Gənclər üçün rahat bir iş mühiti olan təşkilat - "Gənclər təşkilatında bir gün"
Ofisin
qapısını açanda hündürdaban ayaqqabı səsi diqqətimi çəkdi. Bu, içəridə əsasən
xanımların olacağını düşünməyə əsas verdi. İkinci mərtəbəyə qalxanda təəssüratımda
yanılmadığım aydın oldu. Bizi gülərüz gənc xanımlar qarşıladı. Digər ortaqlarda
gözə dəyənlər də ancaq xanımlar oldu.
Birliyin
rəhbəri ilə gedəcəyimiz vaxtı dəqiqləşdirmişdik, 3-5 dəqiqə gecikəcəyini xəbər
etdi. Bu zaman kəsiyində xanımlarla söhbət edib iş rejimləri ilə bağlı
danışdıq. Öyrəndik ki, bir çox gənclər təşkilatı kimi, burda da işə hər gün bəlli
rejimlə gəlməyə ehtiyac yoxdur. İş olanda, birliyin rəhbəri vatsap qrupunda
mesaj yazır və hər kəsə uyğun bir vaxt təyin edib yığışırlar. Bu dəfə saat 2
üçün gəlmişdilər.
Qeyd
edim ki, bu dəfə "Gənclər təşkilatında bir gün” rubrikası üçün "Azərbaycan
Gənclərinin Avropaya İnteqrasiyası" (AGAT) İctimai Birliyindəyik.
Hər kəs
gəldiyi üçün artıq yığışıb iclaslarını edirlər. İclas dediyim odur ki, yığışıb
görəcəkləri işlərin müzakirəsini aparırlar. Bu dəfə planda olan cümhuriyyətin
100 illiyi ilə bağlı təşkilat tərəfindən görüləcək işdir. Birliyin sədri təklifi
irəli sürdü və hər kəs öz fikrni bildirdi, təkliflərini səsləndirdi. İclasdan
sonra ofisdən tərk edənlər də oldu, qalıb işi davam etdirənlər də.
"Layihələr maraqlı olmasa, bu qədər təklif gəlməz”
İclasda
daha çox təklif edən biri olaraq diqqətimi çəkən Nilufər Əhmədova oldu. Nilufər Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının 4-cü kurs tələbəsidir, bir ildən çoxdur ki, təşkilatda fəaliyyət
göstərir: "4-5 ay könüllü olduqdan sonra işçi heyətinə götürüldüm. Artıq əsas
işçi heyətindəyəm. Bura gələnə qədər də iş təcrübəm çox olub, QHT sektorunda müəyyən
qədər bilik və təcrübəm var. Bu təşkilatın özəlliyi odur ki, Azərbaycanda
yaşayan gənclərlə Avropada yaşayan gənclər arasında xüsusi körpü rolunu
oynayır. Beynəlxalq layihələrdə fəal iştirak edir və öz könüllülərini, işçi heyətini
bura cəlb edir. Bu cür təmsilçiliyin məsuliyyətini duyan gənclər də öz üzərlərində
işləməyə məcbur olurlar”.
Çox təklif
irəli sürməyinə gəlincə, Nilüfər deyir ki, maraqlı layihə olmasa, ondan bu qədər
təklif gəlməz: "Əslində, könüllülər arasında seçim edib işçi heyətinə daxil edərkən
onun aktivliyinə baxırlar. Həm də layihələr maraqlı olmasa, mən tərəfdən bu qədər
təklif gəlməz”.
"Bu qədər xanımın içində işləmək çox yaxşıdır”
Tokay Əhmədov iclasdan sonra ofisi tərk etməyə hazırlaşırdı.
Lakin bizimlə həmsöhbət olmadan onu yola sala bilməzdik. Çünki ofisdə
gördüyümüz tək əks cinsin nümayəndəsi idi. Tokay ADA Universitetini bitirib, bu
il isə Estoniyada "Tartu” Universitetinə qəbul olub. Deyir ki, 2015-ci ildən
AGAT-a üzvdür: "Mənim ixtisasım dövlət və ictimai münasibətlərdir. Ona görə cəmiyyət
içində olmağı, sosial aktivliyi sevirəm. AGAT tərəfindən yaradılan bu imkanları
dəyərləndirirəm”.
Tokay
xanımların çoxluq təşkil etdiyi kollektivdə çalışmaqdan məmnun olduğunu dilə gətirdi:
"İdarəetmədə xanımların olması yaxşıdır, çünki daha kreativ olurlar. Bu qədər
xanımın içində işləmək çox yaxşıdır, burda heç bir problem görmürəm, əksinə
xoşdur”.
Tokay həm
də musiqi bəstələyir, mahnılar oxuyur. Lakin ofisdəkilər deyirlər ki, indiyə qədər
ofisdə zümzüməsini eşidən olmayıb, sosial şəbəkələrdəki paylaşımlardan bu
qabiliyyətini izləyirlər. Tokay isə bildirdi ki, gələcəkdə musiqi təhsili almaq
fikri var.
"Nəyisə bilmədiyimi hiss etdirmirdilər,
kiçilmirdim”
Safura Əbilzadə birliyə gəldiyində iş həyatında heç bir iş təcrübəsi
olmayıb, burda yavaş-yavaş hər şeyi öyrənib: "Memarlıq və İnşaat Universitetində
təhsil almışam. Bura gələndə universiteti yeni bitirmişdim. İş həyatında heç
bir təcrübəyə malik deyildim. Dost-tanışlar mənə bura gəlməyi məsləhət gördülər,
iş həyatına atılmaq üçün yaxşı təcrübə olacağını dedilər. Adi layihə yazılması,
onun necə formada olması haqqında sizə heç nə deyə bilməzdim. Amma burda onu
tamlıqla öyrəndim. Təcrübəsiz olsam da, burda məni çox nəzakətli formada öyrədirdilər.
Nəyisə bilmədiyimi hiss etdirmirdilər, kiçilmirdim. Amma zamanla öyrənirdim.
Artıq yetərincə təcrübə qazanmışam, yeni gələnlərə nə isə öyrədirəm. İki ildir
ki, AGAT-da könüllüyəm. Həm də birliyin nəzdində olan "Etika Akademiyası” fərdi
inkişaf mərkəzində etiket dərsləri verirəm. Eyni zamanda, dərnəyin satış
meneceriyəm”.
"...gecəyə qədər qalıb işləyirdik”
Fəridə Əkbərli 7 ildir ki, təşkilatdadır. Onun iki ilini könüllü
kimi fəaliyyət göstərib, bu gün isə birliyin İdarə Heyətinin üzvüdür. Eyni
zamanda "Etika Akademiyası”nda
biznesin təşkili üzrə koordinatordur. Fəridə deyir ki, təşkilatdakı aktiv,
qaynar iş mühiti onun xoşuna gəlir: "İşi saatla görənlərin burda yeri yoxdur. Hələ
yeni gəldiyim vaxtlarda belə, əgər bir layihəni tamamlamaq lazımdırsa, biz gecəyə
qədər qalıb işləyirdik. Saata baxmırdıq. Əgər saatla işləyən biri olsaydım,
burda olmazdım”.
Aytən Atazadə isə birliyə iki gündür qoşulub. Deyir ki, burdakı
iş mühiti ona maraqlı gəlir: "Əvvəllər başqa təşkilatda fəaliyyətim olub. Bura
ilə sosial şəbəkədə tanış oldum, diqqətimi cəlb etdi, qoşulmaq istədim. Proseslər
maraqlı gəlir, hələ ki çox aktiv deyiləm”.
"Çoxlu
ideyalarım olurdu”
Söhbətin
ardından birliyin rəhbəri Lalə Mehdiyevanın
yanına gedirik. Onun da təşkilata gəlişi könüllü kimi olub. Düz 7 il əvvəl. Deyir
ki, elə ilk vaxtlardan AGAT-da aktiv fəaliyyəti ilə seçilib: "Mətbuatda, sosial
sferada AGAT-la bağlı qarşıma maraqlı məlumatlar çıxırdı, aktiv olduqlarını
görürdüm. Mən də çoxlu ideyaları olan bir xanım. Diqqətimi çəkdi və bura üzv
olmaq qərarı verdim. Bir ilə yaxın könüllü oldum. Demək olar ki, bütün günümü təşkilatda
keçirirdim. Çoxlu ideyalarım olurdu və onları təklif edirdim. Heç zaman ideyamı
təklif etməkdən çəkinməmişəm. Düşünmürdüm ki, təklif edərəm yaxşı yanaşılmaz,
doğru alınmaz. Təkliflərimin müsbət qarşılandığını görürdüm. Mən jurnalistika
üzrə təhsil almışam, sonra press-reliz yazmağı öyrəndim, bu sahədə mətbuatla əlaqələr
yaratdım. Sonra ailə qurdum, bir az ofis işlərindən uzaqlaşdım, amma yenə də
evdən işləri görürdüm. Ofisdə olmasam da, işin içindəydim. Zamanla birlikdə irəlilədim
və ötən il səsvermə ilə sədr seçildim”.
L.Mehdiyeva
bildirdi ki, birlikdə gənclər üçün sərbəst, rahat bir iş mühiti olmasına
çalışır: "Məndən əvvəl də birlikdə rəhbər olanların burda qoyub getdikləri
yaxşı ənənələr var ki, onları davam etdirirəm, eyni zamanda daha da inkişaf etmək,
geniş imkanlar əldə etmək üçün əlimdən gələni edirəm. Mənim üçün önəmli olan hər
bir gəncin özünü burda rahat hiss etməsidir. Filan saatda hər gün ofisdə olmaq
kimi məcburiyyət qoymuruq. Gənci nəyəsə məcbur etmək yox, qarşısına seçim qoymaq
lazımdır. Özləri seçsinlər, rahat olsunlar. Eyni zamanda, özünə güvənən gənc fəaldırsa,
istedadı varsa, innovativ düşüncəyə sahibdirsə, müxtəlif təşkilatlarda fəaliyyət
göstərə, öz ideyalarını reallaşdıra bilir. Özünü inkişaf etdirmək, karyera
qurmaq istəyən gənclərə də hər zaman qapılarımız açıqdır”.
"Bizim oğlan üzvlərimiz də var”
L.Mehdiyeva
deyir ki, AGAT-da fərqli istiqamətli bir çox layihələr icra olunur: "Bu mövsüm
gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində
fəaliyyətini davam etdiririk. Bu istiqamətdə "Arzularını hədəfə çevir”, "Fitnes
etikası”, "İnsaların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” və s
seminarlar keçirmişik. Gənclər Fondunun dəstəyi ilə "Bloger V-bloger; Azərbaycan
tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədiklərimiz” adlı layihəmiz olub.
Dağlıq Qarabağla bağlı maraqlı bir layihənin təqdimatına hazırlaşırıq. AGAT nəzdində
fəaliyyət göstərən "Etika Akademiyası”nın geniş fəaliyyəti vardır. Orada müxtəlif
mövzularda - natiqlik, davranış qaydaları və liderlik üzrə təlimlər həyata
keçirilir”.
Müsahibimiz
qeyd etdi ki, AGAT-ın əsas məqsədi Azərbaycanla Avropa təşkilatları arasında əməkdaşlıq,
Azərbaycan gənci prototipinin Avropada təbliğidir: "AGAT beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq edir. Növbəti aylarda bu istiqamətdə bir neçə səfərlərimiz
planlaşdırılır”.
Sonda təşkilatda
xanımların çox olması məsələsinə də toxunduq: "Xanımların çoxluq təşkil etməsi
məqsədli deyil. Sadəcə, belə alınıb. İndi burda bir nəfər əks cinsin nümayəndəsini
gördünüz, amma bizim aktiv fəaliyyət göstərən oğlan üzvlərimiz də var (Gülür).
Sadəcə, bizdə sərbəst rejimdir, ona görə işləri olanda gəlirlər”.
Söhbətimizi
yekunlaşdırıb ofisdən ayrılırıq. Xanımların toplaşıb nəsə söhbət edirdilər.
Sözarası dedilər ki, bir yerə yığışanda adətən, işlə bağlı danışırlar, ya da
xoş söhbətlər olur, qeybət yox.
Aygün
Asimqızı