İslahatların birinci mərhələsindəyik
Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında
dövlət başçısı ənənəvi olaraq, ötən 9 ayda əldə edilən nailiyyətlərdən geniş
söhbət açıb. Ayrı-ayrı istiqamətlər üzrə görülən işləri konkret faktlarla
diqqətə çatdıran ölkə rəhbəri sosial sahədə ciddi islahatların aparıldığını
vurğulayıb. Qeyd edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin yeni
rəhbərinə bununla əlaqədar çox ciddi tapşırıqlar verilib. Prezident bildirib
ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülməlidir: "Bu sahədə
rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda
aparılır, şəffaflıq təmin edilir. Bu sahədə yol verilmiş pozuntular aradan
qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron
texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin.
Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz
"ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat
mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab
edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri
görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ
islahatların birinci mərhələsindəyik”.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi”yə bölüşən Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, Prezident İlham
Əliyev Nazirlər Kabinetinin iclasında proqram xarakterli çıxış edib, bütün
sahələr üzrə görülən işlərə, Azərbaycanın sosial-iqtisadi həyatına düzgün
qiymət verib. Onun sözlərinə görə, bu, eyni zamanda dövlət başçısının öz xalqı
qarşısında hesabatıdır. Millət vəkili deyib ki, ötən 9 ayda Azərbaycanda bütün
sosial layihələr uğurla həyata keçirilib, qarşıya qoyulan investisiya
proqramlarının əksəriyyəti icra olunub. O, ötən 9 ayda iqtisadiyyatda
inflyasiyanın proqnozlaşdırıldığından da aşağı səviyyədə olduğunu, əhalinin pul
gəlirlərinin artdığını, 80 mindən artıq daimi iş yerlərinin açıldığını diqqətə
çatdırıb. Bildirib ki, kənd təsərrüfatında ənənəvi sahələrin bərpa edilməsi də
iqtisadiyyatın güclənməsinə, məşğulluğun təmin olunmasına, əhalinin sosial
vəziyyətinin yaxşılaşmasına xidmət edib. Deputat M.Quliyev vurğulayıb ki,
Prezident İlham Əliyevin də xatırlatdığı kimi sosial sahədə həyata keçirilən
tədbirlər bundan sonra da davam etdiriləcək, sosial ədalətin, şəffaflığın daha
da artırılması istiqamətində əməli tədbirlər görüləcək. Onun fikrincə, bütün bu
tədbirlər də nəticə olaraq vətəndaş məmnunluğuna xidmət edəcək".
Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin digər üzvü Jalə Əliyevaqəzetimizə açıqlamasında Nazirlər Kabinetinin iclasında Azərbaycan
Prezidentinin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, hər
zaman olduğu kimi bu dəfə də ölkə başçısı öz çıxışında sosial sahəyə xüsusi
diqqət çəkib. Deputatın sözlərinə görə, əhalinin həyat səviyyəsinin yüksəlməsi
istiqamətində həyata keçirilən islahatların ən yüksək səviyyədə dəstəklənməsi
Azərbaycan dövlətinin, ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıdır:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyə qədər 3 regional inkişaf
proqramları hazırlanıb və uğurla icra olunub. Bu proqramlarda nəzərdə tutulan
məsələlərin vaxtlı-vaxtında yerinə yetirilməsi nəticəsində Azərbaycanda kənd və
şəhərlərimiz arasında inkişaf fərqi aradan qalxıb, bütün regionlarımız intibah
dövrünə qədəm qoyub. Təbii olaraq, bu işlər çərçivəsində vətəndaşların sosial
problemləri də daim diqqət mərkəzində saxlanılıb. Bütün bunlar Prezident İlham
Əliyevin insan amilinə xüsusi önəm verdiyini, onun siyasətinin mərkəzində ölkə
vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılmasının dayandığını əyani nümayiş
etdirir. Bu gün ölkədə reallaşdırılan siyasi kurs, bütün layihələr Azərbaycan
insanının gələcəyinin daha yaxşı təmin olunması üçün də əhəmiyyətlidir. Buraya
gənclərin təhsil alması, sabahın kamil vətəndaşı kimi yetişməsi, iş yerləri ilə
təmin olunması, yaşlı nəslin pensiya təminatının yaxşılaşdırılması və sair
məsələləri aid edə bilərik. Bir sözlə, cənab İlham Əliyev hələ prezident
seçilməzdən öncə verdiyi bütün vədləri yerinə yetirməklə, xüsusən də sosial
sahəyə xüsusi diqqət ayırmaqla, əməli tədbirlər görməklə hər bir
azərbaycanlının prezidenti olduğunu əyani nümayiş etdirir”.
"İctimai
Problemlərin Tədqiqi Assosiasiyasının” sədri, fəlsəfə doktoru Məhərrəm
Zülfüqarlı hesab edir ki, prezidentin Nazirlər Kabinetinin son iclasında sosial
sahə ilə bağlı qaldırdığı məsələ son dərəcə aktualdır. Onun fikrincə, dövlət
başçısı şəffaflığın, aşkarlığın tərəfdarı olsa da, bəzi məmurlar ölkə
rəhbərinin onlara olan etimadını doğrultmur, öz sahələri üzrə nümunəvi iş
ortaya qoya bilmirlər: "Belə fəaliyyət ölkə rəhbəri tərəfindən məqbul
sayılmadığı üçün o, Nazirlər Kabinetinin iclasında bu kimi məsələlər üzərində
xüsusi dayanıb. Prezidentin də qeyd etdiyi kimi, sosial sahədə rüşvətxorluğa,
korrupsiyaya qarşı mübarizə bundan sonra da çox ciddi aparılmalı, şəffaflıq ən
yüksək səviyyədə təmin edilməli, yol verilmiş pozuntular aradan
qaldırılmalıdır. Yəni, sosial ədalətin bərqərar olmasının əleyhinə fəaliyyət
göstərən varsa, onlara qarşı çox ciddi tədbirlər görülməlidir. Prezident bunu
hökumət qarşısında əsas vəzifə kimi qoydu. Təəssüf ki, bəzi məmurlar məhz
sadalanan istiqamətlər üzrə fəaliyyətlərini tələb olunan səviyyədə qura
bilmirlər. Onlar qeyd olunan tələbləri əməldə yerinə yetirə bilmirlər. Hesab
edirəm ki, prezidentin tələblərini yerinə yetirə bilməyən məmurlar işdən
kənarlaşdırılarsa, hansı ki, biz zaman-zaman bu prosesi müşahidə etmişik, bax o
zaman sosial sahədə də şəffaflıq, ədalətlilik daha üstün səviyyədə təmin
olunar. Xüsusən də gənc, savadlı, müasir dövrün tələblərinə cavab verən,
yeniliklərdən xəbərdar olan kadrların irəli çəkilməsinə bütün sahələrlə yanaşı,
sosial sferada da şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bu kimi
amilləri nəzərə alaraq, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında
səsləndirdiyi fikirləri birmənalı olaraq dəstəkləyirəm”.
Rufik
İSMAYILOV