• cümə, 26 Aprel, 21:02
  • Baku Bakı 22°C

“İslamı bəhanə edib, Azərbaycana təsir etmək istəyirlər”

08.11.14 10:18 1156
“İslamı bəhanə edib, Azərbaycana təsir etmək istəyirlər”
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda gənclər üçün treninq keçirib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı bildirib ki, sözügedən mövzuda silsilə tədbirlər keçirmək nəzərdə tutulur. Onun sözlərinə görə, burada əsas məqsəd gənclərlə görüşərək, milli mənəvi dəyərlər barədə fikir mübadiləsi aparmaqdır: “Tədbir bu gün və sabah diskussiyalar şəklində davam etdiriləcək”.
M. Qurbanlı qeyd edib ki, Azərbaycan sosial-iqtisadi sahədə və digər sahələrdə çox böyük uğurlar əldə etsə də, milli-mənəvi dəyərlər məsələsində bir gerilik var: “Ölkədə iqtisadiyyatın, digər sahələrin inkişafına uyğun cəmiyyətin alt qatında da inkişaf baş verməlidir. Mənəvi aləmimizi, milli-mənəvi dəyərlərimizi inkişaf etdirməliyik. Biz tarixi keçmişimizdən ibrət götürməliyik. Azərbaycanın müstəqil dövlət kimi öz hədəfləri var. Bizim əsas məqsədlərimiz müstəqilliyimizi qorumaq, dünya azərbaycanlıları üçün dövlətimizi bir istinad yerinə çevirməkdir”.
Komitə sədri bildirib ki, bəzi xarici qüvvələr İslam dinini bəhanə edərək Azərbaycana təsir göstərməyə cəhd edir: “Dinimiz mənəvi dəyərimizdir. Ancaq bəzən müəyyən xarici dairələrin təsirini üzərimizdə hiss edirik. Biz hansısa xarici qüvvələrin ölkəmizə ayaq açmasına imkan verməməliyik. Bu sahədə gənclərimizin üzərinə çox böyük məsuliyyət düşür”.
Tarix elmləri doktoru, professor Yaqub Mahmudov çıxışında hazırda dünyada etnik, milli və dini toqquşmaların baş verdiyini deyib. Onun sözlərinə görə, dünyanın güc mərkəzləri müəyyən məsələləri bəhanə edərək, Azərbaycanın daxili işlərinə qarışır: “Necə olur ki, ABŞ-da dövlətə xəyanət edən adam sonu “elektrik stolu”nda oturmaqla - edamla başa çatır, Azərbaycana gələndə, bunun insan haqlarına zidd olduğunu deyirlər. Ölkələrin daxili işlərinə qarışır, siyasi məhbus siyahısı tuturlar. Bəs 1 milyondan çox qaçqınımız haqqında dünya düşünürmü? Xeyr. Hazırda vahid dilli dünyanın yaradılması prosesi gedir. Ancaq biz tarixi keçmişimizə dönərək öz dinimizə, dilimizə, dövlətimizə sahib çıxmalıyıq. Bu gün mürəkkəb dünyadakı reallıqları nəzərə almalıyıq. Dünyada sabitliyi, təhlükəsizliyi qorumaq üçün səmavi dinlərin xüsusi rolu var. Bu baxımdan hesab edirəm ki, biz İslami dəyərlərimizi qorumalıyıq. İslamdakı parçalanmanın, qarşıdurmanın qarşısını almaq üçün hər kəs əlindən gələni etməlidir”.
Tədbir gənclərlə diskussiya şəklində davam etdirilib.
banner

Oxşar Xəbərlər