• çərşənbə axşamı, 19 mart, 09:22
  • Baku Bakı 8°C

“İşçilərə heç vaxt "sabah gəl danışaq” deməmişəm” - Peşəkar

13.04.18 09:30 4824
“İşçilərə heç vaxt  "sabah gəl danışaq” deməmişəm” - Peşəkar
Daim irəli getmək prinsipini özünə yaxın hesab edir. Deyir ki, qarşısına məqsəd qoyaraq inadla, addım-addım ona doğru irəliləməyə çalışır. Karyerada irəli getmək üçün insanın sevdiyi işlə məşğul olmasını vacib hesab edir. Hətta gündəlik gördüyü işdən belə zövq almaq onun üçün önəmlidir. "İş prosesini özüm üçün daha maraqlı etməyə çalışıram”-deyən müsahibimiz "Ziraat Bank Azerbaycan ASC”nin İnsan Resursları və Dəstək Xidmətləri departamentinin rəhbəri Firuzə Məmmədovadır.
- Elə lap əvvəldən - ilk iş təcrübənizdən başlayaq. Tələbə vaxtından işləməyə başlamısınız, yoxsa universiteti bitirəndən sonra?
- İşləməyə tələbəlik vaxtlarından başlamışam. O zaman bir şirkətin tədbirinə dəvət almışdım. Onlar böyük bir təqdimat keçirirdilər. O günü çox gözəl xatırlayıram: o görüşdə anladım ki, hər bir şirkətin taleyini insanlar müəyyən edir. Güclü motivasiyalı, düzgün seçilmiş işçilər müvəffəqiyyətin açarıdır. Karyera trayektoriyamı dəyişdirərək İnsan Resursları (İR) sahəsinə keçmək fikrinə gəldim. O zamandan bu vaxtadək qərarım haqda heç vaxt heyifslənməmişəm. O təqdimatda iştirak mənim gələcək karyerada istiqamətimi müəyyən etdi.

- Ali təhsilinizi hansı istiqamətdə almışdınız ki?
- Mühəndislik təhsili almışam.


- İnsan Resursları (İR) mütəxəssisi olaraq yetişmək üçün nələri öyrənmisiniz?
- Mənim oxuduğum vaxt İR üzrə spesifik təhsil mövcud deyildi, universitetlərimizdə belə bir ixtisas yox idi. Fikrimcə, İR çox universal və fənlərarası bir sahədir: insanlarla çalışmaq üçün xüsusi fakültələrin bitirilməsi mütləq deyil. İR artıq humanitar bir sahə deyil. Biz artıq çoxdan rəqəmsal bir dünyada yaşayırıq və müasir şirkətlər İR-na aid qərarların qəbulunda analitik məhsullardan istifadə edir. Tətbiq etdiyimiz sistemlərin səmərəliliyini hesablayırıq, analitik proqnozlar edirik. İxtisasımın bu cür transformasiyası mənim çox xoşuma gəlir və təhsilimin texniki olması çox kömək olur.

- Tələbəlik dövrünün necə keçməsi kadrın gələcək karyerasında əhəmiyyətlidir. Maraqlıdır, tələbə vaxtı iş mühitini öyrənmək cəhətdən nə dərəcədə aktiv olmusunuz?
- Ümumiyyətlə, məktəb illərindən başlasam, məktəbdə sinif, universitetdə isə qrup nümayəndəsi olmuşam. Həmişə aktiv olmağa çalışmışam, əhatəmdə olanlar hər zaman problemlərinin həllində mənə ümid edirdi, tədbirlərin təşkili mənə həvalə olunurdu. Heç vaxt məsuliyyəti üzərimə götürməkdən çəkinməmişəm.

- İşə ilk başladığınız vaxtla indini müqayisə edəndə təcrübə sizə nələri öyrədib?
- Bu mövzuda işəgötürənlərlə həmfikirəm, təcrübə istənilən diplom və sertifikatlardan daha qiymətlidir.


- İnsan Resursları sahəsində çalışanlar deyəndə çox adamın ağlına işəgötürmə prosesini icra edən bir adam gəlir. Amma iş təbii ki bununla məhdudlaşmır. Bəs əslində necədir? Hansı işləri görürsünüz?
- İR departamentinin əsas funksiyası inkişaf etməkdə olan biznesin dəstəklənməsidir. Bunun üçün prosesləri yaratmaq, uyğun insanları seçərək işlədiyin şirkəti qeyri-professional kadrlardan qorumaqdır.

Bu gün iri şirkətlər fikirlərini daha çox əməkdaşların inkişafına və təlimləndirilməsinə yönəldir. İşlədiyim şirkətlərdə mən də hər zaman insanların inkişafına xüsusi diqqət yetirirəm. İR bunun üçün alətlər verir, ancaq işçinin rəhbərlə canlı ünsiyyətini əvəz etmir. Əsas iş insanlarla baş verir, onlarla ünsiyyətdə olmaq, problemlərini anlamaq, karyeralarını idarə etmək lazımdır.

İşçinin əsas inkişafı hər hansı bir maraqlı təlimi dinləyərkən baş vermir, işçi yeni iş təcrübəsi qazandıqda, məsələn, ona hər hansı bir mühüm iş verəndə, vəzifəyə təyin etdikdə baş verir. İşçi çətinliyə düşəndə inkişaf edir. Əgər bir işçi işində artıq hər şeyi bilirsə və bütün işi bacarırsa, deməli, artıq inkişaf etmir. Bəli, şirkət üçün faydalı olur, amma özü inkişaf etmir. Mənim də əsas məqsədlərimdən biri təşkilatımdakı istedadların inkişafını düzgün səmtə yönəltməkdir.


- Çalışdığınız sahə elədir ki, insanları, iş münasibətində baş verən prosesləri qiymətləndirmə bacarığı yüksək olmalıdır. Bu bacarıq insanın özündə olmalıdır, yoxsa təcrübə sayəsində formalaşır?
- İşimdə intuitiv yanaşmanı istifadə etmirəm. İntuisiyaya əsaslanan qərar yalnız "daxili səslə” idarə olunur, təcrübə ilə formalaşmış, daim inkişaf etdirilən bacarıq isə insana hər zaman doğru nəticələr çıxararaq daha doğru qərarlar verdirir.

Hər bir şirkət işçilərinin tələb olunan bacarıqlarını mümkün qədər inkişaf etdirməlidir. İnsana xas olan istedad və xüsusiyyətləri inkişaf etdirmək üçün karyera inkişafının lap erkən mərhələlərindən başlamaq lazımdır. Yalnız bu halda həm insan, həm də cəmiyyət bundan faydalanacaqdır.

- Müştərilərlə işləmək çətindir, amma məncə, ofis daxilində iş yoldaşları arasında münasibətləri tənzimləmək ondan da çətindir.
- Şirkətdaxili münaqişələrin qarşısını almaq yönündə işlərin görülməsi çox vacibdir. Burada əsas tələb - mübahisələrin işgüzar müstəvidən şəxslərarası mübahisəyə keçməməsinə nəzarət etməkdir. Çünki bu çox təhlükəlidir və eyni anda bir çox işçiyə təsir göstərə bilər. Bu həddə çatdıqda nəticələr daha acınacaqlı ola bilər, strukturlararası münasibətlərin pozulmasına, hətta bütövlükdə şirkətin nüfuzuna təsir edə bilər.


- Hər kəsin çalışdığı sahədə müəyyən bir prinsipləri olur. İR mütəxəssis olaraq, siz hansı prinsiplərlə işləyirsiniz?
- Mənim əsas həyat prinsipim həyatda hər bir işi həvəslə etməyə çalışmağımdır. İşim də istisna deyil. Özümü daim inkişaf etdirmək və hər zaman oxumaq.
Prinsiplərdən biri də insanlara hər zaman qayğı göstərmək, onları qiymətləndirməkdir. Mənim üçün qapımın kimin tərəfindən döyülməsinin heç bir fərqi yoxdur. Və işçilərə heç vaxt "sabah gəl danışaq” sözü deməmişəm. Günümün müəyyən hissəsini insanlarla canlı ünsiyyətə ayırıram.

Güvənə biləcəyim insanlarla işləməyi üstün tuturam, əhatəmdə layiqli, etibarlı insanlarla ünsiyyət saxlamağa çalışıram. Bəzən bu, çətin olur, çünki bizi fərqli vərdişləri, təfəkkürü, həyat anlayışları, uğur təsəvvürləri olan insanlar əhatə edir. Onların hamısı sənin düşüncələrini, dəyər və prinsiplərini bölüşmür. Kimsə məqsədinə çatmaqda sənə mane olur, kimsə səni qınayaraq qarşına çıxır. Dürüstlük hər zaman insanlarda yüksək qiymətləndirdiyim xüsusiyyətdir. Bir insan nə qədər yüksək səviyyəli peşəkar olsa da, birinci diqqət yetirdiyim xüsusiyyət dürüstlükdür, sonra peşəkarlıq.

Daima irəli getmək prinsipi də mənə çox yaxındır. Qarşımda bir məqsəd qoyaraq, inadla, addım-addım ona doğru irəliləməyə çalışıram.


- Fəaliyyətinizə nəzər salanda görünür ki, karyeranızda əsas payı bank sektoru tutur. Təsadüfən belə alınır, yoxsa bu məqsədli bir seçim olur?
- İş yerimi dəyişdikdə əsas diqqət yetirdiyim məqam sektor deyil. Təcrübəmdə bank olmayan sektor da var. Çalışdığım yerdə mənim üçün əsas vacib olan amillər şirkətin nüfuzu, dəyərləri, iş prinsipləri, işləyəcəyim rəhbər və maddi tərəflərdir (Gülür).

- Kadrları işə götürən sizsiniz, maraqlıdır, sizi işə götürəndə hansı mərhələni keçirsiniz?
- Əslində elə də çox iş yeri dəyişməmişəm - cəmi 4 dəfə. Dəvət aldığım iş yerlərində müsahibədən keçərək işə qəbul edilmişəm.

- Yəqin ki, o mərhələni keçmək o qədər çətin olmaz, manevrlər haqqında kifayət qədər məlumatlı olursunuz...
- Vurğuladığınız manevrlərdən gündəlik işimdə sıx istifadə etdiyimə görə, hər suala necə cavab versəm, işəgötürənin məmnun qalıb-qalmadığını bilirəm. Ancaq, sözsüz ki, istənilən namizədin işə qəbulunda əsas amil əvvəlki iş yerlərində göstərilən nəticədir. Əgər bir şəxs bir yerdə, və ya hər hansı bir işdə müvəffəqiyyət qazanıbsa, yüksək ehtimalla digər iş yerində də uğurlu olacaqdır.


- Sizə görə uğurun sirri nədir?
- Uğur məfhumu hər kəs üçün fərdi xarakter daşıya bilir. Burada standart meyarlar mövcud deyil. Kimin üçünsə uğur əlçatmaz bir hədəfə nail olmaqdır, digərləri üçün müştərilərinin məmnun olması. Mənim üçün isə uğurun sirri həqiqətən sevdiyim işlə məşğul olaraq, hətta gündəlik gördüyüm işdən zövq almaqdır. İş prosesini özüm üçün daha maraqlı etməyə çalışıram. Təkrarlanan rutin işi əsl yaradıcı işə çevirmək üçün daima öyrənən və təkmilləşən tələbə mövqeyində qalaraq öz dünyagörüşümü, biliklərimi genişləndirirəm. Bu proses davamlıdır, onu dayandırmaq mümkün deyil. Sən hər zaman bir informasiya axını içində olaraq inkişaf edirsən, beləliklə də ətrafında daha güclü insanlar toplanan bir şəxsiyyətə çevrilirsən.

Uğur yolunda uğursuzluqlarla da üzləşmişəm, bu, qaçılmazdır. Səhvlərim olduqda, məqsədimdən geri dönməmişəm, əksinə gələcəkdə həmin səhvlərin təkrarlanmaması üçün hər bir uğursuzluğu təhlil edib ondan nəticə çıxarmağa çalışmışam.

Bundan əlavə, işdə və həyatımda baş verən hər şey üçün tam məsuliyyət daşıyıram, işimi daha tez, keyfiyyətli görmək üçün proseslərini daim optimizasiya etməyə çalışıram ki, öz inkişafıma, ailə və dostlarıma sərf edəcək daha çox vaxt qazanım. Axı, ilk növbədə biz xoşbəxt olmalıyıq və yalnız sonra uğurlu!

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər