İslamiada günlərində muzeylərimizə turist axını olub
Azərbaycanın ard-arda mühüm beynəlxalq idman tədbirlərinə ev
sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzuna və tanınmasına xidmət edir. Məhz
bu yarışların nəticəsidir ki, ölkəmizə gələn turistlərin də sayı artır. Turist
sayının artması ölkəmizin beynəlxalq aləmdə daha çox tanınması deməkdir. Ölkəyə
gələn hər bir əcnəbi isə ilk növbədə onun milli mətbəxi, mədəniyyəti, tarixi ilə tanış olmağa can atır. Bu işdə
mədəniyyət ocaqlarımızın üzərinə böyük yük düşür. Belə ki, hər bir mədəniyyət
ocağı gələn qonağı qarşılayıb, onlara Azərbaycan xalqının mənsub olduğu mədəni
nümunələri olduğu şəkildə təqdim etməyi özünə borc bilir.Yad bir ölkəyə gələn hər bir əcnəbi ilk növbədə qonaq olduğu dövlətin
tarixi haqqında məlumat əldə etmək istəyir və muzeylərə üz tutur. Muzeylər
mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Muzeylər hər
bir xalqın tarixinin müəyyən məqamlarını özündə yaşadan mədəniyyət ocaqlarıdır. Ölkəmizdə keçirilən son beynəlxalq yarışların fonunda muzeylərimizə
olan turist axını ilə maraqlandıq. Aydın oldu ki, ötən IV islam Həmrəyliyi
Oyunlarının keçirildiyi günlərdə muzeylərimizə daha çox turist müraciət edib.
Onlar arasında iranlılar, ərəblər, türklər,
eləcə də Avropa vətəndaşları üstünlük təşkil ediblər.
Xalça muzeyinin hər zaman
əcnəbi qonağı olub
Azərbaycan Xalça Muzeyinin
mətbuat katibi Sadiqə Abdullayeva bizimlə söhbətində son bir
neçə ayda muzeyə əcnəbilərin axının çox olduğunu bildirdi: "Xalça muzeyi
yarandığı dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzeydir
Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri
kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə
təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramıdır. Muzeyimiz sərgilər,
beynəlxalq simpoziumlar və konfranslar keçirməklə, elmi-tədqiqat, mədəniyyət və
təhsil mərkəzinə çevrilib. 50 illik fəaliyyəti ərzində muzey dünyanın bir çox
ölkələrində 30-dan çox sərgi təşkil edib. Hazırda, ölkənin müasir
tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri
və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli
xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək
səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Məhz bu
səbəblərdəndir ki, muzeyimizdə kifayət qədər tamaşaçısı var. Çox şükür ki,
turistlər kifayət qədər gəlir. Bilirsiniz ki, xarici vətəndaşların muzeyimizə
üz tutmasında muzeyimizdə keçirilən beynəlxalq simpoziumlar da böyük yer
tutur”.
S.Abdullayeva deyir ki, xalça muzeyində mayın 18-19-20-də açıq qapı
günləri keçirilib: "3 gün ərzində muzeyimizə giriş pulsuz olub. Mayın 18-də yekun olaraq 2071 nəfər tamaşaçı
gəldi. Muzeyimiz çox əlverişli məkanda
yerləşir. Dənizkənarı Bulvarı ziyarət edən hər bir xarici vətəndaş şəhər
gəzintisinə muzeyimizə qonaq gəlməklə yekun vurur. IV İslam Həmrəylik Oyunları ərzində də
kifayət qədər xarici vətəndaş muzeyimizə təşrif buyurdu. Əslində, Xalça Muzeyinin
hər zaman əcnəbi qonağı olub. Daha çox, muzeyimizdə Səudiyyə Ərəbistanı, Amerika, İngiltərə, Fransa, Rusiya vətəndaşları təşrif
buyurub. Muzeyimizlə tanış olan əcnəbi
vətəndaşlar buranı çox bəyənirlər, şəkillər çəkdirir, muzeyimizin möhtəşəm
olduğunu deyirlər. Muzeyimiz həm xalçaları, həm də gözəlliyi ilə xarici
vətəndaşları heyran edir. Hətta olub ki, muzeyimizə gələn hansısa xarici
vətəndaş növbəti dəfə də Azərbaycana gələndə bizim muzeyi ziyarət edib. Onlar
burada gördüklərini öz ölkələrində də danışırlar”.
Muzeyin sözçüsü deyir ki,
buraya gələn xarici tamaşaçılar daha çox XVII
əsrə məxsus Əjdaha xalçasına xüsusi maraq göstərirlər. Bu xalça 400 ildir ki, ömür sürür.Muzeyin mətbuat katibi son bir
neçə ayda muzeyə gələn turistlərin sayının çoxalmasını ölkəmizdə keçirilən IV
islam Həmrəylik Oyunları ilə əlaqələndirdi.
İslamiada
zamanı Tarix Muzeyi xüsusi gücləndirilmiş rejimlə çalışıb
Milli Azərbaycan Tarixi Muzeyinin ekskursiyaçısı vəzifəsində çalışan Afət
Kərimova ilə söhbətimiz zamanı öyrənirik ki, sözügedən muzey ötən illərə
nisbətdə, bu il daha çox turist qəbul edib. Turistlər əsasən Azərbaycanın tarixi
ilə yaxından tanış olmaq məqsədi ilə muzeyə təşrif buyurublar: "Nəinki IV İslam
Həmrəyliyi Oyunları ərzində, ondan əvvəlki günlərdə də muzeyimizə çoxsaylı
turistlər gəlib. Buraya gələn turistlər daha çox Rusiya, Qazaxıstan, Özbəkistan,
Türkiyə, İran, Ərəb ölkələri, Çin, Hindistan, Amerika, Avropa ölkələrinin
vətəndaşları olublar. Onlar Azərbaycan tarixi ilə çox maraqlanırlar. Tarixlə
bərabər, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə maraqlananlar da
olur”.
Muzeyin digər işçiləri ilə söhbətdən aydın olur ki, ölkəmizdə
keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Tarix Muzeyi xüsusi gücləndirilmiş
rejimlə çalışıb. Belə ki, həmin ərəfədə ölkəmizdə olan xarici qonaqlar əsasən
bu muzeyə üz tutublar. Son günlər muzeyi ziyarət edən turistlərin sayının
çoxaldığı üçün muzeydə əlavə bələdçi qrupu yaradılmış və təhlükəsizlik
tədbirləri gücləndirilmişdir. Muzeydə reekspozisiya işləri görülüb və
ekspozisiyada "Qarabağ atı” bölməsi yaradılıb.
Əminliklə demək olar ki, Şərqlə Qərbin vəhdətini özündə əks etdirən
və memarlıq incilərimizdən olan ecazkar muzey binası xarici qonaqları valeh edib.
Azərbaycanın zəngin tarixini özündə əks etdirən ekspozisiya zalları, xüsusilə
də muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin xatirə muzeyi turistlərin xüsusi
marağına səbəb olub.
Onları daha çox Azərbaycan
teatr tarixi maraqlandırır
Danılmaz faktdır ki, Milli Mədəniyyətimizin inkişafında Teatr Muzeyinin də xidmətləri var. Muzeyinin elmi katibi Şəhla Məmmədova Azərbaycan teatr
sənətinin ölkəmizin mədəniyyət tarixində özünəməxsus yer tutduğunu
bilirdi: "Bir əsrdən artıq tarixi olan bu sənət öz tamaşaçılarını milli, rus və qərb dramaturgiyasının ən nadir
nümunələri ilə tanış edib. Bəşəriyyətin inciləri sırasına daxil olmuş klassiklərimizin də əsərləri
onun səhnəsində hər zaman yer
alıb. Bu sırada poeziyamızın qüdrətli söz sənətkarlarından Nizaminin,
Füzulinin, musiqi korifeylərimizdən
Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini misal
çəkə bilərik. Peşəkar teatrımız öz yaranışının ilkin mərhələsində dünya teatrlarına örnək ola biləcək sənətkarlar
da yetişdirilib. Milli mədəniyyət və incəsənətimizin böyük bir qolunu təşkil
edən Azərbaycan milli teatr tarixinə dair materiallar isə indi C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr
Muzeyində saxlanılır. Hazırda onun fondlarında 136.000-dən artıq eksponat
toplanıb. O ki qaldı sualınıza, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi
Oyunları çox uğurla başa çatmışdır. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi bu böyük tədbiri
dəstəkləyərək, ona öz töhfəsini verib. Bu məqsədlə muzeydə "İslam Azərbaycan
Teatr Mədəniyyəti Kontekstində" adlı
sərgi təşkil olunmuşdu. Sərgidə Azərbaycanın dəyərli teatr rəssamlarından
Əzim Əzimzadənin, Bədurə Əfqanlının,
Fyodor Qusakın, Mikayıl Abdullayevin, Ənvər Almaszadənin, Kazım Kazımzadənin, Toğrul
Nərimanbəyovun, Elçin Aslanovun
(E.Aslan-Muxtar) yuxarıda adları çəkilən sənətkarlarımızın əsərlərinə çəkdikləri dekorasiya və geyim eskizləri
nümayiş olunmuşdu. Bu əsərlərdə millilik, şərqilik, islamilik təsvirlərdə,
ornamentlərdə, geyimlərdə və sairədə təzahür edilmişdir. Bununla yanaşı,
sərgidə Əzim Əzimzadənin xalqımızın adət
və ənənələrində, rituallarında, meydan tamaşalarında teatr elementlərini əks
etdirən bir neçə eskizi və Nəcəfqulu İsmayılovun XIX əsrin sonlarında köhnə Bakı tiplərini əks etdirən əsərləri də
sərgilənmişdi”.
Şəhla xanım IV İslam Həmrəyliyi Oyunlarının 18 may Beynəlxalq Muzeylər
Gününə təsadüf etdiyini deyir: "Həmin günlə əlaqədar Teatr Muzeyində Beynəlxalq
Muzeylər Şurasının (İCOM) "Muzeylər və mübahisəli tarixi məqamlar: Muzeylərdə
deyilməyənlərin səslənməsi” devizi
altında "Gələcək üçün keçmiş haqqında” adlı sərgi keçirdik. Yerli seyrçilərlə birgə
şəhərimizdə qonaq olan xarici vətəndaşlar da bu sərgi ilə yaxından tanış oldular”.
Söhbət zamanı aydın oldu ki,
Teatr Muzeyinə dünyanın müxtəlif ölkələrindən xarici vətəndaşlar üz tutur.
Onlar daha çox Azərbaycan teatr tarixi
və bugünkü teatr prosesi ilə maraqlanırlar.
İstiqlal Muzeyinin 600 dən çox
qonağı olub
Azərbaycan İstiqlal
Muzeyinin Elmi kütləvi şöbəsinin müdiri Mirseyibli Sədi bizimlə
söhbətində son bir neçə ildə muzeyə gələn turistlərin sayının artmasını
müşahidə etdiyini bildirdi: "Mayın 11-dən İstiqlal Muzeyinin ekspozisiyasında
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş "Sülh oyunları” adlı tədbir-sərgi keçirilir.
Sərgi mayın 25-ə kimi davam edəcək.
Sərgidə 36-dan artıq sənət nümunəsi, İslam Oyunlarını əks etdirən
görüntülər əks olunub. Bu müddət ərzində həm yerli, həm də xarici qonaqlar oldu.
Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən, mayın 18-19-20-də açıq
qapı günləri keçirildi. Bu günlərdə
turistlərin muzeyə artımı olub. Statistikaya əsasən, 600-dən artıq yerli və
xarici vətəndaşların muzeyi ziyarət etdiyini söyləmək mümkündür”.
Əcnəbi vətəndaşların daha çox hansı eksponatlara maraq göstərdiyini
xəbər alırıq: "Ən dəyərli zallarımızdan biri də Qarabağ zalıdır. Həmin zalda Qarabağ həqiqətləri, Xocalı soyqırımı
hadisələri əks etdirilir. Muzeyə gələn hər bir turist bu bölümlə tanış olur və
onlar bu həqiqəti öyrənirlər. Turistlər gələndə daha çox tariximizlə
maraqlanırlar. Müasir Azərbaycan zalı ümummilli lider Heydər Əliyevin həyatına
həsr edilib. Bu bölmədə ziyarətçilər ulu öndərə və ona verilən hədiyyələrə
maraq göstərirlər”.
M.Sədiyə yerli tamaşaçıların
müraciəti barədə də sual verdik. "Yerli vətəndaşların marağı o dərəcədə də
yüksək deyil. Ancaq hər gün müxtəlif kateqoriyadan olan bir neçə insan
muzeyimizə baş çəkir”-deyə, bildirdi.
Xəyalə Rəis