İşə qəbul üzrə imtahanların nəticələri məlum olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil
müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə
direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri,
psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə
işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri
açıqlanıb.
Nəticələrə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555
nəfəri keçid balından yüksək nəticə göstərib. İmtahanların nəticələrinə və
mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib. Belə
ki, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə keçid
balı 28, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul
üzrə keçid balı 25, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə
qəbul üzrə keçid balı 25, psixoloq vəzifəsinə işə qəbul üzrə keçid balı 28,
uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçid balı 26,
laborant vəzifəsinə işə qəbul üzrə keçid balı 18, kitabxanaçı vəzifəsinə işə
qəbul üzrə keçid balı 15 müəyyən edilib. Müəyyən edilmiş keçid ballarına
əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə
106, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul
üzrə 54, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə
21, psixoloq vəzifəsinə işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri
vəzifəsinə işə qəbul üzrə 54, laborant vəzifəsinə işə qəbul üzrə 248,
kitabxanaçı vəzifəsinə işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə iştirak
etmək hüququ qazanıb.
İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin
şəxsi səhifələrinə göndərilib. Keçid balından yüksək nəticə göstərən namizədlər
müsahibə mərhələsinə dəvət olunacaqlar.