“İşdə məhəbbət macərası” bitdi
Sovet kinematoqrafiyasının əfsanəsi Andrey Myaqkov
82 yaşında dünyasını dəyişdi
Tanınmış
sovet və rus aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib. Aktyorun ölümünün
ilkin səbəbi kimi ürək çatışmazlığı diaqnozu qeyd edilir. Rusiya mətbuatında
ölkənin tanınmış insanlarının "Ölkə böyük sənətkarını itirdi” məzmunlu təəssüfləri
yer alıb.
Bir çox
həmkarı onun ölümünü az qala faciə kimi qarşılayıb. "Axırıncı romantik” deyə
onun haqqında yazırlar. Kseniya Sobçak aktyorun ölümünə təkcə bir insan kimi
deyil, həm də istedadlı artist, qış bayramlarının simvolu kimi təəssüflənir.
"Bizim Yeni ildə dəyişməyən yol yoldaşımız”- deyə siyasətçi özünün
Teleqram-kanalında yazıb.
Tanınmış aktyor Nikolay Çindyaykin Andrey Myaqkovun ölümünü Rusiya incəsənəti üçün böyük itki adlandırırb. "Bu, çox ağır xəbərdir. Xüsusən teatrımız üçün ağırdır. Tamaşaçılar hələ uzun illər oynadığı rollara görə ona minnətdarlıq edəcəklər. Mən bir tamaşaçı və sovet adamı kimi onun baxışlarının təsiri altında idim. Bu, həqiqətən əsil tamaşaçı məhəbbəti idi. Onun hər bir rolunu gözləyirdilər. O, tamaşaçıları aldatmırdı. Son günə qədər onlara qarşı səmimi oldu”- deyə aktyor mətbuata açıqlamasında bildirib.
Moskva şəhər
Dumasının sədri Aleksey Şapoşnikov aktyorun ölümü ilə bağlı kədərini ifadə edib
və onu "sovet kinematoqrafiyasının əfsanəsi”
adlandırıb: "Onun oynadığı filmlər artistin vizit kartı idi, hımçinin Yeni il və
digər bayramların simvolu sayılırdı”.
Andrey
Myaqkovla birlikdə əfsanəvi ekran əsərində - "Qəribə təsadüf”də tərəf-müqabil
olan polşalı aktrisa Barbara Brılska (Nadya Şevelyova) o zaman qazandığı
populyarlığa görə məhz SSRİ-yə və Eldar Ryazanova minnətdar idi. O
partnyorunun ölümünə münasibət bildirərək:
"Mənim danışmağa gücüm yoxdur. Mən ağlayıram. O, gözəl aktyor və insan idi. Mən
onu çox sevirdim”- deyə bildirib. "Gənc
aktyorlar, əlbəttə, Myaqkov kimi uğur qazanmağı arzulayırlar. Ancaq o heç vaxt
öz üstünlüklərindən istifadə etmir, özünü ulduz saymırdı. Teatrın rəhbərindən
xadiməsinədək hamıya hörmətlə yanaşırdı. O, seriallarda və reklamlarda çəkilib
daha yaxşı pullar qazana, məsələn, özünə son marka avtomobil ala bilərdi. Ancaq
bu, ilk növbədə onun prinsiplərinin əksinə olardı. Onun əsas xüsusiyyətlərindən
biri - nə xeyirli və ya nüfuzludursa, onunla yox, xoşuna nə gəlirsə, onunla məşğul
olmaq idi”- deyə uzun illər aktyorla bir səhnəni bölüşən həmkarları deyir.
Qəribə təsadüf
Andrey Myaqkov 1938-ci ildə Leninqradda anadan olub. Yuxarı siniflərdə oxuyanda
teatrla maraqlanıb. 1965-ci ildə "MXAT”ın məktəb studiyasına daxil olub, daha
sonra onu "Sovremennik” tetrının truppasına qəbul ediblər. Kinoda ilk ciddi işi
"Karamazov qardaşları”nda Alyoşa Karamazov rolu olub. "Karamazov qardaşları”nda
Alyoşa rolu mənim kinoda ilk işimdir. Bu filmi Dostayevskinin məşhur əsərinin
çox da yaxşı olmayan interpretasiyası hesab etməyimə baxmayaraq, mənə ilk uğuru
gətirən də məhz bu film olub” - aktyor deyirdi.
Andrey
kinoda 50-yə yaxın rol oynayıb. Onların arasında çox ciddi işlər var.
Kinoşünaslar onu daha çox komediya aktyoru hesab edirlər. Amma onun
bioqrafiyasında nəhənf dramatik rollar da az deyil. O, komediya filmlərində belə
böyük tragizm ortaya qoyurdu. Andrey həm də rejissor kimi çıxış edib. Məzunu
olduğu "MXAT”da müəllim kimi də çalışıb. Şən və hazırcavablar klubunun münsiflər
heyətinə dəvət alıb. Myaqkov 2 detektiv romanın müəllifi idi. Yazıçı kimi həvəsini
həyat yoldaşı ilə əlaqələndirirdi: "Onun ədəbiyyata marağı yoxdur. Ona görə
yazıram”. Artıq onun trilogiyası çapdan çıxıb. Hətta Myaqkovun birinci kitabını
oxuyan ssenarist Aleksandr Borodyanski onun əsasında film çəkməyi qərara
alıb.
Yaraşıqlı olmasa da...
1977-ci
ildə aktyor "İşdə məhəbbət macərası” filminə çəkilir. Tamaşaçılar ekran əsərinin
hər bir kadrını əzbər bilirlər. Bu filmin sitatları çoxdan xalqın dilinin əzbərinə
çevrilib. Filmin sonunda o, «Volqa»da Alisya Frendlixlə xoşbəxt ailə həyatına
yol alır. Ancaq bu qədər populyarlığına baxmayaraq, onun heç vaxt «Volqa»sı
olmayıb. Sovet dövründə belə maşınları yalnız böyük rəislər sürə bilirdi.
Bu film
sovet ekranının ən çox baxılan ekran əsərinə çevrilir. Bayramlarda təqvimləri bəzəyən
film bütün sovet ailələrində sevilirdi. 1977-ci ildə "Mosfilm”dəistehsal
olunan film 58 milyondan artıq tamaşaçı auditoriyası iləprokatın lideri
olur. 1979-cu ildə Vasilyev qardaşları adına RSFSR dövlət mükafatına layiq
görülür. Ryazanovun filmləri Andrey Myaqkova ümumittifaq şöhrəti qazandırır.
Yaraşıqlı olmasa da, qadınlar ona pərəstiş edirlər. O, oynadığı rollarla cəlbedici,
ancaq uğursuz insanların obrazlarını yaradırdı. Amma Andrey Myaqkovun gerçəkdə
necə insan olmasını, demək olar ki, çoxları bilmirdi. O, özü haqqında kitablar
yazmır, özünə teatr tamaşaları həsr etmir, banketlərdə görünmür, demək olar ki,
müsahibə də vermirdi.
Sadiq həyat yoldaşı
Andrey
Myaqkov həmkarları arasında ailəsinə sadiq adam kimi tanınıb. O, həyat yoldaşı
Anastasiya Voznisenski ilə birgə 60 il
ömür sürüb. Onlar institutda oxuduqları illərdə tanış olublar. Andrey tələbələrdən
yaşca böyük idi. O, Kimya-Texnologiya İnstitutunu bitirəndən sonra MXAT-a gəlmişdi.
Auditoriyada yaşca ən kiçik Anastasiya idi. Onun çoxlu pərəstişkarları vardı.
Amma Andreyin gözəl səsi, yaxşı oxuması onu valeh etmişdi. Anastasiya əvvəlcə
onun səsinə vurulur. Sonra görüşməyə başlayırlar. Onlar həmişə bir yerdə idilər:
teatrda, kinoda, qastrolda, səyahətdə... 1963-cü ildə ailə qururlar. Oleq
Yefremov institutu qurtaran kimi onu "Sevremennik”in truppasına dəvət edir.
Anastasiya şərt qoyur: əgər Andrey də həmin truppada işləyəcəksə, razıdır. Beləcə onlar səhnədə də birlikdə olurlar. "Mən
Anastasiya ilə tələbə kimi parta arxasında oturarkən tanış olmuşam. İkinci
kursda isə biz evləndik” deyə aktyor xatırlayırdı: "Artıq qızıl yubileyimizi də
qeyd etmişik. Əsl sevginin rəqibi ola bilməz. Bir neçə il əvvəl mənim həyatım
ölümlə-qalım arasında idi. Onda Anastasiya bütün instansiyalara ayaq açıb mənim
üçün kömək axtardı. O, ürəyimdəki əməliyyatın uğurla həyata keçməsinə nail
oldu, həyatımı xilas etdi. Xoşbəxt nikahın heç bir sirri yoxdur. Sevmək
lazımdır. İnsan bir-biri üçün hər şeyi səmimi qəlbdən etməlidir. İztirabları
birgə yaşamaq, sevinci birgə hiss etmək lazımdır. «Mən bu insansız yaşaya bilmərəm»
- deyə düşünməyi bacarmalısan. Bu qədər - daha heç nə lazım deyil. O zaman
nikah ömürlük olacaq. Biz Anastasiya ilə həmişə bir yerdəyik. Övladımız yoxdur,
ancaq etiraf edirik ki, işimiz bizim üçün hər şeyi əvəz edib. Biz bir pedaqoq
kimi MXAT-ın məktəb-studiyasında 3 nəsil aktyor yetişdirmişik. Məgər bu kifayət
deyil? Biz o gəncləri Vətənimiz üçün yetişdirmişik, tərbiyə etmişik. Bu, bizim
üçün böyük xoşbəxtlikdir”.
"Sizin soyadınızda xarakterinizin müəyyən cizgilərini tapmaq olarmı” - deyə ondan soruşanlara "Myaqkov – kifayət qədər qədim zadəgan soyadıdır. Bizdə nəsildən-nəslə soyadın vurğusu dəyişir. Atamın soyadında vurğu axırıncı hecaya, babamda ilk hecaya düşür. Mənim soyadımı isə ilk hecada tələffüz etmək lazımdır. Xarakterin cizgilərinə gəlincə... demək çətindir. Mən daha çox sərt adamam, nəinki yumşaq...”- deyə aktyor cavab verib.
Andrey Myaqkov özünün aristokrat davranışı, yüksək əxlaqi keyfiyyətləri, ən əsası sonsuz istedadı ilə onu tanıyanların və kinosevərlərin yaddaşında qaldı.
Əlvida və təşəkkür, bizi xüsusən bayramlarda ekran qarşısında oturmağa məcbur edən böyük aktyor!
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova