• şənbə, 20 Aprel, 16:29
  • Baku Bakı 23°C

“İşdən başqa hobbim yoxdur”

19.04.17 11:00 1213
“İşdən başqa hobbim yoxdur”
Sovet estradasının ulduzu Alla Puqaçova bu günlərdə ad gününü qeyd edib. Primadonnanın uzun fasilələrdən sonra verdiyi müsahibələr isə istənilən media orqanının əsil bayramına çevrilir. "Komsomolskaya pravda” bu baxımdan özünü şanslı sayır.
Öz mahnımı axtarırdım
- Sizin haqqınızda çoxlu şayiələr gəzir.
- Qoy gəzsin.
- Deyirlər…
- Bilirəm nə deyirlər. Təəssüf ki, şayiələrə heç nə ilə haqq qazandıra bilmərəm.
- Bəs buna necə yanaşırsınız: qapınızın girişində daim qızlar dayanır.
- Əgər onların durmağa yerləri olsaydı, bəlkə girişdə oturmazdılar.
- Öz populyarlığınızı necə izah edirsiniz?
- Nəyi nəzərdə tutursunuz?
- Deyirlər Fransada konsertiniz baş tutmayıb?
- Əgər bu doğrudursa, torpaq ayağımın altından qaçsın. Görürsünüz ki, mən torpağın üstündə durmuşam.
- Sizə elə gəlmirmi, əgər hədsiz sərbəstliyinizdən, dəyişilməməyinizdən imtina etsəydiniz, pərəstişkarlarınız daha çox olardı?
- Bəlkə başqaları daha çox sıxılır deyə, mən həddən artıq sərbəst görünürəm? Mən utancaq olanda və ətəyim uzun, telim qısa olanda sürəkli alqışlarınızla harada idiniz?
- Bu doğrudurmu, sizin əcdadınız Yemelyan Puqaçova gedib çıxır?
- Ola bilər... Onun qaynar qanını öz damarlarımda hiss edirəm.
- Fonoqrama ilə oxumağa necə baxırsınız?
- Bu mövzuda söhbətlərə pis yanaşıram: insanın başından parikini, ağzından protez dişini çıxartmırlar ki...
- Siz də həmişə fonoqrama ilə oxuyursunuz?
- Konsertlərdə həmişə canlı oxuyuram.
- Sizcə, bunun anlamı nədir, nakam məhəbbət?
- Mən bunu başqaları üçün oxuyuram.
- Siz uğura uzun-uzadı, illərlə yol gəlmisiniz.
- İncəsənətdə qısa yol olmur.
- Bu illər nə ilə yadda qaldı?
- Mən öz mahnımı axtarırdım.
- Öz mahnım – nə deməkdir?
- Yaşadığım, düşündüyüm, hiss etdiyim… Paltarı başqa çiyinə geyinmək olar, mahnını yox. Bunu başa düşməmək öz siması olmamaq kimidir. Bu da bir çox ifaçıların bədbəxtliyidir. Baxın, Edita Pyexa yalnız öz mahnılarını oxuyur. Ona görə ikinci Pyexa ola bilməz. Pisdir, ya yaxşıdır - necə varsa elədir.
- Siz öz mahnılarınızı harada axtarırdınız?
- Axtarış üçün həmişə yer və ya künc tapmaq mümkündür. Mən Sibirdə, yeməkxanalarda, ayaqüstü konsert zalına çevrilən yerlərdə oxuyurdum. Və mənə deyirdilər: «Necə də gözəl oxuyursan. Elə oxu ki, ayaqlarımız oynasın».
- Siz o vaxtdan bu məsləhəti xatırlayırsınız? Bu qədər ehtiras, intəhasızlıq sizdə haradandır?
- Estradada mənim iştahasızlığım istedadım çərçivəsindədir. Əgər mən yanmıramsa, demək pis oxuyuram. Baxın, Ruslanovaya – o, ehtirasdır. Onu çox sevirəm. Rus mahnılarını çox xoşlayıram, bu mahnılarla böyümüşəm. Mən rus xorları ilə zənginləşmişəm.
- Bununla yanaşı fikirlər də var ki, siz Qərb nümunələrini təkrarlayırsınız.
- Ancaq Qərbdə deyirlər ki, mən onlara mahnı mədəniyyətini öz vətənimdən gətirirəm.
- Siz yalnız sovet bəstəkarlarının mahnılarını oxuyursunuz?
- Hə…
Mən - qadınam
- Sizin mahnılarınız necə yaranır?
- Bu, uzun sürən doğuşlardır. Elə mahnılarım var ki, mən onların üzərində uzun illər işləyirəm, ancaq heç cür üzə çıxara bilmirəm. Mahnı üzərində işləməyi özünə doğmalaşdırmalısan. Məsələn, Rezniklə, Paulsla görüşən kimi dərhal işləməyə başlayırıq. Bunun üçün xüsusi təyin edilən vaxt yoxdur. Hərdən də bizə elə gəlir ki, istirahət edirik, sonra məlum olur ki, biz işləyirik. Etiraf etməyə də utanıram, hətta, mənim işdən başqa hobbim yoxdur.
- Siz hər şeydən çox məhəbbət haqqında oxuyursunuz.
- Mən – qadınam.
- Məhz bu şərait sizin ünvanınıza bir çox qınaqları yönəldib: hesab edirlər ki, qadın başqa cür olmalıdır.
- Biz qadınlar eyni olsaydıq, kişilər nə edərdi? Dünyada nələr baş verərdi? Bəzən məni saman altından su yeridən qadınlarla müqayisə edirlər. Çətin ki, onlar kosmosa uça, traktor sürə və kişiləri idarə edə bilərlər. İncəsənət reallığı əks etdirməyə bilməz.
- Ancaq həqiqət dəyişir...
- Məni təkcə televiziyadan tanıyanlar bilirlər ki, qəhrəmanlarım da dəyişir. Əvvəlcə onlar ekssentrik qadınlar, tragikomik, dramatik obrazlar idi. Sənin yanından ötüb keçənləri saxlamaq üçün hansısa şok lazımdır. «Müğənnilərin monoloqu» proqramının qəhrəmanları lirik, romantikdir. Əgər mən əvvəllər insanın insana məhəbbəti haqqında oxuyurdumsa, indi isə insanlığın insanlığa məhəbbəti haqqında oxumaq istəyirəm.
- Bu sevgiyə mane olan nədir?
- Soyuqqanlılıq... Bilirsinizmi, nə zaman ki, insan qəlbi düz olur, onda ürək də düz döyünür və insan heç nəyə heyfsilənmir. Çünki o hər şeyə biganədir. İndi tez-tez şikayətlənirlər ki, salondakı insanlar ağlamır. Xoşbəxtəm ki, mən oxuyanda ağlayırlar.
- Sizcə, hansı keyfiyyətlər insanları bir-birinə düşmən edir?
- Hamının öz xeyrini axtarması, hiyləgərlik, paxıllıq, incəsənətdə qabiliyyətsizlik. Bütün bunlar bir yerdə… Belə bir söz var, hamısını birləşdirsək – ürəksizlik. Bu, laqeydlik və özünü sevməkdir, amansızlıq və müharibədir. Hər şeydən əvvəl mənim varlığım ürəksizliyə qarşı üsyan edir.
- «Puqaçov üsyanı»? Əgər siz bütün bunları bir neçə sətirdə ifadə etsəydiniz, mahnıda necə alınardı?
- Mən hələ də dəyişirəm, nədənsə uzaqlaşır, nəyəsə yaxınlaşıram. Ancaq ifadə edə bilmirəm. Mənim belə mahnım var: «Yaşa, yan və sönmə!», «Təkcə mövcud olma, həm də yaşa».
- Sizə oxumağı kim öyrədib?
- Anam. O, oxuyurdu, yaxşı səsi var idi. Ancaq müharibədən sonra təhsil almaq onun üçün gec idi. Ona görə də qızını – məni oxutdurdu. «Qoy oxusun, arzularımı onda tapacağam» dedi. Anam Zinaida Arxipovna cəbhəçi idi. Sonradan o, 13 il evdə oturdu, uşaqlarını böyütdü. Atam Boris Mixayloviç də cəbhəçi idi. Onun yumor hissi, həm də qəlb genişliyi mənə də keçib.
Təmiz hava axtarışı
- Mənə elə gəlir ki, səhnədən kənarda siz öz ampluanızın ağır yükünü daşıyırsınız...
- Vısotski də belə idi. Yadınızdadırmı, personajları ondan qidalanırdı. Bu, şəxsiyyətdir. Bu isə sadəcə, ampluadır. Demək, mənim üçün hər şey irəlidədir.
- Siz daha çox kimlərin xoşuna gəlmək istəyirsiniz?
- Ən gülməli arzudur – hamının xoşuna gəlmək.
- Siz hərdən tamaşaçılarınızı bezdirirsiniz?
- Yox, heç vaxt… əgər bilsəm ki, zalda məni qəbul etməyənlər var, onlar üçün oxuyuram. Onların qəlbinə yol tapmağa çalışıram. Həmişə də öz-özümə «sanki axırıncı dəfə oxuyursan kimi oxu» deyirəm. Yoxsa, bütün bunlar nəyə lazımdır?
- Amma siz axı çox şeylərə nail olmusunuz?
- Ona görə ki, mənə bircə dəqiqə də dayanmaq olmaz. Yeni şeylər axtarmaq, irəli, yenə də irəli getmək lazımdır. Özündən daim narazılıq – bu, mənim xüsusiyyətimdir.
- Konsertlərin birində səhnəyə çıxan qızlar «Milyon qızıl gül»ü təsvir etməli idilər. Amma əsasən daha çox güllərin gövdələrini göstərdilər. Bunu siz düşünmüşdünüz? Ümumiyyətlə, necə fikirləşirsiniz, sizə rejissor lazımdır?
- Mən düşünməmişdim. Rejissor isə lazımdır. Mahnını tamaşa kimi təqdim etməlisən. Bunu müğənni özü bacarmaz. Əlbəttə, elə adam lazımdır ki, bunu düşünə bilsin və sən ona etibar edəsən. Gözəl rejissorlar var. Onlardan biri də mənim evimdə yaşayır. Ancaq o, mənim konsertimdə heç vaxt iştirak etməyib.
- Bəs bəstəkarlar sizə necə yanaşırlar?
- Yaxşı olar ki, bunu onların özündən soruşasınız.
- Məsələn, Tuxmanov haqqında nə deyərdiniz?
- Münasibətim yaxşıdır, ola bilər ki, nə vaxtsa biz onunla görüşək.
- Kinoda çəkilmək istərdiniz?
- Hə... Lyubov Orlovanın kinodakı dövrünü arzulayıram.
- Onilliklərdən çox məşhurluq – böyük müddətdir. Bunu necə izah edərsiniz?
- Dəblə deyil, əlbəttə. Müğənni dəbi tapmalı, diktə etməli və diqqəti özünə yönəltməlidir. Əgər dözməsən, dəbin dairəsinə düşməsən o sənə kömək etməyəcək. Bunun üçün özünə əminlik və sona qədər işləmək lazımdır.
- Ən böyük dostunuz kimdir?
- Anam.
- Qızınızın necə böyüməsini istərdiniz?
- Deyə biləydim ki, «Mən onun üçün hər şey elədim». Qoy o, yaşadığı illərə görə utanmasın. Bir də həmişə ona dayaq olan arxası olsun.
- Özünüz kimin çiyinlərinə söykənirsiniz?
- Hələ ki, mənim çiyinlərimə söykənirlər.
- Tamaşaçı ilə hansı görüş sizin üçün xüsusilə yaddaqalandır?
- Bir dəfə səhnəyə yaşlı bir qadın çıxıb «Sağ ol, qızım» - dedi və sonra tüklü yaylığını çiynimə salaraq «Sən bizi isidirsən, qoy sənə də isti olsun» - dedi.Bir dəfə də Donetskdə qastrolda olarkən bir qadın yaxınlaşdı. "Kar və lalların işlədiyi fabrikdə sizin oxumağınızı çox istəyirlər. Mən onlara tərcümə edəcəyəm” deyə xahiş etdi. Mən gedib oxudum. Qulağı eşitməyən, danışmayan insanlar üçün düz sexin ortasında oxudum. Onlar tərcümədən imtina etdilər. Onlar məni ürəkləri ilə başa düşürdülər. Mən onda bildim ki, insanı başa düşmək üçün həmişə göz və qulaq lazım deyil.
- Daha sonra necə oldu?
- Sonra necə oldu? Sonra necə oldu? Bəlkə məndə ondan sonra yaradıcı böhran başladı.
- Alla Barisovna, siz nə danışırsınız? Bu yaxınlarda sizin konsertinizdə oldum. Siz hələ uğurun zirvəsindəsiniz.
- Bunu sizə necə izah edim? Başımın üstündə tavan tikmişəm. Amma məlum olub ki, tavana qədər hələ çardaq da var. Çardaqda isə hava yoxdur, həm də tozludur. Mən aşağı düşüb sakitcə yaşaya bilərəm. Ancaq damı istəyirəm. Yenidənmi özümə tavan qurmalıyam? Əgər gücüm çatmırsa, onda necə? Fikirləşirəm, bəlkə həyatımda bir dəfə ağıllı olub liftlə aşağı düşüb yanğın pilləkənlərini tapım – axı onlar da dama aparır... Yuxarı belə qalxmaq lazımdır? Burada da sənə sığortalanmaq lazımdır. Əgər sürünsən Bulqakovun personajlarına çevrilərsən.
- Bəs damda nə var?
- Orada təmiz hava var. Mən daim yaradıcılığım üçün təmiz havanın axtarışındayam. Özümü həmişə qapının ağzında havaya ehtiyacı olan solğun, havası çatışmayan insanlar kimi hiss edirəm. Bunun üçün havaya can atıram. Təmiz havaya. Bilirəm ki, təmiz hava daha yuxarıdadır...
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər