• çərşənbə axşamı, 23 aprel, 20:52
  • Baku Bakı 20°C

“İşlərimizin nəticəsini görmək ən böyük qazancımızdır” - Örnək

15.02.19 13:00 1478
“İşlərimizin nəticəsini görmək ən böyük qazancımızdır” - Örnək
Ekoloji cəhətdən sağlam mühit yaratmaq üçün çalışır. Bunu maarifləndirmə işləri aparmaqla, motivasiya verməklə həyata keçirir. Düşünür ki, hər bir insan ən geci məktəb yaşlarından özünə nəzarət edə bilsə, ekologiyanın çirklənməsinin qarşısı alınar, gələcək üçün daha təmiz ətraf mühit yarada bilərik. Onun sözlərinə görə, bunun üçün hər bir insanın ictimai vəkilliyi olmalıdır: "Azərbaycan həqiqətən də biomüxtəlifliyinə görə dünyanın ən zəngin bölgələrindən biridir. Belə kiçik ərazidə bu cür zəngin təbiət nadir bir haldır. Biz təbiətimizin dəyərini bilməli və qorumalıyıq”.

Müsahibimiz "Eko youth” layihəsinin rəhbəri Elnur Şabanzadədir.

Əvvəlcə müsahibimizi tanıyaq.

Gəncədə anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Texnologiya Universitetinə qəbul olunub. Hazırda ARB televiziyasında, xəbərlər departamentində montajçı vəzifəsində çalışır. Müsahibimiz aktiv fəaliyyəti ilə orta məktəb illərindən həmyaşıdlarından seçilib. Birinci kursdan başlayaraq ictimai işlərdə fəallıq göstərib, elə ilk layihəsinə də universitet illərində başlayıb: "Əvvəlcə universitet daxilində həyata keçirilən layihələrdə iştirak edir, təcrübə toplayırdım. Daha sonra layihə yazmağa cəhd etdim və uğurlu alındı. İlk dəfə Gəncədə "ASAN Könüllülərinin birinci həvəskar teatrı” layihəsini həyata keçirdim. Könüllülərlə birlikdə Əbdürrəhim Bəy Haqverdiyevin "Yeməmisən qaz ətini, nə biləsən ləzzətini?” tamaşasını qurduq. Həvəskar qrup yaratdıq və gənclər könüllü şəkildə aktyorluq etdilər. Bu layihə davamlı şəkildə həyata keçirilirdi. Daha sonra cəmiyyət tərəfindən müsbət qarşılanan "Həmrəylik üçün oxu” layihəsini həyata keçirdik”.

Elnur Azərbaycanla yanaşı, beynəlxalq layihələrdə də iştirak edib: "İlk beynəlxalq layihəm Ukraynada oldu. Azərbaycanda layihələrin birində ən fəal gənc seçildim və bizi Ukraynaya təlimə göndərdilər. Daha sonra Türkiyədə, Rusiyada layihələrdə iştirak etdim. Ümumilikdə 60-dan çox yerli, 10-dan çox beynəlxalq layihədə iştirakçı olmuşam”.


- Birinci kursdan fərqli təşkilatlarda könüllü kimi fəaliyyət göstərmisiniz. Könüllülük sizə nə qazandırdı?
- Könüllülük gələcəyə investisiya deməkdir. Düşünürəm ki, hansısa bacarıqların əldə edilməsi üçün ən böyük fürsətdir. Gələcəkdə qazandığın təcrübələri iş həyatında tətbiq edəndə, bunun nəticələri əvəzedilməz olur. Universitetdə oxumaq bizim vəzifə borcumuzdur. Sosial aktivlik, könüllük isə üstünlüyümüzdür. Adətən gənclər könüllü işləməyin nə qədər çətin olduğundan danışırlar, amma unutmayaq ki, uğura gedən yol məhz könüllülükdən başlayır. Könüllü işləmək mənə həyatda bəzi şeylərin qarşılıqsız ola biləcəyini, hər dəfə mənfəət güdmədən sadə bir gülüş, məmnunluqla kifayətlənməyi öyrətdi. Könüllülük ürəkdən gələn bir hissdir, hətta gündəlik həyatımızda da könlümüzdən gələn yaxşılıq və hörməti göstəririk. Bunlar gözəl hisslərdir. Hər zaman insanlar deyirlər ki, kim nə əməl edirsə, onun qarşılığını görür. Biz də könüllü olaraq sidq-ürəklə, heç bir mənfəət güdmədən gördüyümüz işin qarşılığını nəinki bir dəfə, hətta dəfələrlə, həyatımız boyu görəcəyik. Könüllülük insana gözəl dostlar, dəyərli insanlar tanıdır. Qazanca gəldikdə, işlərimizin nəticəsini görmək ən böyük qazancdır.


- 70-ə yaxın layihədə iştirak etmisiniz. Bəs "Eko youth” layihəsi necə yarandı?
- Ekoloji layihələrdə iştirakçı kimi çox olmuşam. Hər biri standart şəkildə həyata keçirilirdi. Maarifləndirilmə işləri aparılır, təlimlər verilir və bitirdi. Amma biz fərqlilik qatmaq istədik. İlk olaraq, ictimai vəkillik mövzusunda təlimlər keçiririk, bir məktəblini ictimai vəkil olaraq böyüdürük. Düşünürəm ki, məktəblilərə təlim keçməyin əhəmiyyəti daha çoxdur. Çünki universitet tələbələri sərbəst olur, təlimlərdə iştirak edə bilirlər. Amma bu şans məktəblilərdə olmur. Layihənin məqsədi Gəncə şəhərində və Cəbrayıl, Tovuz, Goranboy rayonlarında müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir. Layihə çərçivəsində 3 ay müddətində Gəncə, Cəbrayıl, Tovuz, Goranboyda yerləşən məktəblərdə ümumilikdə 80 şagirdə (hər regionda 20 nəfər olmaqla) 2 saat müddətində "Ekologiya və onun qorunması”, "Ekoloji hüququn əsasları və ictimai vəkillik”, "Gənclərin ətraf mühitin qorunması və təmizlənməsində rolu” adlı təlimlər keçirilib. Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənib. Layihə müddətində yaşıl iməcilik adı altında təmizlik aksiyası keçirildi və yığılan tullantılardan hər bölgədə 20-yə yaxın müxtəlif əl işi hazırlandı. Məktəblilər plastik və şüşə qablardan müxtəlif əşyalar hazırladılar. Bu əl işləri layihənin sonunda Gəncə "ASAN xidmət” mərkəzində sərgilənəcək.

- Məktəblilərin tullantılardan əşyalar düzəldərkən reaksiyası necə idi?
- Adətən təlimlərə şəhər, rayon mərkəzlərindən daha çox kəndlərdə maraq göstərilir. Məktəblilər həm öyrənib, həm də əylənirdilər. Tullantılardan əşyalar düzəltməkdən zövq alırdılar. Fantaziyalarını işə salır, əl işi hazırlandıqdan sonra sevinirdilər.


- İctimai vəkillikdən danışdınız. İctimai vəkillik nədir və bunu məktəblilərə necə izah edirdiniz?
- İctimai vəkillik odur ki, hər hansı bir insan yerə tullantı atırsa, sən ona izah edib, tullantının yerə atılmasının qarşısını almalısan. Əgər kənardan baxıb reaksiya vermirsənsə, ictimai vəkil deyilsən. Bunu təlimçilər məktəblilərə izah edirlər. Bundan əlavə, tullantılar hər biri ayrı-ayrılıqda çeşidlənməlidir. Yəni şüşə qablar bir yeşiyə, elektornik tullantılar fərqli yeşiyə, məişət tullantıları başqa bir yeşiyə atılmalıdır. Lakin bununla bağlı maarifləndirmə işləri aparılsa da, heç kim çeşidləmir. Biz ictimai vəkillik edərək insanları yönləndirə bilərik. Hər hansı səhvi görüb onu izah edəndə, ictimai vəkillik funksiyasını yerinə yetirmiş olursan. Tullantıların hara gəldi atılması, pərakəndə zibillik sahələrinin çoxalması hallarına kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, o cümlədən paytaxtda tez-tez rast gəlmək olur. Bunun qarşısını almaq üçün ekoloji mədəniyyət formalaşmalıdır. Bunun üçün biz gənclər çalışmalıyıq.

- Tullantılardan əşyalar düzəldirsiniz və bu əşyalar sərgilənəcək. Maraqlıdır, uşaqlar tullantıdan əl işi düzəltməyi bacarırlarmı?
- Onlar əşyaları tək düzəltmirlər. Məktəbliləri 4 müxtəlif qruplara bölürük, bu qrupların hər birinə bir komanda lideri təyin edirik. Həmin komanda liderləri məktəblilərə əl işlərini düzəltməyə köməklik edirlər. Həmçinin onların təhlükəsizliyinə də biz cavabdehik. Onlar tullantılardan əl işlərini düzəltməyi maraqla qarşıladılar. Azyaşlı uşaqlar oyuncaqlar düzəltməyə başlayırdılar. Hətta evdə də bunu davam etdirəcəklərini deyirdilər. Layihə bitdikdən sonra belə, onlar düzətlməyə davam edirdilər. Təlimlərdən əlavə, kəndlərdə uşaqlarla söhbətləşir, maariflənirmə işləri aparırıq. Məsələn, Tərtər çayına ermənilər tullantılar atır, uşaqlar da həmin suda oynayırlar. Su ilə gələn oyuncaqları götürürlər. Biz onlara izah edirdik ki, həmin çaydan oyuncaq götürmək olmaz. Çünki bu, çox təhlükəlidir.


- Gələcək planlarınız nədir?
- Bu istiqamətdə layihələrimizi davam etdirəcəyik. Gəncə, Goranboy, Tovuzdan sonra Cocuq Mərcanlıda təlimlərə başlayacağıq. Hər birimizdə ətraf mühiti qoruma mədəniyyətinin, şüurunun olması dünyamızın bu günü və sabahı üçün əhəmiyyətlidir. Təmiz bir dünyada yaşamaq üçün ilk əvvəl fikirlərin təmiz olması lazımdır. Son illərdə ekoloji çirklənmənin kəskin artması qlobal problemə çevrilib. Hansı yaşda olmağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz bilməliyik ki, təmizliyinə ciddi yanaşmadığımız, əhəmiyyət vermədiyimiz ətraf mühit bizlərə ancaq zərər verir. Ona görə hər kəsin ekologiya mövzusunda maarifləndirilməsi lazımdır. Ətraf mühiti qorumaq şüuru insana xüsusən uşaq vaxtından qazandırılması lazım olan bir dəyərdir. Bu şüur ilə yetişən uşaq gələcəkdə ətrafını təmiz saxlamaq mövzusunda məlumatlı və daha həssas biri olacaq. Uşaqlarda ilk tərbiyə və təhsil ailədən başlayır. Onlara ətraf mühiti qorumaq şüurunu nə qədər erkən öyrədə bilsək, gələcəyimiz də əmin əllərdə olar. Ətrafa verdiyimiz zərərləri saymaqla qurtarmaz. Onları sıralamaq və ya sadalamaq yerinə, qarşısını almaq üçün tətbiq edəcəyimiz mühüm layihələrimiz olmalıdır. Bu istiqamətdə biz gənclərin üzərinə böyük məsuliyyət düşür.

Qeyd edək ki, "Eko youth” layihəsi Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Layihəyə "Yaşıl ASAN” və "ASAN Könüllülər” təşkilatı dəstək olub.

Aygün ƏZİZ






banner

Oxşar Xəbərlər