• cümə, 29 Mart, 05:23
  • Baku Bakı 7°C

“İşgüzar həyat xasiyyətimi, həyat tempimi çox dəyişib” - Uğur hekayəsi

03.06.14 10:35 8733
“İşgüzar həyat xasiyyətimi, həyat tempimi çox dəyişib” - Uğur hekayəsi
Yüksək balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Oxuduğu müddətdə Prezident təqaüdü alıb. 2007-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Bakalavr pilləsini bitirəndən sonra magistraturaya qəbul olub və oranı da fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Əmək hüququ və sosial təminat hüququ fakültəsinin dissertantıdır. 28 yaşlı baş vergi xidməti müşaviri, Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva ilə yaxından tanış olaq...
- Samirə xanım, ilk işə harada başlamısınız?

- Bakalavrı bitirib diplomumu alandan bir neçə gün sonra sənədlərimi Bakı Apelyasiya Məhkəməsinə verdim. O vaxt sözügedən qurum yeni yaranmışdı. Müsahibə yolu ilə sədrin köməkçisi vəzifəsinə qəbul oldum və orada 6 ay çalışdım. Düşünürəm ki, bir hüquqşünas üçün məhkəmə sistemində çalışmaq yaxşı bir təcrübədir. Əksər hüquqşünasın arzusudur ki, bir neçə müddət məhkəmə sistemində çalışsın. Çünki bu təcrübə hakimliyə gedən yolda vacibdir.
- Siz də hakim olmaq arzusu ilə hakim köməkçisi kimi çalışmağa başladınız?

- Mən ixtisasımı seçəndə yalnız hüquqşünas olmaq barədə düşünürdüm. Amma hüquqşünas olub hansı vəzifədə işləyəcəyimi tələbə vaxtı çox dərindən fikirləşməmişdim. Bircə onu bilirdim ki, işimə məsuliyyətlə yanaşsam, hakim də, prokuror da, istənilən qurumun hüquqşünası da, vəkil də ola bilərəm.
- Bəs necə oldu ki, hakim köməkçisi vəzifəsindən imtina etdiniz?

- Aktiv həyat yaşamağı həddindən artıq xoşlayıram. Stabil iş mənim üçün çox çətindir. Hər gün oturub yazı yazmaq mənə kifayət etmir. Xoşlayıram ki, işim həddindən artıq çox olsun və ilk baxışdan mənə elə gəlsin ki, bütün günümü həmin işə sərf edəcəyəm və bir dəqiqə boş vaxtım olmayacaq. İşimin həddindən artıq çox olması, bütün işlərimi qaçhaqovla, amma keyfiyyətli görmək məni ruhlandırır. Rahat oturub iş görmək məndə yaxşı nəticə vermir. Ən çox innovasiyaları tətbiq edən və gənc kadrların çox çalışdığı dövlət qurumlarından biri kimi Vergilər Nazirliyi hər zaman mənim üçün maraqlı idi. Qeyd edim ki, 2007-ci ildə cənab prezidentin müvafiq sərəncamı ilə “Hüquqi şəxslərin bir pəncərə prinsipi ilə qeydiyyatı” Vergilər Nazirliyinə həvalə olundu. Bu zaman sözügedən nazirlikdə müsabiqə keçirildi. Dil bilikləri, vətəndaşlarla ünsiyyət bacarığı olan gənc və nəzərə biliklərə mükəmməl yiyələnmiş hüquqşünaslar işə qəbul olunurdu. Mən də o müsahibədə iştirak etdim və Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində hüquqşünas kimi işə qəbul oldum. Orada çalışmaq bir hüquqşunasın inkişafı üçün gözəl bir təcrübədir. Həm vətəndaşlarla ünsiyyətdə olursan, sənə təqdim edilən sənədlərə dərhal hüquqi qiymət verir, rəyini bildirirsən, sənədləri qəbul edir, yaxud qəbuldan imtina edirsən. Bu, hüquqşünasın beyninin çevik işləməsinə çox müsbət təsir göstərir. Hiss etdim ki, aktivlik, işin çox olması mənə özümü tapmaqda kömək edir. Həmin idarədə çalışdığım dövrdə xarici səfərlərə gedir, beynəlxalq təcrübəni öyrənib qayıdandan sonra yerində tətbiq edir, işin təkmilləşdirilməsi istiqamətində təkliflər verirdim. Amma bunu vəzifədə irəli getmək üçün etmirdim, bu, ağlımdan belə keçmirdi.
- Amma ağlınızdan keçməyən başınıza gəldi. Nazirlikdə Hüquq İdarəsində rəis müavini vəzifəsinə irəli çəkildiniz...

- Bəli, 2010-cu ildə həmin vaxt mənim üçün gözlənilməz olan hüquqşünas vəzifəsindən Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkildim. Hüquq idarəsinə gəlmək tamam başqa hiss, başqa təcrübə idi. Hüquq İdarəsində işin əsas xüsusiyyəti ondan ibarətdir ki, sahibkarlığın bütün sahələrini, qanunvericiliyi dərindən bilməli, mərkəzi icra hakimiyyəti orqanının norma yaratma işlərində yaxından iştirak etməli, qanun layihələri hazırlamalı, məhkəmələrdə Vergilər Nazirliyinin mövqeyini müdafiə etməli, çalışdığın qurumun bütün sənədlərinin qanunvericiliyə uyğunluğuna cavabdeh olmalısan. Çoxşaxəli bir işlə məşqul olmaq məni sözün yaxşı mənasında daha da həyəcanlandırdı. Əmin oldum ki, daha çox öyrənməyim və nəzəri biliklərimi tətbiq etməyim üçün çox gözəl bir meydandır. Hər gün yeni bir şey öyrənirsən və öyrəndiyini tətbiq edirsən. İşin müsbət nəticəsini görəndə isə daha da ruhlanırsan.
- Rəis müavini təyin olunmağınızın üzərindən az bir zaman keçəndən sonra 2011-ci ildə Hüquq İdarəsinə rəis təyin olundunuz. Bunu eşidəndə necə qarşıladınız?

- Sözün doğrusu, Hüquq İdarəsinə rəis müavini təyin olunanda daha çox həyəcanlanmışdım. Bu, mənim üçün daha çox gözlənilməz olmuşdu. Bir gün Bakı Şəhər Vergilər Departamentində işdə oturarkən mənə dedilər ki, “Vergilər Nazirliyinə gedin, cənab nazir sizi qəbul edəcək”. Gənc kadr kimi məsuliyyət hissi məni həyəcanlandırdı. Dərhal işimi gözümün önündən keçirdim. Fikirləşdim ki, bildiyim qədəri ilə işimdə heç bir nöqsan yoxdur, yəni vətəndaşlarla problemim, onların xidmətlə bağlı hansısa şikayəti daxil olmayıb, qeydiyyatda hiss etdiyim, gördüyüm bir nöqsan yoxdur. Ağlıma gəldi ki, bəlkə görə bilmədiyim hansısa bir nöqsan var. Həyəcanla cənab nazirin qəbulunda oldum və mənə Hüquq İdarəsində rəis müavini kimi məsul vəzifənin həvalə olunduğunu dedi, işimdə uğurlar arzuladı. Bu, mənim üçün xoş bir təəccüb doğurdu. Amma verilən vəzifə məni işimin üzərində daha məsuliyyətli olmağıma sövq etdi. Düşündüm ki, mənə böyük etimad göstərilibsə, bunun öhdəsindən gəlməliyəm. Bir müddət sonra cənab nazirin məni hüquq idarəsinə rəis vəzifəsinə təyin etməsi də xoş təsadüf və mənim üçün daha böyük bir stimul oldu.
- Xanım rəhbər bir az sərt olduqda, tələbkarlıq nümayiş etdirdikdə, tabeliyində olanlar, xüsusilə kişilər onu “xanımlıq xüsusiyyətlərindən uzaq birisi” kimi qəbul edirlər. Çətin deyil ki, xanıma məxsus zərifliyi, incəliyi saxlamaqla rəhbərlik etmək? Yoxsa, hesab edirsiniz ki, iş başında xanımın incəlik, xanımlıq göstərməsinə ehtiyac yoxdur?

- Hər zaman hesab etmişəm ki, insanın davranışı, ətrafdakılara münasibəti, xasiyyəti onun cinsindən asılı olmayaraq şəxsiyyətinin ayrılmaz hissəsidir. Hər hansı bir struktura, quruma rəhbərlik etmək üçün yəqin ki, kobudluq, lüzumsuz tənqid, tənbeh istər kişi, istərsə də qadın üçün xoşagələn idarəçilik metodu deyil. Əgər rəhbər idarə etdiyi sahəni mükəmməl bilirsə, iş bölgüsünü düzgün və ədalətli aparırsa, bütün işlərə cari nəzarəti düzgün təşkil edə bilirsə, işin vaxtında və düzgün icrasını tələb edirsə, elə bu, ən sərt idarəçilikdir. Çünki rəhbərlik etdiyiniz strukturun əməkdaşı bilir ki, sizə hansısa işin nəticəsini üstüörtülü məruzə edə bilməz, hansısa nüansı gözdən yayındıra bilməz, işinə laqeyd yanaşa və ya işi yarımçıq, gecikdirməklə icra edə bilməz. Bunu edərsə, qanunvericiliyə, daxili normativ sənədlərə əsasən intizam məsuliyyətinə cəlb olunacaq və rəhbər bütün işlərə cari nəzarəti qura bildiyindən, bundan qaça bilməyəcək. Buna görə bu fikri daim inamla dəstəkləyirəm ki, ən sərt idarəçi işləri dərindən bilən və icrasına ciddi nəzarət edən, işçinin heç bir halda gözündən heç nə yayındıra bilmədiyi şəxsdir. Çox sevindirici haldır ki, çalışdığım qurumda belə idarəçiliyin daim şahidi oluram, bunun müsbət nəticələrini görürəm və bunu özümə nümunə götürürəm. Amma bir məsələni qeyd etmək istərdim ki, ciddi iş rejmi, daim məsuliyyətli qərarların qəbul edilməsi, işlərin nəticələrinin məruzəsinə məsuliyyətlə hazır olmaq və çalışdığın qurumu ayrı-ayrı dövlət və qeyri-dövlət qurumlarında, xarici ölkələrdə təmsil etmək, iş gününü qrafikləşdirmək, vaxtını daim idarə etmək insanın xasiyyətində müəyyən dəyişikliklərə gətirib çıxarır. Deyərdim ki, bu, müsbət bir dəyişiklikdir. Adi məişət həyatında, məsələn, istirahət günü və ya məzuniyyətdə olarkən də, vaxtını bölürsən, gün ərzində görəcəyin işlərin sayını və ardıcıllığını öncədən müəyyən edir və sanki öncədən planlaşdırdığın işin görülməməsi hansısa mənfi nəticəyə gətirib çıxaracaqmış kimi mütləq o işi görürsən. Bunu ətrafdakıların təəccüblü reaksiyasından hiss etmişəm. Amma özüm çox vaxt bunu hiss etmirəm, sonradan mənə bunu deyəndə kənardan özümə baxıram və anlyıram ki, işgüzar həyat mənim xasiyyətimi, həyat tempimi çox dəyişib. Vaxtımın kifayət qədər çox olduğu vaxtda belə saata baxaraq, tez bir zamanda məişət işlərimi həll edirəm. O ki qaldı xanım kimi zərifliyi itirib-itirməməyə, həmkarlarımla, rəhbərlik etdiyim strukturun əməkdaşları ilə münasibətdə əvvəl də qeyd etdiyim kimi, kobudluq yox, sadəcə tələbkarlıq nümayiş etdirirəm. Məncə, xanım hansı mövqedə, hansı vəzifədə çalışmağından asılı olmayaraq, özünə, işinə, ailəsinə hörmətlə yanaşmalı, davranışında heç bir xoşagəlməz hərəkətə yol verməməlidir.
- Deyilənlərə görə, kişilər xanım rəhbərlərin “danlağından” sonra özlərinə gələ bilmir və bu, kişi işçilərdə nifrət hissi oyadır.Təbii ki, kimsə işinə məsuliyyətsiz yanaşanda onu yüngül formada da olsa, tənbeh etmək, səhvini demək lazımdır. Siz belə halla rastlaşmısınızmı və problemi necə həll etmisiniz?

- İşimiz bizdən diqqət, məsuliyyət, zəhmət, nəzakət, sürət, dəqiqlik tələb edir. Bəzən əməkdaşlara verilmiş tapşırıqların icrası gözlənilən səviyyədə olmaya bilir. Bu, real işlər görülən strukturlarda çox normal bir haldır, iş olan yerdə xırda nöqsanlara yol verilə bilir. Bu zaman əməkdaşlara irad bildirilir, yol verilmiş nöqsan izah edilir və aradan qaldırılmasına dair tövsiyələr verilir. Burada struktur rəhbəri kimi əlbəttə, sərt münasibət bildirilən hallar da olur və omlalıdır. Amma bu, heç bir halda etik normalardan kənara çıxmamalı, heç bir əməkdaşın şəxsiyyətinə toxunmamalıdır. Əksinə, həmin əməkdaşın gələcəkdə oxşar xətaya yol verməməsinə yönəlmiş öyrədici, istiqamətverici və əgər diqqətsizlikdən baş verən bir xətadırsa, tənbehedici xarakter daşıyan münasibət olmalıdır. İdarəmizin istər kişi, istərsə də qadın həmkarları bilirlər ki, mənim onların hər birinin şəxsiyyətinə, savadına böyük hörmətim var. Amma bu, yuxarıda qeyd edilən iş prinsiplərinə əməl edilməsində heç kimə güzəştin verilməsinə gətirib çıxara bilməz.
- Əkiz oğlunuz var. Ailəli bir xanım kimi belə bir məsuliyyətli işdə çalışmaq, balansı qorumaq çətin deyil ki?

- Hüquq idarəsinin rəis müavini olanda ailə həyatı qurdum. Ailə həyatı quranda iş rejimim, işim və işimə olan münasibətim bəlli idi. Ailə qurduğum insan da ayrı bir dövlət orqanında çalışdığı üçün işimə, işimə olan həvəsimə də valideynlərim kimi çox böyük hörmətlə yanaşdı. Elə ki, evə yaxşı əhval-ruhiyyədə dönürəm, həyat yoldaşım deyir ki, “bu vaxt evə gəlmisən, amma maşallah, heç yorğun görünmürsən”. Deyirəm ki, “təsəvvür etməzsən bu gün nə öyrənmişəm”, yaxud “bu gün uzun müddətdir üzərində işlədiyimiz bir işi gerçəkləşdirib yekunlaşdırmışıq”. Düzdür, övlad dünyaya gəldikdən sonra insan özünü övladlarına borclu sayır, onunla daha çox vaxt keçirmək istəyir. Hər bir işləyən valideyn kimi mən də, yoldaşım da bunu artıq bir nizama salmışıq. Amma onu deyim ki, bəlkə də bütün günü evdə olan valideyn gün ərzində uşaqla bir saat belə bir yerdə olmur, üz-üzə dayanmır. Amma mən işdən gələn kimi vaxtımın hər anını, hər saniyəsini demək olar ki, övladlarımla keçirirəm. Bu müddət ərzində onlara nəsə öyrətməyə çalışıram, birlikdə şəkil çəkirik, nəsə oxuyuruq, yazırıq, şer öyrənirik. Elə bir gün olmur ki, biz işdən gələk və vaxtımızı uşaqlarla səmərəli keçirməyək, bir yerdə oyun qurmayaq, yaxud bir şeir öyrənməyək. Bəlkə də həyat tərzim məcbur edib ki, mən işdən qalan vaxtımı övladlarımla keçirim. İşdən sonrakı vaxtımı onlarla keçirdiyim üçün hiss edirəm ki, onlar o kəsiri, kasadlığı hiss etmirlər. Təbii ki, həftə sonları da ancaq onlarla oluram.
- Ənənəvi sualımız: karyera pilləsində uğur qazanmağınızın sirri nədədir?

- Karyerada uğur qazanmağın ən böyük sirri “karyera”nı düşünmədən işini həvəslə, həyəcanla, sevgiylə görməkdir. Bu da yəqin ki, hələ orta məktəbi bitirərkən ixtisas seçimindən başlamalıdır. İnsan əmin olmalıdır ki, həyatının böyük əksəriyyətini sərf etdiyi iş onu yormayan, həvəsdən salmayan, əksinə ruhlandıran iş olacaq. Bu gün çox sevinirəm ki, gənclərimiz çox inkişaf edir. Onlara hər zaman tövsiyə edirəm ki, əmək fəaliyyətinə başlayarkən sadəcə onlara tapşırılmış cari işləri görməklə kifayətlənməsinlər, daim öz üzərilərində çalışsınlar, kollektivdən yaxşı mənada fərqlənməyə, işə yaradıcı yanaşmağa, səmərəli təkliflər verməyə çalışsınlar. Ən vacib amillərdən biri də malik oluğumuz nəzəri və praktiki biliklərlə kifayətlənməməli, nəsə yeni bir şey öyrənmək, daim təkmilləşməkdir. Belə olan halda, həmin işçi diqqətdən kənarda qala bilməz. Mən ən azından öz çalışdığım strukturda, özümə münasibətdə və ətrafdakı həmkarlarıma münasibətdə çox aydın şəkildə görürəm k, çalışan, işinə məsuliyyətlə yanaşan heç bir kadr nəzərdən kənarda qalmır.
Lalə MusaqızıUğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi">

banner

Oxşar Xəbərlər