• şənbə, 20 Aprel, 03:26
  • Baku Bakı 15°C

İşimizin zövqlü tərəfi hər yerdə imzamızın olmasıdır - Biznes

14.02.20 14:30 7046
İşimizin zövqlü tərəfi hər yerdə imzamızın olmasıdır - Biznes
Səbuhi Kazımzadə: "4 aylıq kirayə pulunun 2 ayını geri qaytardı və dedi ki, gənclərə dəstək olmaq lazımdır”
Maliyyənin və zamanın idarə edilməsinə xüsusi önəm verir. Düşünür ki, biznes qurmaq üçün ali təhsilə ehtiyac yoxdur, amma insan gərək daim öz üzərində işləsin, özünü inkişaf etdirsin. "Biznes” rubrikamızın budəfəki qonağı "Stampel” şirkətinin təsisçisi Səbuhi Kazımzadədir.
Səbuhi Kazımzadə kollecdə mühasibat uçotu, kompüter operatorluğu üzrə təhsil alıb. Təhsil dönəmində kassa aparatlarının satış müdiri və tənzimləyici şəxs kimi çalışıb. Əsgərlikdən sonra mühasibatlıq sahəsində fəaliyyət göstərməyə başlayıb. Əmisinin yanında bir sıra müəssisələrdə satış müdiri, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz kimi rayonlarda isə bölgə satış müdiri işləyib. Karyerasının ilk addımlarını satış müdiri kimi başlaması, onda biznesə böyük maraq yaradıb və zamanla öz işini qurmaq qərarına gəlib.
- Söhbətimiz zamanı, "ali təhsilim yoxdur, amma bu qədər iş görmüşəm, bu da mənim uğurumdur” dediniz. Maraqlıdır, sizcə, biznesin qurulmasında ali təhsil nə dərəcədə rol oynayır?
- Təbii ki, təhsilin böyük rolu var və təhsili nə zaman istəsəniz, ala bilərsiniz. Təhsilin qəti şəkildə rolu olmadığını deyə bilmərik. Sadəcə olaraq, mənim uzun müddət satış sahəsində olmağım ciddi təcrübə qazandırmışdı. Yəni həmin dövrdə düşünmədim ki, ali təhsilim yoxdur və mən biznes qura bilmərəm. Düşünürəm ki, bu sahədə kifayət qədər keşməkeşli yollardan keçmişəm. O yolu gedərkən ayağıma çox daş dəydi, bilmədiyim məqamlar çox oldu. O zaman isə bəzi mənbələrə müraciət edib öyrənirdim. Xüsusilə də, internet dövründə nəyisə öyrənə bilməmək mümkün deyil. Nəticə etibarilə düşündüm ki, gedib hansısa təhsil ocağında oturmağım, mənim üçün zaman itkisidir. Amma daim öz üzərimdə çalışıram. Bu sahədə yazılmış kitabları oxuyuram, internetdə araşdırmalar aparıram, dostlarla bəzi mövzularda müzakirələr edirəm. Həmçinin mənə bu sahədə töhfə verəcək beynəlxalq və yerli forumlara, sərgilərə, tədbirlərə qatılıram.

- Bəs, növbəti mərhələdə istər ölkə daxilində, istərsə də xaricdə təhsil almağı düşünürsünüzmü?
- Hələ ki, belə bir düşüncəm yoxdur.
- Maraqlıdır, biznes sizin üçün nə deməkdir?
- Mənim üçün biznes maliyyə, pul axını, zamanın idarə edilməsidir.
- İlk işinizi necə qurdunuz?
- İlk başladığım dönəmlərdə kiçik mağazalarım vardı. Onları ciddi biznes işi kimi qiymətləndirmirəm. Amma birinci böyük işim "RM Group” şirkətini sıfır büdcə ilə qurdum. Reklam və möhürlərin satışı işini həyata keçirirdi. Bu şirkətin "homeoffice” olmasını istədim. Ev sahibi ilə danışıb bildirdim ki, ilkin ödənişi bir ayın tamamında verəcəyəm. Amma necə oldusa, gəlir əldə edə bilmədik. Məcbur qalıb ev sahibi ilə danışdıq və üç aylıq möhlət istədik. Dedim ki, 3 ayın tamamında sizə 4 aylıq pul ödəyəcəyəm. Sağ olsun, ev sahibi məni anladı və ofisi boşaltmağımızı istəmədi. Öz evimdəki stol, stulu, kompüterimi gətirib işləyirdim. Həmin dövrdə çox böyük çətinlik çəkdim. Tək çatdıra bilmədiyimi görüb, işçi götürdüm. Ciddi iş rejimində çalışırdıq. 3 ayın sonunda kifayət qədər maliyyə əldə etdik və ev sahibinə söz verdiyim ödənişi etdik. Həmin dövrdə bəlkə də ən böyük dəstəkçimiz həmin ev sahibi oldu. 4 aylıq kirayə pulunun 2 ayını geri qaytardı və dedi ki, gənclərə dəstək olmaq lazımdır. Çünki bizim necə çətin bir şəraitdə işlədiyimizi, necə əziyyət çəkdiyimizi görmüşdü. Bəlkə də bu gün biznesdə olmağımın birinci səbəbkarı həmin şəxsdir.
- Biznes qurularkən ilkin mərhələdə onun təməlində nələr dayanır?
- İnsan birinci növbədə səbir etməyi bacarmalıdır. Bundan başqa, maliyyə işini bilməlidir. Yəni biznesdə maliyyənin idarəsi çox vacibdir. Bu sahəyə başlamaq istəyən biri, mütləq maliyyə tərəfini nəzərə almalıdır. Biznesi quran şəxs əlindəki maliyyəni hara xərcləyəcəyini bilməlidir. Çünki bəzən bizneslərin iflasa uğramasının səbəbi maliyyə axınının düzgün idarə olunmamağıdır.

- Söhbət zamanı maliyyənin idarə edilməsi məsələsinə çox toxunursunuz. Maraqlıdır, maliyyəni idarə etmək üçün xüsusi qabiliyyət lazımdır?
- Bu, sadəcə biznes quran şəxs üçün keçərli deyil. Ümumiyyətlə, hər kəs öz büdcəsini idarə etməyi bacarmalıdır. Biznes quran isə ikiqat diqqətli olmalıdır. Bu gün 5 manat qazanırıqsa, onun 5-ni də xərcləməyimiz düzgün deyil. Nə qədər pulu hara xərclədiyimizi yaxşı götür-qoy etməliyik. Yalnız bu gün üçün yaşamaq olmaz, sabahın da xərcini düşünməlisən. Bunun üçün isə xüsusi istedad və ya qabiliyyət tələb olunmur. Mən şəxsən bu sahəni çox araşdırıram, bəzi kitabları oxuyuram. Məsələn, "Maliyyə axını” adlı kitab var. Oxumaq istəyənlər üçün onu məsləhət görə bilərəm.
- Bir az indiki biznesinizdən danışaq. Necə oldu "Stampel” şirkətini qurmaq qərarına gəldiniz?
- İşə başlamazdan əvvəl kiçik bir bazar araşdırması etdim. Gördüm ki, möhür satanlar yalnız reklam şirkətlərinin və dəftərxana ləvazimatları satan mağazaların daxilində var. Respublikamızda möhür satışı elə də çox deyil, bazarda müəyyən qədər də olsa, rəqabət var. Ən maraqlısı da budur ki, milli brend kimi bu məhsulun satışı mövcud deyil. Düşündüm ki, bunu niyə də mən yaratmayım? İşi qurarkən ilk olaraq məkanı və bu məhsulun kimlərə lazım olacağını fikirləşdim. Möhür daha çox hüquqi şəxslərə, dövlət orqanlarına lazımdır və bunların da qeydiyyatdan keçdiyi yer Vergilər Nazirliyinin idarəsidir. Mən də şirkətimizi həmin idarənin yanında kirayələdim. Yəni həmin yer çox stratejidir. Belə ki, nazirlikdə qeydiyyatdan keçən şəxs ona yaxın bir ərazidə öz möhürünü əldə edə biləcək. 2014-cü ildə işə başlayanda yalnız bir məkanda fəaliyyət göstərirdik, indi bir neçə yerdə filiallarımız var.
- Biznesdə önəmli olan faktorlardan biri də addır. Ad seçimini necə etdiniz?
- Razıyam, bir biznesin sonrakı mərhələdə inkişafında ad çox böyük rol oynayır. "Stampel” ingilis dilində olan "stamp”, yəni möhür sözündən götürülüb. Bu, bütün dünyada eyni səslənir. Ona görə, elə bir ad düşündüm ki, brend, gələcəkdə qlobal aləmə çıxanda da özünü təsdiq edə bilsin. Məncə, ad seçimi uğurlu alınıb. Bir məhsulun brend kimi formalaşmasında şüarın da rolu böyükdür. Bizim markanın şüarı isə "İmzanızın dostu”dur. Yəni hüquqi şəxslər imza çəkəndə mütləq şəkildə onun yanında möhür vururlar və biz də həmin imzaların yanında vurulan möhürük. Ona görə də, "imzanın dostu” şüarını seçdik.
- Bildirdiniz ki, işə başlayarkən bazar araşdırması etdiniz. Bu araşdırma bütün bizneslərdə edilməlidir?
- Mütləq şəkildə bütün bizneslərdə bazar araşdırması olmalıdır. Nə qədər çox araşdırma edilsə, bir o qədər yaxşı nəticə əldə edilər. Mən araşdırma edərkən rəqiblərimin kim olduğunu, məhsulu hansı qiymətə satdıqlarını öyrənirdim. Həmçinin məhsulun satılacağı müştərilər də araşdırılmalıdır.
- Maraqlıdır, möhür biznesinin çətin tərəfləri nələrdir?
- Əslində, heç bir biznesin çətin tərəfi yoxdur. İnsan öz işini sadələşdirməli, ondan zövq alaraq işləməlidir. Spesifik sahə olduğu üçün bəzən müştərilərlə anlaşılmazlıq yaranır. Amma bunu da dərhal həll etməyə çalışırıq. Məsələn, respublikada bizdən başqa, möhürü yerindəcə 10 dəqiqəyə düzəldən başqa bir şirkət yoxdur. İşimizin zövqlü tərəfi isə hər yerdə imzamızın olmasıdır.
- Öz biznesini qurmaq istəyən gənclərə məsləhətiniz nədir?
- Addım atmaqdan qorxmasınlar. Məqsədyönlü və istəkli olsunlar. Bizneslərinin batmasından qorxmasınlar. Nəzərə alsınlar ki, bu da onlar üçün bir təcrübədir. Bəlkə də mənim də yüz minlərlə pulum batıb. Amma həmişə cəhd etmişəm, addım atmışam. Öz biznesini qurmaq istəyə gənclərə mən də kömək edə bilərəm. Qeydiyyatını pulsuz edərəm, amma möhürünü ödənişli verərik (gülür).
Günel Azadə




banner

Oxşar Xəbərlər