• cümə axşamı, 25 aprel, 14:17
  • Baku Bakı 23°C

İşdə xoşbəxtlik axtaran proqramçı - Uğur hekayəsi

22.11.18 17:55 1496
İşdə xoşbəxtlik axtaran proqramçı - Uğur hekayəsi
Düşünür ki, inkişaf etmək üçün daim oxumaq, öyrənmək lazımdır. İrəli getmək üçün isə çalışmaqdan başqası yalandır. Deyir ki, bəlkə də gələcəkdə fikri dəyişəcək, amma indiki yaşında irəli getmək, nə isə əldə etmək üçün çalışmağın daha önəmli olduğu qənaətindədir. "Şikayətləri kənara qoyub imkan olduğu qədər çalışmaq lazımdır” – deyən müsahibimiz Polşada "Luxoft” şirkətində aparıcı proqramçı vəzifəsində çalışan azərbaycanlı gənc Sənan Əhmədovdur.

- Düzdür, təcrübədə əksini də görmüşük, amma davamlı uğurlu karyera üçün orta məktəb illərindəki təhsilin önəmi böyükdür. Ona görə ilk olaraq məktəb illərinizdən danışaq. Necə oxumusunuz? Nə dərəcədə aktiv şagird olmusunuz?
- Orta məktəbdə verilən təhsili önəmli hesab edirəm. Çünki ilkin mərhələdir və bu dövrlərdə bazanın necə qoyulması gələcək üçün əhəmiyyət kəsb edir. Yaxşı oxuyurdum, məktəbi qırmızı attestatla bitirmişdim. Valideynlərim həmişə türk liseyində oxumağımı istəyirdilər, elə də oldu, peşman da deyiləm. Orta məktəb illərində aldığım təhsilin sonrakı həyatımda təsiri çox oldu.
Mən riyaziyyata maraq göstərirdim, bu fənn üzrə məktəbin olimpiadaçılarından idim. Riyaziyyatla bağlı sınaqlarda, olimpiadalarda iştirak edirdim. Tək Azərbaycanda deyil, xarici ölkələrdə olan yarışlara da bizi göndərirdilər. Başqa bir məktəb yoldaşımla Qazaxıstanda keçirilən beynəlxalq riyaziyyat olimpiadasında iştirak edib bürünc medal qazanmışdıq. Qatıldığım yarışlarda yaxşı yer tutmağa nail ola bilirdim. Düşünürəm ki, məktəb illəri yaxşı keçib.

- Atanız da riyaziyyatçı olub. Bu sahəyə meyillənməyinizdə onun istiqamətləndirməsi oldumu?
- Düzdür, atam riyaziyyatçı idi və bildiklərini həmişə bizimlə bölüşürdü. Amma bu elə sahədir ki, hər bir insanın öz marağı olmalıdır, əks təqdirdə öyrənmək yalnız dəstəklə mümkün olmur. Zənnimcə, məktəb illərində bu sahəyə marağım olduğu özünü göstərdi və müəyyən qədər fərqlənə bildim.

- Ali təhsilinizi kompüter mühəndisliyi üzrə Türkiyədə almısınız. Bu ixtisas seçimi öz istəyinizlə olub?
- Məktəb illərində bəlkə də özüm tam olaraq ixtisas seçimi etmək cəhətdən məlumatlı olmaya bilərdim. Seçim özümün oldu, amma valideynlərim məlumatlandırmaq cəhətdən yardım etdilər. Orta məktəb illərində bizim evdə valideynlər tərəfindən kompüter elmlərinin önəmli olduğu, gələcəkdə bu sahəyə daha çox ehtiyac yaranacağı ilə bağlı fikirlər səsləndirilirdi. Yəni, bu sahəyə yönəlməyimi istəyirdilər. Mən də evdə bu fikirləri eşitdiyim üçün müəyyən qədər araşdırma aparırdım, özümdə də maraq yaranmışdı. Nəticədə seçimim də bu ixtisas oldu.

- Bu sahədə təhsil aldınız, necə bir sahədir? Zövqlüdür, yoxsa çətin tərəfi çoxdur?
- Bu sahəni seçdiyimə peşman deyiləm. Zövqlü və çətin tərəfləri var. Zövqlü tərəfi odur ki, monoton deyil, hər dəfə fərqli, maraqlı bir işlə qarşılaşırsan. Üstəlik, daha müstəqil olursan, sənin üçün iş imkanları da çox olur. Pis cəhəti "əziyyəti çoxdur” demək istəyirəm, amma məncə, hər sahənin özünə görə çətin tərəfi var. Bizim sahənin stressi bir az daha çox olur, amma ümumilikdə yaxşı sahədir.

- Stress problemin həlli çətin olanda yaranır?
- Həllin çətin olması əslində, elə də problem deyil, bu, bizim işdə normal haldır. Sadəcə olaraq, bəzən problemin həlli müəyyən qədər vaxt alır, amma bizim onu etməyimiz üçün o qədər zamanımız olmur. Tutaq ki hansısa sistem işləmir və onu təcili düzəltmək lazımdır, vaxt da yoxdur. Problemi vaxtında etmək kimi bir məsuliyyət əlavə stress verə bilir.

- Maraqlıdır, o təcili həll edilməli olan problemləri həll edə bilmədiyiniz vaxtlar olub?
- Həll olunmayan hansısa problemlə qarşıladığım hələ ki yadıma gəlmir. Belə halın olub-olmadığını yadıma salmaq üçün detallı düşünmək lazımdır. Məncə, böyük məsələ olsaydı, mütləq yadımda qalardı (Gülür).

- Sahəniz sizdən öyrənmə tələb edir. Öyrənmə anlamınıza nələr daxildir?
- Öyrənmək mənim həyatımın ən önəmli hissələrindəndir. Bəlkə də Polşada işləməyə gəlməyimin bir səbəbi öyrənmək istəyimlə bağlıdır. Hər gün nə isə öyrənirəm. Əgər texnika ilə bağlı nə isə öyrənmirəmsə, başqa sahələrdə yeni nə isə oxuyuram, yaxud yeni insanlar tanıyıram. Bura gələndən öyrənmək tərəfim daha da çoxalıb. Öyrənmədən keçirdiyim gün sayı çox az olar. İş prosesi elədir ki, hər gün öyrənirəm. Bu cəhətdən çox xoşbəxtəm.


- Tələbəlik illərindən danışaq. İşləməyə də deyəsən, elə o vaxtdan başlamısınız…
- Əslində, tələbəlik illərində çox da işləyə bilməmişəm. Çünki dərslər çox olurdu. 3-cü kursda yay tətilində Bakıya gəldim, 2-3 ay "Xalq Bank”da işlədim. Universiteti bitirəndən sonra da elə həmin bankda kiçik mütəxəssis olaraq işə başladım, 7 il orda çalışdım.

- Kiçik mütəxəssis kimi başlayıb, şöbə rəisi vəzifəsinə qədər gəlmisiniz. 7 il az deyil, bu müddətdə işi dəyişmək haqqında fikirləşmirdiniz?
- Orda işlədiyim hər il xoşbəxt olmuşam. Bəlkə də buna görə heç işi dəyişmək barəsində düşünməmişdim. Son zamanlarda isə komfort zonanı tərk etmək istəyirdim, ona görə dəyişmək qərarına gəldim. İşdən çıxmağa bir səbəb yox idi.

- Bizdə əvvəllər rahat, dayanıqlı işinin olması daha arzuolunan idi. İnsanlar illərlə eyni işdə çalışırdılar. Bu, əslində komfort zona idi. Amma indi komfort zonada qalmaq təhlükəli hesab olunur. Komfort zona niyə pisdir ki?
- Əvvəlki dövrlə indini müqayisə edəndə çox şey eyni deyil. Hər sahədə sürətli inkişaf gedir, İT-də isə xüsusilə. İnsan hər an nədənsə geri qaldığını fikirləşir. Türklər demiş, təlaş içində olursan, nələrisə öyrənmədiyini, nələrdəsə geri qaldığını görürsən. Düzdür, hazırkı işində xoşbəxtsən, qazanırsan, amma sənin çalışdığın iş də daimi deyil, burdan çıxıb başqasına gedəndə trenddən geri qaldığın hiss olunmamalıdır. Komfort zonanı tərk edib yeni şeylər öyrənmək gələcəyə investisiyadır. İndi komfort zonanı tərk etməyin gələcəkdə rahatlıq gətirəcək.

- İşlə bağlı danışanda xoşbəxtlik məsələsinə xüsusilə toxunursunuz. Sizə görə, işin insanın xoşbəxtliyində rolu neçə faizdir?
- Məncə, bu sualın cavabı hər kəsə görə dəyişə bilər. Bəzi insanlar üçün işdə xoşbəxt olmaq o qədər də önəmli deyil, maaşı alıb işlərini görürlər. Amma mənim üçün işdə xoşbəxt olmaq önəmlidir. Çünki günümün böyük hissəsini orda keçirirəm, ən azı 8 saat. Orda xoşbəxt olmuramsa, əhatəmdə daim problemlər varsa, ətrafımdakı insanlardan da məmnun deyiləmsə, xoşbəxtlik mənə gəlməz. Bəlkə də kimlərdəsə alınar, amma mən o mühitdə işləyə bilmərəm. Faiz məsələsinə gəlincə, 50 faiz rolu olduğunu demək olar.

- "Luxoft”da işə düzəlməyinizə gələk. Burdan komfort zonanı tərk edib getdiniz. Bəs orda işə düzəlmək nə dərəcədə komfortlu oldu?
- Burda işə düzəlmək, məncə, çox çətin olmadı. Əsas çətin məsələ sənəd işləri idi. 2-3 ay sənəd işlərinə görə əziyyət çəkdim, amma sonra hər şey qaydasına düşdü. Bir az dözmək lazımdır.

- İndi olduğunuz iş mühitində ən çox bəyəndiyiniz nədir?
- Professionallıq çox xoşuma gəlir. Burda insanlar çox mədənidirlər. Qısa zamanda görməli olduğun işi çatdıra bilməsən, sənə heç nə demirlər, əlavə stress vermirlər. Bəlkə də mənim bəxtim gətirib ki, bizim komanda elədir. Amma professionallıq, yeni texnologiyalar, fərqli ölkələrdən insanların olduğu mühit və s. bunlar mənim üçün xoşdur.


- Ümumiyyətlə, sizcə, şirkət işçidən istədiyini nə zaman ala bilər?
- İşçidən yaxşı iş tələb etmək üçün elə bir mühit yaradılmalıdır ki, işçi o işi özününküymüş kimi hesab etsin. Əgər sən hansısa şirkət üçün çalışırsansa, amma danışanda "biz” deyirsənsə, deməli, bu şirkətin uğurudur, buna nail ola bilib. Belə mühitdə işçi ondan tələb olunan hər şeyi edəcək. Şirkət işçinin qeydinə qalanda, onun problemlərinin həllində diqqət göstərəndə, yanaşmalarında daha ədalətli olanda, əməkdaşlara ötəri bir işçi kimi yox, özünün bir parçası kimi baxanda, bu proses özü avtomatik baş verir.

- Müsahibə ilə bağlı sizə iş saatında votsapda mesaj yazmışdım, dediniz ki, işdə mesaj yazmaq elə də rahat deyil, evə gedim danışarıq. Ümumiyyətlə, iş saatında nələri edib-etməməklə bağlı hansı qaydalar var?
- Əslində, bu, işlədiyin sahəyə görə dəyişir. Mən burda da bank sektoru ilə əlaqəli sahədə işləyirəm. Müəyyən məxfi məlumatlar var ki onları deyə bilməyəcəyəm. Amma ümumilikdə, bank sahəsində çalışanlar bilirlər ki, burda təhlükəsizlik qaydaları daha sərt olur. Ona görə müəyyən qədər də olsa, bu şeylərdə cüzi nöqsan doğuracaq məsələlərdən qaçırsan.

- Rubrikamızın ənənəvi sualı: sizə görə, uğurun sirri nədir?
- Durmadan çalışmağı deyərdim. Başqa heç bir şeyə inanmıram. Düzdür, şans faktoru da var, amma bu da çalışmağa bağlıdır. Oxumaq, öyrənmək, inkişaf etmək lazımdır. Bəzi insanlar var ki, ancaq şikayət edirlər, amma özlərini dəyişdirməyə çalışmırlar. Özünü dəyişə bilməyən insanın uğur əldə etmə ehtimalı çox azdır. Şikayətləri kənara qoyub imkan olduğu qədər çalışmaq lazımdır.

Bir misal var. Deyir hər səhər Afrikada bir ceyran oyanır. Başında sadəcə bir düşüncə olur - ən sürətlı qaçan aslandan daha sürətli qaça bilmək, yoxsa aslan tərəfindən yeyiləcək. Və hər səhər Afrikada bir aslan oyanır. Başında sadəcə bir düşüncə - ən yavaş qaçan ceyrandan daha sürətli qaça bilmək. Yoxsa aclıqdan öləcək.

Aslan, yaxud ceyran da olsanız, günəş doğulanda bilməlisiniz ki, dünənkindən daha sürətli qaçmalısınız. Əks təqdirdə bəlkə də sizin üçün sabah olmayacaq. Ona görə sürətli qaçmağa, inkişaf etməyə çalışmaq lazımdır. Bəlkə də gələcəkdə fikrim dəyişəcək, amma indiki yaşımda düşünürəm ki, çalışmaqdan başqası yalandır.
Əslində, özümü çox da uğurlu hesab etmirəm, amma uğurlu olmaq üçün çalışıram, inkişaf etmək yolunda davam edirəm. İnşallah, davamını daha yaxşı gətirərik, öyrəndiklərimizlə vətənimizə, millətimizə daha xeyirli olarıq.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər