AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İsfəndiyar Vahabzadə:

İsfəndiyar Vahabzadə: "Böyük Vətən müharibəsi illəri sovet tarixində qəhrəmanlıq dövrüdür"

Təfsilat
08 May 2016, 18:18 919
"Böyük Vətən Müharibəsi illəri sovet tarixində çətin dövr və eyni zamanda qəhrəmanlıq dövrü olub". AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə bu fikri mayın 7-də Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr edilmiş anım mitinqində söyləyib. Hazırda Minsk küçələrindən biri Nəcəfqulu Rəfiyevin adını daşıyır. Diplomat onu da qeyd edib ki, mayın 9-da Böyük Qələbənin növbəti ildönümü qeyd ediləcək. O deyib: "Müharibə illəri sovet tarixində ən çətin dövr, amma eyni zamanda qəhrəmanlıq dövrü olub”. İsfəndiyar Vahabzadə etiraf edib ki, müharibənin nə demək olduğunu şəxsi təcrübəsindən bilir, çünki Əfqanıstanda döyüş əməliyyatlarının iştirakçısı olub.
Səfir deyib: "Böyük Vətən Müharibəsi illərində Qələbəyə gedən yol uzun və çətin idi. Bütün başqa xalqlarla bərabər, Azərbaycan xalqı da çətin sınaqlara sinə gərib”. O xatırladıb ki, həmin dövrdə SSRİ-də cəbhəyə göndərilmək üçün istehsal edilən neftin və neft məhsullarının ümumi həcminin 80 faizdən çoxu Azərbaycanda istehsal edilirdi. Döyüş əməliyyatlarında təxminən 600 min azərbaycanlı iştirak edib, onlardan təxminən 300 min nəfəri Sovet İttifaqının və Avropa ölkələrinin faşist işğalçılarından azad edilməsi uğrunda canından keçib.
İ.Vahabzadə deyib: "Ön cəbhədə göstərilən igidlik və arxa cəbhədə fədakar əmək dövlət tərəfindən yüksək qiymətləndirilib. Respublikanın sənaye və kənd təsərrüfatı müəssisələrinin on minlərlə işçisi orden və medallarla təltif edilib. Azərbaycanın 170 mindən çox döyüşçüsünün göstərdiyi rəşadət və igidlik təltiflərlə qeyd olunub, onlardan 128-i Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb”.
Onun sözlərinə görə, bu qəhrəmanlardan biri də Belarusun azad edilməsi uğrunda döyüşlərdə fərqlənmiş Nəcəfqulu Rəfiyev olub. Tank taqımının komandiri Nəcəfqulu Rəfiyev hücum zamanı taqımın fəaliyyətini məharətlə təşkil edib.
Səfir deyib: "Bu gün biz fəxr edirik ki, Minskdə Sovet İttifaqı Qəhrəmanı, igid Azərbaycan tankçısı Nəcəfqulu Rəfiyevin adını daşıyan, onun xatirə lövhəsi vurulmuş bir küçə var. Bilmirəm, taleyin qismətidirmı, ya sadəcə təsadüf, amma Belarusun Bakıdakı səfirliyi də məhz Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə yerləşir”.
Azərbaycanın diplomatik nümayəndəliyinin başçısı veteranları, onların doğmalarını və yaxınlarını qarşıdan gələn bayram münasibətilə təbrik etib, Belarus və Azərbaycan xalqlarına firavanlıq, mədəni irsin qorunub saxlanmasını və daha da artırılmasını arzulayıb.
Anım mitinqində Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, "Qobustan” Azərbaycan cəmiyyətinin sədri Baxşı Qəmbərov və başqaları çıxış ediblər. Qeyd olunub ki, iki ölkənin xalqlarını möhkəm tarixi, siyasi və mədəni əlaqə telləri birləşdirir, Nəcəfqulu Rəfiyevin igidliyi isə qardaş xalqlar arasında daha bir bağlayıcı vasitədir.
Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranları adından çıxış edən Tamara Pavlova müharibə illərində onun xilaskarı olmuş Nəcəfqulu Rəfiyev haqqında xatirələrini söyləyib, bildirib ki, o vaxt on bir yaşlı uşaq idi. T. Pavlova Azərbaycan xalqının Belarusun və Minskin azad olunmasına verdiyi töhfə üçün təşəkkürünü bildirib.