İsmayıllıda intensiv kartofçuluq təsərrüfatı yaradılıb
Bu gün İqtisadiyyat Nazirliyinin (İN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar
forumu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirib. İN mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki,80-ə yaxın
sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi
potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq,
tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı
müəssisəsinin və otelin yaradılması üzrə
nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli
investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi
layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri
hesabına sahibkarlıq subyektlərinin 2032 investisiya layihəsinin maliyyələşdirilməsinə
134 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin
reallaşdırılması 6200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd
edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan
iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-dən çox
investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat güzəştli kredit
verilib.
İşgüzar forum
çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara
2,2 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən,
heyvandarlıq, intensiv kartofçuluq, bağçılıq, logistika mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin
reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum
çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış intensiv kartofçuluq
təsərrüfatına, logistik mərkəzin tikintisinə baxış keçirilib.