• çərşənbə, 24 Aprel, 01:17
  • Baku Bakı 14°C

“İşləməkdən heç vaxt yorulmamışam” - Keçmişdəki mən

11.05.18 14:00 2380
“İşləməkdən heç vaxt yorulmamışam” - Keçmişdəki mən
Radioya adi bir işçi kimi gəlir, bu müddətdə səsə vurulur. Bu gün səs onun üçün hər şeydir, deyir ki, insanın səsi, danışığı onun iç dünyasını, xarakterini açıb göstərir. İlk vaxtlardan radionun bu tərəflərini sevir. Aradan heç də az olmayan 45 illik zaman keçir. "Gözümü açandan radioda işləmişəm” deyən müsahibimiz "Space" radiosunun baş redaktoru Əhməd Əsgərdir.

1955-ci ildə Göyçayda doğulub, amma uşaqlığı Bakıda keçib. Deyir ki, əslində, hamı uşaqlığında dava edir, dəcəl olur: "Uşaqlıq dövründə hamı divara da dırmaşır, hay-küy də salır. Kiminləsə dalaşırsan, kiminləsə dostlaşırsan, kiminlə uzaqlaşırsan və s. Bu proseslər özlüyündə zamanla insanın xaraketinə təsir edir. Uşaq xarakterindəki davakarlıq üzdə olan şeylərdir, bir də insanın iç dünyası olur. Ətraf mühit zamanla insanın içində bir şəxsiyyət formalaşdırır. Bundan insanın özünün xəbəri olmur, 20 yaşdan sonra o faktor ortalığa çıxmağa başlayır”.


"...o ədəbiyyatdan məndən çox bilir”

Daha çox humanitar fənləri yaxşı oxuyur. Sənətə, ədəbiyyata önəm verən bir ailədə olması onun da bu istiqamətə maraq göstərməsinə gətirib çıxarır: "Riyaziyyatdan zəif idim, amma humanitar sahəni çox yaxşı bilmişəm. Ailəmizdə ədəbiyyata böyük maraq olub. Mən çox kiçik yaşımda olanda atam Göyçayda rayon icra hakimiyyətində işləyib. Bununla yanaşı, Göyçayda mədəniyyət sarayında qoyulan tamaşalarda da fəaliyyət göstərirdi. Mən orta məktəbdə oxuyanda Azərbaycan Dövlət Dram Teatrında premyeralar olanda atamla maşınla gəlib baxıb, gecə ilə rayona qayıdırdıq. Belə sənət sevən idi. Şair İbrahim Göyçaylı mənim qardaşımdır. Ədəbiyyatı atamdan sonra o, mənə sevdirib. Sənətə, ədəbiyyata dəyər verən ailədə böyümüşəm. 10-cu sinfi bitirəndə atam ədəbiyyat müəllimimizdən xahiş etmişdi ki, Əhmədlə məşğul ol, gedib instituta imtahan verəcək. İki-üç dəfə getdim, atamın adı Məhəmməd idi. Gəlib atama demişdi ki, ay Məhəmməd müəllim, o məndən çox bilir ədəbiyyatdan, ona nə öyrədim?”.


"Başımı qaldırdım ki qadın ağlayır”

Orta məktəbi bitirəndən sonra ali təhsil üçün seçimi jurnalistika olur. Lakin ilk imtahandan kəsilir, sonra hərbi xidmətə gedir. Vətənə xidmət edib qayıdandan sonra yenidən jurnalistikaya imtahan vermək üçün hazırlaşır, lakin heç də hər şey planlaşdırıldığı kimi alınmır: "İncəsənət Universitetinin imtahanları o birindən bir ay əvvəl olacaqdı. Qardaşım İbrahim mənə dedi ki, sənədlərini sənətşünaslığa ver, o da çox gözəl ixtisasdır. Qardaşım dövlət televiziyasında ədəbiyyat şöbəsinin müdiri idi. Bu söhbət olanda Həsən Əbluc, Əliabbas Qədirov, Səməndər Rzayev də orda idi, çay içirdilər. Onlar dedilər ki, qardaşın düz deyir. İbrahim dedi ki, apar sənədlərini ver, o istiqamətdə oxumazsan, heç olmasa o biri imtahan üçün bir məşq olar. Dedim axı sənətşünaslığı bilmirəm. Dedi kinonu, teatrı bilirsən. Səməndər Rzayev dedi ki, götürün bunu aparın sənədlərini versin ora”.

Beləliklə, birinci imtahana gedir. Elə o dönüş də bu imtahanda olur: "İlk olaraq bizdə fənlərlə bağlı ümumi hazırlığı yoxlayırdılar. İmtahana girdim, 3 nəfər yaşlı müəllim oturmuşdu, biri qadın idi, ikisi kişi. Teatrdan sual verdilər, danışdım. Birdən xanım sual verdi ki, Hüseyn Caviddən nə deyə bilərsən? H.Cavidin "Peyğəmbər” əsəri var, o vaxt onu qadağan etmişdilər, sovet hökuməti dağılandan sonra ortalığa çıxdı. Onu mən bir yerdən tapıb oxumuşdum. Fikirləşdim ki, bura məşqə gəlmişəm, onsuz jurnalistikaya imtahan verəcəm. "Peyğəmbər” əsərinin heç adını da çəkmirdilər, icazə vermirdilər. Gözümü yumub ağzımı açdım, o əsərdən nə bilirdimsə, danışdım. Birdən kişilərdən biri qayıtdı ki, a bala, bəsdir. Başımı qaldırdım ki qadın ağlayır. Çaşıb qaldım. Kişi dedi ki, çıx get. Suyu süzülə-süzülə çölə çıxırdım, dedi ki, imtahan biletini də götür. Çöldə baxdım ki, 5 yazıblar. İkinci imtahan isə şifahi ədəbiyyat idi. Gördüm ki qapı açıldı, həmin xanım içəri girdi. İmtahanı götürən müəllimə məni göstərib nəsə dedi, imtahan başlayan kimi məndən heç nə soruşmadan 5 yazıb dedilər ki, get. Sonra xarici dil imtahanında da o xanım gəlib dedi ki, bu uşaqdır, yenə 5 yazdılar. Sonralar bildim ki, o xanım Turan Caviddir. Ondan sonra mən jurnalistikaya gedə bilmədim, çünki məni o cür imtahandan keçirmişdi”.


"Uzun illər idman sahəsində çalışdım”

Elə tələbə vaxtı radioda işləməyə başlayır, o mühiti necə sevirsə, ordan ayrılmaq haqqında heç düşünmür: "Atam rəhmətə getmişdi, mən burda qardaşımın yanında qalırdım. Sonra düşündüm ki, qardaşıma tam mənada yük olmayım. Universiteti axşama keçirdim, gündüzlər işləyirdim. İlk olaraq radioda kasetləri daşıyan bir iş var idi, onu görürdüm. Bütün musiqi nömrələri kasetlərdə yığılırdı, onları efirə gətirirdim, sonra da qaytarıb yerinə yığırdım. Sonra universiteti bitirib, qırmızı diplom aldım. Diplom götürüb Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində televiziya proqramlarının baş redaktoru Elşad Quliyevin yanına getdim. Dedim ki, mənə bir iş verin. Kasetləri daşıya-daşıya pul qazanmaq üçün qonorarla idman, gənclik, ədəbiyyat redaksiyasında yazılar yazırdım. Elşad Quliyev mənim bu cəsarətimi görəndən sonra televiziyada 3 baş redaktora zəng vurub, yanına çağırdı. Biri Aydın Əliyev, ikincisi Mailə Muradxanlı idi. Üçüncüsünün adı indi yadıma düşmür. Birinci Aydın müəllim otağa gəldi. Elşad müəllim dedi ki, bu, mənim dostumdur, hansısa redaksiyaya düzəltmək istəyirəm. Aydın Əliyev dedi ki, hə, gəlsin bizim şöbəyə. Razılaşıb qapıdan çıxanda Mailə xanım da gəldi, dedi bizdə də çalışsın, amma birinci idmanla razılaşmışdıq deyə, orda qaldım. Uzun illər idman sahəsində çalışdım, şöbə müdiri vəzifəsinə qədər qalxdım. Sonra ordan çıxdım. Bakı Şəhəri Reklamvə İnformasiyaİdarəsində işlədim, orda reklamı öyrəndim. Sonra "Space”nin keçmiş rəhbəri Etibar Babayev məni bura dəvət etdi. 18 ildir burdayam. Ümumiyyətlə, Etibar müəllimlə 1987-ci ildən yaxınam. Evimiz, işimiz, bağımız bir olub...”.

"İstifadə etdiklərini bilsəm də, böyük ləzzətlə yazırdım”

Təcrübəsiz, gənc vaxtlarında öz işini ona gördürmək, istifadə edib yazısını ona yazdırmaq istəyənlər də az olmayıb. O, bu cür məsələlərə fərqli tərəfdən baxırmış: "Yeni, cavan kadr idim. Bəzən təcrübəli biri gəlib deyirdi ki, mənə belə bir yazı tapşırıblar, yaz bilmirəm, kim yaza bilər? Sonra deyirdi ki, Əhməd, bəlkə sən edəsən? Tənbəllikdən məni yükləyirdi, onun qonorarı da mənim deyildi. Bəzən deyirdi ki, bu mövzunu ancaq sən işləyə bilərsən. Mənə belə xoş söz deyib yazdırmaq istəyirdi. Məndən istifadə etdiklərini bilsəm də, böyük ləzzətlə yazırdım. Yazı üçün veriləcək 20 manat qonorarı mən almasam da, o yazıları işləyərkən qazandıqlarım çox olurdu. Təcrübə əldə edirdim, özümü motivasiya edirdim ki, sən bunu da elə görək nə olur? Yorulmurdum, işləyirdim. İşləməkdən heç vaxt yorulmamışam. Mən çox işləyəndən sonra evə gəlib "öldüm” deməmişəm. İşləmək lazımdır”.

Çox əziyyət çəksə də, bu gün əldə etdikləri ilə müqayisə edəndə heç nədən narazı olmadığını deyir: "Həyatımda hər şey yaxşıdır. Çəkdiyim əziyyətləri hesablayanda, verdiklərini də müqayisə edəndə Allahdam razıyam. Çox əziyyətlər çəkmişəm. İki övladım var, Bakının kirayə yaşamadığım küçəsi qalmayıb. İndi şükür, hər şey yaxşıdır. Vaxt olub ki, mən də Bakıya yuxarıda parkdan baxanda demişəm ki, şəhərdə minlərlə evdə işıq yanır, niyə bu yanan işıqlı evlərdən biri də mənim deyil? Buna mənim haqqım yoxdur? Allah zaman-zaman hamısını yetirdi”.


"Biz övladların tərbiyəsində bir çox şeylərə diqqət etmişik”

Uzun illərdir həm də şeir yazır, amma hələ indiyə qədər heç birini çap etdirməyib: "Tələbə vaxtı şeir yazırdım, tələbə yoldaşlarım Əliheydərlə Nadir oxuyub deyirdilər ki, bunu Nobel mükafatına verək. Deyirdilər ki, Nobel mükafatı komissiyasına yazaq ki, Əhmədin evi zadı da yoxdur, indidən ev versinlər, o yüz faiz o mükafatı gələcəkdə qazanacaq, evi indidən verin. İndi də yazıram, amma çapa vermək haqqında heç düşünməmişəm. Rəssam fırçası ilə ürəyindəkiləri kağıza tökür, mən də sözlərlə”.

Müsahibimiz bir fərdin formalaşmasında ailə mühitinin rolunun böyük olduğunu deyir: "Bu cəhətdən biz övladların tərbiyəsində bir çox şeylərə diqqət etmişik. Uşaqlar 5-7 yaşlarında olanda bizim evdə plastinkalara qulaq asırdıq. Hər gün bir saat klassik musiqi dinlətdirirdik. Oğlum bəstəkarlığı bitirdi, yaxşı uğurları var. Mahnı bəstələmir, klassika üzrə işləyir. Bu yaxınlarda İngiltərə Mədəniyyət Departamenti bir beynəlxalq müsabiqə keçirmişdi, gənc kino bəstəkarlarının müsabiqəsi idi. Oğlum orda birinci yer tutdu. Qızım da al təhsil aldı, amma hələ ki işləmir”.


"Yaxşılıq etdiyiniz adamdan cavabını gözləməyin”

10 ildir ki, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərir. Həm radio-televiziyadan, həm də reklamdan dərs keçir. Onu təəssüfləndirən məqamın isə gənclərin internetə çox vaxt sərf etməsidir: "İnternet resursları, sosial şəbəkələr gəncləri məhv edir. İnternet pis şey deyil, nə isə lazım olanda çox operativ yardımçı olur. Amma bunun yaxşı tərəflərindən istifadə etmək lazımdır. Günün 6-7 saatını sosial şəbəkədə boşuna oturan, boş-boş yazışmağa vaxt sərf edənlər az deyil. İnternet kitab oxumaq ləzzətini uşaqların əlindən alıb”.

Müsahibimizin gənclərə məsləhəti edilən yaxşılıqların qarşılığının gözlənilməsi ilə bağlı oldu: "Yaxşılıq etdiyiniz adamdan cavabını gözləməyin. Çünki cavabı verən o olmur. Söz var: "Balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər”. Balıq heç nə edən deyil. İnsanların yaxşısı, pisi olmur, insanın özünün yaxşısı, pisi olur. Bir yaxşılıq edirsən və qarşındakından da qarşılığını gözləyirsənsə və o da bu etmirsə, qarşındakı pis deyil, sən düzgün fikirləşmirsən”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər