• cümə, 26 Aprel, 10:50
  • Baku Bakı 12°C

İSESCO-nun baş direktoru: “Azərbaycan torpaqlarının işğalı çox narahatedicidir”

29.05.13 18:25 1402
İSESCO-nun baş direktoru: “Azərbaycan torpaqlarının işğalı çox narahatedicidir”
“Ermənistan torpaqlarımızın 20 faizini işğal edib, 1 milyon insan bunun nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu, bizim faciəmizdir”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi haqda sualı cavablandıran Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycanın yerləşdiyi regionda uzun sürən münaqişələr mövcuddur və bunların əsas səbəbi SSRİ-nin dağılması prosesi zamanı baş verən qonşu ölkənin təcavüzüdür: “Mən bu münaqişələrin kökləri barədə çox danışmaq istəməzdim, amma razılaşmalıyıq ki, təcavüz hələ də davam edir. BMT TŞ-nin 4 qətnaməsi var və onlar yerinə yetirilmir, bu də bizi təəssüfləndirir. Azərbaycan sülhsevər ölkədir və burada xalqların, dinlərin, ənənələrin birgə mövcudluğu hamıya bəllidir. Amma bizim qonşumuz Ermənistan monoetnik dövlətdir. Biz onları mədəniyyətlərarası dialoqla bağlı tədbirlərə dəvət edirik, MDB və bir sıra digər təşkilatlarda birgə təmsil olunuruq. Lakin Azərbaycan hökumətinin mövqeyi belədir ki, qətnamələr yerinə yetirilməsə və münaqişə həll olunmasa, biz iqtisadiyyat və digər sahələrdə onlarla kontaktlara getməyəcəyik”.
İSESCO-nun baş direktoru Əbdüləziz əl Tüveycri isə Ə. Qarayevin sözlərinə qoşularaq əlavə edib ki, Azərbaycan torpaqlarının işğalı faktı çox narahatedicidir: “Belə qənaətə gəlmək olar ki, bəzi Qərb dairələri stabil ölkələrdə qeyri-stabil vəziyyət yaratmaq istəyirlər. Azərbaycan tolerant ölkədir. Bu gün nümayiş olunan filmdə də göstərildi ki, müxtəlif dinlərin nümayəndələri necə birgə yaşayırlar. Cənab nazirin dediyi kimi, BMT TŞ 4 qətnamə qəbul edib, lakin onlar yerinə yetirilməyib. İndi nə baş verməlidir, Azərbaycan təslim olmalıdır? İnsanların istəyinə hörmətlə yanaşmaq lazımdır. Azərbaycan xalqı öz liderini, Konstitusiyasını seçib, onlar xoşbəxt yaşayırlar, gəlin o zaman bu xalqı dəstəkləyək. Burada qeyri-stabil vəziyyət yaratmaq lazım deyil. Media vasitəsilə həmin dairələrə demək istəyirəm ki, İslam dünyasını rahat buraxın, bizim işlərimizə qarışmayın, öz problemlərimizi özümüz həll edə bilərik”.
banner

Oxşar Xəbərlər