AZE | RUS | ENG |

“İşləyərkən bir gözümüz qolumuzdakı saatın saniyəsində olur” – Peşə

“İşləyərkən bir gözümüz qolumuzdakı saatın saniyəsində olur” – Peşə
Nəcəf Əliyev: “Bizim işimiz yalnız qəhvəni hazırlamaqdan ibarət deyil, həm də məlumat verməliyik”

"Aşpazın yeməyi mətbəxə qayıdanda narahat olur ki, görəsən, niyə yeməyiblər? Bəlkə, yaxşı deyilmiş? Hazırladığımız qəhvə içilmirsə, bunun mütləq bir səbəbi olur. Biz, adətən, bunu "sənin əl işini bəyənmədim”, "bunu bacarmadın” kimi qəbul edirik. Fikirləşirik ki, harada səhv etmişik ki, içmədi”. Bu sözləri bizimlə söhbətində"Coffee Time” filiallarının baş baristası Nəcəf Əliyev söylədi.
Yəni müştərini sadəcə, dadlı qəhvə içmək düşündürürsə, onların diqqət etdiyi çox nüans var. Bu müsahibədə Nəcəf Əliyevin timsalında baristalıqla tanış olacağıq.
- Bu sahəyə gəlişinizdən başlayaq. Maraq necə yarandı, bu işlə tanışlığınız necə olub?
- Mən işləməyə bir az erkən - 13 yaşımda başlamışam. O vaxt göyərti satırdım. 2013-cü ildə isə bir aksesuar mağazasında mühafizəçi kimi işləyirdim. Mağaza ilə üzbəüz yerdə isə bar var idi, oranın baş barmeni ilə münasibətim yaxşı idi. Uşaq idim deyə, məni tez-tez yaxşı yedirib içirirdi. Bir müddət sonra gördüm kostyum-filan geyinib, dedim, nə məsələdir? Dedi ki, inzibatçı keçmişəm. Onu təbrik edib işə qayıdırdım. Həmin vaxt inzibatçının köməkçisi Aslanla qısa söhbət etdim, dedim ki, sənə köməkçi lazımdır? Dedi, hə, gəl işlə. 2013-cü il iyunun 4-də orda işə başladım. Sağ olsunlar, işi mənə öyrətdilər. İlk vaxtlar barmen idim, sırf alkoqollu içkilərlə işləyirdim. Amma sonra alkoqollu içkilərin mənlik olmadığını anladım və baristalığa yönəldim. Düzdür, uşaq vaxtı bir çox oğlanlar kimi, məndən də gələcəkdə nə olacağımı soruşanda "polis” deyirdim. Amma sonra heç də belə olmadı, istəyim dəyişdi.
 
- 13-16 yaşda işləmək sizin üçün çətin deyildi?
- Hələ lap kiçik yaşlarımdan işləməyə, pul qazanmağa maraq göstərirdim. Hətta heç bir iş görmədiyim vaxtlarda belə, butulka yığıb satırdım. Bu, özümdən asılı deyildi (Gülür). Bir az da maddi baxımından evə dəstək olmağı sevirəm.
- Baristalıq necə bir sahədir?
- Gözəl, dərin, maraqlı. Hətta əvvəllər bəzən işimin qəhvə hazırlamaq olduğunu bilənlər bunu çox sadə iş adlandırırdılar, "qəhvəni suya qatıb verirsən də” deyənlər də olurdu. 
- Siz təkcə qəhvə sahəsində ixtisaslaşıbsınız?
- Alkoqollu içkilərlə bağlı da təcrübəyə sahibəm, amma əsas istiqamətim qəhvə ilə bağlıdır. Qəhvənin bütün növlərini hazırlaya bilirəm. Qəhvə ilə bağlı çempionatlarda da önəmli tərəflərdən biri budur ki, hamısını biləsən. Qəhvəni təqdim edəndə üzərində "latte-art” deyilən o bəzəklərin də hər birini hazırlamağı bacarıram.
 
- Bu işi nə qədər vaxta öyrəndiniz?
- Sırf barista adını almaq üçün 4 ayım getdi. Qəhvənin dərinliyini öyrənməyi nəzərdə tuturam.
- Dərinlik deyəndə nələr nəzərdə tutulur?
- Dənə formasında olan qəhvələri öyrənməklə iş bitmir. İstifadə etdiyin qəhvənin harda və necə bitməsi haqqında məlumatlı olmalısan. Qəhvənin ümumilikdə 80-dən çox növü var, amma ən məşhur olanı arabika və rabustadır. Arabika turşuluğu təmsil edir, rabusta acılığı. Rabusta tez-tez bitir, amma barı az olur. Ona görə arabikaya daha çox üstünlük verilir. Arabika da rabustanın qarışığından əmələ gəlib. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yetişir. Turşuluğu təmsil edir.
- Türklərdə belə bir deyim var: "Qırx illik xatirəsi var bir fincan qəhvənin”.
- Türklərdə qəhvə çox istifadə edilir. Xüsusilə qonaq gedəndə, hardasa görüşəndə bir növ qəhvə onlar üçün bir bəhanə olur. O xoş görüşün ağız dadı da qəhvə ilə xatırlanır. Ona görə, bir fincan qəhvənin 40 illik xatirə olduğunu deyirlər. Azərbaycan üçün məncə, daha çox çay o anlamı daşıyır.
 
 
- Çayın biri qaydadır, ikisi cana faydadır, üç nəsdir, dörd bəsdir. Bəs kofenin?
- "Espresso” 7 qramdan əldə edilmiş 30 milli kofe süzüntüsüdür. Normal sağlam insanlar üçün gün ərzində 4 dənədən artıq "Espresso” içmək qadağandır. Yəni gün ərzində 120 millidən artıq olmaz. İmmuniteti çox güclü olanlar içə bilər, amma içiləndə qan dövranı sürətləndirir deyə, 3-4 dənədən artıq olanda təzyiq qalxa bilir, ürək döyüntüsü artır.
- Qəhvəni hazırlamağı sevirsiniz, bəs, içməyi necə?
- İçməyi də sevirəm.
- Gün ərzində nə qədər içirsiniz?
- 3 bəs edir. 4 olanda yata bilmirəm (gülür).
- "Barista olmaq üçün qəhvəni A-dan Z-yə bilmək gərəkdir” - deyirlər.  Z-yə qədər öyrənmisiniz?
- Hələ ki X-dəyəm. Z-yə az qalıb. 2 ildən sonra kofe-master adını almaq üçün çalışıram. Martda çempionatım var. Bu çempionatı Beynəlxalq Qəhvə Birliyi təşkil edir. Dünya çapında kofe mədəniyyəti inkişaf edən və etməkdə olan ölkələrdə bu təşkilat var. Azərbaycanda da filialı fəaliyyət göstərir. Ölkədə keçirilən yarışda qalib olanlar beynəlxalq yarışa qatılır. Mən hələ ki, iştirak etməmişəm. Çünki 2 il öncəyə qədər qəhvə mədəniyyəti Azərbaycanda bu qədər inkişaf etməmişdi. 2 ildə bu sahədə çox irəliləyiş olub.
 
- Baristaların sahib olmalı olduqları keyfiyyətlərdən biri gülərüzlülükdür, biri də uzun müddət ayaq üstə işləyə bilməyi bacarmaq. Gülərüzlüsünüz, bəs, ayaq üstə çox dayana bilmək çətin olmur?
- Artıq ona da öyrəşmişik. Düzdür, indiki iş rejimim 8 saatdır, bu, normaldır. Amma 14 saatlıq rejimlə çalışdığım da olub. Türkiyədə 4 ay 16 saat ayaq üstə çalışmışam. İş saatı çox olsa da, istirahətimizi də yaxşı təşkil etmişdilər. Ümumilikdə isə hər baristanın ayaqda qalmaq üçün bir sirri var. Hər biri ayaq üstdə qalanda yorulmamaq üçün bəzi seylər edir. Mən enerji içkisini kofeyə qatıb içirdim, bu, qan dövranını sürətləndirirdi, yorulmurdum. Düzdür, ürəyə mənfi təsir edirdi, əllərimdə əsmə yaratdı. Ziyandır, amma hər gözəl şeyin bir ziyanı var (Gülür).
- Müştərilər hər zaman razı qalır?
- Anlayışı olan müştərilər, adətən, razı qalırlar. Bəzən deyirlər ki, "Espresso” ver. Soruşuruq ki, bu qəhvə növünü sizə izah etməyə ehtiyac var? Deyirik ki, 30 millidir və çox acıdır. Bizdə arabika olduğu üçün acı və turş olacağını bildiririk. Bəzən insanlara bu məlumatı verməyimiz onların xoşuna gəlmir.  Özlərini məlumatsız kimi göstərmək istəmirlər. Biz baristayıq, qəhvənin necə bir dadda olacağını hazırlayıb verməmişdən əvvəl deməliyik. Amma çox adam məlumatsız olduğu halda "bilirəm, ver” deyir. İçəndə acı olduğunu görüb "bu nədir?” deyirlər. Bu cəhətdən narazılıqlar ola bilər. Bilməmək eyib deyil. Bizim işimiz yalnız qəhvəni hazırlamaqdan ibarət deyil, həm də məlumat verməliyik. Şirkətimiz məlumat vermədən, qəhvəni müştəriyə verməyimizə də icazə vermir.
 
- Hazırda çalışdığınız yerli şirkət deyil? 
- "CoffeeDomingo” qəhvə şirkəti var. O, 2007-ci ildə Xuan Alberto adlı bir şəxs tərəfindən yaradılıb. Bu şirkətin qəhvələri dünyanın 9 ölkəsinə paylanılır. Getdikcə də artır. Biz "Coffee Time” şirkəti olaraq "Domingo” şirkəti ilə iş birliyi aparırıq. Şirkətdə baristaların inkişafı üçün təhsil, tədris var. İşləməklə yanaşı, burda sahəmiz üzrə özümüzü davamlı inkişaf etdirə bilirik.
- Bir qəhvənin hazırlanıb müştəriyə təqdim olunması nə qədər vaxt aparır?
- Qəhvənin süzülməsi 23-30 saniyə zaman tələb edir. Amma ümumilikdə, bir qəhvənin hazırlanması 45-50 saniyə çəkir. 
 
- Yəni saniyə ilə işləyirsiniz...
- Hər baristanın qolunda saat olur, çünki biz saniyə ilə işləyirik. Qəhvəmiz yanmasın, hər şey vaxtında və yaxşı keyfiyyətdə hazırlansın. Məsələn, südü 65-70 dərəcədə bişiririk. İstilik daha çox olanda südün tərkibindəki protein yanır. Biz də müştərilərə yanmış süd vermək istəmirik. Ona görə, işləyərkən bir gözümüz qolumuzdakı saatın saniyəsində olur.
- Aşpaz bəylər, adətən, evdə yemək bişirməkdə maraqlı olmurlar, bəs barista evdəkilərə qəhvə hazırlayır?
- Evdə anamla mən qəhvə həvəskarıyıq. Anamın özünün üyüdülmüş qəhvəsi var, həmişə ondan içir. Bir də türk qəhvəsi xoşuna gəlir. Onları da özü hazırlayır. Amma yayda limonadları, şeykləri mən hazırlayıram, evdəkilər kef edir.
Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311