• cümə axşamı, 25 aprel, 13:58
  • Baku Bakı 23°C

Gənclər üçün rahat bir iş mühiti olan təşkilat - "Gənclər təşkilatında bir gün"

26.05.18 10:00 2576
Gənclər üçün rahat bir iş mühiti olan təşkilat  - "Gənclər təşkilatında bir gün"
Ofisin qapısını açanda hündürdaban ayaqqabı səsi diqqətimi çəkdi. Bu, içəridə əsasən xanımların olacağını düşünməyə əsas verdi. İkinci mərtəbəyə qalxanda təəssüratımda yanılmadığım aydın oldu. Bizi gülərüz gənc xanımlar qarşıladı. Digər ortaqlarda gözə dəyənlər də ancaq xanımlar oldu.
Birliyin rəhbəri ilə gedəcəyimiz vaxtı dəqiqləşdirmişdik, 3-5 dəqiqə gecikəcəyini xəbər etdi. Bu zaman kəsiyində xanımlarla söhbət edib iş rejimləri ilə bağlı danışdıq. Öyrəndik ki, bir çox gənclər təşkilatı kimi, burda da işə hər gün bəlli rejimlə gəlməyə ehtiyac yoxdur. İş olanda, birliyin rəhbəri vatsap qrupunda mesaj yazır və hər kəsə uyğun bir vaxt təyin edib yığışırlar. Bu dəfə saat 2 üçün gəlmişdilər.

Qeyd edim ki, bu dəfə "Gənclər təşkilatında bir gün” rubrikası üçün "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası" (AGAT) İctimai Birliyindəyik.
Hər kəs gəldiyi üçün artıq yığışıb iclaslarını edirlər. İclas dediyim odur ki, yığışıb görəcəkləri işlərin müzakirəsini aparırlar. Bu dəfə planda olan cümhuriyyətin 100 illiyi ilə bağlı təşkilat tərəfindən görüləcək işdir. Birliyin sədri təklifi irəli sürdü və hər kəs öz fikrni bildirdi, təkliflərini səsləndirdi. İclasdan sonra ofisdən tərk edənlər də oldu, qalıb işi davam etdirənlər də.


"Layihələr maraqlı olmasa, bu qədər təklif gəlməz”

İclasda daha çox təklif edən biri olaraq diqqətimi çəkən Nilufər Əhmədova oldu. Nilufər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsidir, bir ildən çoxdur ki, təşkilatda fəaliyyət göstərir: "4-5 ay könüllü olduqdan sonra işçi heyətinə götürüldüm. Artıq əsas işçi heyətindəyəm. Bura gələnə qədər də iş təcrübəm çox olub, QHT sektorunda müəyyən qədər bilik və təcrübəm var. Bu təşkilatın özəlliyi odur ki, Azərbaycanda yaşayan gənclərlə Avropada yaşayan gənclər arasında xüsusi körpü rolunu oynayır. Beynəlxalq layihələrdə fəal iştirak edir və öz könüllülərini, işçi heyətini bura cəlb edir. Bu cür təmsilçiliyin məsuliyyətini duyan gənclər də öz üzərlərində işləməyə məcbur olurlar”.

Çox təklif irəli sürməyinə gəlincə, Nilüfər deyir ki, maraqlı layihə olmasa, ondan bu qədər təklif gəlməz: "Əslində, könüllülər arasında seçim edib işçi heyətinə daxil edərkən onun aktivliyinə baxırlar. Həm də layihələr maraqlı olmasa, mən tərəfdən bu qədər təklif gəlməz”.


"Bu qədər xanımın içində işləmək çox yaxşıdır”

Tokay Əhmədov iclasdan sonra ofisi tərk etməyə hazırlaşırdı. Lakin bizimlə həmsöhbət olmadan onu yola sala bilməzdik. Çünki ofisdə gördüyümüz tək əks cinsin nümayəndəsi idi. Tokay ADA Universitetini bitirib, bu il isə Estoniyada "Tartu” Universitetinə qəbul olub. Deyir ki, 2015-ci ildən AGAT-a üzvdür: "Mənim ixtisasım dövlət və ictimai münasibətlərdir. Ona görə cəmiyyət içində olmağı, sosial aktivliyi sevirəm. AGAT tərəfindən yaradılan bu imkanları dəyərləndirirəm”.
Tokay xanımların çoxluq təşkil etdiyi kollektivdə çalışmaqdan məmnun olduğunu dilə gətirdi: "İdarəetmədə xanımların olması yaxşıdır, çünki daha kreativ olurlar. Bu qədər xanımın içində işləmək çox yaxşıdır, burda heç bir problem görmürəm, əksinə xoşdur”.

Tokay həm də musiqi bəstələyir, mahnılar oxuyur. Lakin ofisdəkilər deyirlər ki, indiyə qədər ofisdə zümzüməsini eşidən olmayıb, sosial şəbəkələrdəki paylaşımlardan bu qabiliyyətini izləyirlər. Tokay isə bildirdi ki, gələcəkdə musiqi təhsili almaq fikri var.


"Nəyisə bilmədiyimi hiss etdirmirdilər, kiçilmirdim”

Safura Əbilzadə birliyə gəldiyində iş həyatında heç bir iş təcrübəsi olmayıb, burda yavaş-yavaş hər şeyi öyrənib: "Memarlıq və İnşaat Universitetində təhsil almışam. Bura gələndə universiteti yeni bitirmişdim. İş həyatında heç bir təcrübəyə malik deyildim. Dost-tanışlar mənə bura gəlməyi məsləhət gördülər, iş həyatına atılmaq üçün yaxşı təcrübə olacağını dedilər. Adi layihə yazılması, onun necə formada olması haqqında sizə heç nə deyə bilməzdim. Amma burda onu tamlıqla öyrəndim. Təcrübəsiz olsam da, burda məni çox nəzakətli formada öyrədirdilər. Nəyisə bilmədiyimi hiss etdirmirdilər, kiçilmirdim. Amma zamanla öyrənirdim. Artıq yetərincə təcrübə qazanmışam, yeni gələnlərə nə isə öyrədirəm. İki ildir ki, AGAT-da könüllüyəm. Həm də birliyin nəzdində olan "Etika Akademiyası” fərdi inkişaf mərkəzində etiket dərsləri verirəm. Eyni zamanda, dərnəyin satış meneceriyəm”.


"...gecəyə qədər qalıb işləyirdik”

Fəridə Əkbərli 7 ildir ki, təşkilatdadır. Onun iki ilini könüllü kimi fəaliyyət göstərib, bu gün isə birliyin İdarə Heyətinin üzvüdür. Eyni zamanda "Etika Akademiyası”nda biznesin təşkili üzrə koordinatordur. Fəridə deyir ki, təşkilatdakı aktiv, qaynar iş mühiti onun xoşuna gəlir: "İşi saatla görənlərin burda yeri yoxdur. Hələ yeni gəldiyim vaxtlarda belə, əgər bir layihəni tamamlamaq lazımdırsa, biz gecəyə qədər qalıb işləyirdik. Saata baxmırdıq. Əgər saatla işləyən biri olsaydım, burda olmazdım”.


Aytən Atazadə isə birliyə iki gündür qoşulub. Deyir ki, burdakı iş mühiti ona maraqlı gəlir: "Əvvəllər başqa təşkilatda fəaliyyətim olub. Bura ilə sosial şəbəkədə tanış oldum, diqqətimi cəlb etdi, qoşulmaq istədim. Proseslər maraqlı gəlir, hələ ki çox aktiv deyiləm”.

"Çoxlu ideyalarım olurdu”

Söhbətin ardından birliyin rəhbəri Lalə Mehdiyevanın yanına gedirik. Onun da təşkilata gəlişi könüllü kimi olub. Düz 7 il əvvəl. Deyir ki, elə ilk vaxtlardan AGAT-da aktiv fəaliyyəti ilə seçilib: "Mətbuatda, sosial sferada AGAT-la bağlı qarşıma maraqlı məlumatlar çıxırdı, aktiv olduqlarını görürdüm. Mən də çoxlu ideyaları olan bir xanım. Diqqətimi çəkdi və bura üzv olmaq qərarı verdim. Bir ilə yaxın könüllü oldum. Demək olar ki, bütün günümü təşkilatda keçirirdim. Çoxlu ideyalarım olurdu və onları təklif edirdim. Heç zaman ideyamı təklif etməkdən çəkinməmişəm. Düşünmürdüm ki, təklif edərəm yaxşı yanaşılmaz, doğru alınmaz. Təkliflərimin müsbət qarşılandığını görürdüm. Mən jurnalistika üzrə təhsil almışam, sonra press-reliz yazmağı öyrəndim, bu sahədə mətbuatla əlaqələr yaratdım. Sonra ailə qurdum, bir az ofis işlərindən uzaqlaşdım, amma yenə də evdən işləri görürdüm. Ofisdə olmasam da, işin içindəydim. Zamanla birlikdə irəlilədim və ötən il səsvermə ilə sədr seçildim”.

L.Mehdiyeva bildirdi ki, birlikdə gənclər üçün sərbəst, rahat bir iş mühiti olmasına çalışır: "Məndən əvvəl də birlikdə rəhbər olanların burda qoyub getdikləri yaxşı ənənələr var ki, onları davam etdirirəm, eyni zamanda daha da inkişaf etmək, geniş imkanlar əldə etmək üçün əlimdən gələni edirəm. Mənim üçün önəmli olan hər bir gəncin özünü burda rahat hiss etməsidir. Filan saatda hər gün ofisdə olmaq kimi məcburiyyət qoymuruq. Gənci nəyəsə məcbur etmək yox, qarşısına seçim qoymaq lazımdır. Özləri seçsinlər, rahat olsunlar. Eyni zamanda, özünə güvənən gənc fəaldırsa, istedadı varsa, innovativ düşüncəyə sahibdirsə, müxtəlif təşkilatlarda fəaliyyət göstərə, öz ideyalarını reallaşdıra bilir. Özünü inkişaf etdirmək, karyera qurmaq istəyən gənclərə də hər zaman qapılarımız açıqdır”.

"Bizim oğlan üzvlərimiz də var”

L.Mehdiyeva deyir ki, AGAT-da fərqli istiqamətli bir çox layihələr icra olunur: "Bu mövsüm gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam etdiririk. Bu istiqamətdə "Arzularını hədəfə çevir”, "Fitnes etikası”, "İnsaların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” və s seminarlar keçirmişik. Gənclər Fondunun dəstəyi ilə "Bloger V-bloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədiklərimiz” adlı layihəmiz olub. Dağlıq Qarabağla bağlı maraqlı bir layihənin təqdimatına hazırlaşırıq. AGAT nəzdində fəaliyyət göstərən "Etika Akademiyası”nın geniş fəaliyyəti vardır. Orada müxtəlif mövzularda - natiqlik, davranış qaydaları və liderlik üzrə təlimlər həyata keçirilir”.

Müsahibimiz qeyd etdi ki, AGAT-ın əsas məqsədi Azərbaycanla Avropa təşkilatları arasında əməkdaşlıq, Azərbaycan gənci prototipinin Avropada təbliğidir: "AGAT beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Növbəti aylarda bu istiqamətdə bir neçə səfərlərimiz planlaşdırılır”.
Sonda təşkilatda xanımların çox olması məsələsinə də toxunduq: "Xanımların çoxluq təşkil etməsi məqsədli deyil. Sadəcə, belə alınıb. İndi burda bir nəfər əks cinsin nümayəndəsini gördünüz, amma bizim aktiv fəaliyyət göstərən oğlan üzvlərimiz də var (Gülür). Sadəcə, bizdə sərbəst rejimdir, ona görə işləri olanda gəlirlər”.

Söhbətimizi yekunlaşdırıb ofisdən ayrılırıq. Xanımların toplaşıb nəsə söhbət edirdilər. Sözarası dedilər ki, bir yerə yığışanda adətən, işlə bağlı danışırlar, ya da xoş söhbətlər olur, qeybət yox.
Aygün Asimqızı




banner

Oxşar Xəbərlər