İslahatların dərinləşməsi parlamentin yeniləşməsini zəruri edir - Fotolar
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar
qanunverici hakimiyyətdən də yan keçməməlidir
Yeni Azərbaycan Partiyası
(YAP) Siyasi Şurasının ötən həftə keçirilən iclasında partiyanı Milli Məclisdə
təmsil edən deputatlara parlamentin buraxılması ilə bağlı Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət etmək tövsiyə olunub. Həmin tövsiyəyə uyğun olaraq,
dekabrın 2-də Milli Məclis YAP-ın qanunverici orqanın buraxılması və növbədənkənar
seçkilərin keçirilməsi ilə bağlı müraciətini müzakirə edib. Müzakirələrdən
sonra Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin
olunması haqqında Azərbaycan Prezidentinə müraciət qəbul edib. Dövlət başçısı
İlham Əliyev "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında”
Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin
Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu
göndərib. Ümumilikdə bu hadisə ölkə ictimaiyyətinin geniş müzakirəsinə səbəb
olub. Mütləq əksəriyyət Prezident İlham Əliyevin həyata keçirdiyi islahat
konsepsiyasına və onun uğurlarına dəstək ifadə ediblər. Prezident
Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, bütövlükdə, dövlət
həyatının bütün sahələrində həyata keçirilən islahatlar rəğbətlə qarşılanıb.
Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər nəzərə
alınaraq, qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsinin,
parlamentin yeniləşməsinin zəruriliyi vurğulanıb.
Milli
Məclisin deputatı Sahib Alıyev mövzu ilə bağlı "Kaspi” qəzetinə
açıqlamasında bildirib ki, 1995-ci ildən indiyə qədər Azərbaycan
parlamentarizmi yeni müstəqillik əldə edən ölkələrin çoxundan müsbət anlamda
fərqlənib. Onun sözlərinə görə, bu fərqlilik ondan ibarətdir ki, Azərbaycanda
bu vaxta kimi başqa dövlətlərin, yaxud lobbi qruplarının təsiri altında hər
hansı bir qanun qəbul edilməyib. Millət vəkili deyib ki, ötən illər ərzində
Milli Məclis ancaq Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış edib,
adındakı milliliyi doğruldub: "Ölkəmizdəki sabitlik həm də bundan və
hakimiyyətin müxtəlif qolları arasında ziddiyyət yox, səlahiyyətlərin dəqiq
bölgüsü və sərhədi çərçivəsində səmərəli əməkdaşlığın, harmoniyanın olmasından
qaynaqlanır. Sirr deyil ki, bəlli çevrələr ayrı-ayrı dövlətləri özlərindən tam
asılı vəziyyətə salmaq üçün bəzən həmin dövlətlərdə hakimiyyətin qolları
arasında ziddiyyət yaratmaq metoduna əl atırlar. Nəticədə onu görürük ki, hətta
Azərbaycandan dəfələrlə böyük insan və iqtisadi potensialı olan bəzi dövlətləri
bir sıra hallarda xalqın seçdikləri deyil, başqa ölkələrin səfirləri
yönəldirlər”.
S.Alıyev Azərbaycanda
növbədənkənar parlament seçkisinin hansısa siyasi böhranla, yaxud bəzi
ölkələrdə olduğu kimi, çevrilişlə hakimiyyətə gələnlərin baş vermiş prosesin
nəticəsini kapitallaşdırmaq cəhdi ilə bağlı olmadığını dilə gətirib. O qeyd
edib ki, belə bir təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib: "Oxşar
təcrübələr də az deyil. Sadəcə onu deyim ki, hakimiyyətin və hakimiyyətdəki Nur
Vətən Partiyasının təşəbbüsü ilə qonşu Qazaxıstanda indiyə kimi 5 növbədənkənar
parlament seçkisi keçirilib. Təşəbbüsçülər bu seçkilərin hamısında öz
məqsədlərinə çatıblar. Azərbaycanda da Yeni Azərbaycan Partiyası belə bir
təşəbbüslə çıxış edib. Bu, oradakıların ilk növbədə öz liderlərinə və
partiyalarının potensialına əminlikdən qaynaqlanır. Fikrimcə, YAP belə bir
addımı həm də ona görə atdı ki, sədrləri cənab İlham Əliyevin xalq arasında
reytinqinin fövqəladə yüksəkliyini görür və digər partiyaların rəqiblik
potensialının özlərininkindən dəfələrlə aşağı olduğunu yaxşı bilirlər”.
Millət vəkili müxalifətin
baş verənlərə verdiyi reaksiyaya da münasibət bildirib: "Əgər hər hansı bir
partiya nə vaxt keçirilməsindən asılı olmayaraq, seçkiyə hazır deyilsə, bunun
suçunu özündə, öz liderində axtarmalıdır. Biz bunu hazırda seçkini boykot etmək
istəyənlərin timsalında da görürük. Onların başında duran şəxs deyir ki, guya
hakimiyyət nəticələr saxtalaşdırıldığı halda xalqın soyuğa görə küçələrə çıxmaq
istəməyəcəyini bildiyi üçün seçkini qışda keçirir. Bilirsiniz, bu, hətta
primitivlik də deyil. Olsa-olsa sistemdən kənar müxalifət adlandırılanların,
həm də xalqdan kənar olmalarının növbəti təsdiqidir. Onlar bununla Azərbaycan
xalqını komfortist və öz haqqını tələb etməyən toplum kimi qələmə verərək
aşağılayırlar. Xalq da bunu görür və bilir. Ona görə də onlar bu gün harada
olmalıdırlarsa, elə oradadırlar və orada da qalacaqlar”.
Siyasi
şərhçi Nəzakət Məmmədova isə hesab edir ki, ölkəmizdə keyfiyyətcə yeni
inkişaf mərhələsinə qədəm qoyan islahatlar real olaraq, əsl mahiyyətinə,
Azərbaycan xalqının öz iqtidarından olan gözləntilərinə uyğun şəkildə davam
etməkdədir. O, qəzetimizə açıqlamasında deyib ki, Prezidentin qətiyyətli və
cəsarətli qərarları xalqımız tərəfindən təqdirəlayiq addımlar kimi qəbul
edilir, alqışlanır: "İslahatlar ölkənin bütün sahələrini əhatə etməkdədir.
Ölkəmizin vətəndaşları bu islahatlardan çox şey gözləyir və ölkə başçısı bu
etimadı doğrultmaq üçün bütün resursları, zəngin bilik və təcrübəsini səfərbər
edib. Bildiyimiz kimi, hakimiyyətin üç müstəqil qolu var: qanunvericilik, icra
və məhkəmə. Dərin, köklü, çoxşaxəli islahatlar prosesi icra strukturlarını tam
əhatə edib və belə bir şəraitdə hakimiyyətin digər əsas qolu olan
qanunvericilik qanadı proseslərdən kənarda qala bilməz”.
Siyasi şərhçi bildirib ki,
aparılan məqsədyönlü islahatlara adekvat olaraq, zamanın çağırışları ilə ayaqlaşmaq,
proseslərə bütün gücü ilə qoşulmaq üçün parlamentin buraxılması və
növbədənkənar yeni seçkinin keçirilməsi məsələsi ölkəmizin siyasi və ictimai
gündəmindədir: "Hakim partiyanın təşəbbüsü ilə növbədənkənar seçkilərin
keçirilməsi təqdirəlayiqdir və əgər prosedur nəzərdə tutulduğu qaydada davam
edərsə və növbədənkənar yeni seçki keçirilərsə, xalqımızın doğru seçim edərək
layiqli insanları millət vəkili seçməsinə inanmaq olar. Getdikcə insanların
siyasi savadı, dünyagörüşü, ən əsası da ölkə prezidentinin apardığı real,
praqmatik, milli maraqlara uyğun yeridilən siyasət nəticəsində demokratiyaya
inam artır”.
N.Məmmədova qeyd edib ki, radikal
qüvvələr hər zaman olduğu kimi bu dəfə də seçkiləri boykot edərsə, bu, onların
məğlubiyyəti əvvəlcədən qəbul edərək geri çəkilməsi kimi qəbil ediləcək.
Alpər
TURAN