• cümə, 19 Aprel, 22:54
  • Baku Bakı 24°C

“İşimin uğurlu nəticəsindən həzz alıram” – Uğur hekayəsi

10.03.17 10:30 1788
“İşimin uğurlu nəticəsindən həzz alıram” – Uğur hekayəsi


İdarəçilikdə komanda işinə üstünlük verir. Deyir ki, komandada vəzifəsindən asılı olmayaraq, heç kim bir-birindən üstün deyil. Ona görə də, hamı məqsədyönlü şəkildə layihənin uğuru üçün çalışmalıdır. Müsahibimiz İnformasiya Texnologiyaları (İT) üzrə menecer Dilarə Rüstəmzadədir.

- İnformasiya Texnologiyaları (İT) sahəsini adətən kişilər seçir. Siz isə hətta ali təhsilinizi belə bu sahə üzrə almısınız. Həm Memarlıq və İnşaat Universitetində, həm də Qafqaz Universitetində. Demək, bu sahəyə təsadüfən gəlməyibsiniz...

- Orta məktəbin son sinfində oxuyanda iş dünyasındakı vəzifənin nədən ibarət olduğunu düşünəndə, min ölçüb, bir biçmək lazım olduğunu anlayırdım. Araşdırma apardım və Azərbaycanda İT sahəsi üzrə kadrlara daha çox ehtiyacın olduğunu öyrəndim. Buna görə də gündəmin qabaqcıl sahələrindən olan İT sahəsini seçməkdən çəkinmədim. Araşdırmamın nəticəsini valideynlərimlə də müzakirə etdim və onlar da müsbət rəy verdilər. Ümumiyyətlə, valideynlərim heç vaxt seçimimə qarışmayıblar. Düşünürəm ki, asan iş yoxdur, işə məsuliyyətli yanaşandan sonra isə öhdəsindən gəlməyəcəyin iş də yoxdur.

- İş tapmaqda necə, çətinliyiniz olmadı ki? Çünki qadınla İT-ni bir arada təsəvvür etmək yəqin bizim işəgötürənlərə bir az çətin gələr…

- İş tapmaqda çətinliyim olmadı. Çünki lazımi addımları və əlaqələri universitet vaxtından qurmağa başlamışdım. Universitetin son kursunda İT cəmiyyətinə daxil olmuşdum. Öz layihəm xaricində korporativ iş axtardığımı bildirəndə, ətrafımdakı insanlar məni uyğun şirkətə yönləndirdilər.

- Sizcə, niyə İT sahəsində daha çox kişilər üstünlük təşkil edir? Sol beyin yarımkürələri daha yaxşı inkişaf etdiyinə görə?
- Əsas kimin üstünlük təşkil etməsi deyil, kimin uğurlu və çevik ola bilməsidir.

- Sizcə, kişilər İT sahəsində daha uğurlu deyilmi?
- Kişilər yalnız İT sahəsində deyil, bütün sahələrdə qadınlardan daha uğurludurlar. Bu, məncə təbiətin qanunudur və qadınlar sadəcə, bunu qəbul etməlidirlər. Amma bu o demək deyil ki, bizim xanımlarımız uğursuz olurlar. Uğur qazanmağın korporativ işə, şirkətə, işlədiyin mühitə bağlılıqdan asılıdır. Şəxsən mən layihə rəhbəri olaraq bu vəzifədə daha uğurlu qadınları görmüşəm və onlardan dərs almışam. Ümumiyyətlə, İT sahəsi çoxşaxəlidir. Bu şaxələrdən bəzilərində qadınları, bəzilərində kişiləri daha uğurlu hesab edirəm.

- Deyəsən, özünüzün də startap layihəniz var?
- Bəli. Musiqi sahəsindəki yerli resursların, eləcə də bir sıra problemlərin aradan qaldırılması və avtomatlaşdırılması məqsədilə "Tuning Fork” adlı layihənin üzərində çalışırıq. Layihənin ilk məhsulu "Elektron Musiqi Öyrətmə Sistemi”dir. Layihə 2013-cü ildə ideya olaraq meydana gəlib, 2014-cü ildə prototip və ilkin versiyalar üzrə testlər aparıldı, 2015-ci ildə Elektron Musiqi Öyrətmə Sistemi adlı məhsul tamamlandı, 2016-cı ildə Təhsil Nazirliyinin rəsmi icazəsi ilə orta məktəblərin birində real test aparıldı və testdən müsbət rəylə çıxdı. Bu sistem vokal ifadakı səs qüsurlarını, detonları canlı ifa zamanı aşkarlayan və ifanın nəticəsinin düzgünlüyünü faiz göstəricisi ilə qiymətləndirən elektron proqram təminatıdır. Bu kompüter proqramı vasitəsi ilə ifaçı mahnı oxuyarkən səsində xaric notları görür və sonda həmin mahnını neçə faiz düzgün oxuduğu barədə məlumat alır.
Musiqi dərsləri, xüsusilə də vokal imkanların yoxlanması prosesi hazırda insan faktoruna bağlanıb. Belə ki, bu məsələni aradan qaldırmaq üçün digər sahələrdə "elektron test” üsuluna keçilmişdir ki, musiqi sahəsində də köməyinizə "Elektron Musiqi Öyrətmə Sistemi” gəlir. Burada kompüter ifaçının ifasını tam dəqiq şəkildə qiymətləndirir.
Qeyd edim ki, proqram təminatı hazırda işlək versiyadadır və layihənin ilkin produktiv forması müştəriyə təhvil verilib və uyğun rəyin verilməsi üçün gözləyirik. Müsbət rəy aldığımız təqdirdə, uğurlu hesab olacaq.
Hazırda eyni zamanda Azscore.com qlobal layihəsinin meneceri olaraq fəaliyyət göstərirəm. Bu cür böyük və potensiallı layihənin məsuliyyətini daşımaq olduqca çətin və eyni zamanda maraqlıdır. Komanda üzvlərimizlə birgə əlimizdən gələni edirik və layihənin daha da böyüməsi və uğurlu olması üçün çalışırıq.

- Azscore.com-da komanda üzvləri əks cinsin nümayəndələridir, işləmək çətin deyil ki?
- İşçilərin cinsiyyətə görə sektorlara bölünməsinə yaxşı baxmıram. Komanda üzvlərinin hansı cinsə mənsub olmasından asılı olmayaraq, uyğun əlaqənin qurulmasına və hər birinin könlünün xoş tutulmasına çalışıram. Çünki layihənin uğurlu olması üçün komandanın möhkəm, maraqların ortaq, məsuliyyətin yüksək səviyyədə olması ilkin amillərdəndir. Amma onu da etiraf edim ki, layihə rəhbəri olaraq, komandada xanımlardan çox, kişilərə güvənirəm.

- Azscore.com layihəsi futbol nəticələrini online təqdim edən layihədir. Kişilərə özəl bir layihədə idarəçilik etməkdə çətinlik çəkmirsiniz?

- Layihə idarəetməsində layihənin kontenti önəm kəsb etmir. Əsas layihəyə uyğun hədəflərin düzgün qoyulması və hədəflərə gedən yolun düzgün idarə olunmasıdır. Bundan başqa, layihəni öhdəliyinə götürən menecer onun məsuliyyətini qəbul edir. Buna görə də lazım gələrsə, futbola da baxmalıdır.

- Futbola həqiqətən baxırsınız?

- Azscore.com layihəsi canlı olaraq futbolun nəticələrini göstərən layihədir. Buna görə də futbola baxmaq vəzifə öhdəliklərimdən biridir. Futbola baxaraq məhsulun nə dərəcədə effektli, düzgün işlədiyini yoxlamaq vacibdir.

- Demək, futbol oyunlarını zövq ala-ala izləmirsiniz…
- İnanmıram ki, futboldan kişilər qədər həzz alım, amma işimin uğurlu nəticəsindən həzz alıram. Buna görə də baxıram.

- Yeni ailə qurmusunuz. Subay və ailəli olarkən iş qadını olmaq çoxmu fərqlidir?
- Düşünmürəm ki, böyük fərq var. yoldaşım proqramçı, eyni zamanda startapçıdır. Yəni eyni sahədəyik. Fərq ondan ibarətdir ki, yoldaşımla artıq telefonla məsləhətləşmirəm. Biz artıq evin içində də iş müzakirələrimizi edirik, bir-birimizə çox kömək oluruq. Onun iş sahəsindəki fikirləri mənim üçün çox maraqlıdır. Hələ ki, elə bir çətinliyim yoxdur. İş sektorunda öz qüvvəmi saxlamağa davam edirəm. Baxmayaraq ki, artıq körpəmiz də dünyaya gəlib.

- İdarəçilikdə nəyə üstünlük verirsiniz?
- Birmənalı olaraq komanda işinə. Komandada vəzifəsindən asılı olmayaraq, heç kim bir-birindən üstün deyil. Hamı məqsədyönlü şəkildə layihənin uğuru üçün çalışmalıdır. Layihə menecerinin də ilkin vəzifəsindən biri odur ki, üzvlərdə bu "istəyi” yaratsın və onlara motivasiya versin. Məncə, uğurlu menecer qeyri-iş saatlarında belə işini düşünən və işləməyə həmişə hazır olan komandaya mənsub menecerdir.
Lalə MUSAQIZI





banner

Oxşar Xəbərlər