• cümə axşamı, 28 mart, 15:54
  • Baku Bakı 16°C

"İslamı vəhdət, qardaşlıq, sülh dini kimi qəbul edirik"

08.06.16 18:10 2548
"İslamı vəhdət, qardaşlıq, sülh dini kimi qəbul edirik"
İslam dünyası mübarək Ramazan ayını yaşayır. Təəssüf ki, hər il olduğu kimi, bu il də müsəlman aləmində Ramazanın başlanğıc tarixi fərqli və mübahisəli oldu. Azərbaycan coğrafi və mənəvi baxımdan İslam dünyasının tərkib hissəsidir. Bəlkə də, bu baxımdan ölkəmizdə də Ramazanla bağlı fikir ayrılıqlarının olması təbiidir. Hər kəs bütün İslam dünyasının Ramazanı eyni gündə başlayıb, eyni gündə bayram etməsini istədiyi halda buna qarşı çıxanlar, hətta bunu "Sovet propaqandası” kimi qələmə verənlər də oldu.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovla müsahibə də elə bu barədədir."Report” həmin müsahibəni təqdim edir:
-Bəri başdan deyim ki, biz İslam dünyasının bütün dini bayramları, o cümlədən Ramazan ayının başlaması və bitməsi tarixlərini eyni gündə qeyd etməsinin tərəfdarıyıq. Bu istiqamətdə bütün real təşəbbüsləri dəstəkləyirik və mövqeyimiz dəyişməzdir. Çünki İslamı vəhdət, qardaşlıq, sülh dini kimi qəbul edirik. Düşünürük ki, müsəlmanların dini bayramları ayrı-ayrı günlərdə qeyd etməsi bu dinin mahiyyətinə ziddir. Düzü, mən indiyədək bunun əksini düşünən müsəlmana nadir hallarda rast gəlmişəm. Elə bir şəxs görməmişəm ki, Ramazan ayının fərqli gündə başlamasına və bitməsinə haqq qazandırsın və bunu normal qəbul etsin.
Təbii ki, İslamda bu məsələyə hər məzhəbin öz baxışı var, hər kəs mövqeyində özünü haqlı sayır. Amma heç kim dini bayramların fərqli günlərdə qeyd olunmasına haqq qazandırmır. O ki qaldı Ramazanı eyni gündə qeyd etməyin "Sovet propaqandası” olması fikrinə, bu gülməli səslənir. Müsəlmanları həmrəy görmək, İslam dünyasının birliyinə çalışmaq nə vaxtdan "Sovet propaqandası” olub?!

-Sizcə, Ramazanın fərqli günlərdə qeyd olunmasına haqq qazandıranlar fikirlərini nə ilə əsaslandıra bilərlər?
- Əgər kimlərsə desə ki, dünya müsəlmanlarının dini bayramlarını eyni gündə qeyd etməsi praktiki baxımdan mümkün deyil, bunu, bəlkə də, qəbul etmək olar. Çünki doğrudan da, bu çox mürəkkəb və çətin məsələdir. İslam dünyasını, bütün müsəlmanları hansısa məsələdə həmrəy etməyin yolu uzun və çətin mübarizədən keçir. Mən 28-30 may tarixlərində İstanbulda keçirilən Beynəlxalq Hicri Təqvimi Birliyi Konqresində bir daha bunun şahidi oldum. Konqresin məqsədi İslam dünyası üçün vahid Hicri təqviminin hazırlanmasını təmin etmək idi. Əgər vahid Hicri təqvimi olarsa, bütün müsəlmanlar onu qəbul edərsə, deməli, hər kəs dini bayramları eyni gündə qeyd etməli olacaq. Çünki bu gün müsəlman dünyasında fərqli Hicri təqvimləri olduğu üçün Ramazan da fərqli günlərə düşür. Bu baxımdan Konqres müxtəlif təqvimləri və onların hazırlanması metodologiyasını incələdi və Hicri təqvimin hazırlanması ilə bağlı ortaya iki variant qoydu. Daha sonra bu variantlar səsverməyə çıxarıldı. Nəticədə İslam dünyasında vahid təqvimdən istifadə olunması barədə səs çoxluğu ilə qərar qəbul edildi. Əlbəttə, heç kim bu qərarın bütün müsəlmanlar tərəfindən asanlıqla qəbul ediləcəyinə inanmır. Bunun üçün gərgin fəaliyyət və müəyyən zaman lazımdır. Amma fakt budur ki, İslam dünyası bu sahədə artıq xeyli məsafə qət edə bilib.
Konqresdə bütün müsəlman ölkələrindən, o cümlədən Səudiyyə Ərəbistanı, Misir, Pakistan, İran, İraq, İndoneziyadan böyük şəriət alimləri iştirak edirdilər. Onlar da bu məsələnin çətin və mürəkkəb olduğunu bildirdilər, amma onu da qeyd etdilər ki, tam olmasa da, maksimum şəkildə birliyə nail olmaq lazımdır. Əgər hazırlanacaq təqvimi müsəlman ölkələrinin hamısı deyil, yarısı da qəbul etsə, bu, artıq uğurdur. Bütün bunlardan sonra İslam dünyasının həmrəyliyi üçün göstərilmiş təşəbbüsə dəstək verməyi "Sovet propaqandası” adlandırmaq, yumşaq desək, insafsızlıqdır. Onların məntiqindən belə çıxır ki, Azərbaycan bu cür təşəbbüsləri dəstəkləməməli və İslam dünyasına qarşı getməlidir. Səmimi deyirəm, hətta bu təşəbbüs heç vaxt baş tutmasa da belə, ona qarşı çıxmaq ağılsızlıq olardı.
-Belə bir fikir də var ki, şəriətlə bağlı olduğu üçün dövlət bu məsələlərə müdaxilə etməməlidir. Kim nə vaxt istəyir, bayram edə bilər.
-Onsuz da dövlət məsələnin şəriət tərəfinə müdaxilə etmir və belə bir məsələ müzakirə mövzusu deyil. Dəfələrlə bildirmişik ki, şəriətlə bağlı olduğu üçün bu məsələlər Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinə aiddir. Biz yalnız onun qəbul etdiyi qərarları tanıyırıq. Amma nə Qafqaz Müsəlmanları İdarəsi, nə də biz müsəlmanların həmrəyliyi üçün göstərilmiş təşəbbüslərə biganə qala bilmərik və qalmırıq.
Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir və biz İslam dünyasının, mədəniyyətinin ayrılmaz tərkib hissəsiyik. Azərbaycandakı mənəvi aləm İslam dini ilə sıx bağlıdır. Dövlət bu reallığı qəbul edir və onu adekvat qiymətləndirir. Bunun nəticəsidir ki, Ramazan və Qurban bayramları dövlət səviyyəsində qeyd edilir və ölkədə həmin günlər qeyri-iş günləri hesab olunur. Hətta Azərbaycan dövləti bu məsələlərdə fikir ayrılıqlarını nəzərə aldığı üçün hər iki bayramın iki gün qeyd olunmasını təmin edir. Bunu dövlətin vətəndaşına seçim imkanı verməsi və cəmiyyətin parçalanmaması naminə ixtilafı, ziddiyyəti mümkün qədər aradan qaldırmağa çalışması kimi də qəbul etmək olar. Yəni, vətəndaş hansı günü bayram etməsini özü müəyyənləşdirir. Amma bu, o demək deyil ki, dövlət İslam dünyasının həmrəyliyi naminə təşəbbüsləri dəstəkləməməli, ona biganə yanaşmalıdır. Tam məsuliyyətlə deyirəm, bu, Azərbaycan dövlətinin və cəmiyyətinin maraqları ilə birbaşa əlaqəli məsələdir. Eyni zamanda, dini bayramların bir gündə qeyd edilməsi ilə bağlı məsələlərdə dövlətin mövqeyinin ortaya qoyulması, hətta deyərdim ki, sosial sifarişdir. Bunu əhali özü istəyir. Bunun əksini iddia edənlərin cəmiyyətdən və insanların istəyindən xəbəri yoxdur.Düzü, bu məsələdə bəzi şəxslərin "kim nə vaxt istəyir, bayram etsin” deyərək, özünü kimə və nə üçün "aşırı demokrat” kimi təqdim etməsinin səbəbini bilmirəm. Yox, əgər doğru İslamın bu olduğunu, bizim isə "yeni din yaratmaq istədiyimizi” düşünürlərsə, onda onların nə dünyadan, nə də İslamdan xəbərləri var. Məgər əsl İslam müsəlmanların dini bayramları fərqli günlərdə qeyd etməsidir?! Onlar bunu demək istəyir?! Əgər belədirsə, deməli, özlərindən din yaratmaq istəyən biz yox, onlardır.

-Necə fikirləşirsiniz, vahid Hicri təqvimi ilə bağlı İstanbulda qəbul olunmuş qərar İslam dünyasında icra olunacaq?
-Beynəlxalq Hicri Təqvimi Birliyi Konqresində önəmli bir mesaj verildi. O da bundan ibarət idi ki, vahid təqvim məsələsini öncə qeyri-müsəlman ölkələrindən başlatmaq lazımdır. Çünki dini bayramların keçirilməsi ilə bağlı həmin ölkələrdə vəziyyət daha acınacaqlıdı. Müsəlman ölkələrində Ramazan ayı fərqli günlərə təsadüf edir. Məsələn, tutaq ki, bir ölkədə ayın 6-da, digər ölkədə ayın 7-də qeyd olunur. Nəticədə həmin ölkənin bütün məscidlərində bayram namazı eyni gündə qılınır. Amma qeyri-müsəlman ölkələrində belə deyil. Məsələn, Almaniyada Ramazanı türklər bir gün, ərəblər başqa bir gün qeyd edir. Nəticədə Almaniyada bir məsciddə iki gün bayram namazı qılınır. Hətta bəzən hansısa Avropa ölkəsində bayram 4 gün qeyd edilir. Düşünün ki, bir məsciddə 4 gün arxa-arxaya bayram namazları qılınır; bir gün türklər, bir gün ərəblər, bir gün iranlılar, bir gün də afrikalılar.
Konqresə Fransadan gəlmiş müsəlman icmasının rəhbəri dedi ki, bir məsciddə 4 gün bayram namazının qılınması Avropada İslamı gözdən salır. Üstəlik, yerli hökumət müsəlmanlara müraciət edir ki, konkret bir günü bayram kimi seçin və bizə bildirin, həmin günü qeyri-iş günü kimi müəyyənləşdirək, hətta ordudakı müsəlman əsgərlərin bayramı qeyd etməsinə şərait yaradaq. Amma müsəlmanlar həmin bir günü müəyyənləşdirə bilmirlər, nəticədə dövlətin verə biləcəyi imtiyazlardan məhrum qalırlar. Görünür, bayramın fərqli günlərdə qeyd olunmasına haqq qazandıranların bu məsələlərdən xəbəri yoxdur.
O ki qaldı Konqresdə qəbul olunmuş qərarların müsəlman ölkələri tərəfindən icra olunmasına, bir daha deyirəm, bu çətin olacaq. Amma qərara gəlindi ki, sənədin icrası məqsədilə İslam Əməkdaşlığı Təşkilatı vasitəsilə iş aparılsın. Yəni, məsələnin həllində müsəlman ölkələrinin rəsmi mövqeyi də aydınlaşsın və prosesə dəstək verilsin. Onu da qeyd edim ki, bu məsələdə fərdlərdən söhbət getmir. Hər kəs seçimində azaddır. Söhbət böyük çoxluqdan və məscidlərdə bayram namazlarının qılınmasından gedir. Bu baxımdan əsas tərəf şəriətlə bağlı qərar verən qurumlar və şəxslərdir. Çünki müsəlman ölkələrində məscidlər onlar tərəfindən idarə olunur.
-Bəzi şəxslər Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı fətva verməsini doğru hesab etmirlər. İddia edirlər ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvası hamıya şamil edilə bilməz.
-Fərdi qaydada kimin oruca nə vaxt başlaması və nə vaxt bayram etməsi öz işidir. Buna nə dövlət, nə də Qafqaz Müsəlmanları İdarəsi qarışır. Amma məscidlərə, dini icmalara gəlincə, İdarənin fətvası onlar üçün məcburidir. Çünki qanunvericiliyə əsasən, İslam dini icmaları təşkilati məsələlərdə Qafqaz Müsəlmanları İdarəsinə tabedir və məscidlərə din xadimi İdarə tərəfindən təyin olunur. Eyni zamanda, dövlət dini bayramlarla bağlı İdarənin fətvasını nəzərə alır və bayramla əlaqədar qeyri-iş günlərini ona əsasən müəyyənləşdirir. Burada nə şəriətə, nə də qanunvericiliyə zidd heç nə yoxdur. Bunun əksini yalnız qanundan və şəriətdən xəbəri olmayanlar iddia edə bilərlər. Ümumiyyətlə, yaxşı olar ki, hər kəs bildiyi məsələlərdən danışsın, bilmədiyi məsələlərdə özünü əllamə kimi təqdim etməyə çalışmasın.
banner

Oxşar Xəbərlər