İşləməyən partiya sədrləri, funksionerləri nə ilə dolanırlar?
Bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Xalq
Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və Gürcüstanda mühacir həyatı
yaşayan Əfqan Muxtarlı həbs edildi. Rəsmi məlumatlara görə, AXCP sədrinin
müavini G.Bayramlı son bir il ərzində 41 dəfə Gürcüstana gedib və son olaraq 12
min ABŞ dollarını gömrük orqanlarına bəyan etmədiyi üçün saxlanılıb. Eləcə də
Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən saxlanılıb və üzərində 10 min avro
məbləğində pul aşkarlanıb. Hər iki faktla bağlı mediada, xüsusilə sosial
şəbəkədə müzakirələr açıldı, bu şəxslərin anti-Azərbaycan şəbəkəsində yer almaları,
radikal müxalifətin maliyyələşdirilməsi prosesinin iştirakçısı olduqları barədə
fikirlər irəli sürüldü.
Bir müddət əvvələ qədər bəzi siyasi partiyalar öz üzvlərinin və ya
onlara "simpatiyası” olan şəxslərin rəhbərlik etdiyi qeyri-hökumət təşkilatları
vasitəsilə xaricdən qrantlar əldə edirdilər. Azərbaycanda qanunvericiliyə
edilən dəyişikliklərdən sonra siyasi partiyalara gizli yönləndirilən bu cür qrantların
qarşısı alındı. Təbii ki, belə olan halda maliyyə sarıdan "əziyyət çəkən”
partiya sədrləri və onların xaricdəki himayədarları "yeni yol” axtarmağa
başladılar. Bu yol şəbəkənin maliyyəsinin Gürcüstandakı banklara gəlməsi, ordan
isə qeyri-qanuni yollarla Azərbaycana çatdırılması idi.
Son həbslərdən sonra da müxalifətçilər bu versiyanı qəbul etmək
istəmirlər. Belə olan halda, haqlı olaraq sual meydana gəlir ki, uzun illərdir
heç bir yerdə işləməyən bəzi siyasi partiya sədrləri necə olur bahalı
avtomobildə gəzir, övladları ödənişli əsaslarla xaricdə təhsil alır, müəyyən
mülklərə sahib olur, hətta cangüdən saxlayırlar? Ümumiyyətlə, həmin partiyaların
sədrləri və onların ətrafındakı şəxslər necə dolanırlar, ən azından, gündəlik
xərclərini necə çıxarırlar?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri,
millət vəkili Elşən Musayev bildirdi ki, son proseslər bəzi partiyaların
haradan maliyyələşdiyini göstərdi: "Xüsusi qüvvələr var ki, onlar
hüquq-mühafizə orqanlarına məlumdur. Biz bunu çoxdan deyirdik, amma bu gün faktlarla
təsdiq olundu ki, belə siyasi təşkilatların əsas maliyyəsi Gürcüstan üzərindən
ötürülürmüş. Müxalifət təmsilçiləri xəstəlik adı ilə Gürcüstana gedir və
pulları Azərbaycana gətirirdilər. İndi məlum olur ki, "xəstə” dediyimiz adam
Gürcüstanda görüşlər keçirir və əsas da Bakıya pul daşıyırmış. Çünki heç bir
normal adam qısa bir müddət ərzində 41 dəfə başqa ölkəyə getməz. Camaatın
gəlini heç ildə beş dəfə atası evinə getmir, amma bunlar başqa ölkəyə dəfələrlə
gedib pul gətirirlər. Sadəcə, partiya rəhbərliyi düşünüb ki, sərhəddə xanım üçün
istisna var. Yəni, Gözəl Bayramlı xanım olduğuna görə yoxlanılmaz və yaxud da
ki, bunların bu həyasızlığı, vay-şüvənliyi işlərinə yarayar. Amma hüquq, qanun
hamı üçün eynidir”.
E.Musayev əlavə etdi ki, digər saxlanılan Əfqan Muxtarlının dilindən
səslənən təhqirlər, söyüşlər, iftiralar, qarayaxmalar çox nadir insanın
ağzından çıxa bilərdi: "Bunlar sosial şəbəkələri üfunətə çevirmişdilər. Hesab
edirəm ki, Əfqan Muxtarlı da, Gözəl Bayramlı da layiq olduqları cəzanı
alacaqlar. Bəzi partiya sədrlərinin bahalı maşınlarına, evlərinə gəlincə,
əslində burada şübhəli və qeyri-adi məqam yoxdur. Aydın məsələdir ki, bu gün
Əli Kərimli öz ətrafından yalnız vasitə kimi istifadə edir. Ona görə də hamıdan
fərqli olaraq özü kefdədir. Təhsil haqqı 100 min avro olan universitetdə bu gün
özündən deyən adamlar övlad oxutdura bilmir, amma bu, edir. Londonda böyük bir
malikanəsi var, bütün ailəsi orada yaşayır. Buna necə sahiblənib, yəqin ki,
bunu bir özü bilir, bir də ətrafındakılar. Hesab edirəm ki, bunlar ifşa
olunmalıdır və qanun qarşısında cavab verməlidir”.
Azərbaycan Vəhdət
Partiyasının sədri, millət vəkili Tahir Kərimli qeyd etdi ki, bəzi
partiyalar adətən cəmiyyətə şəffaflıq təlqin edirdilər, leqal fəaliyyətin
tərəfdarı kimi çıxış edirdilər: "Əvvəllər bu insanlar qeyri-hökumət
təşkilatları təsis edib, yaxınlarını bura rəhbər qoyurdular. Daha sonra Soros
və digər bu kimi fondlardan maliyyələşirdilər. Elə oldu ki, bu sahədə dövlət
tərəfindən müxtəlif tədbirlər həyata keçirildi, hesabatlılıq və şəffaflıq
artırıldı. Mərkəzi ofisləri xaricdə olan qeyri-hökumət təşkilatlarının
Azərbaycana etdikləri yardımların hesabatlılığı tələb edildi. Nəticədə əvvəlki
qaydada işləmək artıq mümkün olmadı. Çətinlik yaranandan sonra həmin
təşkilatlar, xüsusilə həmin partiya sədrləri qanunsuz maliyyə fəaliyyətinə
keçdilər. Bunların əsas maliyyə mənbələri Azərbaycan hakimiyyətini daimi təzyiq
altında saxlamaq və tələblər irəli sürmək istəyən xarici təşkilatlar və böyük
dövlətlərdir”.
T.Kərimlinin sözlərinə görə, bu günlərdə bir daha aşkar olundu ki,
Açıq Cəmiyyət İnstitutu, Milli Demokratiya İnstitutu və digərləri Ukrayna,
Qırğızıstan və Gürcüstanda "məxməri inqilabları” maliyyələşdiriblər: "Bu fakt
sənədlərlə sübut olunub. Təbii ki, Azərbaycana və başqa dövlətlərə də belə
təzyiqlər etmək niyyətindədirlər. Belə olanda isə özlərinin "5-ci
kalon”larından istifadə edirlər, siyasi partiyaların liderləri ilə müəyyən
münasibətlər qururlar və onları maliyyələşdirirlər. Siyasi təşkilatların
rəhbərlərinin hesabatlılığı olmadığı halda isə bahalı maşınları, evləri ortaya
çıxır və maliyyə mənbələri də gizli saxlanılır. Bu cür partiyaların sədrləri özlərini
deqradasiyaya məruz qoyurlar. Əqidə daşıyıcısı olan partiya sədri maliyyə üçün
hər şeyi qurban verirsə, əqidəsini satmış olur və kriminal fəaliyyətə keçir.
Ona görə də Azərbaycan hakimiyyəti belə hallar olduqda tədbirlər görür”.
F.Qəhrəmanlı