İspaniyaya fındıq ixrac olunacaq - Fotolar
Birləşmiş Ərəb
Əmrliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2017” Beynəlxalq Ərzaq
Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində
uğurlu danışıqlar davam edir.
Sərgini
ziyarət edənlər "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan meyvə
və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi
çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq
ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.
Bununla yanaşı,
Səudiyyə Ərəbistanından olan iş adamları ilə yerli şirkətlər arasında görüş
keçirilib, Azərbaycandan Səudiyyə Ərəbistanına ət və ət məhsullarının ixracı
ilə bağlı danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq birgə
müəssisənin yaradılması məsələləri də müzakirə olunub. Bundan başqa, iş
adamları arasında keçirilmiş görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin,
Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.
Şirkətlərimiz,
həmçinin sərgi çərçivəsində təşkil olunmuş "Eurasia Export Briefing” tədbirində
iştirak ediblər. Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev
Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları və ixrac potensialı,
yerli məhsullarımız barədə məlumat verib. AZPROMO və Dubay Ticarət və Sənaye
Palatasının təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün ikitərəfli görüşlər
də təşkil olunub.
Sərginin
ilk günündən etibarən ziyarətçilərin və yerli KİV-in "Made in Azerbaijan” vahid
ölkə stendinə marağı böyükdür. Belə ki, "Gulfood” sərgisinin televiziya kanalı
Azərbaycan stendi və yerli
məhsullarımızla bağlı süjet hazırlayıb.
128 kvadrat metrlik vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin
dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)
təşkilatçılığı ilə yerli şirkətlərimizin meyvə şirələri, təbii mineral sular,
meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida
məhsulları təqdim edilir.