• şənbə, 20 Aprel, 01:26
  • Baku Bakı 15°C

İsrafçılığa qarşı mübarizə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək

31.01.15 07:14 1568
İsrafçılığa qarşı mübarizə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək
Vüqar Bayramov hesab edir ki, dövlət başçısının israfçılığa qarşı mübarizə ilə bağlı tapşırıqları neqativ halların aradan qaldırılmasına yönəlib
Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən Prezident İlham Əliyev israfçılığın qarşısını almaq barədə fikirlər səsləndirib. Qeyd edib ki, indiki şəraitdə həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. O, ümumi makroiqtisadi vəziyyətimizin bundan sonra da yüksək səviyyədə olması naminə hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməsinin vacibliyini vurğulayıb. Bu məsələlərlə bağlı suallarımızı iqtisadçı ekspert Vüqar Bayramov cavablandırır.
- Sizcə ölkə başçısının israfçılığın qarşısını almaq barədə fikirləri hansı anlama gəlir?
- Dövlət büdcəsinə ayrılan vəsaitlərin səmərəli, eyni zamanda təyinatı üzrə xərclənməsi vacibdir. Bizim apardığımız monitorinqlər də göstərir ki, israfçılıq bəzi hallarda özünü göstərir. Yəni, ayrılan vəsait praktiki olaraq, dövlət büdcəsi ilə vəsaiti alacaq vətəndaş və iş adamı arasında itir. Birmənalı şəkildə dövlət büdcəsindən ayrılan vəsaitin ünvanına çatdırılmamasıdır. Digər bir məqam, vəsait xərclənən zaman israfçılığa yol verilməsi, xərclərin şişirdilməsidir. Monitorinqlər göstərir ki, xüsusən də infrastruktur layihələrində bu tip hallara daha çox yol verilir. Şişirdilmiş rəqəmlər əsasında büdcədən böyük vəsaitlər alınır, israfçılığa yol verilir, təyinatından kənar xərclənir. Dövlət başçısının israfçılığa qarşı mübarizə ilə bağlı tapşırıqları da məhz bu cür neqativ halların aradan qaldırılması, buna qarşı mübarizənin gücləndirilməsi üçündür.
- Siz qənaətin müxanizmini nədə görürsünüz?
- Əvvəla, dövlət büdcəsindən ayrılan vəsaitlərin monitorinq edilməsində. Bu monitorinqlərin aparılması zamanı dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, medianın da prosesdə iştirakında. Belə monitorinqlər büdcə xərclərinin səmərəli istifadə edilib-edilməməsi ilə bağlı problemlərin üzə çıxmasına imkan verəcək. Eyni zamanda, Hesablama Palatasının funksiya və imkanlarının artırılması da məqsədəuyğundur. Bu imkan verəcək ki, vəsaitlərin xərclənməsinə daha yaxşı nəzarət etmək mümkün olsun, israfçılığa yol verilməsin. İsrafçılığa yol verilməməsi üçün xəzinədarlıq sistemində onlayn xəzinədarlığın tətbiqinə də ehtiyac var. Xəzinədarlıq sisteminin elektronlaşdırılması ilə yanaşı, hər bir mal və taarif üzrə taariflərin bazar qiymətinə uyğun olaraq müəyyənləşdirilməsi də zəruridir. Bu zaman dövlət qurumlarının mal və taariflərin qiymətlərini bilərəkdən şişirtməsi hallarının qarşısı alınacaq. Bununla yanaşı, birmənalı şəkildə korrupsiyaya qarşı mübarizəni də gücləndirmək gərəkdir. Şəffaflığın artırılması məqsədi ilə dövlət qurumlarının bütün xidmətləri elektronlaşdırılmalıdır. ASAN Xidmət dövlət qurumlarının xidmətlərinin elektronlaşdırılması baxımından regionda ən yaxşı model kimi qiymətləndirilir. Hazırda Azərbaycan korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət timsalında Mərkəzi-Şərqi Avropada da ən yaxşı modelə malik ölkədir. Həmin modelə əsaslanaraq digər dövlət qurumlarında da elektron xidmətlərin genişləndirilməsinə ciddi ehtiyac var. Biz bir sıra xidmətlərin də gələcəkdə ASAN Xidmətə verilməsinin tərəfdarıyıq. Bu, dövlət qurumlarında şəffaflığın gücləndirilməsinə imkan yaradacaq.
- İsrafçılığa qarşı mübarizə sadə vətəndaşların həyat tərzinə necə təsir göstərəcək?
- Əslində ölkə başçısının dövlət qurumlarında israfçılığa yol verlməməsi ilə bağlı tapşırığı sadə vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Burada əsas məqsəd ondan ibarətdir ki, sadə vətəndaşlara çatmalı olan vəsait bir sıra məmurlar və dövlət qurumlarının işçiləri tərəfindən səmərəsiz istifadə olunmasın. İsrafçılığa qarşı mübarizəni gücləndirilməsi və vəsaitlərin təyinatı üzrə xərclənməsi imkan verəcək ki, artıq dövlət büdcəsindən ayrılan vəsaitlər vətəndaşlara çatsın, onlar həmin vəsaitdən tam olaraq istifadə etsin. Subsidiyaların verilməsində bu mexanizmin tətbiqi xüsusilə vacibdir. İsrafçılığın olmaması dövlət qurumlarında ayrılan vəsaitlərə qənaət edilməsinə imkan yaradacaq. Bu qənaət birmənalı şəkildə neftin dünya bazarında qiymətinin aşağı düşməsindən yaranan neqativ təsirlərin aradan qaldırılması üçün vacbdir. İstrafçılığa qarşı mübarizə və qənaət dövlət büdcəsinin xərclər hissəsinin azaldılmasına da gətirib çıxaracaq, büdcədən ayırmalarda cari ildə və neftin qiymətinin ucuz olacağı gələcək illərdə hər hansı bir çətinliyin yaranmamasına səbəb olacaq. Bu artıq imkan verəcək ki, büdcədən müxtəlif istiqamətlərdə, xüsusən də sosial olmayan istiqamətələrə ayrılan vəsaitlərin həcmi azalsın, qənaət edilsin. Eyni zamanda bu imkan verəcək ki, sosial sahəyə ayrılan vəsaitlərin məbləği artırılsın. Ona görə də israfçılığa qarşı mübarizə ilə bağlı prezidentin tapşırığı birmənalı şəkildə sadə vətəndaşların həyat tərzinin və sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
- Hazırda mətbuatda müzakirə olunan məsələlərdən biri də manatın kursu ilə bağlıdır. Sizcə manatın məzənnəsini sabit saxlamaq mümkün olacaqmı?
- Manatın məzənnəsi ilə bağlı müzakirələrin genişləndirilməsi eyni zamanda onunla bağlıdır ki, Mərkəzi Bankın müdaxilə xərcləri yüksəkdir. Belə ki, rəsmi məlumata əsasən, Mərkəzi Bankın yalnız bir ay ərzində müdaxilə xərcləri təxminən 1,5 milyard dollar olub. Bu, kifayət qədər böyük məbləğdir. Müdaxilə xərclərinin yüksək olması manatın devalvasiyası ilə bağlı məsələnin gündəmə gəlməsinə səbəb olub. Qonşu ölkələrdə və regionda baş verənlər, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda neft ölkələrinin gəlirlərində müşahidə edilən azalmalar da manatın devolvasiyasıməsəəsini gündəmə gətirib. Əgər baş verəcəksə, manatın devolvasiyasının müəyyən müsbət tərəfləri olacaq. Bu xüsusən qeyri-neft ixracatının stimullaşdırılmasına, Azərbaycanda istehsal edilən məhsullarının dünya bazarında rəqabətliliyinin artırılmasına xidmət edəcək. Manatın ucuzlaşması Azərbaycan məhsullarının dünya bazarında daha ucuz qiymətə təklif edilməsinə gətirib çıxaracaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər