• cümə, 29 Mart, 13:34
  • Baku Bakı 14°C

İsrail birmənalı şəkildə ölkəmizin yanındadır

08.04.16 19:26 976
İsrail birmənalı şəkildə ölkəmizin yanındadır
Dünən Sputnik Azərbaycan Multimedia Mərkəzində "Azİz" Beynəlxalq Assosiasiyasının rəhbərlərinin israilli jurnalistlərin ölkəmizə səfərinin nəticələrinə dair mətbuat konfransı keçirildi. Tədbirdə Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsrail Azərbaycanlıları Konqresinin sədri, xoşməramlı səfir doktor Aleksander Şapiro-Suliman, "Azİz" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, İsrail Jurnalistlər, Dövri Mətbuat Birliyinin sədri İosef Frenkel və digərləri iştirak edirdilər.
İ.Ağayev çıxışında dedi ki, Beynəlxalq Diaspor Mərkəzi olaraq 2005-ci ildən İsrail Azərbaycanlıları Konqresinin sədri, xoşməramlı səfir doktor Aleksander Şapiro-Sulimanın vasitəsi ilə Yaxın Şərq üzrə nümayəndək qurublar və bir neçə dəfə İsrail parlamentində olub, ali dövlət rəhbərləri ilə görüşlər keçiriblər: “İsrail-Azərbaycan münasibətlərində və dostluğunda «Azİz» Beynəlxalq Assosiasiyasının böyük rolu olub. Düşünürəm ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yəhudi lobbisinə həm İsraildə, həm də Amerikada böyük ehtiyacımız var. Münasibətlərin yaxşı olmasının kökündə dövlət siyasəti durur. Qeyri-hökumət təşkilatları da bu sahədə öz fəaliyyətlərini uğurla davam etdirirlər. İsrail də terrordan əziyyət çəkən dövlətdir və onun nə olduğunu çox yaxşı bilir. Azərbaycan xalqının 30 ilə yaxındır terrora məruz qaldığı hamıya məlumdur. Bu millət dəfələrlə erməni təcavüzünün qurbanı olub. Biz bunun canlı şahidləriyik. Vətəndaşlar öz yurd-yuvalarından didərgin düşüblər. Burada söhbət təkcə Qarabağdan köçkün olanlardan getmir. Bildiyiniz kimi, azərbaycanlılar Ermənistandan da dəfələrlə deportasiya olunublar, öz dədə-baba yurdlarından, ev-eşiklərindən qovulublar. Daha sonra isə Qarabağın işğalı, Xocalı və digər faciələr dünyanın gözü qarşısında törədilib”.
İ.Ağayev terrora yox dediklərini, bunun üçün də dünya ictimaiyyətinə haqlı səsimizi çatdırmağın vacib olduğunu bildirdi: “Aprelin 2-də erməni hərbi birləşmələri yeni işğal siyasəti həyata keçirmək üçün növbəti dəfə Azərbaycan torpaqlarına hücum etdilər. Ailəm və öz adımdan həyatını itirənlərin ailələrinə, yaxınlarına başsağlığı verirəm. Yaralılara isə şəfalar diləyirəm. Bizim özümüz də təcavüzdən əziyyət çəkmişik. Zəngəzurda olan evimizi itirmişik. Ona görə də bu kimi halların nə qədər pis və üzücü olduğunu çox yaxşı bilirəm. Hər kəsə tezliklə öz evlərinə qayıtmağı arzu edirəm. Bu haqda İsrailə məlumatlar göndərilib. Biz hər gün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb gedişat barədə informasiya alırdıq”.
O da diqqətə çatdırıldı ki, səfər başlayan gün İsrailin Azərbaycandakı səfiri ilə görüş olub. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüş təşkil edilib: “Jurnalistlər Quba məzarlığında oldular. Memorialı ziyarət etdikdən sonra Quba Rayon İcra Hakimiyyətində görüş keçirildi. Daha sonra isə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüş oldu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söhbətlər aparıldı. QHT-lər bu sahədə öz fəaliyyətlərini davam etdirirlər. Ermənistanın təcavüzü nəticəsində milyonlarla insanın qaçqın düşməsi, ölkəyə vurulan maddi və mənəvi zərbə haqda məlumatlar hər yerdə diqqətə çatdırılmalıdır. Qonaqlarımız bu müddət ərzində Bakının bəzi görməli yerlərində olublar. Hətta gecələr də şəhəri gəzməyə çıxırdılar. Əminəm ki, Azərbaycan onların yaddaşında tolerant bir ölkə kimi qalacaq və gələcəkdə də əməkdaşlıqlar sıx çərçivədə davam etdiriləcək. İnanıram ki, onlar Azərbaycanı öz medialarında müsbət formada təqdim edəcəklər. Onu da bilin ki, hazırda bu komandanın tərkibində olan bir neçə şəxs məhz Bakıda doğulub. İstərdim ki, hər bir azərbaycanlı öz vətənini, torpağını Aleksander Şapiro-Suliman kimi sevsin”.
“Azİz” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak da deyilən bütün sözlərə qoşulduğunu və Bakını çox bəyəndiyini söylədi: “Düşünürəm ki, bura ilə bağlı yaranan təəssüratlar uzun müddət yaddaşımızdan silinməyəcək. Hamı bilir ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu iki ölkənin münasibətləri yüksələn xətlə inkişaf edir. Ermənilərin Azərbaycana həmləsi nəticəsində yaranan vəziyyətlə bağlı məlumatlar İsrailə göndərilib. Bildiyiniz kimi, İsrail parlamentinin 25 nəfərə yaxın deputatı Ermənistanda olub. Erməni mətbuatı İsrail parlamenti adından yalan məlumat yayaraq bildirmişdi ki, guya onlar azərbaycanlıları terrorçu adlandırıb. Bu, tamamilə ağ yalan idi. Çox hörmətli Liberman bu məsələ haqda danışdı və bəyanat verdi. Bütün faktlara söykənərək bildiririk ki, İsrail birmənalı şəkildə, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir”.
A.Şapiro-Suliman da Bakının gözəlliyindən və onun hər gün bir az da inkişaf etdiyindən danışdı: “Azərbaycan çox tolerant ölkədir. O, hər gün bir az da müasirləşir, gözəlləşir. Burada heç kimə din və millətinə görə fərq qoyulmur. Görünən odur ki, rəhbərlik ölkəni doğru yolla aparır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər