• şənbə, 20 Aprel, 15:27
  • Baku Bakı 23°C

İşimizi asanlaşdıran xidmət Reportaj Fotolar

06.09.13 09:37 3082
İşimizi asanlaşdıran xidmət Reportaj Fotolar
“Əvvəllər ümumvətəndaş pasportu alanda çöldə saatlarla növbəyə durardıq. Üstəlik, bizdən artıq pullar alınırdı, bilmirdik hara gedir. İndi də alınır. Amma azdır, özü də ödədiyimiz pul birbaşa büdcəyə gedir, çünki dövlət rüsumudur. “ASAN Xidmət”də əsəblərimiz də sakitdir, bir neçə xidmət bir yerdə olduğundan vaxtımıza da qənaət edirik”.
Bu sözləri bizimlə söhbətində Nərimanov rayonunda fəaliyyət göstərən 1 saylı “ASAN Xidmət” Mərkəzində ümumvətəndaş pasportu almaq üçün növbəsini gözləyən Xaliddin Əliyev bildirdi.
“Dövlət məmurları haqqında stereotipləri qırmaq istəyirik”
1 saylı “ASAN Xidmət” Mərkəzində reportaj hazırladığımız zaman bizə bələdçilik edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov da bildirdi ki, “ASAN xidmət” mərkəzlərinin yaradılmasında əsas məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, dövlət məmurları haqqında stereotiplərin qırılması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Burada vətəndaş bir qapıdan daxil olaraq eyni məkanda bütün xidmətlərdən yararlanır”.
Qeyd edək ki, 5 mərtəbədən ibarət binada vətəndaşların rahatlığı üçün hər bir şərait yaradılıb. Qapıdan addımını içəri atarkən gülərüz personal tərəfindən qarşılanaraq lazımi yerə istiqamətləndirilmək artıq içəridə işinin asan olacağından xəbər verir.
Xidmətdən necə istifadə etməli?
1 saylı “ASAN xidmət” mərkəzinin binasındakı alt qatda məlumat masası, gözləmə zalı, bank-poçt xidməti, kafe, foto, tibb məntəqəsi və uşaq əyləncə guşəsi yerləşir. Məlumat masasında vətəndaşlara hara necə müraciət edəcəkləri barədə məlumat verilir. Sonra vətəndaş şəxsiyyət vəsiqəsini müvafiq aparata yaxınlaşdırmaqla istədiyi xidmətin növünü seçir. Bundan sonra vətəndaşın növbə nömrəsi, hansı mərtəbədə, hansı xidmət pəncərəsində ona xidmət göstəriləcəyi yazılır. Beləliklə, vətəndaş gözləmə zalında növbəsini gözləyir. Bütün mərtəbələrdə yuxarıdan asılan monitorlarda da vətəndaşların növbə nömrələri və ona harada xidmət göstəriləcəyi barədə məlumat yazılır. Vətəndaş aldığı xidmətə görə dövlət rüsumunu xidmət pəncərələrində fəaliyyət göstərən dövlət qulluqçularına deyil, elə binanın daxilindəki banka ödəyir. Binanın daxilində bir neçə yerdə dövlət rüsumunun miqdarı barədə məlumatlar da yerləşdirilib. Bankdan qəbzi alıb növbəsi çatanda isə vətəndaş yuxarı mərtəbələrdə lazımi xidmət pəncərəsinə yaxınlaşır. Növbəsinin yaxınlaşdığı haqqında müştərinin mobil telefonuna SMS göndərilir.
Online növbə
A.Hüseynovun sözlərinə görə, növbədə gözləmək istəməyən vətəndaş mərkəzə gəlmədən evdən, iş yerindən “online” qaydada növbəyə yazıla bilər: “Bunun üçün “ASAN Xidmət”in internet saytına (www.asan.gov.az) daxil olub “online növbə” bölməsinə daxil olmaqla növbəsini tuta bilər. Ona verilən vaxtdan 5 dəqiqə əvvəl müvafiq “ASAN xidmət” mərkəzinə gəlib xidmətdən yararlana bilər”.
Qan analizi, gözün rəngi, boy da ölçülür
Qeyd edək ki, binanın alt qatında vətəndaşlar üçün “özünəxidmət” virtual köşəsində kompyuterlər qoyulub. Kompyuterlər vasitəsilə sosial şəbəkələrdən başqa, vətəndaş istədiyi sayta girib məlumat ala bilər. Alt qatdakı ilkin tibbi yardım pulsuz olsa da, şəxsiyyət vəsiqəsi alarkən lazım olan qan analizi, gözün rənginin, boyun ölçüsü üçün ümumilikdə 3 AZN xidmət haqqı ödənilməlidir. Şəxsiyyət vəsiqəsi, yaxud ümumvətəndaşlıq pasportu üçün şəkil çəkdirmək də ödənişlidir.
Balacalar üçün guşə
Amma balacalara xidmət mərkəzdə pulsuz həyata keçirilir. “ASAN xidmət” uşağı olan vətəndaşların işini asanlaşdırmaq üçün onlar üçün əyləncə mərkəzi yaradıb. Əyləncə mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təlimçiləri uşaqlara nəzarət edir, onların attraksion və digər əyləncə alətlərindən istifadəsinə, rəsmlər çəkməsinə, müxtəlif fiqurlar düzəltməsinə yardımçı olurlar. Bu müddətdə valideynlər işlərini başa vurur və uşaqlarını təhvil alıb gedirlər. Sənədin həmin gün hazır olması mümkün deyilsə, qanunla göstərilmiş müddətdə sənəd hazır olanda “ASAN xidmət”dən zəng edib, yaxud mobil telefonunuza mesaj atmaqla sizə sənədinizi götürə biləcəyinizi deyirlər.
Kimə növbədənkənar xidmət göstərilir?
Onu da öyrəndik ki, burada kimsə kiminsə növbəsinə girə bilməz. Çünki hər şey elektron sistemlə hamının gözü qarşısında baş verir. “ASAN xidmət” yalnız əsgərlərimizə növbədənkənar xidmət göstərir.
Növbə gözləyərkən vaxtlarından səmərəli istifadə etmək istəyən vətəndaşlar binadan çıxmadan kommunal xidmət haqlarını ödəyə, binadakı pulsuz Wi-Fi vasitəsilə İnternetə girə bilərlər. Hətta lazım olduğu təqdirdə tərcümə işlərini də binadan kənara çıxmamaqla gerçəkləşdirmək mümkündür. Növbəsi nahar vaxtına düşənlər isə bufetdə normal qiymətlərlə nahar edə bilərlər.
Növbədə Bakının hansı rayonlarıdır?
Qeyd edək ki, bu ilin yanvarın 15-də fəaliyyətə başlayan 1 saylı “ASAN xidmət” mərkəzi paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara, Xətai rayonunda yerləşən 2 saylı “ASAN xidmət” mərkəzi isə Bakının Nizami, Suraxanı və Xətai rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət edir. Sumqayıtdakı regional “ASAN xidmət” sözügedən şəhərlə yanaşı, Abşeron, Xızı, Siyəzən rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir.
A.Hüseynov bildirdi ki, bu ilin sentyabrın sonuna kimi Yasamal rayonundakı mərkəz də fəaliyyətə başlayacaq. Burada isə Yasamalla yanaşı, Qaradağ və Səbayel rayonunda qeydiyyatda olan vətəndaşlar da yararlana biləcəklər.
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi rayonlarda vətəndaşlara səyyar formada 5 dövlət qurumu tərəfindən daha çox ehtiyac duyulan 8 xidmət göstərilir.
Nikaha girənlər üçün pulsuz fotosessiya
Müsahibimizin sözlərinə görə, ümumilikdə respublikanın “ASAN xidmət” mərkəzləri ilə əhatə edilməsinin 2014-cü ilin sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulub. Yalnız bundan sonra regionlarda qeydiyyatda olan vətəndaşlar da Bakıdakı mərkəzlərdə hər hansı sənədləşməni rahatlıqla həyata keçirə biləcəklər. Amma bəzi xidmətlər qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara göstərilir. Bunlar miqrasiya, sürücülük vəsiqəsinin dəyişdirilməsi, nikah kəsilməsi xidmətləridir. Hətta nikaha girən vətəndaşlar üçün burada pulsuz fotosessiya da hazırlanıb cütlüklərin icazəsi ilə sosial şəbəkələrdə yayımlanır.
Vətəndaşlar ən çox nə üçün müraciət edir?
A.Hüseynov fəaliyyətə başladıqları 7 ay ərzində 430 minə yaxın vətəndaşa xidmət göstərdiklərini dedi.
Müsahibimiz 108 saylı “Çağrı” mərkəzinin də hər gün saat 10:00-dan 19:00-dək vətəndaşların suallarını canlı onlayn rejimdə cavablandırdığını dedi: “Sosial şəbəkələrdə də vətəndaşlarımızı maraqlandıran bütün sualları cavablandırırıq”.
Gələcəkdə digər səyyar xidmətin də fəaliyyətə başlayacağını deyən müsahibimiz bildirdi ki, vətəndaşlar öz ev və iş yerlərini tərk etmədən də onların xidmətlərindən faydalana biləcəklər: “Məsələn, bizim xidmətin əməkdaşları müəyyən olunmuş vaxtda hər hansı sənədləşdirmə işi üçün müraciət edən vətəndaşın evinə və ya iş yerinə getməklə müəyyən xidmət haqqı müqabilində bunu təşkil edəcək. Fiziki qüsurlu, hərəkət məhdudiyyətli şəxslərə həmin xidmətlər pulsuz göstəriləcək”.
Onu da deyək ki, hər mərtəbənin çıxışında vətəndaşların şikayət və təkliflərini yazıb atması şəffaf qutular qoyulub. Vətəndaş burada rastlaşdığı hər hansı neqativ halı yaza, yaxud təklifini, təşəkkürünü yazıb qutuya ata bilər. A.Hüseynov bildirdi ki, vətəndaşların təklifləri, arzuları və iradları nəzərə alınıb yeniliklər etməyə, işlərini daha da təkmilləşdirməyə çalışırlar.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftəiçi hər gün 10:00-dan 20:00-dək, bazar günü isə 11:00-dan 17:00-dək fəaliyyət göstərir.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər