• şənbə, 20 Aprel, 02:06
  • Baku Bakı 15°C

İslam Kərimovun potensial varisi

10.09.16 11:25 1399
İslam Kərimovun potensial varisi
Gözlənildiyi kimi, Özbəkistanın baş naziri Şövkət Mirzəyev ölkənin müvəqqəti prezidenti elan edilib. Onun təyinatı parlamentin yuxarı və aşağı palataları tərəfindən təsdiq olunub. Halbuki ölkə Konstitusiyasının 96-cı maddəsinə əsasən prezident səlahiyyətlərinin müvəqqəti icrası Senatın sədri Niqmatilla Yuldaşevə həvalə olunmalı idi. Lakin iddialara görə, o, təcrübəsinin az olduğunu əsas gətirərək bundan imtina edib. Və bu səbəbdən də deputatlar yekdilliklə baş nazirin namizədliyini dəstəkləyiblər.Özbəkistan Konstitusiyasına əsasən prezident seçkiləri növbəti üç ay ərzində keçirilməlidir.
Kənd təsərrüfatı mütəxəssisindən baş nazirliyə
Ş.Mirzəyev 1957-ci ildə anadan olub. Daşkənd İnstitutunun məzunudur. Kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Ayrı-ayrı illərdə paytaxtın bir neçə rayonunda administrasiya rəhbəri olub. 2003-cü ildən Özbəkistanın baş naziri postunu tutur.
Ş.Mirzəyev atdığı bir sıra qeyri-adi addımlarla diqqəti cəlb edib. Özbəkistanda elə də ciddi nüfuza malik olmayan bu şəxs vaxtilə tabeliyində olanlara qarşı fiziki zor tətbiq etməsi ilə tanınıb. Eləcə də özbək müğənnisi Əbdüləziz Kərim Türkiyə vətəndaşlığını qəbul etdiyinə görə onu vətəndaşlıqdan məhrum edib. İclasların birində onu hətta "vətən xaini” adlandırıb. Lakin türk ekspertlər bildirirlər ki, bütün bunlara baxmayaraq, yeni prezidentin dövründə iki ölkə arasında münasibətlər yaxşılaşa bilər. Bəlli olduğu kimi, mərhum prezident İ.Kərimovun Türkiyəyə münasibəti o qədər də yaxşı deyildi. Səbəb də Ankaranın özbək müxalifətinin liderlərindən olan Məhəmməd Salehə sığınacaq verməsi olmuşdu.
Mirzəyevin Moskvadan dəstəyi var
Hələ bir neçə gün əvvəldən əksər ekspertlər proqnoz vermişdi ki, Özbəkistanda hakimiyyət dəyişikliyi baş verərsə, İ.Kərimovun varisi olmağa əsas namizədlərdən biri ölkənin baş naziri Ş.Mirzəyev olacaq.Özbəkistanda son illərdə yaranmış situasiyanı təhlil edərkən belənəticəyə gəlmək olarki, Ş.Mirzəyevin ölkənin güc strukturları, xüsusən dəMilli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatovla yaxşı münasibətləri var. Bundan başqa, onun 2009-cu ildə qohum olduğu özbək əsilli milyarder Alişer Usmanovla (Usmanovun qardaşı oğlu Mirzəyevin qardaşı qızı ilə evlənib) yaxşı münasibətləri var. Maraqlıdır ki, İ.Kərimov bu nikahın əleyhinə olsa da, qohumluq sonda baş tutdu. Lakin az sonra A.Usmanovun qardaşı oğlu Babur avtomobil qəzasında həlak oldu. Bütün bunlardan əlavə, Vladimir Putin Rusiyanın baş naziri olanda onunla MDB baş nazirlərinin iclaslarında görüşərdi. Onların arasında şəxsi əlaqələr də var.
Ekspertlər hesab edirlər ki, Ş.Mirzəyevin Moskvadan dəstəyi var və o, ölkə rəhbərliyindərusiyapərəst qanadı təşkil edir. "Özbəkistan üçün Rusiya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsində olub, belədir və belə da qalacaq”, - deyə Ş.Mirzəyev Daşkəndə səfər edən Rusiya prezidenti V.Putini əmin edib.
London Şərqşünaslıq və Afrika Araşdırmaları Məktəbinin dəvətli elmi işçisi, özbək politolqu Alişer İlhamovun fikrincə, Özbəkistandakı siyasi sistem o qədər qeyri-şəffafdır ki, nəyisə əvvəlcədən proqnozlaşdırmaq çətindir və gözlənilməz ssenariləri istisna etmək olmaz. "Qonşu Türkmənistanın timsalında demək olar ki, möcüzələr baş verir. Saparmurat Niyazovun ölümünədək kim deyə bilərdi ki, hakimiyyətə Qurbanqulu Berdıməhəmmədov gələcək? Onu tanıyan və diqqətə alan çox az idi. Odur ki, Özbəkistanda da yeni fiqurların üzə çıxa biləcəyini istisna etmək olmaz” – deyə A.İlhamov bildirib.
Hansı klanlar hakimiyyət uğrunda mübarizə aparır?
Bütün ekspertlər belə bir qənaətlə razılaşırlar ki, ölkədə ən nüfuzlu kölgə fiquru MTX-nin rəhbəri Rüstəm İnoyatovdur. A.İlhamovun fikrincə, belə bir fikir formalaşıb ki, R.İnoyatov və Ş.Mirzəyevin Moskvadan dəstəyi var və beləliklə, onlar alyans şəklində rusiyapərəst qanadı təşkil edirlər. "Öz növbəsində Rüstəm Əzimovu elitanın güc təbəqəsi yox, iqtisadiyyat və maliyyə ilə bağlı adamlar dəstəkləyirlər. Nəzərə alınmalıdır ki, Özbəkistanın Dünya Bankından, BVF-dən və başqa investorlardan aldığı kreditlər Əzimovun şəxsi zəmanəti ilə verilir”, – deyə A.İlhamov qeyd edir. Bundan başqa, Özbəkistanda həmişə klan sistemi güclü olub. Bu sistemdə xüsusilə də Daşkənd və Səmərqənd klanları ən nüfuzlu hesab edilir. Lakin əksər ekspertlərin fikrincə, belə bölgü artıq keçmişin qalığıdır. "Bütün bu klanlar kifayət qədər şərtidir və Kərimovun karyerasının başlanğıcında olduğu kimi elə də ciddi rol oynamırlar. Kərimov öz prezidentliyi ərzində bu regional elitaları xeyli zəiflədib. Buna görə də belə bölgünü vaxtı ötmüş hesab etmək olar”, - deyə A.İlhamov vurğulayıb. "Özbəkistanda iki ən qüdrətli dövlət orqanı var: MTX və DİN. Vəziyyətə fiziki olaraq məhz onlar nəzarət edir. Bütün qalan klanlar və başqa strukturlar bu iki işlək siyasi strukturun qarşısında zəifdirlər. Özbəkistanda hətta ən ucqar aul və qışlaqlarda da milis məntəqəsi var. Bu idarə sayca daha çox əməkdaşa malikdir. Kərimov xarici səfərlərə çıxanda onun səlahiyyətlərini daxili işlər naziri icra edirdi. Onun özünə nəzarəti isə MTX həyata keçirirdi” - deyə başqa bir politoloq Kemoleddin Rabbimov bildirib. "İ.Kərimovun varisi kim olursa-olsun, İnoyatovun və MTX-nin birbaşa dəstəyi olmadan hakimiyyətə gələ bilməz” – deyə Eurasia.net saytının müxbiri Joanna Lillis diqqətə çatdırıb.
Bəs Özbəkistanda hakimiyyətin dəyişməsi hansı regional əhəmiyyətə malikdir?
"Özbəkistanda hakimiyyətin ötürülməsinin dinc və sosial gərginliksiz keçəcəyinə üç səbəb var. Birincisi, elita sabitliyin pozulmasında maraqlı deyil, çünki bunun nəticəsində sərvətini itirə bilər. İkincisi, ölkə əhalisi çox güman ki, gözləmə mövqeyi tutacaq və hakimiyyətin qərarlarını gözləyəcək. Odur ki, qarşıdan gələn iki ildə əhalinin hakimiyyətdən böyük gözləntiləri olacaq. Üçüncüsü xarici aləmdir. Nə Rusiya, nə Çin, nə müsəlman ölkələri, nə Avropa və nə də Amerika Özbəkistanın əsas oyunçu olduğu Mərkəzi Asiya regionunda qeyri-sabitlik istəyirlər” – deyə ekspert K.Rabbimov bildirib. O əlavə edib ki, bundan başqa, Özbəkistanın regional qonşularla münasibətində yaxşılaşma baş verə bilər. Kreml üçün hakimiyyət dəyişikliyindən sonra da regiondakı nüfuzunu saxlamaq çox mühümdür. "Məsələ burasındadır ki, İslam Kərimov qonşu dövlətlərin başçıları ilə düşmən münasibətlərdə olub və xarici siyasətin gərginliyində şəxsi faktor həlledici idi. Çox mümkündür ki, yeni lider bu vəziyyəti dəyişsin” – deyə J.Lillis söyləyir. K. Rabbimov isə əmindir ki, yeni lider qonşu ölkələrlə danışıqlara getməli olacaq: "Söhbət ilk növbədə su problemindən gedir. Kərimovun vaxtında bu barədə cəmiyyətdə çox az danışılırdı. SSRİ-nin dağılmasından sonra Özbəkistanın əhalisi artaraq 19 milyondan 31 milyon nəfərə çatıb. Ölkənin su ehtiyatları isə azalıb”.
Ekspertlər belə bir məsələdə həmrəydirlər ki, Rusiya hazırda baş verənləri diqqətlə izləyir və regiondakı nüfuzunu saxlamağa çalışacaq. Buna görə də Özbəkistanın növbəti prezidentinin Kremlə loyallığı Rusiyanın marağındadır.
Azər
banner

Oxşar Xəbərlər