• cümə, 29 Mart, 12:34
  • Baku Bakı 14°C

“İşə salan” iş düzəldənlər

11.07.13 08:54 10823
“İşə salan” iş düzəldənlər
"Xarici şirkətə ali və orta ixtisaslı mühəndislər, həkimlər, iqtisadçılar, hüquqşünaslar, zabitlər və müəllimlər işə dəvət olunurlar. Yuxarı kurs tələbələri müraciət edə bilərlər. Əməkhaqqı yüksəkdir və iş vaxtı sərbəstdir”. Yəqin ki, metro vaqonlarının, avtobusların, evlərin, ofislərin, dövlət idarə və müəssisələrinin divar və liftlərində hər kəs belə elanlarla tez-tez qarşılaşırlar. Kim xarici şirkətdə yüksək əmək haqqı ilə və üstəlik də iş vaxtı da sərbəst olan iş yerində işləmək istəməz. İşə ehtiyacı olan hansı insan yüksək maaşlı iş elanlarını əldən verər? Maraqlıdır, görəsən iş axtaranlar "göydəndüşmə” olan bu elanların dalınca düşəndə hansı situasiya ilə qarşılaşırlar?
"Tiens”-in pul tələsi
Bu iş elanlarından biri işləməyə ehtiyacı olan müsahibimiz Rövşənin də diqqətini çəkib. Rövşən elanın altında göstərilən nömrəyə zəng edib və "Tiens” adlanan həmin şirkətə yollanıb. Müsahibimizin dediklərinə görə, onu burada çox gözəl qarşılayıblar: "Ofis "28 May” metro stansiyasının yaxınlığında yerləşirdi. Ofisdə çox gözəl qarşılandım və mənə burada işləyərək aylıq 1000 manata qədər maaş ala biləcəyimi söylədilər. Lakin işə düzəlmək üçün ilk öncə müqavilə imzalamalı idim. Müqaviləni imzalamaq üçün isə 10 manat pul tələb olunurdu. Normal olaraq düşündüm ki, mən bu qədər maaş alacamsa, 10 manat onun yanında nədir ki. Pulu ödədim və 1 həftə bizə təlim keçməyə başladılar. Daha sonra məndən 300 manatlıq dərman alıb satmağımı istədilər və özümdən başqa da buraya işçilər gətirməyimi tələb etdilər. Guya ondan sonra mənə yüksək maaş verəcəkdilər. 300 manat ödədim və kökəlməyə, sivilcələrə qarşı kapsulalar aldım. Daha sonra isə onların tələb etdikləri kimi 3 nəfər tələbəni də cəlb etdim. Onlar da mənim kimi 300 manat pul ödədilər. Lakin ay sonunda nə mənə, nə də gətirdiyim şəxslərə maaş ödəmədilər. Olan bizim ödədiyimiz pullara oldu. Mən rayondan təzə gəlmişdim və pula çox ehtiyacım var idi, fırıldaqçı olmaları ağlıma belə gəlməzdi”. Müsahibim bildirdi ki, orada işləyən 50 –dən çox işçi var idi, amma heç biri maaş almırdı. Hamı yalandan bir-birini aldadırdı ki, guya maaş alır: "Belə elanlarla bağlı telefonla zəng vuranda heç bir məlumat vermirlər. İş axtaran şəxsi ofisə dəvət edirlər. Ofisdə isə bir xanım sözün əsl mənasında sizin başınızı bişirməyə çalışır. Guya bu xanım da 2 il bundan əvvəl buraya işə düzələndə pulsuz imiş amma indi 2 evi və 1 maşını var”. Rövşən bu işə metrolarda vurulan elan vasitəsilə getmişdi. Bəs işədüzəltmə agentlikləri necə? Agentliklərdə işə düzəltmə şərtləri necədir?
"5 manata anket doldurun”
Məsələni aydınlaşdırmaq üçün iş axtaran qismində "İlkin” işədüzəltmə şirkəti ilə əlaqə saxladıq. Telefona cavab verən oğlan bizimlə söhbətində firmalarında hər növ iş olduğunu bildirdi: "Bizim işə düzəltmə firmamızda çox adam işlə təmin olunur. Burada ofis işindən tutmuş xadiməyə qədər hər növ iş var. Əgər siz də işə düzəlmək istəyirsinizsə, ofisimizə gələrək anket doldurmalısınız. Anketin üçün əvvəlcədən 5 manat ödəyərək, şəxsiyyət vəsiqənizi bizə verirsiniz. Biz sizi istədiyiniz işə göndəririk. İşə düzəlməyiniz müqabilində isə ilk maaşınızın yarısını bizə ödəməlisiniz”.
"Firmalar insanları soyurlar”
İş axtarmaq üçün işə düzəltmə şirkətinə müraciət edən Zahidə Əliyevanın sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən işədüzəltmə şirkətlərinin çoxu anket puluna işləyir: "Mən uzun müddətdir iş axtardığım üçün bir çox firmalara müraciət etmişəm. Onlar ancaq işə düzəltmək vədləri ilə insanları soymaqla məşğuldurlar. Bundan bir neçə gün öncə "Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən "Moon” işədüzəltmə firmasına müraciət etdim. Məndən anket doldurmağımı istədilər və anket üçün 5 manat pul ödədim. Mənə bir telefon nömrəsi və ünvan verdilər ki, get buraya müraciət et. Amma nə mənə verilən nömrəyə zəng çatırdı, nə də ünvanı tapa bilirdim. Sonradan məlum oldu ki, elə ünvan ümumiyyətlə yox imiş”.
"Vəsiqəm girov götürüldü”
İşədüzəltmə agentliyi tərəfindən aldadılan Vüsalə Əliyeva da bizimlə söhbətində bildirdi ki, "Xəzərservis” şirkəti 5 manat pul ödəyib anket doldurduqdan sonra, şəxsiyyət vəsiqəsini girov saxlayaraq onu işə göndərib, lakin vəziyyət ürəkaçan olmayıb: "2 gün işlədikdən sonra iş şəraiti xoşuma gəlmədiyi üçün işdən ayrılmaq qərarına gəldim. Lakin şirkətdən şəxsiyyət vəsiqəmi ala bilmirdim. Onlar 2 gün işlədiyim üçün aldığım 20 manat məvacibin yarısını istəyirdilər. Amma mənimlə bağlanan müqavilədə 1 ay işlədikdən sonra əmək haqqımın yarısını ödəməli idim”.
"Müəssisələr qanunsuz fəaliyyət göstərir”
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, əmək qanunvericiliyinə və Azərbaycanın tərəfdaş çıxdığı Beynəlxalq Əməkdaşlıq Konvensiyasına görə, işədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən pul almamalıdır: " Çox təəssüf ki, bu gün fəaliyyət göstərən özəl işə düzəltmə xidmətlərində bu prinsip pozulur. Halbuki əmək qanunvericiliyinin tələbinə görə, işədüzəltmə agentlikləri gəlirlərini işçidən yox, işəgötürəndən almalıdır. Yəni işəgötürən işə düzəltmə xidmətinə sifariş verməlidir ki, bu keyfiyyətdə, bu sayda, bu peşələr üzrə mənə bu qədər işçi tap ver və işəgötürən həmin işçilərə görə müqavilə əsasında işədüzəltmə bürosuna pul ödəməlidirlər. Bizdə isə tam əksinədir, bu pulu işçidən alırlar, özü də işçinin şəxsiyyət vəsiqəsini girov saxlayırlar. Bu, yolverilməz qanun pozuntusudur”.
Fırıldaqçılıq
S.Məmmədovun sözlərinə görə, işədüzəltmə bürolarının bir çoxu fırıldaqçılıqla məşğul olurlar: "Onlar şirnikləndirici elanlar verərək iş axtaranların diqqətini cəlb edirlər. İşçi müraciət etdikdə isə anket doldurmalarını tələb edirlər və bunun müqabilində 5-10 manat pul alırlar, sonra işçini yola salırlar ki, biz sizinlə əlaqə saxlayacağıq. Bunun üzərindən aylar keçir, həmin şəxsə zəng olunmur. Şəxs onlarla maraqlananda isə onlar bu gün-sabah deyə-deyə həmin pulu qaytarmırlar. O qədər bezdirirlər ki, həmin şəxs görür ki, aldanıb əl çəkir. 10 manata görə şikayət etmək, məhkəmə davası açmaq da istəmir. Çünki məhkəməyə iddia verəcəksə, bu, daha böyük xərc tələb edir və işədüzəltmə firmaları bu vəziyyətdən sui-istifadə edirlər. Onlar bilirlər ki, heç kim 10 manatın arxasınca düşüb axıra qədər gedəsi deyil”.
İnsan alveri və işədüzəltmə müəssisələri
Ekspert vurğuladı ki, işədüzəltmə müəssisələrinin fəaliyyətləri nəzarətə götürülməlidir: "Bəzən insan alverinin qurbanlarını belə müəssisələr yoldan çıxarırlar. Məsələn, xaricdə bir çox insan alverçiləri işədüzəltmə adı altında milyonlarla insanı aldadaraq insan alverinin qurbanına çevirirlər. Yüksək gəlirli iş təklifi ilə xüsusilə də, cavan qızlar ölkədən çıxarılır və xaricdə fahişəliyə cəlb olunur. Firmalar bir sıra hallarda 25 yaşına qədər cavan qızları işə götürürlər, ya da işə düzəlmək istəyən şəxsin xarici görünüşünə baxaraq işə göndərirlər. Bu artıq şübhələnmək üçün əsas verir. Belə bir şərt Əmək Məcəlləsinin tələblərinə də ziddir.
Qeyd edək ki, bundan bir neçə ay öncə Almaniyada işə düzəltmə xidmətinə müraciət edən qızın başına gələn hadisə mətbuatda səs-küyə səbəb olmuşdu. Belə ki, ofisiant işi axtaran qız məhəbbət evlərindən birində fahişə kimi işləməyə göndərilmişdi.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər