• cümə, 19 Aprel, 19:41
  • Baku Bakı 24°C

İSİM seçki ilə bağlı hesabatını açıqladı

12.04.18 14:40 1118
İSİM seçki ilə bağlı hesabatını açıqladı
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərini müşahidə edərək, hesabatla çıxış etmişdir. İSİM-dən Kaspi.az-a verilən məlumatda bildirilir ki, mərkəz ümumilikdə ölkə üzrə 38 seçki məntəqəsində müşahidələr aparıb. Təşkilatı təmsil edən müşahidəçilər seçki başladığı müddətdən səsvermənin nəticələri haqqında protokol təsdiqlənənə qədər bütün prosesləri müşahidə ediblər. Müşahidəçilər qrupu mərkəzin təcrübəli əməkdaşlarından təşkil edilib. Onların xüsusi təlimat əsasında apardıqları müşahidələrə dair məlumatlar təşkilatda təhlil edilib. Hesabatın hazırlanması zamanı müşahidəçilərlə olan ünsiyyət və müsahibələrdən də istifadə olunub. Təşkilatın əməkdaşları ümumilikdə təsadüfi seçmə üsulu ilə 626 seçici ilə təmasda olub, onların rəylərini soruşublar.

İSİM-in yekun rəyinə görə, müşahidə zamanı seçkilərin obyektivliyinə və dəqiqliyinə xələl gətirə biləcək heç bir ciddi qüsur qeyd alınmayıb. Mərkəz əməkdaşlarının qənaətinə görə, səsvermə prosesini KİV-lər də maneəsiz olaraq izləyiblər. Bakı şəhərində daşınan seçki qutusu ilə səsvermə prosesi İSİM müşahidəçiləri tərəfindən müşahidə edilib. 3 mənzildə verilən səsvermə zamanı prosedura düzgün əməl edilib. Bakı şəhəri üzrə olan seçki məntəqələrində günün ikinci yarısında, regionlarda olan seçki məntəqələrində isə günün birinci yarısında seçki fəallığı müşahidə olunub.

İSİM-in təmsilçisi olan 4 müşahidəçi bülletenlərin sayılması prosesini müşahidə edib və bu zaman hər hansı nöqsana rast gəlinməyib. Bakı şəhəri üzrə müşahidələr zamanı Nərimanov və Yasamal rayonunda olan seçki məntəqələri üzrə müşahidə aparan beynəlxalq müşahidəçilərlə ünsiyyət qurulub, seçkilərin yekunu ilə bağlı onların sualları cavablandırılıb.

Monitorinq zamanı seçkinin nəticələrinə təsir göstərəcək nöqsanlar qeydə alınmasa da, bir sıra çatışmazlıqlar da müşahidə edilmişdir. Media təmsilçilərinin daha çox şəhərin mərkəzi hissələrində olan seçki məntəqələrində aktiv olmaları, digər məntəqələrdə olan seçki prosesini müşahidə üçün səy göstərməmələri, seçkini müşahidə ilə bağlı düzgün təlimatlandırılmamaları diqqət çəkib. Jurnalistlər seçkilərin işıqlandırılması zamanı seçki məntəqələrinin daxilində icazə verilməyən yerlərdə çəkiliş aparmaq istəyiblər. Daşınan seçki qutusu ilə səsvermənin müşahidəsi zamanı Məntəqə Seçki Komissiyası təmsilçilərinin say azlığı prosedurun ləng getməsinə səbəb olub. Məntəqə seçki komissiyası təmsilçilərinin sayını artırmaqla, bu problemi aradan qaldırmaq mümkündür. Ancaq qeyd olunan nöqsanlar sözügedən seçki məntəqələrində keçirilən seçkilərin nəticələrini şübhə altına almır.


banner

Oxşar Xəbərlər