• cümə, 26 Aprel, 10:00
  • Baku Bakı 12°C

İslahatlar Azərbaycanın mövqelərinin gücləndirilməsinə xidmət edir

29.11.19 16:31 704
İslahatlar Azərbaycanın mövqelərinin gücləndirilməsinə xidmət edir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Milli Məclisin tam tərkibdə istefaya göndərməsi əksər politoloqların da qeyd etdikləri kimi ölkədə davam edən islahatların davamı kimi dəyərləndirilir. Özlərini demokratik adlandıran dövlətlərdən fərqli olaraq, Azərbaycan radikal addımlarla deyil, addım-addım islahatları həyata keçirir. Bu da cəmiyyətdə ağrısız şəkildə proseslərin təbii axarala inkişafına təkan verməsi deməkdir. Çünki, Azərbaycanın bir dövlət olaraq coğrafi mövqeyi, regionda baş verən prosesləri zamanında düzgün qiymətləndirmək bacarığı tamamilə fərqli situasiyaları arxada qoyması deməkdir.
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi tədbirində gözlənilmədən arxa sırada oturmuş keçmiş rektor, akademik Abel Məhərrəmovu görən kimi, dərhal onu yanına dəvət etdi və yeni rektor Elçin Babayevlə birlikdə əl-ələ tutaraq kimsənin gözləmədiyi halda səhnəyə çıxdılar. Prezident bu addımı ilə çoxminli alimlərin, ziyalıların və tələbələrin qarşısında Azərbaycan siyasəti üçün gözəl bir örnək nümayiş etdirdi. Zalda oturanların hamısının gözləri yaşarmışdı. Daha öncələr də prezident İlham Əliyev istefaya göndərdiyi iriçəkili məmurları şəxsən dəvət etmiş və onları dövlət qarşısındakı xidmətlərinə görə müxtəlif dərəcəli orden və medallarla təltif etmişdir. Beləliklə də ölkədə nəsillərarası bağları milli adət-ənənələrimizə uyğun tərzdə dəyərləndirmişdir.
Milli Məclis yenilənməlidir
Demokratik dövlətlərdə hakimiyyətin daha çevik şəkildə idarə olunması və inkişafının əsas prioritetlərindən biri də ali icraedici orqan, parlament və məhkəmə sistemlərinin vəzifə bölgüsünün düzgün bölüşdürülməsi ilə dəyərləndirilir. Azərbaycanda prezident İlham Əliyev belə bir idarəetmə sistemini formalaşdırmağa çalışır. Etiraf etməliyik ki, qanunverici orqan Milli Məclis müasir standartlara cavab verə biləcək qanunların qəbulu məsələsində tələb olunan addımların atılmasında olduqca ləng davranırdı. Bu faktor hər kəsə bəllidir. Ancaq, bu o demək deyil ki, indiki deputatlar kadr kimi zəif idilər. Onlar sadəcə XXI əsrin tələbləri çərçivəsində müasir texnologiyalardan bir qədər uzaq idilər. Bu da onların böyüyüb başa çatdıqları dövrlə bağlı idi. İndiki deputatlardan dünya dillərini bilmək, beynəlxalq təcrübəni keçmiş və onların Azərbaycanda tətbiqi üçün çalışa biləcək kadrlara daha çox ehtiyac vardır. Bu istiqamətdə prezident İlham Əliyev 2018-ci ilin aprel ayında formalaşdırdığı yeni hökumətin tərkibi ilə cəmiyyətə öz mesajını vermişdi. Yəni, artıq Azərbaycan keçmişdə olduğu kimi "məmur-oliqarxiya” təfəkkür tərzi ilə deyil, "menecer-texnokrat” kadrlarla tələb olunan islahatları həyata keçirəcəkdir. Ötən bir il ərzində ölkəmizdə hər kəs bu islahatların səmərəli nəticələrini öz həyat tərzində görməyə başladı. Belə kadr islahatları siyasəti Azərbaycanın son 200 illik tarixində ilk dəfəydi ki, baş verdi.
Hökumət sistemi ilə yanaşı, Milli Məclisin də yeni təfəkkür daşıyıcısı olan kadrların sayəsində formalaşması faktiki olaraq, sadəcə MDB məkanında deyil, həm də bütün Yaxın Şərq və Orta Asiya coğrafiyasında Azərbaycanın mövqelərinin daha da güclü olmasına səbəb olacaqdır. Bütün bu strateji hədəflərdə qazanan Azərbaycan dövləti və onun xalqıdır.
Müxalifət seytnota düşdü
Özlərini mövcud hakimiyyətə qarşı daim müxalifətdə olduğunu elan edən partiyaların əksəriyyəti ötən bir il ərzində prezident İlham Əliyevin dönməz iradə ilə apardığı islahatlar qarşısında aciz duruma düşüblər. Belə ki, artıq hansısa nazirin, komitə sədrinin və ya digər iriçəkili məmurun "klan”,a "mafiya”ya və digər neqativ hallara bağlamaqda müxalifətin sözü qalmamışdır. Çünki, menecer-texnokratların tək bir vəzifəsi vardır. Bu, onların çalışdıqları sahələrdə effektiv və müasir standartlara cavab verə biləcək əməlləri artıq göz önündədir. Bütün bunlarla yanaşı, Milli Məclisin istefaya göndərilməsi artıq islahatların ikinci mərhələsinin başlanğıcı sayılmaqdadır. Beləliklə, ictimai demaqoqiyadan uzağa gedə bilməyən müxalifət şahmatda olduğu kimi seytnot vəziyyətinə düşüb.
Daha əvvəllərdə olduğu kimi, dönə-dönə qeyd edirdik ki, müxalifətin ənənələrindən uzaqlaşmalıdır. Müasir standartlara çərçivəsində günün proseslərinə üz tutmalıdır. Min dəfələrlə təəssüflər olsun ki, gerizəkalı baxışların burulğanında it-bata düşən müxalifət artıq yox kimidir. 1980-ci illərin eyforik dalğasında siyasi divident qazanan indiki müxalifət 30 ildən çoxdur ki, köhnə baxışlarının əsirinə çevrilibdir. Onların digər bəlası isə, bütün bunları dərk edərək istefa mədəniyyətini nümayiş etdirməmələridir. Bütün bunlar azmış kimi, yeni nəsil müxalifətin formmalaşmasına, intişar tapmasına qarşı çıxırlar. Bu dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılmaq üçün namizədlərini tapa bilməyən müxalifət, yeni parlament seçkilərində də eyni aqibətlə üz-üzə qalsa, heç də şaşırmayacağıq. Şahmatda seytnota düşmək oyunçunun bəlası deyil. Ona görə ki, toparlanıb səhvlərini düzəlmək üçün bir daha şanısını axtaracaq. Ancaq, siyasi baxımdan seytnota düşmək istənilən siyasətçinin karyerasının sonu deməkdir.
İslahatlar Qarabağın azadlığına xidmət edir
Müxalifət, eləcə də Azərbaycan dövlətinə düşmən mövqe sərgiləyən ölkələr bu gün demək olar ki, eyni mövqedən çıxış edərək ölkəmizdə baş verən islahatlara qarşı açıq şəkildə çıxmağa başlayıblar. Hətta bu islahatları ağla gəlməyən mövzularla da bəzəməyə çalışırlar. Bunu sosial şəbəkələrdə "söyüş tribunası” yaratmış müxalifətin ürəkbulandıran mövzularından da aydın şəkildə görmək mümkündür. Müxalifət bu gün hakimiyyəti Qarabağ məsələsində heç bir əsas olmadan "təslimçilik”də tənqid edir. Əslində Qarabağ mövzusunu 1980-ci illərin sonlarında necə əllərində bayraq edərək siyasi piramidanın təpəsinə çıxmışdılarsa, elə bu dəfə də həmin taktikadan istifadə etməyə çalışırlar. Müxalifət bircə onu unudur ki, indiki Azərbaycan və bir də onun rəhbərliyi ötən əsrin 80-ci illərinin aciz kadrlarından ibarət deyil. Bunu görmək və dərk etmək üçün beynəlxalq miqyasda keçirilən tədbirlərdə Azərbaycan iqtidarının sərt mövqeyi, daxili siyasətdə isə xalqla birlikdə milli iradəni ortaya qoymağın bütün şərtlərini özündə necə ehtiva etdiyini görmək lazımdır. Siyasi korazehinliklə iqtidarı tənqid etmək ancaq "Don Kixotun yel dəyirmanı”na bənzəyən anlayışda mümkündür.
Tarixin son 300 illik dönəmində dünyanın gücünə çevrilmiş dövlətlərin gücü daxili iqtisadiyyatın inkişafı, demokratik təsisatların formalaşması, vətəndaş cəmiyyətinin güclənməsi, sosial sahədə reformların daim gündəmdə olması ilə ölçülür. Bu gün dövlətimiz məhz bu xətt üzərində köklənmiş islahatlara üz tutubdur. Güclü dövlət, güclü xalq, güclü iqtisadiyyat və güclü sosial siyasət Qarabağın hansı şərtlər içində olmasına baxmayaraq, onun azad olunmasına hesablanmış dərin strateji hədəflər deməkdir. Bu standartları görə bilməyən, dəyərləndirməyi bacarmayan müxalifətin sonunun çatdığını və məzarını qazdığının fərqində olsaq, daha çox inkişaf edəcəyik.

Ə.Yusifoğlu


banner

Oxşar Xəbərlər