• çərşənbə, 24 Aprel, 06:12
  • Baku Bakı 13°C

İslam Kərimov vəfat etdi - Fotolar

03.09.16 13:08 1235
İslam Kərimov vəfat etdi - Fotolar
Özbəkistanın ilk prezidenti İslam Kərimov uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib. İlk olaraq bu xəbəri "Reuters” agentliyi üç diplomatik qaynağa istinadən yayıb. Bundan başqa, dünyanın digər məşhur KİV-ləri də öz qaynaqlarına istinadən xəbəri tirajlayıb. Qeyd edək ki, Özbəkistan hökuməti də prezident İ.Kərimovun vəfat etməsi barədə xəbərləri təsdiqləyib. APA-nın xəbərinə görə, bu barədə "İnterfaks" agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb.Yeri gəlmişkən, bir neçə gün idi ki, özbək müxalifəti onun öldüyü barədə xəbərlər yaysa da, məlumat rəsmi təsdiqini tapmırdı. Dünən səhər isə hökumət prezidentin beyninə qan sızdığı barədə məlumat yaydı. Məhz bundan sonra da onun öldüyü barədə Qərb KİV-ləri xəbər yaydılar. Xatırladaqki,İ.Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimovümumilikdə Özbəkistana 28 il rəhbərlik edib.
İlk başsağlığı Türkiyədən gəlib
İlk olaraq Türkiyənın baş naziri Binəli Yıldırım Özbəkistan prezidenti İ.Kərimovun ölümü ilə bağlı başsağlığı verib. Bu barədə o, Türkiyədə 65-ci hökumətin 100 günü ilə bağlı keçirdiyi iclasda deyib. "Özbəkistan prezidenti ölüb. Allah rəhmət eləsin. Türkiyə Cümhuriyyəti adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə o bildirib. Baş nazir bu barədə məlumatı haradan aldığını açıqlamayıb. Qeyd edək ki, hökumətin iclası bəzi televiziyalarla canlı yayımlanıb.
Səmərqənddə təhlükəsizlik tədbirləri gücləndirilib
Ölüm xəbərinin ardınca Özbəkistanın Səmərqənd şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərin mərkəzi küçələrində bir sıra yollar bağlanıb. Sentyabrın 2-də Daşkənd-Səmərqənd marşrutu üzrə hərəkət edən "Əfrasiyab” sürət qatarının reysi təxirə salınıb. Bir sıra KİV-lər isə Özbəkistan baş naziri Şövkət Mirzəyevin artıq Səmərqənddə olduğunu yazıb. ABŞ-da mülki aviasiyaya nəzarət edən Federal Aviasiya Administrasiyası bildirir ki, Özbəkistanın Səmərqənd şəhərindəki aeroport şənbə günü - sentyabrın 3-də rəsmi təsdiqlənmişlərdən savayı bütün təyyarələr üçün qapalı olacaq. Dünənə olan icazələrin isə hamısı ləğv olunub.İ.Kərimovun öldüyü haqda xəbəri birinci yayan "Ferqana.ru” portalı isə artıq onun doğma şəhəri Səmərqənddə məzar hazırlıqlarının getdiyini xəbər verib və müvafiq fotolar yayıb.

Sosial şəbəkələrdə yer alan fotolara görə Səmərqənd qəbiristanlığında, orta əsrlərdən qalma Şahi Zinda mavzoleyinin yaxınlığında İ.Kərimov üçün məzar yeri hazırlayırlar. Buldozer və ekskavatorlarla ərazidə iş gedir, köhnə məzarlar dağıdılır. Həmin yerdə İ.Kərimovun anası və iki qardaşı dəfn olunub. "Ferqana.ru” bildirir ki, İ.Kərimovun cənazəsini daşıyan təyyarə məxfi şəkildə Daşkənddən Səmərqəndə uçub. Feysbukda yer alan məlumatlara görə, Səmərqənddə dəfn mərasiminə intensiv hazırlıq gedir, şəhərin küçələri təmizlənir, abadlıq işləri görülür. Kərimovların ata evləri sürətlə təmir olunur, sahə müvəkkili isə sakinlərə deyib ki, "çox pis bayram olacaq”. Şəhər sakinləri Səmərqəndə bir-birinin ardınca şüşələri qara plyonka ilə örtülmüş qara maşınların gəldiyini müşahidə edir.

İslam Kərimovun xəstəliyi və hakimiyyət oyunları
Beləliklə, Özbəkistanın Sovet İttifaqı dağılandan bəri lideri olmuş İ.Kərimov vəfat etdi. Bütün diqqət isə hazırda prezidentin davamçısının kim olacağına yönəlib. İndi 31 milyon əhalisi olan ölkə prezident Kərimovsuz Özbəkistanda yaşamaq perspektivi ilə üz-üzə qalıb. Onun davamçısının kim olacağı isə hələ məlum deyil. Son illərdə davamçı ilə bağlı debatlar Kərimov ailəsinin daxili problemlərindən birinə çevrilib. Bir neçə il öncəyə qədər çoxları inanırdı ki, İ.Kərimovu onun cazibədar böyük qızı, pop ulduzu, dəb dizayneri və sahibkar qadın Gülnarə Kərimova əvəzləyəcək. O, buna hazırlanırdı və ölkədə ən nüfuzlu insanlardan biri hesab olunurdu. Ancaq onun zirvədən enişi sürətli və qəddarcasına oldu. G.Kərimovanın ev dustağı olduğunu göstərən şəkillər hələ 2014-cü ildə Londonda yayılmışdı. 2013-cü ildə korrupsiya barədə qalmaqallar yaşananda onun biznesi əlindən alındı, TV və radio kanalları bağlandı. O, həmçinin korrupsiya ilə bağlı Avropa və ABŞ-da istintaqa cəlb olundu. Onun hazırda ev dustağı olduğu bildirilir. G.Kərimova hakimiyyəti itirərkən bacısı Lola Tillayeva-Kərimovanı və anasını ondan yaxa qurtarmağa çalışmaqda ittiham etdi.Bir çox təhlilçilər deyir ki, bu ailə çəkişməsi ölkədə dərin hakimiyyət mübarizəsini üzə çıxardı.

Prezidentliyə iddiaçılar
Gülnarənin başına gələnlərin arxasında kimlərin durduğu barədə danışarkən çəkdiyi adlar indi prezidentliyə iddiaçılardır. Onlardan biri Rüstəm Əzimovdur, onun iki vəzifəsi var - baş nazirin müavini və maliyyə naziri.R.Əzimov 1998-ci ildə nazir təyin olunub və İ.Kərimova çox yaxın hesab olunurdu.Daha çox qərbyönlü kimi tanınan R.Əzimov 1990-cı illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistan üzrə rəhbəri olub. İsveçrədə yaşayan özbək jurnalist Alişer Taksanov deyir ki, R.Əzimovun qalib olmaq üçün yaxşı şansı var, çünki o, "Daşkənd klanı”ndandır: "Bu klan ölkədə bütün əsas mövqeləri tutmağı bacarıb - Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Xidməti, Maliyyə Nazirliyi və sairə. Bu klan rəqibi, baş nazir Şövkət Mirzəyev tərəfindən idarə olunan "Səmərqənd klanı”ndan daha güclüdür. Mərkəzi Asiyada klanlar regional sədaqətə əsaslanan şəbəkələrdir və bu şəbəkələr hakimiyyət və var-dövlət toplamaq üçün istifadə olunur və prezidentin davamçısının təyin olunması kimi məqamlarda çox mühümdür”.

Ancaq digərləri inanır ki, 2003-cü ildən bəri baş nazir vəzifəsini tutan Ş.Mirzəyev prezident Kərimovu əvəzləməyə daha real namizəddir. "Kimin əlində dövlətin daha çox resursu var - buna baxsanız, o zaman Şövkət Mirzəyevin şansı daha çoxdur”,- deyə özbək siyasi təhlilçi, Fransada sığınacaq almazdan öncə Prezident Administrasiyasında çalışmış Kamoliddin Rabbimov deyir: "Hakimiyyətin ötürülməsi çox güman ki, ictimaiyyətin gözündən saxlanacaq. O, bu işdə 13 il olub və öz adamlarını ölkə boyunca mühüm vəzifələrə təyin edib”. Çoxları inanır ki, Təhlükəsizlik Xidmətinin rəhbəri və keçmiş "KQB” casusu Rüstəm İnoyatov güc brokeri olacaq.R.İnoyatov G.Kərimovanın öz imperiyasının çökdürülməsində əli olduğunu iddia etdiyi şəxslərdən biridir. Ancaq belə intriqalar Özbəkistanda hakimiyyətin necə ötürüləcəyinə dair güclü mesaj verir. Prezident Kərimovun davamçısı olmaq istəyən şəxs siyasi elitanın qalan hissəsi İlə kompromisə getməlidir – G.Kərimovanın etmədiyi də elə bu idi.

"Hər şey davamlılığa, Kərimovun yaratdığı kimi bir rejimin saxlanmasına meyilli bir şəxsə işarə edir”, - deyə ekspert Mak Glinçey bildirib. Onun fikrincə, "buna səbəb odur ki, Özbəkistanda bütün var-dövlət mənbələri hökumətdən gəlir. Özbəkistanda zəngin olan insanların onlara bu var-dövləti verən sistemi qoruyub-saxlamağa güclü meyli var”. Bəziləri deyir ki, baş nazir Ş.Mirzəyev səhnəarxası danışıqlarda əsas söz sahibidir.Beləliklə, keçidin sakit və ictimaiyyətdən gizli olacağı gözlənilir. Çoxları gözləyir ki, İ.Kərimovun qoyduğu müxalif səsə qarşı dözümsüzlük və etirazların dağıdılması ənənəsi davam etdiriləcək.

Ekspertlər hesab edirlər ki, əslində yeni prezident heç də yaxşı tanınmayan biri ola bilər. "Bu, bütün güc brokerlərinin özünü rahat hiss etdiyi bir kompromis namizəd ola bilər və nəticədə barəsində çox eşitdiyimiz üç nəfərdən heç biri olmaya bilər”, -deyə M.Glinçey bildirib. Aydın olan bir şey var ki, yeni lider Özbəkistandakı mövcud sistemi dəyişməyə cəhd etməyəcək.
Azər

banner

Oxşar Xəbərlər