• cümə, 29 Mart, 16:27
  • Baku Bakı 14°C

İŞILDAQUŞ

30.10.18 15:15 2353
İŞILDAQUŞ
Unutmağa çalışsa da bacarmırdı. Fikri-zikri an­caq Gülay idi. Tez-tez qızın zəng etməsi, şirin-şirin danışığı Cəlilin getdikcə qıza daha çox bağlanmasına səbəb olurdu. Həsrət Cəlilin içini göynətsə də yenə unutmaq haqda düşünürdü. Çünki qız zəngləri və telefon danışıqları ilə ümidverici işartılar yaratsa da «səni sevirəm» sözünü dilinə gətirmirdi. Gü­layın bu cür hərəkətləri Cəlili bir fikrə gətirirdi: «Bu qız boş vaxtını keçirməyə adam axtarır». Elə ki, Cəlilin hiss­lə­ri korşalmağa başlayanda Gülayın çalınan telefon zəngi sanki yenidən öləzimiş közərtinin alovlanmasına səbəb olurdu.
Gecə yarıdan keçibdir. Cəlil yenicə yatağına uzanmışdı. Yanındakı dolabın üstünə qoyduğu te­lefon səsləndi. "Allah eləyə Gülay ola” fikri ilə sevincək telefonu götürüb düyməni basdı. Ekranda Gülayın telefon nömrəsini görən kimi telefonu öpüb qulağına tutdu və zərif, incə, sehrli bir səs özü ilə birgə sanki dünyalarca sevinc bəxş etdi.
– Axşamınız xeyir. Cəlil bəy, yatmışdınız?
– Yox, elə yenicə uzanmışdım.
– Bəs, nə yaxşı yatmamısınız?
– Sizin haqqınızda fikirləşirdim, Gülay xanım.
– Gecə yarıdan keçibdi. Bu vaxtı mənim haq­qım­da nə fikirləşirdiniz? – deyən Gülayın gülüş səsi eşidildi.
– Heç bir şey. Onu fikirləşirdim ki, tale sizi har­dan mənim yolumun üstünə çıxartdı. Yaxşı, mən sizin barənizdə fikirləşirdim, ona görə yat­mamışam. Bəs siz nə üçün yatmamısınız? Yoxsa, siz də mənim barəmdə düşünürdünüz?
– Yox, yox! Nə danışırsınız? Sadəcə yuxum gəlmirdi. Dedim zəng edim görüm necəsiniz?
– Gülay, başa düşə bilmirəm, nə üçün mənə qarşı olan hisslərinizi etiraf etməyi bacarmırsınız?
– Cəlil, sizdən xahiş edirəm bir də mənə, etiraf etməyi bacarmırsan, deməyin. "Etiraf etməyi bacar­mırsan” sözü mənim əsəb­lərimə toxunur. Çünki məni tanıyan hər bir adam məhz ilk öncə mənim bu xasiyyətimi bəyənir və qiymətləndirir. Doğrudan da, məni tanımamı­sınız. Bir də ki, mən nə lazımdırsa hər şeyi etiraf et­mişəm. Yenə deyirəm, sizin xətrinizi çox istə­yirəm və sizə böyük hörmətim var.
– Sağ ol, Gülay, hörmətiniz artıq olsun. Xət­ri­­mi istədiyiniz üçün tez-tez zəng edib əhvalımı so­ru­şur­sunuz. Qayğınıza görə sizə dərin təşəkkür edi­rəm, – deyən Cəlil səsindəki kinayəni gizlədə bilmədi.
– Nədi, xətrinizə dəyirsə bir daha zəng etmə­rəm. (Gülayın içindən bir qorxu keçdi: "İlahi, birdən deyər ki, bir daha mənə zəng etmə”. Onda neynəyim?)
– Yox, tez-tez zəng edin. Üzünüzü görməsəm də, heç olmasa səsinizi eşidim.
– Yəni, elə gözələm ki, üzümü görmək üçün həs­rət çəkirsiniz? – deyən Gülayın şirin gülüşü Cə­lilin içində ağlagəlməz dəli bir həvəs, "Gü­layı gör­mək, onun üzünə tökülmüş saçla­rının ətrini iyləmək” – oyat­dı.
– Gülay, gözəl olduğunuzu bilmək üçün, hə­mişə özünüzə Cəlilin gözü ilə baxın.
– Oldu, baş üstə!
– İndi bütün gecəni sizinlə "keçirəcəyəm”. Bəs siz necə? – Cəlil soruşdu.
– Mən… (bir neçə anlığa Gülay susdu. Sanki cavab verməyə çətinlik çəkirdi. Handan-hana dil­lən­di.) Heç bir şey, durub yatıram. Bağışla na­rahat etdim. Gecəniz xeyrə qalsın!
* * *
Yatağında aranı dağa, dağı arana daşıyan Cə­lil nə vaxt yuxuya getdiyini bilmədi. Gördü ki, gözəl bir çəmənlikdə tənha bir ağacın altında da­yanan Gülayın baxışları uzaqlara zillənibdi. Cəlil tez bir dəstə çiçək toplayıb Gülaya tərəf getməyə başladı. Gülayın yanına çatan Cəlil "Salam, necəsiniz? Burda niyə durmusu­nuz?” – dedi.
– Sağ olun, yaxşıyam. Sizi gözləyirəm, – deyən Gülay incik-incik cavab verdi.
– Bəs necə məni gözləyirsiniz ki, mənim xəbərim yoxdur?
– Cəlil, siz mənim hisslərimi başa düş­mür­sünüz. Bilmirsiniz ki, mən sizinlə nəfəs alıram? – Gülay üzü­nü yana çevirdi.
Cəlil yaxınlaşıb Gülayın boynunu qucaqlayıb başını sinəsinə sıxdı və xurmayı saçlarının ətrini sinə­sinə çəkdi. Gülayın yanaqları ilə axan göz yaşlarını gö­rən Cəlil qızın qara gözlərinə baxdı. Həmin qara gözlərin çiçəkləyən baxışlarında öz əksini görən Cəlil Gülayın dəli bir həsrətdən alışıb yanan nazik dodaqlarının alovunu öz dodaqları ilə söndürməyə başladı. Bir azdan Gü­layın titrəyən nazik bədəni Cəlilən qolları arasında sevinc­dən aşıb-daşırdı.
– Gülay, dilin ilə "sevirəm” demirsən, amma gəlib burada məni gözləyirsən? Bunu necə başa düşək? – deyən Cəlil Gülayın köksünə sığınmış na­zik çənəsini qaldıraraq nəmli qara gözlərindən öp­dü.
Köksünü ötürən Gülay "Sən bilmirsən, qızlar öz sevgilərini dilə gətirmirlər. "Səni sevirəm” de­mək qadının alçalması deməkdir. Biz qızlar "sə­ni sevirəm” sözünü hərəkətlərimizlə, baxış­ları­mızla deyirik. Mən dəfələrlə sənə "Sənsiz yaşaya bil­mi­rəm” sözünü de­mişəm” – dedi və isti nəfəsi ilə Cə­lilin boyun-bo­ğazında gəzindi.
– Demək, sən həmişə mənim yolumu gözlə­yir­sən, eləmi? – deyən Cəlil qızı daha da köksünə sıxdı.
– Bil və agah ol, mənim gözlərim həmişə sə­nin yollarına tikilidi. Sənsiz keçən hər dəqiqəm bir ilə bənzəyir, – deyən Gülayı Cəlil sevincək sinə­si­nə sıx­dı. Qara gözlərindən öpmək istəyəndə baxdı ki, qolları arasında yorğandı. Bir xeyli gördüyü yu­xu­nun təsiri altında qalan Cəlil özünə gəldi və divar­dan asılmış saata baxdı. Saat altıya işləyirdi. Bir azdan hava tam işıqlanacaqdır.
"Yox, düz deyir. Gülay mənim yolumu göz­lə­yir. Yazıq qız, görür ki, başa düşmürəm, axırı yu­xuma gəlib məni başa salır. Elə mən də tutmu­şam ki, nə var, nə var, gərək dilinlə deyəsən ki, səni se­virəm. Telefon zəngləri ilə, söhbətləri ilə deyir də. Yox, gedirəm Gü­la­yı çağırıb görüşəcəm. Günor­ta­ya yanındayam, Gü­lay!” – deyən Cəlil qalxıb pal­tarını geyindi.
* * *
"Mersedes” rahat yolla irəliləyir. Maşının radiosundan salona yayılan Məhəbbət Kazımovun məlahətli səsi Cəlili ətraf aləmdən təcrid eləyibdi. Yolun kənarında bir-birini əvəz edən küknar, şam, çinar ağacları, elektrik dirəkləri də səhərin təmiz ha­va­sında sanki sevinc­dən rəqs edir və Cəlilİn sevin­cinə qoşulurlar. Yolun kənarında yol boyu göz işlətdik­cə uzanıb gedən səhraya bənzər şoran torpaqlar elə bil ki, Cəlilin gözündə başdan-ayağa gül-çiçəyə bü­rünmüşdü. Birdən Cəli­lin gözü yol kənarında yük­sək gərginlikli elektrik dirəyinin ba­şında qurul­muş yuvada dayanmış iki leyləyə sataş­dı. Leyləyin biri uzun dimdiyi ilə o bi­risinin boyun-boğazını sığallayır, aradan bir az keçmiş sığallanan leylək sanki bu nəvazişdən xoşal­landığını bildirmək məqsədi ilə dimdiyi ilə öz həmcinsini "sı­ğallamağa” başlayır. Bu mənzərəni seyr edən Cəlilin gözünün önünə Gülay gəldi.
"Uzaqda görünən Gülay incə, zərif qollarını aça­raq gülə-gülə "Gəl, Cəlil, tez gəl. Yaman sən­siz­lə­mi­şəm. Həsrətinə dözə bilmirəm. Tez gəl, səni qucaq­layıb köksümə sıxım. Heç bilirsən qollarım, köksüm, dodaqlarım sənin həsrətindən ilan kimi qıvrılır. Həs­rətini çəkdiyin xurmayı saçlarım əllə­rinin sığalından süzülən məhəbbətin təması üçün göyüm-göyüm göy­nəyir. Sənsiz öldüm axı, ay in­safsız, tez gəl…”
Maşın irəlilədikcə Gülay daha da uzaq­la­şır. Ma­şın artıq dənizin kənarı ilə irəliləyir. Mavi sula­rın üzəri ilə addımlayan, əl eyləyən Gülay: Bax, Cəlil, mən Su pərisiyəm. Sən də gəl yanı­ma!
– Sən nə vaxtdan su pərisi oldun? Bəs mən sənə necə qovuşacağam? – Cəlil məyus-məyus dilləndi.
– Qorxma, bizim məhəbbətimiz ilahi məhəb­bət olduğu üçün Tanrı məni Su pərisinə – yarı balıq, yarı insan cildinə saldı. Səni də bu formaya salacaq. Ondan sonra biz qovuşacağıq. Bizim eşqimiz də özümüz kimi təmiz olduğuna görə, Yara­dan in­san­lar arasında ya­şamağı məsləhət bilmədi.
Bütün çirkabları təmizləyən bu mavi dənizin qoynunu bizə doğma məkan seçdi. Ona görə Tanrı­ya çox şükürlər olsun. Gəl, gəl bu mavi suların qoynunda məhəbbətimizin mavi dünya­sın­da qovu­şaq, əzizim”.
Maşının qəflətən dənizin kənarından şəhərə tə­rəf yola burulması Cəlili özünə qaytardı.
Bir azdan maşından düşən Cəlil saata baxdı. Günortaya az qalırdı. Ürəyi köksünə sığmırdı.
"Gülayla bir şəhərdəyəm. Necə də Gülayın nə­fə­sini hiss edirəm. Burnuma Gülayın saçlarının qoxu­su gəlir. Bir azdan ətri burnuma gələn saçların özünü sığalla­yıb öpəcəm”.
Xoşbəxt anları xəyalında canlandıran Cəlil tele­fonu çıxardıb Gülayın nömrəsini yığdı.
– Alo, Gülay, salam, necəsən?
– Çox sağ ol, Cəlil. Yaxşıyam.
– Gülay şəhərdəyəm. Gəldiyim bir az olar. Vax­tınız varsa, beş-on dəqiqəlik görüşək? – deyən Cəlil, sanki telefondan gələn cavabdan asılı idi.
– Cəlil, gələ bilməyəcəyəm. Həm qonağım var, həm də rəfiqəmgilə gedəcəyəm.
Bir anlığa nə deyəcəyini bilməyən Cəlilə elə gəldi ki, binalar uçub üstünə töküldü, parkdakı ağaclar böyrü üstə yıxıldı. Bir təhər özünü ələ alan Cəlil dedi:
– Gülay, bəs yaxşı, bu qədər yolu sizinlə gö­rüş­mək üçün gəlmişəm. Yəni olmaz beş-on dəqiqə­liyə gə­­ləsiniz, sizi görəm, sonra qayıdam? Səsindəki əsəb qa­­rışıq kövrəkliyi gizlədə bilməyən Cəlil, ümidini itirməyərək yenidən telefona diqqət kəsildi.
– Cəlil, mən sizə deməmişdim ki, gəlin. Gələ bil­­­məyəcəyəm, qonağım var, həm də rəfiqəmlə gö­rüş­məliyəm. İncimə, – deyən Gülay telefonu sön­dür­dü.
Cəlilin gözündə sanki Günəş söndü, ətrafa zül­mət bir qaranlıq çökdü. Bu zülmət qaranlıqda çox uzaqdan güclə seziləcək bir işartı göründü. Get­dikcə o işartı da söndü. Son ümidin işartısı olan həmin işıq da sönən­dən sonra Cəlil zülmət qa­ran­lıqdan çıxış yolu axtar­mağa başladı. Özünə gələn­də dənizin kənarında mə­həc­cərə söykənmiş vəziy­yətdə baxışları dənizin üfüqlə birləşən xəttinə di­kil­mişdi.
Birdən mavi sulardan Gülay Su pərisi şək­lində göründü və Cəlilə əl etməyə başladı. Su pəri­sinin ça­ğırışı zamanı hardansa uzaqdan Cəlilin qulağına bir səs gəldi: "Gəl, Cəlil, gəl! Gözləyi­rəm səni. Tez gəl. Dənizin qoynu təmizdi. Bizim məhəbbətimiz kimi. Biz ancaq burada xoşbəxt ola bilərik. Gözləyirəm. Söz verirsənmi?” – deyən Su pərisi uzaqdan gələn mavi dalğaların qoynunda yoxa çıxdı.
Bu zaman uzaqdan gələn dalğalar bir-birini qo­va-qova sahilə doğru yan aldıqları bir vaxtda məhəc­cərdən tutub dənizə tullanmaq istəyən Cəlilin üzünə çırpılan damlalar özü ilə birlikdə yeni bir həyat gətirdi. Özünə gələn Cəlil məhəc­cərdən aralanıb yaxında qo­yulmuş oturacaqda əyləşdi və baxışları dənizə baş vu­ran qağayılara ilişdi. "Sən ağlama dəniz, mən ağla­yaram. Bu dərd öz dərdimdi, özüm də çəkməliyəm. Sağ ol dəniz, məni ikinci dəfə dünyaya sən gətirdin. Bundan sonrakı həyatımı sənə borcluyam. Gülay məni ölümə, dəniz, sən isə həyata səsləyirsən” – fikirlə­ri­ni qəlbindən keçirən Cəlil ayağa qalxdı və sahil boyu uzanıb gedən gözəlliyi bir anlığa nəzərdən keçirdi və yavaş-yavaş yola düzəldi. Düşdüyü və­ziyyəti saf-çü­rük etməyə başladı. Hardansa uşaq vaxtları yay fəsli­nin zülmət gecələrində işıldaquş adlan­dır­dıqları bö­cəkləri tutmaq üçün dəridən-qabıqdan çıxdığı yadına düşdü.
Uşaqların işıldaquş adlandırdıqları həşərat­la­rın bir növü olan həmin böcəklər zülmət qaranlıqda uç­mağa başlayanda işıldayırdılar. Həmin böcəklə­rin işıl­tıları qaranlıq gecədə maraqlı bir görüntü ya­radırdı. Uşaq­lar böcəklər uçarkən yaranan işıltıya doğru yü­yürürdülər ki, işıldaquşu tutsunlar. Beləcə o tərəf, bu tərəfə yüyürüb əldən-dil­dən düşən uşaqlar axırda bezib işıldaquş tutmaq fikrindən əl çəkirdilər.
***
"Mersedes” yolu əlinə aldı. Baxışları yolun kə­na­rında olan ağaclara dikilən Cəlilə elə gəldi ki, ağac­lar özünü günahkar hesab etdikləri üçün baş­larını aşa­ğı əymişdilər.
Telefonun səsi Cəlili özünə qaytardı və düy­məni basdı. İsmarıc gəlmişdi. Cəlil ismarıcı ekrana gətirdi.
Gülay yazırdı:
"Çox zaman səssizliyə çəkilib zövqlə iz­lə­di­yim mənzərə dəmiryol vağzalındakı rels­­­lərdir. Gözümü çəkmədən qoşa uza­nan rels­lərə baxdıqca içimdən qəribə hiss­­lər keçir. Yəqin ki, dəmir relslərin be­lə­cə ha­ra­dasa kəsişib qovuşduğu yer­lər var­­dır… İnsan sevgisindən fərqli ola­­­­raq”.
İsmarıcı təkrar oxuyan Cəlil dodaqlarında is­tehzalı bir təbəssümlə "Yox, mənim işıldaquşum, daha sənin cəzbedici so­yuq işığına doğru uçduğum yetər!”ACN – deyərək te­lefonu söndürüb cibinə qoydu.
Fazil SƏNAN
banner

Oxşar Xəbərlər