• çərşənbə axşamı, 19 mart, 08:28
  • Baku Bakı 8°C

İslahatların əsas hədəfi daha güclü, qüdrətli dövlət qurmaqdır

13.02.19 19:44 766
İslahatların əsas hədəfi daha güclü, qüdrətli dövlət qurmaqdır
Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərtərəfli islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Dövlət başçısı müasir dövrün tələblərini nəzərə alaraq, bütün sahələrdə zaman-zaman islahatlar həyata keçirib. Bunun üçün çoxsaylı fərman və sərəncamlar imzalanıb, parlamentdə müvafiq qanunlar qəbul olunub. Elə bunun səbəbidir ki, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısında yer alıb. Azərbaycan bu beynəlxalq qurum tərəfindən ən çox islahat aparan ölkə elan olunub. Həmin hesabata əsasən, ötən ilin sonunda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi dövlətləri arasında lider mövqeyə yüksəlib. Azərbaycanda bu çərçivədə atılan addımlar sırasında idarəetmənin daha da təkmilləşdirilməsi üçün görülən işlər də diqqət çəkir. Dövlət başçısının fərman və sərəncamları ilə cari ilin əvvəlində bir sıra dövlət qurumları ləğv edilib, yaxud başqa bir dövlət qurumuna birləşdirilərək fəaliyyətləri daha da təkmilləşdirilib. Prezident İlham Əliyev bu barədə danışarkən xüsusilə qeyd edib ki, islahatlar günün tələbidir, zəruridir və davamlı xarakter alacaq.

Azərbaycan Prezidenti ötən gün "RealTv”yə müsahibəsində bir daha bu məsələnin üzərində dayanıb, islahatların əhəmiyyəti barədə fikirlərini geniş auditoriyaya çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların əsas hədəfi mövcud nöqsanları aradan qaldırmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. Dövlətimizin başçısı qeyd edib ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq və daha güclü, qüdrətli dövlət qurmaqdır: "Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır. Yəni, bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır. Deyə bilərəm ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək. ...Bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. ...Mən qərar verdim ki, əldə edilmiş əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır”.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyev yerli televiziyaya son müsahibəsində ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatları, ölkəmizin əldə etdiyi uğurlara, beynəlxalq müstəvidə qazandığı nüfuza diqqət çəkib. Onun sözlərinə görə, vaxtilə ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar bu gün dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir: "Bu islahatlar özünün yeni mərhələsinə qədəm qoyub. Bunun da özünəməxsus səbəbləri var. Dünya qloballaşır, dəyişir, yeni çağırışlar və təhdidlər meydana gəlir. Həyatın özü islahatları qaçılmaz və davamlı edir. Ona görə də cənab İlham Əliyev tərəfindən Azərbaycanda siyasi iqtisadi islahatlar davam etdirilir. Məhz bu islahatlar nəticəsində ölkəmizin inkişafı təmin edilir. Dövlət başçısının vurğuladığı kimi, bu islahatların əsas hədəfi Azərbaycan vətəndaşı ilə bilavasitə bağlıdır. Bütün siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması dayanır. Həyata keçirilən sosialyönümlü islahat ölkə vətəndaşlarının həyatında müsbət mənada özünü biruzə verir”.

E.Nəsirov deyib ki, islahatlar nəticəsində ölkəmizdə ilk növbədə sabitlik, təhlükəsizlik, əmin-amanlıq təmin edilib, zaman keçdikcə bir qədər də möhkəmlənib. O, bunun olduqca vacib əhəmiyyət daşıdığını söyləyib: "Sabitlik olmayan yerdə inkişaf, hər hansı islahatı həyata keçirmək qeyri-mümkündür. Ona görə də Azərbaycanda ilk növbədə sabitlik təmin olunub. Bunun ardınca regionların inkişafı əsas hədəf kimi qarşıya qoyulub. Bu məqsədlə indiyə qədər 3 regional inkişaf proqramı icra olunub, 4-cü dövlət proqramı qəbul olunub. Məhz bu dövlət proqramlarının icrası, aparılan islahatlar sayəsində regionlarımızın siması əhəmiyyətli dərəcədə dəyişib, regionlarla paytaxt arasındakı fərq aradan qalxıb. Azərbaycan elektrik enerjisi, mavi yanacaq, içməli su ilə özünü təmin edib, özü də əhəmiyyətli dərəcədə. Lakin dövlət bununla kifayətlənmir, islahatlar, fəaliyyət yenə də davam etdirilir. Azərbaycanın neft, qaz və elektrik enerjisi ixracatçısına çevrilməsi də ölkədə həyata keçirilən islahatların əyani göstəricisidir. Bütün bunlardan danışarkən, idarəetmə sahəsində həyata keçirilən islahatlar, təkmilləşdirilmə, kadr seçimi istiqamətində atılan addımlar da diqqətdən kənarda qalmamalıdır. Sadalananlar hamısı Azərbaycan reallıqlarıdır və şübhəsiz ki, qeyd olunan proses gələcəkdə də davam etdiriləcək”.

Millət vəkili Asim Mollazadə də qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev "RealTV”-yə müsahibəsində çox vacib məqamlar üzərində dayanıb, ölkədə həyata keçirilən islahatların mahiyyətini xalqa çatdırıb. Onun fikrincə, bu gün Azərbaycanın güclü-qüdrətli, müstəqil xarici siyasət aparan dövlət olması, beynəlxalq aləmdə böyük nüfuza sahiblənməsi məhz Prezidentin indiyə qədər apardığı islahatlarla əlaqədardır: "Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mərkəzində ölkə vətəndaşı, onun həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılması dayanır. Davamlı islahatların da səbəbi Azərbaycanı daha da gücləndirməkdir ki, bu da son məqamında ölkə vətəndaşlarının maraqlarına, milli maraqlarımıza xidmət edir. Dövlətimiz nə qədər güclü olacaqsa, vətəndaşımızın da sosial rifah halı bir o qədər yaxşılaşacaq. O baxımdan, dövlət başçısının yerli televiziyaya müsahibəsində bu məqamlar üzərində dayanması xüsusi diqqət çəkdi. Prezident bəyan etdi ki, o, medianı dəstəkləyir, izləyir, islahatlar davamlı olacaq və bu, xalqa layiqli xidmət etmək üçündür”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər