AZE | RUS | ENG |

İşləmək üçün öyrənənlər - Reportaj

İşləmək üçün öyrənənlər - Reportaj
“Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsindən reportaj

"Sərbəst işləmək bir az çətindir, amma yenə də öyrəndiklərimi təkrar etmək üçün üstündə işlədim”, "Müəyyən qədər işlədim, amma hələ tam öyrənə bilməmişəm deyə, köməyə ehtiyac olur”, "Vaxt olmadığı üçün təkrarlaya bilməmişəm, amma burda davam edə bilərik”. Bunları təlimçinin "Ötən dəfə dərsdə öyrəndiklərimizi evdə təkrarlamısınızmı” sualına auditoriyadan verilən cavabların bir qismidir. Və təlim başlayır.

Təlimçi Microsoft və Google şirkətlərinin təhsil üzrə sertifikatlaşmış mütəxəssisi, "British School in Baku”nun müəllimi Günay Kazımzadədir. Onu və auditoriyadakıları bir yerə toplayan isə "Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsidir. 16-30 yaş arası nitq və eşitmə məhdudiyyətli 20 xanımın iştirakı ilə keçirilən layihənin təlimlərinin birində iştirak etdik. Budəfəki dərsdə əsas mövzu mobil tətbiqlər idi. Onu da qeyd edim ki, müəllimlə iştirakçılar arasında ünsiyyət üçün zalda işarət dili tərcüməçisi iştirak edirdi. İlk olaraq ötən dərsdən yarımçıq qalan proqramlaşdırmanın mərhələləri, onları öyrənmək, sertifikat almaq üçün keçilməli yollar haqqında danışılır...
 


"Dedim ki, belə bir ideyam olacaq”

Dərs davam edir, biz sadəcə izləyirik. Onlar öyrədilənləri öz kompüterlərində tətbiq edirlər, təlimçiyə suallarını verirlər, ehtiyac olanda onu köməyə çağırırlar. Hətta bəzən müəllimlə iştirakçılar tərcüməçi olmadan da anlaşa bilirlər, ilk baxışdan bu çətin görünsə belə... G.Kazımzadə bildirdi ki, dərsdə öyrənilənlərin nəticəsi olaraq yeni bir tətbiq yaradılacaq. Buna görə hər kəs necə bir tətbiq yaradılması ilə bağlı öz fikrini bildirdi, bu istiqamətdə də davam etdilər.

Onlar davam edirlər, biz isə başqa bir otağa keçib layihənin rəhbəri Turanə Qasımova ilə söhbətləşirik. O deyir ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə qrant əldə etdikdən sonra ona ərsəyə gəlməsi ilə bağlı tərəfdaşlar da qoşulub. ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, "STEP IT Academy Azerbaijan” və "Femmes Digitales” - Azərbaycan Qadınlarının İKT klubu da layihəyə dəstək olur. Layihənin ideyasına gəlincə, T.Qasımova dedi: "Mən "Femmes Digitales” - Azərbaycan Qadınlarının İKT klubunun həmtəsisçilərindən biriyəm. 3 ildir klub çərçivəsində fəaliyyət göstərirəm. 3 ilə yaxındır ki, İKT-nin xanımlar arasında təşviqi üçün Azərbaycanın bölgələrində məktəbli qızlar üçün konfranslar, təlimlər keçiririk. Təlimin İKT ilə bağlı olması bu sahəyə olan bağlılığımdan irəli gəldi. Sırf eşitmə və nitq məhdudiyyətli qızlarla niyə? Bir il bundan əvvəl bir tədbir vardı, bu cür məhdudiyyəti olan qızların valideynləri ilə danışdım. Onlar bildirdilər ki, bir az məhdudiyyətləri olduğu üçün övladları hansı işlərlə məşğul olacaqlarını bilmirlər. Elə orada dedim ki, belə bir ideyam olacaq. Bu Azərbaycanda məhdudiyyətli şəxslərlə bağlı olan ilk sosial layihə deyil. Bu tipli bir çox sosial layihələr həyata keçirilib”.
 


"Artıq şirkətlərdən təkliflər gəlir”

Layihə rəhbəri deyir ki, əslində fonda 15 nəfər üçün təlim keçiriləcəyini bildirsələr də, sonradan sayı artırmalı olublar: "Biz fonda 15 nəfərdən ibarət təlim keçirmək istədiyimizi demişdik. Açılış günü gördüm ki, siyahıda 15 nəfər olsa da, zalda 20 nəfər əyləşib. İştirakçılar özləri bu cür məhdudiyyəti olan tanış qızları da dəvət edib, gətiriblər. 5 nəfər də onların tanışlarıydı. Daha maraqlısı isə odur ki, E-hökumət Təlim-Tədris Mərkəzinin bizə ayırdığı otaq da elə 20 nəfər üçün nəzərdə tutulmuşdu və beləcə başladıq. 12 təlimdən ibarət olan layihəmiz artıq sona çatmaq üzrədir. Sonuncu təlim dekabrın 16-da olacaq”.

T.Qasımova bildirdi ki, təlimlə iş bitmir, layihə bitdikdən sonra bütün iştirakçıların təcrübə proqramı ilə təmin olunmasına çalışacaqlar: "Artıq şirkətlərdən təkliflər gəlir, biz axtarmırıq. Bəziləri üçün artıq iş imkanları da yaranıb. Mən onların bu təlimlərə sırf asudə vaxtlarını keçirmək üçün gəldiklərini düşünmürəm, çoxu işləmək üçün öyrənir. Biz də nəticədə onların minimum təcrübə ilə təmin olunmaları üçün çalışırıq. Gələcəkdə bu sahə üzrə məşğul olmaq istəsələr, öyrəndikləri onlara dəstək olacaq. İştirakçılar arasında hətta e-maili olmayan qızlar da varıydı. Gələcəkdə bu sektorda işləməsələr belə, ən azından ilkin bilikləri öyrənmiş olurlar. İştirakçıların əksəriyyətinin rəssamlıq qabiliyyəti var, onlar rəssamlığı rəqəmsal sahə ilə birləşdirməyə maraqlıdırlar. Gözəl rəssam qrafik dizayner ola bilər”.
 


"Biliklərini genişləndirsələr, çalışa bilərlər”
 
Artıq təlim bitir, hamı getməyə hazırlaşır, təlimçi və iştirakçılarla da söhbətləşək, görək necə öyrənirlər, təlimlər necə gedir? Günay Kazımzadə deyir ki, layihə çərçivəsində onun iki təlimi nəzərdə tutulub, bu, sonuncudur: "Əla keçdi, böyük zövq aldım. Əvvəl düşünürdüm ki, işarət dili tərcüməçisi ilə çətin olar, fikrimi dəqiq onlara çatdıra bilməzlər. Amma heç də elə olmadı, tərcüməçi rahat şəkildə hər şeyi çatdırdı. Məndə iki təlim idi, birinci dəfə proqramlaşdırma idi, bu dəfə mobil tətbiqlər. Məlumatsız olduqlarını fikirləşdiyim üçün hər şeyi sıfırdan izah etməli olacağımı düşünürdüm. Amma qızların bəziləri əvvəldən məlumatlı idilər”.

G.Kazımzadə qeyd etdi ki, qızlar biliklərini təkmilləşdirsələr, bu istiqamətdə işləyə də bilərlər: "Qızların alqoritmik düşüncələri var, məsələləri çox tez şəkildə həll edə bilirlər. Əminəm ki, öz üzərlərində çalışsalar, biliklərini genişləndirsələr, çalışa bilərlər. O bacarıqları var”.
 


"Ən çox xoşuma gələn dərs də elə bugünkü oldu”

Artıq iştirakçıların çoxu yığışıb getmişdi, sonda qalan bir neçə nəfərin təlimlə bağlı münasibətini də öyrəndik.
 
19 yaşlıNərgiz Abdulova deyir ki, İKT ilə bağlı ilkin bilikləri olub, burda əlavə nələrisə öyrənib: "Başqa kurslarda getmişdim, müəyyən biliklərim vardı. Amma bu təlimlərdə çox şey öyrəndim. Ən çox xoşuma gələn dərs də elə bugünkü oldu”.

Asyaxanım Möhlətova ümumilikdə təlimdə bir çox yeni şeylər öyrəndiyini deyir: "İndiyə qədər keçdiklərimiz içində loqo ilə bağlı dərsi daha yaxşı başa düşmüşdüm, həm də mənim üçün maraqlı sahədir. Bu dərs də çox yaxşı oldu, hər bir şeyi rahatlıqla öyrənə bildik, maraqlı idi”.

Asyaxanım bildirdi ki, gələcəkdə də bu sahədə çalışmaq istəyir: "ASAN xidmətdə könüllü kimi çalışmışam. Amma İKT ilə bağlı hələ ki çalışmamışam, biliklərimi təkmilləşdirirəm, gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyirəm”.

Günel Qasımova isə rəssamlıq qabiliyyəti ilə dizayn biliklərini gələcəkdə birləşdirə biləcəyini dedi: "Əvvəl kompüterlə bağlı biliklərim olub. Rəssamlığa marağım var, ona görə bu təlimlərdən dizaynla bağlı olanlar daha çox maraqlı gəldi. Kompüter işində işləmişəm, amma burda İKT-ni daha geniş öyrənirəm, ona görə gələcəkdə bu istiqamətdə işləyə bilərəm. İşləmək üçün öyrənirik. Öyrənmək çətin yox, maraqlıdır”.
 
Aygün Asimqızı
 






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000