AZE | RUS | ENG |

İşini bilmək, sevmək və çalışqan olmaq – Uğur hekayəsi

İşini bilmək, sevmək və çalışqan olmaq – Uğur hekayəsi
Damla Bayık: “Bakıda bircə dərd yollardakı tıxac, avtomobillərin idarə edilməsidir”


Başqa bir məmləkətdən olsa da, ölkəmizdə karyera pilləsində uğur qazana bilib. Deyir, bunun səbəbi işini ən doğru şəkildə və sevərək icra etməsidir. Müsahibimiz Excelsior Hotelin Satış və marketinq departamentinin rəhbəri, Türkiyə vətəndaşı Damla Bayıkdır.

- Damla xanım, keçmişinizə nəzər saldıqda, görürük ki, zəngin iş təcrübəniz var. Antalyada Şeraton, Kempinski kimi hotellərdə, İstanbulda Pera Palace və s. kimi hotellərdə satış üzrə departamentlərdə müxtəlif vəzifələrdə çalışmısınız. Necə oldu ki, Türkiyədəki işinizi tərk edib, hər şeyi sıfırdan Azərbaycanda başlamağa qərar verdiniz?

- Həyat yoldaşım Azərbaycandan çox gözəl iş təklifi aldı. O, bura gəldiyi üçün mən də onunla bərabər gəldim. Səkkiz aya yaxın çalışmadım. Sonra Gənclikdə hazırda da hələ fəaliyyət göstərməyən Ramada Hoteldə işə başladım. Bir ilə yaxın orada çalışdıqdan sonra Excelsior Hotelin baş direktoru məni işə dəvət etdi. 2013-cü ildən Excelsior Hoteldə çalışıram.

- Azərbaycana ilk gəldiyinizdə sizi nə təəccübləndirdi?

- Azərbaycanın keçmişdə Sovetlər Birliyinə daxil olduğumu bildiyim üçün buranı soyuq bir ölkə kimi tanıyırdım. Düşünürdüm ki, qışı da çox sərt keçir, hətta yayı da o qədər isti olmur. Amma ilk dəfə iyul ayında Bakıya gələndə gördüm ki, havanın hərarəti baxımından buranın Antalyadan fərqi yoxdur. Bakının çox isti və nəmli şəhər olduğunu gözləmirdim.
Bakı çox güvənlir bir yerdir. Gecə 2-də də həyat yoldaşımla çölə çıxsaq, nə bir rahatsızlıq hiss etdik, nə yolumuzu dəyişdidirmək məcburiyyətində qaldıq. Bircə dərd yollardakı tıxac, avtomobillərin idarə edilməsidir. Bakıya ilk gəldiyimizdə yoldaşımla qərara gəldik ki, maşın alaq. Amma əvvəlcə maşın kirayə erdik ki, yollarla tanış olaq. İstanbul kimi tıxac olan şəhərdə maşın idarə etməyimə baxmayaraq, yollarınızla yaxından tanışlıqdan sonra Bakıda maşın sürməkdən vaz keçdim. Maşınının kiçik olması Bakı yollarında yaşamaq şansının az olması deməkdir.

- Ali təhsiliniz hotelçiliklə bağlıdır. Həm də 10 ildən çoxdur məhz hotelçilik sahəsində çalışırsınız. Hotelçiliyə bu qədər maraq sizdə hardandır?

- Atam da hotelçidir və müxtəlif hotellərdə baş direktor kimi çalışıb. Buna görə hər yay tətilində atamın yanına gedər və hoteldə qalardıq. Universitetə hazırlaşdığım vaxt Antalyada yaşayırdım. Antalya elə bir yerdir ki, orada ya inşaat, ya dizayn, ya da turizm sahəsində çalışmalısan. Atamın işi ilə əlaqədar turizmin “içərisində” olduğum üçün bu sahəni seçdim. Amma atam mənim turizm sektorunu gəlməyimi heç istəmirdi. Hələ sənədlərimi ali məktəbə verməmişdən əvvəl məni qarşısında oturtdu və dedi ki, “mənim nələr yaşadığımı görürsən. Bu sahədə işləmən üçün saat bilmədən çalışmalısan. Bütün bunları bilmənə rəğmən, bu sahədə çalışmaq istəyirsənmi?”. “Hə” cavabını verəndən sonra atam “bunları bildiyin təqdirdə, yenə də turizm sektorunda işləmək istəyirsənsə, demək, sənin bu işdə çalışman lazımdır”, -dedi. O zaman atama yay tətillərində pul verərək hansısa hoteldə qala bilməyəcəyimi, bunun mənə qəribə gəldiyini və bu səbəbdən hotelçilik işinin içində olmamın vacibliyini vurğulamışdım.

- Excelsior Hoteldə departament müdiri kimi işə başlayanda işçilərlə necə anlaşdınız?

- Burada işə başlamamışdan öncə 1,5 il idi Azərbaycanda yaşadığım üçün dil mövzusunda sıxıntı yaşamadım. Dillərimiz bir-birinə çox yaxındır. İşə ilk başlaynda azərbaycanca danışmağa çalışırdım, amma dostlar sağ olsun, çox güldükləri üçün bu dildə danışmaqdan vaz keçdim. Hər Azərbaycan kəlməsi işlədəndə mənə gülürdülər. Dedim madam ki, gülürsünüz, o zaman mənim türkcəmi anlamaq zorundasınız (gülür – L.M.).

- Bu sahədə uzman biri olaraq Azərbaycanda hotelçilik fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu sahə Azərbaycanda çox yenidir, inkişafı üçün hamımız çaba sərf etməliyik. Mən öz növbəmdə bilgilərimi komandamızdakı işçilərlə bölüşürəm ki, mənim inkişaf etdiyim kimi, onlar da inkişaf etsinlər. Çünki ömür boyu burada qalmayacağam. Komandamızda sözün əsl mənasında turizmə könül verən, bu işdə yüksəlmək istəyən çalışqan insanlar var. Həmin adamlarla çalışmaq zövqvericidir.

- Azərbaycanda və Türkiyədə hotellərin qiyməti arasında hansı fərqlər var?

- Qiymət mövzusunda Bakı ucuz şəhər deyil. Buraya gələnlər çox gözəl məbləğ ödəməlidirlər. Amma hotellərin dolma faizinə gəlincə, İstanbulda il ərzində bu faiz 80-90, Azərbaycanda 50 olur. Çünki İstanbulda xarici şirkətlərdə işləyən daha çox qonaq gəlir. Bununla yanaşı, hədsiz dərəcədə turist axını var. Bakıda hazırda əskik olan turistdir. Mədəniyyə və Turizm Nazirliyiniz Azərbaycana turistlərin cəlb edlməsi üçün əlindən gələni edir. Nəticə əldə etmək bir az zaman alsa da, inanıram ki, Bakıda turizm problemi həll olunacaq.

- Hotelçilikdə yaxşı satış üçün ilk növbədə nə lazımdır?

- Hotelinizi çox yaxşı tanımağınız əsas şərtdir. Daha sonra hotelə gələn qonaqların tələblərini yaxşı-yaxşı dinləmək, nə istədiklərini öyrənmək lazımdır. Qarşı tərəfin istəklərini yaxşı bilir və hotelinizi yaxşı tanıyırsınızsa, müştərilərinizin ehtiyaclarını ödəmək yetərlidir. Müştərini gülər üzlə qarşılamaq və ona diqqət göstərmək də əsas şərtlərdəndir. Onlarla çox sərt danışmaq, yaxud heçə saymaq düzgün deyil.

- Rəhbər olaraq işçilərinizi necə motivasiya edirsiniz?

- Ümumiyyətlə, mən sərt rəhbər deyiləm, hər şeyi gözəlliklə anlatmağa üstünlük verirəm. Düzdür, bəzən sərtlik də lazım olur. Motivasiya üçün bərabər gəzintilərə gedirik. Bundan başqa, motivasiya üçün hotelimizin bəlli büdcəsi var. Hər rüb işçilərimiz qarşılarına qoyulan hədəflərə çatdıqları zaman maaşlarına əlavələr edirik. Yəni işçi bilir ki, daha çox və daha yaxşı işləsə, əlavə gəliri olacaq. Bundan başqa, komanda şəklində çalışmağa üstünlük veririk. İşçilərin özəl sağlıq sığortalarının olması da onları həvəsləndirir, bununla düzgün bir yerdə çalışmağın üstünlüklərini görürlər.

- İşinizin çətin tərəfləri hansılardır?

- Əgər hotelçilik sahəsində işləməyi düşünənlər varsa, burada saatla çalışmağın mümkünsüz olduğunu bilməlidirlər. Hətta həftə sonları da işləyə bilərsiniz. Bir sözlə, hotelçilikdə vaxt məfhumu yoxdur. “Səhər saat 10.00-da işə başlayıb axşam 18.00-da işimi bitirəcəyəm, şənbə-bazar da istirahətdir”, deyə hotelçilik sahəsinə gələnlər bunu nəzərə almalıdırlar ki, sonradan xəyal qırıqlığına uğramasınlar.

- Damla xanım, işdən evə gec saatlarda getdiynizdə, şənbə-bazarı da işlədiyinizdə atanızın sözlərini xatırlayıb peşimançılıq hissi keçirmirsiniz ki?

- Ardıcıl olaraq çox işlədikdə hərdən “neynirəm çalışmağı, həyat yoldaşım işləsin, mən yatım” deyib öz-özümə söylənirəm. Amma səhər yuxudan qalxaraq işə getmənin verdiyi zövq ayrı bir şeydir, bu zaman hər şeyi unuduram.

- Yad bir məmləkətdə karyerada uğur qazanmaq o qədər də asan məsələ deyil. Amma siz buna nail olmusunuz. Uğurunuzun sirrini nədə görürsünüz?

- İşinizi bilmək, sevmək və bununla yanaşı, çalışqan olmaq qapıları üzünüzə açacaq. Heç vaxt işimdə “idarə edərəm” kimi fikir beynimdən keçmədi. Düşünürəm ki, sadaladıqlarıma əməl edərək və işimi ən doğru şəkildə, sevərək icra etməyim mənə uğur qazandırır.

- Bir az da gələcək planlarınızdan danışaq. Karyeranızı Azərbaycandamı, Türkiyədəmi davam etdirmək istərdiniz?

- Həyat yodaşım da, mən də işimizdən çox məmnunuq və burada çox xoşbəxtik. Hələl ki, Türkiyəyə dönməyi düşünmürük. Həyat nə göstərəcək bilmirik. Bəlkə buradan fərqi bir ölkəyə getdik. Amma hələ ki, buradan getmək üçün çaba göstərmirik. Gün keçdiklə Bakı daha da gözəlləşir. Son üç ildə Bakıdakı dəyişiklikləri görmək inanılmaz böyük bir zövqdür. Azərbaycanın dünyada tanınması üçün çox böyük işlər görülür, ölkənizdə beynəlxalq tədbirlər təşkil edilir. Həyəcan yaşamaq üçün 2015-ci il Avropa oyunları keçirildiyi zaman burada olmağı çox istərdim.

- Ailəli bir xanımsınız. Ailə ilə işi necə bir arada tuta bilirsiniz?

- Çox asan deyil, amma həyat yoldaşımın sayəsində bunun öhdəsindən gələ bilirəm. Evdə də komanda şəklində çalışırıq. Mən hansısa işə yetişə bilmədiyim zaman o mənə yardımçı olur. Yeməyin hazırlanmasına qədər kömək əlini uzadır. Bu mənada çox şanslıyam. Əgər qarşınızdakı insan sizə və işinizə hörmət edirsə, hər şeyin öhdəsindən asanlıqla gəlirsiniz.

Lalə MUSAQIZIUğur hekayəsi"> Uğur hekayəsi">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056