mansurov da iştirak edirdi. Bu dəfə Azərbaycandan tək mən iştirak etdim.   
 
 
 
- Festivallar sizə nə qazandırır?
- Festival ölkəmizi təmsil və təbliğ etmək üçün ən gözəl vasitədir. Biz burada dünyanın müxtəlif ölkələrindən gələn sənət adamlarına, getdiyimiz ölkənin vətəndaşlarına öz musiqimizi göstərir və onun hansı keyfiyyətə malik olduğunu nümayiş etdiririk. Beynəlxalq arenaya daha tez çıxmaq və sənətimizlə sözümüzü demək üçün şans əldə edirik. Ölkəmizin həqiqətlərini belə böyük bir arenada daha çox təbliğ etmiş oluruq. 
 
- Konsert proqramında sintez şəklində ifa etdiyiniz mahnılara necə hazırlaşdınız?
- Festivala dəvət aldıqdan sonra iki ay əvvəl mənə repertuardakı mahnıları göndərdilər. Mən də həmin mahnıların üzərində çalışdım. Daha sonra İsrailə gedəndə oradakı musiqiçilərlə gərgin məşqlərimiz oldu. Konsert günü də 3 saat məşq oldu. Nəticədə festival günü saatyarımlıq  konsert proqramı ilə çıxış etdik. 
 
- Şəkillərdən gördüyümüz qədəri ilə ziyarət etməyə də zaman tapmısınız. 
- Bəli, konsertdən sonra müsəlmanların müqəddəs yeri hesab olunan, Məhəmməd peyğəmbərimizin meracının baş verdiyi, müqəddəs Qurani-Kərimdə adı çəkilən, müsəlmanların ilk qibləsi sayılan Məscidül-Əqsa məscidini də ziyarət etdim. Xalqımıza əmin-amanlıq, sülh arzuladım. Bura müqəddəs yerlərdən biridir. Məscidül-Əqsa bizim dildə "Ən uzaqdakı məscid" mənasını verir. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur. Belə bir yerdə olduğum və ziyarət etdiyim üçün xoşbəxtəm. Hər kəsə buranı ziyarət etməyi arzulayıram. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176