İşdə xoşbəxtlik axtaran proqramçı - Uğur hekayəsi
Düşünür
ki, inkişaf etmək üçün daim oxumaq, öyrənmək lazımdır. İrəli getmək üçün isə
çalışmaqdan başqası yalandır. Deyir ki, bəlkə də gələcəkdə fikri dəyişəcək,
amma indiki yaşında irəli getmək, nə isə əldə etmək üçün çalışmağın daha önəmli
olduğu qənaətindədir. "Şikayətləri kənara qoyub imkan olduğu qədər çalışmaq
lazımdır” – deyən müsahibimiz Polşada
"Luxoft” şirkətində aparıcı proqramçı vəzifəsində çalışan azərbaycanlı gənc Sənan
Əhmədovdur.
- Düzdür, təcrübədə əksini də görmüşük, amma
davamlı uğurlu karyera üçün orta məktəb illərindəki təhsilin önəmi böyükdür.
Ona görə ilk olaraq məktəb illərinizdən danışaq. Necə oxumusunuz? Nə dərəcədə
aktiv şagird olmusunuz?
- Orta məktəbdə
verilən təhsili önəmli hesab edirəm. Çünki ilkin mərhələdir və bu dövrlərdə bazanın
necə qoyulması gələcək üçün əhəmiyyət kəsb edir. Yaxşı oxuyurdum, məktəbi
qırmızı attestatla bitirmişdim. Valideynlərim həmişə türk liseyində oxumağımı
istəyirdilər, elə də oldu, peşman da deyiləm. Orta məktəb illərində aldığım təhsilin
sonrakı həyatımda təsiri çox oldu.
Mən
riyaziyyata maraq göstərirdim, bu fənn üzrə məktəbin olimpiadaçılarından idim.
Riyaziyyatla bağlı sınaqlarda, olimpiadalarda iştirak edirdim. Tək Azərbaycanda
deyil, xarici ölkələrdə olan yarışlara da bizi göndərirdilər. Başqa bir məktəb
yoldaşımla Qazaxıstanda keçirilən beynəlxalq riyaziyyat olimpiadasında iştirak
edib bürünc medal qazanmışdıq. Qatıldığım yarışlarda yaxşı yer tutmağa nail ola
bilirdim. Düşünürəm ki, məktəb illəri yaxşı keçib.
- Atanız da riyaziyyatçı olub. Bu sahəyə meyillənməyinizdə
onun istiqamətləndirməsi oldumu?
-
Düzdür, atam riyaziyyatçı idi və bildiklərini həmişə bizimlə bölüşürdü. Amma bu
elə sahədir ki, hər bir insanın öz marağı olmalıdır, əks təqdirdə öyrənmək
yalnız dəstəklə mümkün olmur. Zənnimcə, məktəb illərində bu sahəyə marağım
olduğu özünü göstərdi və müəyyən qədər fərqlənə bildim.
- Ali təhsilinizi kompüter mühəndisliyi üzrə Türkiyədə
almısınız. Bu ixtisas seçimi öz istəyinizlə olub?
- Məktəb
illərində bəlkə də özüm tam olaraq ixtisas seçimi etmək cəhətdən məlumatlı
olmaya bilərdim. Seçim özümün oldu, amma valideynlərim məlumatlandırmaq cəhətdən
yardım etdilər. Orta məktəb illərində bizim evdə valideynlər tərəfindən
kompüter elmlərinin önəmli olduğu, gələcəkdə bu sahəyə daha çox ehtiyac
yaranacağı ilə bağlı fikirlər səsləndirilirdi. Yəni, bu sahəyə yönəlməyimi istəyirdilər.
Mən də evdə bu fikirləri eşitdiyim üçün müəyyən qədər araşdırma aparırdım,
özümdə də maraq yaranmışdı. Nəticədə seçimim də bu ixtisas oldu.
- Bu sahədə təhsil aldınız, necə bir sahədir?
Zövqlüdür, yoxsa çətin tərəfi çoxdur?
- Bu sahəni
seçdiyimə peşman deyiləm. Zövqlü və çətin tərəfləri var. Zövqlü tərəfi odur ki,
monoton deyil, hər dəfə fərqli, maraqlı bir işlə qarşılaşırsan. Üstəlik, daha
müstəqil olursan, sənin üçün iş imkanları da çox olur. Pis cəhəti "əziyyəti
çoxdur” demək istəyirəm, amma məncə, hər sahənin özünə görə çətin tərəfi var.
Bizim sahənin stressi bir az daha çox olur, amma ümumilikdə yaxşı sahədir.
- Stress problemin həlli çətin olanda yaranır?
- Həllin
çətin olması əslində, elə də problem deyil, bu, bizim işdə normal haldır. Sadəcə
olaraq, bəzən problemin həlli müəyyən qədər vaxt alır, amma bizim onu etməyimiz
üçün o qədər zamanımız olmur. Tutaq ki hansısa sistem işləmir və onu təcili düzəltmək
lazımdır, vaxt da yoxdur. Problemi vaxtında etmək kimi bir məsuliyyət əlavə
stress verə bilir.
- Maraqlıdır, o təcili həll edilməli olan problemləri
həll edə bilmədiyiniz vaxtlar olub?
- Həll
olunmayan hansısa problemlə qarşıladığım hələ ki yadıma gəlmir. Belə halın olub-olmadığını
yadıma salmaq üçün detallı düşünmək lazımdır. Məncə, böyük məsələ olsaydı, mütləq
yadımda qalardı (Gülür).
- Sahəniz sizdən öyrənmə tələb edir. Öyrənmə
anlamınıza nələr daxildir?
- Öyrənmək
mənim həyatımın ən önəmli hissələrindəndir. Bəlkə də Polşada işləməyə gəlməyimin
bir səbəbi öyrənmək istəyimlə bağlıdır. Hər gün nə isə öyrənirəm. Əgər texnika
ilə bağlı nə isə öyrənmirəmsə, başqa sahələrdə yeni nə isə oxuyuram, yaxud yeni
insanlar tanıyıram. Bura gələndən öyrənmək tərəfim daha da çoxalıb. Öyrənmədən
keçirdiyim gün sayı çox az olar. İş prosesi elədir ki, hər gün öyrənirəm. Bu cəhətdən
çox xoşbəxtəm.
- Tələbəlik illərindən danışaq. İşləməyə də deyəsən,
elə o vaxtdan başlamısınız…
- Əslində,
tələbəlik illərində çox da işləyə bilməmişəm. Çünki dərslər çox olurdu. 3-cü
kursda yay tətilində Bakıya gəldim, 2-3 ay "Xalq Bank”da işlədim. Universiteti
bitirəndən sonra da elə həmin bankda kiçik mütəxəssis olaraq işə başladım, 7 il
orda çalışdım.
- Kiçik mütəxəssis kimi başlayıb, şöbə rəisi vəzifəsinə
qədər gəlmisiniz. 7 il az deyil, bu müddətdə işi dəyişmək haqqında fikirləşmirdiniz?
- Orda
işlədiyim hər il xoşbəxt olmuşam. Bəlkə də buna görə heç işi dəyişmək barəsində
düşünməmişdim. Son zamanlarda isə komfort zonanı tərk etmək istəyirdim, ona görə
dəyişmək qərarına gəldim. İşdən çıxmağa bir səbəb yox idi.
- Bizdə əvvəllər rahat, dayanıqlı işinin olması
daha arzuolunan idi. İnsanlar illərlə eyni işdə çalışırdılar. Bu, əslində
komfort zona idi. Amma indi komfort zonada qalmaq təhlükəli hesab olunur.
Komfort zona niyə pisdir ki?
- Əvvəlki
dövrlə indini müqayisə edəndə çox şey eyni deyil. Hər sahədə sürətli inkişaf
gedir, İT-də isə xüsusilə. İnsan hər an nədənsə geri qaldığını fikirləşir.
Türklər demiş, təlaş içində olursan, nələrisə öyrənmədiyini, nələrdəsə geri
qaldığını görürsən. Düzdür, hazırkı işində xoşbəxtsən, qazanırsan, amma sənin
çalışdığın iş də daimi deyil, burdan çıxıb başqasına gedəndə trenddən geri
qaldığın hiss olunmamalıdır. Komfort zonanı tərk edib yeni şeylər öyrənmək gələcəyə
investisiyadır. İndi komfort zonanı tərk etməyin gələcəkdə rahatlıq gətirəcək.
- İşlə bağlı danışanda xoşbəxtlik məsələsinə
xüsusilə toxunursunuz. Sizə görə, işin insanın xoşbəxtliyində rolu neçə
faizdir?
- Məncə,
bu sualın cavabı hər kəsə görə dəyişə bilər. Bəzi insanlar üçün işdə xoşbəxt
olmaq o qədər də önəmli deyil, maaşı alıb işlərini görürlər. Amma mənim üçün işdə xoşbəxt olmaq önəmlidir.
Çünki günümün böyük hissəsini orda keçirirəm, ən azı 8 saat. Orda xoşbəxt
olmuramsa, əhatəmdə daim problemlər varsa, ətrafımdakı insanlardan da məmnun
deyiləmsə, xoşbəxtlik mənə gəlməz. Bəlkə də kimlərdəsə alınar, amma mən o
mühitdə işləyə bilmərəm. Faiz məsələsinə gəlincə, 50 faiz rolu olduğunu demək
olar.
- "Luxoft”da işə düzəlməyinizə gələk. Burdan
komfort zonanı tərk edib getdiniz. Bəs orda işə düzəlmək nə dərəcədə komfortlu
oldu?
- Burda
işə düzəlmək, məncə, çox çətin olmadı. Əsas çətin məsələ sənəd işləri idi. 2-3
ay sənəd işlərinə görə əziyyət çəkdim, amma sonra hər şey qaydasına düşdü. Bir
az dözmək lazımdır.
- İndi olduğunuz iş mühitində ən çox bəyəndiyiniz nədir?
-
Professionallıq çox xoşuma gəlir. Burda insanlar çox mədənidirlər. Qısa zamanda
görməli olduğun işi çatdıra bilməsən, sənə heç nə demirlər, əlavə stress
vermirlər. Bəlkə də mənim bəxtim gətirib ki, bizim komanda elədir. Amma
professionallıq, yeni texnologiyalar, fərqli ölkələrdən insanların olduğu mühit
və s. bunlar mənim üçün xoşdur.
- Ümumiyyətlə, sizcə, şirkət işçidən istədiyini nə
zaman ala bilər?
- İşçidən
yaxşı iş tələb etmək üçün elə bir mühit yaradılmalıdır ki, işçi o işi
özününküymüş kimi hesab etsin. Əgər sən hansısa şirkət üçün çalışırsansa, amma
danışanda "biz” deyirsənsə, deməli, bu şirkətin uğurudur, buna nail ola bilib.
Belə mühitdə işçi ondan tələb olunan hər şeyi edəcək. Şirkət işçinin qeydinə
qalanda, onun problemlərinin həllində diqqət göstərəndə, yanaşmalarında daha ədalətli
olanda, əməkdaşlara ötəri bir işçi kimi yox, özünün bir parçası kimi baxanda,
bu proses özü avtomatik baş verir.
- Müsahibə ilə bağlı sizə iş saatında votsapda
mesaj yazmışdım, dediniz ki, işdə mesaj yazmaq elə də rahat deyil, evə gedim
danışarıq. Ümumiyyətlə, iş saatında nələri edib-etməməklə bağlı hansı qaydalar
var?
- Əslində,
bu, işlədiyin sahəyə görə dəyişir. Mən burda da bank sektoru ilə əlaqəli sahədə
işləyirəm. Müəyyən məxfi məlumatlar var ki onları deyə bilməyəcəyəm. Amma
ümumilikdə, bank sahəsində çalışanlar bilirlər ki, burda təhlükəsizlik
qaydaları daha sərt olur. Ona görə müəyyən qədər də olsa, bu şeylərdə cüzi
nöqsan doğuracaq məsələlərdən qaçırsan.
- Rubrikamızın ənənəvi sualı: sizə görə, uğurun
sirri nədir?
-
Durmadan çalışmağı deyərdim. Başqa heç bir şeyə inanmıram. Düzdür, şans faktoru
da var, amma bu da çalışmağa bağlıdır. Oxumaq, öyrənmək, inkişaf etmək
lazımdır. Bəzi insanlar var ki, ancaq şikayət edirlər, amma özlərini dəyişdirməyə
çalışmırlar. Özünü dəyişə bilməyən insanın uğur əldə etmə ehtimalı çox azdır.
Şikayətləri kənara qoyub imkan olduğu qədər çalışmaq lazımdır.
Bir
misal var. Deyir hər səhər Afrikada bir ceyran oyanır. Başında sadəcə bir
düşüncə olur - ən sürətlı qaçan aslandan daha sürətli qaça bilmək, yoxsa aslan
tərəfindən yeyiləcək. Və hər səhər Afrikada bir aslan oyanır. Başında sadəcə
bir düşüncə - ən yavaş qaçan ceyrandan daha sürətli qaça bilmək. Yoxsa aclıqdan
öləcək.
Aslan,
yaxud ceyran da olsanız, günəş doğulanda bilməlisiniz ki, dünənkindən daha sürətli
qaçmalısınız. Əks təqdirdə bəlkə də sizin üçün sabah olmayacaq. Ona görə sürətli
qaçmağa, inkişaf etməyə çalışmaq lazımdır. Bəlkə də gələcəkdə fikrim dəyişəcək,
amma indiki yaşımda düşünürəm ki, çalışmaqdan başqası yalandır.
Əslində,
özümü çox da uğurlu hesab etmirəm, amma uğurlu olmaq üçün çalışıram, inkişaf
etmək yolunda davam edirəm. İnşallah, davamını daha yaxşı gətirərik, öyrəndiklərimizlə
vətənimizə, millətimizə daha xeyirli olarıq.
Aygün Asimqızı