• cümə axşamı, 28 mart, 15:34
  • Baku Bakı 16°C

“İskəndərnamə” dünya ədəbiyyatında xüsusi bir mərhələnin zirvəsidir

07.01.19 12:00 1765
“İskəndərnamə” dünya ədəbiyyatında xüsusi bir mərhələnin zirvəsidir
"Sevdiyin əsər” layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA Humanitar elmlər bölməsinin akademik katibi, akademik Teymur Kərimlidir. Teymur müəllimin sevdiyi əsər Nizami Gəncəvinin "İskəndərnamə” poemasıdır.

– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə "İskəndərnamə” sizin sevdiyiniz əsərdir?
– Bilirsən, Fərid, hər hansı bir əsər, təkcə əsər deyil, elə hər şey hər hansı məziyyətlərinə - yəni ki, bizim türki dili ilə desək, üstünlüklərinə və bədii keyfiyyətlərinə görə deyil, bütövlükdə hər hansı oxucunun, dinləyicinin, tamaşaçının xoşuna gəlir, ya da gəlmir. Başqa sözlə, bu bir zövq məsələsidir. Zövqlər isə uşaq kimidir: onlar daim yeni şeylər öyrənməyə tənbəllik edir, şıltaqlıqla "dərsdən” qaçırlar. Böyük Füzulinin gözəl Leylisi demişkən: "Billah, mənə həm bu idi məqsud; Məktəbdə olurmu tifl xoşnud?” Buna görə də zövqü - intellektual səviyyəni, mütəmadi olaraq tərbiyə etmək - zor gücünə olsa belə, onun səviyyəsini daim yüksəltmək lazımdır. Yalnız bu halda "İskəndərnamə” Teymur Kərimlinin - kiminsə xoşuna gələ bilər. Bu suala başqa cür cavab vermək üçün bütöv bir monoqrafiya yazmaq lazım gələrdi
– İskəndərin peyğəmbərlik səfəri ilə fatehlik səfəri arasında başlıca fərq nədə idi?
– Yadımdan çıxmamış bir şeyi də deyim ki, bu tarixi şəxsiyyətin və Nizami qəhrəmanının adı qədim yunanca "Aleksandr” olduğu üçün Şərqdə "İsgəndər” deyil, "İskəndər” kimi səslənir. İlk dəfə də Şərqdə ərəb tarixçiləri həmin adı öz dillərinin xüsusiyyətinə uyğun işlətmişlər və ərəb dilində ümumiyyətlə "g” səsi və hərfi yoxdur. Qaldı ki, fərqə – elə bir fərq yox idi. İskəndər yer üzünə ədalət gətirmək istəyirdi. Sərkərdə və fateh kimi qılıncla, peyğəmbər kimi söz və təbliğat ilə. Vəssalam!
– İskəndərin ölməzlik axtarmasının mahiyyətində hansı səbəb dayanır?
– Məgər sən ölməzlik istəmirsən, yoxsa mən istəmirəm? Bu, bir bəşəri arzu və şirin xəyaldır ki, indinin özündə belə, dünyanın böyük alimləri, Nobel mükafatçıları bu problem üzərində baş sındırırlar.
Böyük Hüseyn Cavid demirmi:

Xəyal içində bəşər daima səadət arar,
Həqiqətin yüzü lakin gülümsəməz, ağlar.

O ki qaldı ideyanın özünə - qədim şumerlərdən, Gilqameşdən gəlir. Və İskəndər də dirilik suyunu özü üçün deyil, bəşəriyyətə əbədi xidmət üçün axtarırdı.
– İskəndər yeddi ölkə fəth edir və yeddi müdriklə söhbət edir. Sizcə, o müdriklərdən nə öyrənir?
– Konkret olaraq nə öyrəndiyini yalnız İskəndərin özündən və ya Nizamidən soruşmaq lazımdır. Onlar isə təəssüf ki, bu barədə susurlar. Şəxsən mənim isə bu barədə nəsə özümdən uydurmağa səlahiyyətim çatmır.
– Sizcə, İskəndər yer üzündə haqq-ədaləti nə dərəcədə bərpa edə bilir?
– İskəndərin səfərlərinin nəticəsi haqqında da Nizami bir söz demir. Mənə qalarsa, İskəndər yer üzündə haqq və ədaləti zərrə qədər bərpa edə bilsəydi, bu gün div boyda BMT qarışqa boyda Ermənistanın əlində aciz qalmazdı.
– Qəhrəmanlıq dastanında düşmən üzərində qələbə, cahangirə fərəh bəxş edir, İskəndər də öz ordusu ilə qürurlanır, amma məğlub olanlara da yazığı gəlir. Bu məqam nə dərəcədə paradoksaldır?
– Mən paradoksal deməzdim, bəlkə, humanist deyərdim. Məqsəd nə qədər ali olsa belə, yol insan ölümündən keçirsə, humanist bir sərkərdənin ürəyini sıxmalıdır. Bu epizodda Nizami tarixi İskəndərin deyil, özünün ruhi durumunu təsvir etmişdir, zənnimcə.
– Yevgeni Bertels haqlı olaraq qeyd edir ki, "İskəndərlə Daranın müharibəsi zülmkarlıqla ədalətin müharibəsidir. Sizcə, o, nə üçün belə düşünür?
– Bertels böyük şərqşünas və böyük nizamişünasdır. Ancaq təbii ki, o da bəzən Aristotel məntiqinin təsiri altında sxematizmə yol verir. Yəni demək istəyir ki, İskəndər müsbət qəhrəman idisə, onun düşməni mütləq mənfi qəhrəman olmalıdır. Halbuki, qurdun öz alibisi, quzunun isə öz alibisi var və Bertels də Lütfi Zadəni oxusaydı, belə düşünməzdi, güman edirəm. Ancaq bəlkə də, düşünərdi.
– Əsərdə xüsusi sevdiyiniz bir səhnə, detal, dialoq və ya məqam hansıdır?
– Əslində, hamısı. Ancaq seçim etmək belə vacibdirsə, elə bayaq dediyin düşmən ölümünə kədərlənən humanist filosof İskəndərin döyüş meydanında Hamletvarı düşüncələridir.
– Əsər nə üçün iki hissədən ibarət yazılmışdır: Bu təkcə ondan irəli gəlir ki, Nizami öz fikirlərini bir dastana sığışdıra bilməmişdir, yoxsa başqa bir səbəb də var idi?
– Başlanğıcda Nizaminin plan-prospekti əsəri üç kitabda yazmağı tələb edirdi: fateh İskəndər, peyğəmbər İskəndər və filosof İskəndər - bu, Bertelsin fikridir və mən onunla razılaşıram. Ancaq ya görünür, kifayət qədər material əldə etməməsi, ya da sadəcə "nəfəsinin” çatmaması onu iki kitabla kifayətləndirmişdi. Əslində isə "Şərəfnamə” və "İqbalnamə” sonralar katiblər tərəfindən birləşdirilib.
– Platonun fani dünya və əbədi ideyalar aləmindəki təlimi ilə Nizaminin "İskəndərnamə”si arasında əlaqə varmı?
– Nizami əsəri yazarkən antik və Şərq fəlsəfəsinin o dövr üçün məlum olan məktəblərinin əksəriyyətindən istifadə etmişdi və burada Platonu xüsusi qabartmağa zənnimcə, elə bir ehtiyac yoxdur.
– Nizami poemada xoşbəxtlərin yaşadığı şimal ölkəsindən danışır, bu, müxtəlif ezoterik təlimlərdə öz əksini tapan hiperboreya – Böyük Şimal Ölkəsidirmi?
– Bu barədə xüsusi araşdırma aparmamışam, ancaq Nizaminin bunu özündən uydurmadığını, konkret qaynağa əsaslandığını bilirəm.
– Azərbaycan poetik təfəkkürü orta çağlarda iki əsas mərhələdən keçib: bunlardan birincisi antik yunan fəlsəfəsi, ikincisi isə Şərq irfan düşüncəsi ilə bağlı idi. "İskəndərnamə” əsərini birinci mərhələnin zirvəsi hesab etmək olarmı?
– İrfanın Şərqi, Qərbi yoxdur. Məgər Platonun mistik təlimi irfan deyildimi? Sadəcə, adlar başqadır. "İskəndərnamə”ni isə hansısa fəlsəfi dünyagörüşünə bağlamağın tərəfdarı deyiləm və əslində, bu, onu xeyli kiçildərdi. "İskəndərnamə” dünya ədəbiyyatında xüsusi bir mərhələnin zirvəsidir.
– Nizami bu əsərdə kimdir – şair, filosof, yoxsa peyğəmbər?
– Bu suala yenə də Cavid əfəndinin sözləri ilə cavab verməyə çalışacağam:
Divanəmi, şairmisin?
Asla! Peyğəmbər idim, ümmətim olsa...
– Bəzi Nizamişünaslar, şərqşünaslar yazırlar ki, yaşı və səhhəti ilə bağlı olaraq Nizami Gəncəvinin son dastanı əvvəlkilərlə müqayisədə bədii cəhətdən o qədər də uğurlu deyil. Bertels bu fikrə qarşı çıxır. Bəs siz bu məsələdə necə düşünürsünüz?
– Yaş və səhhət dahi bir şair üçün heç bir maneə törətmir. Burada əsas məsələ – mövzunun tələb etdiyi poetik üslubdur. Mən "Xosrov və Şirin”dən danışarkən deyirəm ki, Nizami "bənzətmələr yağışından” istifadə etmişdir. "İskəndərnamə”də buna ehtiyac yox idi. Hərçənd bir sıra səhnələrdə – özəlliklə gözəllərin təsvirində və tərənnümündə – şair yenə bu üsluba qayıdır və əvvəlkilərdən də uğurlu epizodlar yaradır.
– Şah İsmayıl Xətainin nənəsi Despinə Xatun yunan qızı idi, Şah İsmayıl Xətai bir sıra hərəkətlərində özünü ona bənzətməyə çalışırdı. Məsələn, Qavqamel döyüşündən qabaq sərkərdələri, İskəndərə gecə basqını etməyi məsləhət görüblər. O, "mənə oğurluq qələbə lazım deyil” deyib bundan imtina edib. Çaldıran döyüşündən qabaq sərkərdələri eyni təklifi Şah İsmayıl Xətaiyə də ediblər. O da "Mən karvanbasan quldur” deyiləm deyib. Sizcə, Çaldıran döyüşünə qədər öz həyatının "Şərəfnamə”sini, həmin döyüşdən sonra isə "İqbalnamə”sini yaşayan Şah İsmayıl Xətaini Nizaminin İskəndərinin bir neçə əsr sonra zahir olan tarixi realizəsi hesab etmək olarmı?
– Düşünmürəm, çünki Nizami tarix yazmırdı və özü də poemanın əvvəlində qeyd edir ki, əgər İskəndərin tarixini yazsaydım, onu bir neçə vərəqə sığışdırardım və sığışdırır da.
– Nizaminin "İskəndərnamə”də yazdığı bir sıra hadisələrə ət-Təbərinin salnaməsində rast gəlinir. Onları iqtibas saymaq olarmı?
– ət-Təbəridən əvvəl ibn-Quteybə var idi, onun dövründə, ondan sonra əs-Səalibi var idi, Buxari var idi... hamısını sadalamayacağam. Ancaq tarixçilər hamısı bir-birindən köçürürdülər, burada yaradıcılıq yox idi. Nizami isə şairdir, tarixçi deyil; başqa sözlə, yaradıcı bir şəxsiyyətdir və burada iqtibasdan söhbət belə gedə bilməz.
– "Şərəfnamə” Nüsrətddin Əbu Bəkr Bişkinə (1191–1210) həsr olunub, "İqbalnamə” isə Məlik İzzəddinə. Bu barədə Qəzənfər Əliyev yazır ki, əgər I İzzəddin Məsud nəzərdə tutulursa, o, 1180–1193-cü illərdə hökmranlıq etmişdir. Söhbət II İzzəddin Məsuddan gedirsə, o da 1211-ci ildə, yəni Nizaminin qəbul olunmuş ölüm tarixindən iki il sonra hakimiyyətə gəlmişdir”. Bu xronoloji qarma-qarışıqlığı necə izah edərdiniz?
– İzah edə bilməzdim, çünki dərindən dərinə araşdırma aparmadan nə isə fikir söyləmək qeyri-ciddi olardı. Qəzənfər Əliyev isə böyük bir şərqşünas kimi heç vaxt havayı söz deməz!
– Nizami bu əsərdə öz ölümünü də təsvir edir. Filosoflar da ölür, İskəndər də. Bu əsərdəki ölüm simvollarından danışmağınızı istərdim.
– Ölüm – simvol deyil, həqiqətdir. İnna lillahi və inna ileyhi raciun! Bundan yaxşı demək olmaz!
– Sovet dövründə Nizami Gəncəvinin xoşbəxtlər ölkəsini sosializm mühiti ilə müqayisə edirdilər. Sizcə, bunun hansısa əsası vardımı?
– Sosial utopiya olduğuna görə bəlkə...
– Əsərdə qoyulan əsas problem insanın ölüm və ölməzliyidir. İskəndər cismani ölməzlik iddiasında idi. Nizami isə onun timsalında bütün cahangirlərə deyir ki, cismani ölümsüzlük mümkün deyil, insan ancaq cahangirliklə yox, xeyirxah əməlləri ilə əbədi qala bilər. Müasir tibb elmi isə insanın ölməzliyini nəzəri yöndən artıq sübut edib. İnsan tipinin homosapiens formasından ölməz duruma – postinsana keçməsi barədə elmi konsepsiyalar irəli sürülür. Sizcə, Nizami səhv edirdi, yoxsa müasir elm?
– Tutaq ki, Səncər öz həmkarları ilə ölümsüzlük iksirini tapdı. Çox pakizə! Yer kürəsinin qida və su ehtiyatları neçə insanı təmin edə bilər? 6 milyardı? Xub! Səncər müəllim bu 6 milyard insanın hamısını ölümsüz etdi. Pək əla! Demək, 6 milyard + 1 kasanı daşıra bilər. Demək, artıq heç kimə ehtiyac yoxdur. Demək, bəşəriyyət əbədi olaraq Səncərin və Trampın səviyyəsində qalacaq. Yeni nəsillərə ehtiyac olmayacaq. Əgər belə olacaqsa, belə ölümsüzlüyü nə Nizami istəyir, nə də mən. Səni isə bilmirəm...

Söhbətləşdi: Fərid Hüseyn



banner

Oxşar Xəbərlər