• cümə axşamı, 18 aprel, 18:56
  • Baku Bakı 21°C

“İşığa gedən yol” - tarixi şəxsiyyətlərə ucaldılan abidə

09.03.17 21:21 2384
“İşığa gedən yol” - tarixi şəxsiyyətlərə ucaldılan abidə
"Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin keçdiyi ağır, məşəqqətli həyat, eləcə də yaradıcılıq və maarifçilik yolundan bəhs edən "İşığa gedən yol” romanı bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, bir sözlə, ziyalılıq tarixinə işıq salır. Roman bəlli dövr ərzində Azərbaycan ziyalılığının tarixi hesab oluna bilər”. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunan «İşığa gedən yol» romanının təqdimatında səslənən bu fikirlər romanın məziyyətləri haqqında tədbir iştirakçılarına məlumat verməklə bərabər, o dövrün ictimai-siyasi həyatına da güzgü tutdu.

Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli əsər

Professor Asif Rüstəmli «İşığa gedən yol» romanını Azərbaycan tarixinin və ictimai-siyasi fikrinin son dərəcə maraqlı və zəngin bir dövrünü əhatə edən əsər adlandırdı: "Tarixi materiallar və faktlar əsasında bədii körpü yaratmaq baxımından əsər çox dəyərlidir. Zərdabinin həyatı, dünyagörüşü, müasirləri ilə bağlı maraqlı obrazların canlandırılması ilə əsər tarixi olduğu qədər bədii, bədii olduğu qədər də tarixidir”. A.Rüstəmli qeyd etdi ki, romanın oxunaqlığını təşkil edən başlıca keyfiyyətlərdən biri bu əsərdə şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin öz adları ilə qeyd edilməsi, yəni bədii obraz yaratmaqdan daha çox, tarixiliyə önəm verilməsidir. Bu baxımdan roman daha çox bioqrafikdir: "Zərdabinin həyatı, dünyagörüşü, fəaliyyəti, mühiti son dərəcə canlı, inandırıcı şəkildə oxucuya təqdim olunub”.
A.Rüstəmli əsərin müzakirəsinin geniş miqyasda «Azərbaycan» jurnalında keçirilməsinin zəruriliyini vurğuladı: «Bu cür samballı əsəri başa gətirmək böyük qəhrəmanlıqdır. Üstəlik, arxiv materialları əsasında o dövrü bədii dillə oxuculara təqdim etmək müəllifin bu sahədəki böyük təcrübəsindən xəbər verir. Əsər Azərbaycan ədəbiyyatşünaslığı üçün son dərəcə dəyərlidir».
«İşığa gedən yol» əsərinin Mətbuat Şurasının Ali Media Mükafatına layiq görüldüyünü qeyd edən MŞ sədri, millət vəkili Əflatun Amaşov hər bir xalqın millət kimi formalaşmasında onun tarixi şəxsiyyətlərinin böyük rol oynadığını qeyd etdi: "Hər əsrdə bir neçə belə tarixi şəxsiyyət milləti formalaşdırır. 19-cu əsrdə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, 20-ci əsrin əvvəlində Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Əhmədbəy Ağaoğlu, Əlibəy Hüseynzadə kimi şəxsiyyətlər haqqında yazmaqla, onları xalqa daha çox sevdiririk”. Həsən bəy Zərdabini "milli mən”imizin özümüzə qayıtmasında böyük rol oynamış şəxsiyyət adlandıran MŞ sədri qeyd etdi ki, biz onu xalqa dəqiq tanıtdırmasaq, günlərin birində kimsə Zərdabi haqqında qeyri-dəqiq mənbələrə əsaslanan fikirlərlə çıxış edə bilər: "İşığa gedən yol» romanı Azərbaycan jurnalistikasına gözəl töhfədir. İndiyə qədər milli jurnalistikamızda Həsən bəy Zərdabi haqqında belə geniş mənbə yox idi. İnanıram ki, bu əsər Azərbaycan jurnalistlərinin stolüstü kitabına çevriləcək”.

Bu günümüz üçün belə romanların yazılmasının vacibliyini qeyd edən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli indiyə qədər insanların Həsən bəy Zərdabini daha çox milli mətbuatın banisi kimi tanıdıqlarını qeyd etdi: «Biz hamımız Zərdabini «Əkinçi» qəzetinin təsisçisi kimi tanımışıq, maarifçiliyindən xəbərdar olmuşuq. Romanda isə Zərdabinin yaşadığı dövr, həmkarları ilə maarifçilik hərəkatı uğrunda apardığı mübarizə əhatəli şəkildə qələmə alınıb».

Ədəbiyyat tarixi yaşadır

Milli-mənəvi dəyərlərimizə xaricdən çoxlu hücumlar olduğunu deyən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bu hücumların mahiyyətində keçmişimizə, tarixi şəxsiyyətlərimizə arxa çevirmək kimi məsələlərin olduğunu diqqətə çatdırdı: "Biz keçmişimizi, tarixi şəxsiyyətlərimizi dərindən öyrənməsək, onların haqqında oxumasaq, milli-mənəvi dəyərlərimizi qiymətləndirmək baxımından addım-addım uçurumlara düçar ola bilərik. Tarix görkəmli şəxsiyyətlərin sayəsində millətin yaddaşına həkk olur. Biz tarix boyu yaratdığımız mədəniyyət abidələrinə, tarixi şəxsiyyətlərə və dövlətçiliyimizə sahib olmalıyıq. Tarixin müxtəlif bölümlərində tarixçilər öz sözlərini deyə bilmirlər. Siyasi konyukturalar, müxtəlif maneələr qarşıya çıxır. Biz orta məktəbdən başlayaraq, tariximizə həsr edilən bədii əsərlərlə əhatə olunmuşuq. Tarix daha çox ədəbiyyatda yaşayır. Ədəbi mühit tarixi yaşadır. Bu baxımdan tarixə müraciət edilən əsərlər doğru-düzgün yazılmalı, reallığı əks etdirməlidir”
Tarixçi alim bəzən tarixi hadisələrin, şəxsiyyətlərin həyatını dərindən öyrənmədən daxili duyğulara əsaslanan tarixi əsərlərin yazıldığını qeyd etdi: "Həmin əsərləri böyük əksəriyyət oxuyur, tarixi isə oxumurlar. Nəticədə millətin şüuru, təfəkkürü əks istiqamətə yönəlir. Bu baxımdan, «İşığa gedən yol»u böyük nailiyyət hesab edirəm. Bu əsər ərsəyə gələnə qədər Sona Vəliyeva dəfələrlə bizim institutda olub, müxtəlif şöbələrin mütəxəssisləri ilə görüşüb, tarixi sənədlər üzərində axtarışlar aparıb. Bu roman sənədlilik baxımından tarixçilərin ekspertizasından keçib”.
Tarixi romançılığı dərin ənənəsi olmayan janr adlandıran «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bu gün bu janrda əsərlərin yazılmasına ehtiyac olduğunu bildirdi: «Biz bu "İşığa gedən yol”da tarixi faktlara əsaslanan modern tarixi romançılıqla üz-üzə qalırıq. Doğrudan da biz tarixi qeyri-ənənəvi yollarla daha yaxşı öyrənirik. Bu baxımdan, bu səpkili əsərlər bizə tariximizi və tarixi şəxsiyyətlərimizin həyatını öyrənməyə kömək edir».
Əsərin mətbuatda geniş təhlil olunduğunu qeyd edən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli "İşığa gedən yol”un bütövlükdə roman janrına cavab verdiyini qeyd etdi: «Həsən bəy Zərdabi haqqında hər kəsin məlumatı var. Bu kitabda Zərdabinin yaşadığı dövr və ətrafında olan işıqlı ziyalılar haqqında ətraflı materiallar ortaya qoyulub. Roman oxucuya geniş məlumatlar verir».

Azərbaycan qadınının rəsmi

Tarixi bədii əsərlərdən öyrənməyin vacibliyini bildirən xalq şairi Sabir Rüstəmxanlı romanda həm Zərdabinin yaşadığı dövrün, həm də Azərbaycan ziyalılarının tarixi və onların fikir dünyasının dəqiqliklə əks olunduğunu qeyd etdi: «Yazıçının yazdığı tarix millətin tarixidir. Romanın içində müəllifin öz obrazı var. Bu, ziyalı Azərbaycan qadınının rəsmidir».
«Ədəbiyyat» qəzetinin baş redaktoru Azər Turan Azərbaycanın üzünü Avropaya çevirməsində Həsən bəy Zərdabinin böyük rol oynadığını qeyd edərək, romanı tariximizin parlaq səhifələrindən biri adlandırdı: "Bu əsər Həsən bəy Zərdabi haqqında sanballı romandır. Ancaq tarixçilərin üzərinə düşən bir məqam da var, Zərdabinin Azərbaycanın Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində olan oğlu Səffət bəy haqqında heç bir məlumat yoxdur. Bu çox mühümdür. Bunun araşdırılmasına ehtiyac var”.
Əməkdar jurnalist Flora Xəlilzadə əsəri vətən sevgisi ilə eyniləşdirdi: "Əsərdə təkcə Zərdabinin obrazı yaradılmayıb. Romanda Zərdabinin dövründə yaşayan bütün tarixi şəxsiyyətlərin obrazı var”.
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov «İşığa gedən yol»u tarixi şəxsiyyətlərə ucaldılan abidə kimi dəyərləndirdi: «Bu abidəni oxuyanlar o şəxsiyyətlər, onların yaşadığı dövr haqqında hər şeyi biləcəklər. İstərdim ki, bu cür əsərlər çox yazılsın».

Millət vəkili Elman Nəsirov da bu tip əsərlərin yazılmasına ehtiyac olduğunu söylədi: "Romanla tanış olanda, işığa gedən yolu aydın görürsən. Biz işıqlı yoldayıq. Bu yolu sevməyənlər, ona kölgə salmaq istəyənlər var. Tariximizi bilmək üçün bu cür əsərlər çox yazılmalıdır”.
Yazıçı-publisist Akif Əli əsərdəki hadisələrin tarixi priyomlarla verilməsində, faktların ardıcıllıqla bir-birini əvəzləməsində müəllifin yazı üslubunun rol oynadığını qeyd etdi: "Bu romanda azərbaycanlı ruhu görünür. Əsərdə oğuz türkünün ruhu var. Kitabın həmin ruhun daşıyıcısı Sona Vəliyevanın qələmi ilə ərsəyə gəlməsi də təsadüfi deyil”.
Tənqidçi Vaqif Yusifli, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqa çıxış edənlər romanı dövrünün fəlsəfəsini, ictimai ruhunu ortaya qoyan əsər kimi dəyərləndirdilər.
Təqdimatda iştirak edənlərə təşəkkürünü bildirən «İşığa gedən yol» romanının müəllifi Sona Vəliyeva öz yaradıcılığının poeziyadan ibarət olduğunu deyərək, Həsən bəy Zərdabinin yaradıcılığına üz tutmasının səbəblərini açıqladı: «Bəzən həyatda özümüzdən asılı olmayan elə mistik proseslər baş verir ki, özümüz də o hadisələrdən baş açmırıq. Məni də Zərdabi haqqında yazmağa bu hisslər sövq etdi. Həsən bəy Zərdabinin yaradıcılığında məni cəlb edən onun millətinə təmənnasız sevgisi oldu». Əsəri işlədikcə axtarışlar etdiyini, o dövrün şəxsiyyətlərini soraqlaşa-soraqlaşa millətimizin böyüklüyünə vurulduğunu deyən S.Vəliyeva onların keçdiyi məşəqqətli yolu sanki yenidən addımladığını dedi: «Mənə güc verən nə idi? Heç bir ümid olmayan yerdə Həsən bəyin Azərbaycanın müstəqilliyinə inamı. Bu işığın gələcəyə ötürülməsi üçün mən Həsən bəy Zərdabiyə borcluyam. O kökdə ilahi sevgi durur. Mənim beynimdə mövzular dolaşır. İnşaallah, sizinlə yeni romanların təqdimatında görüşməyi arzulayıram».

Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova











banner

Oxşar Xəbərlər