• şənbə, 20 Aprel, 06:31
  • Baku Bakı 14°C

“İşçi Qrup hökumətlə vətəndaş cəmiyyətinin dialoq platformalarından ən mükəmməlidir”

04.11.14 10:35 2110
“İşçi Qrup hökumətlə vətəndaş cəmiyyətinin dialoq platformalarından ən mükəmməlidir”
Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət İnsan Haqları üzrə Birgə İşçi Qrupu 2005-ci ildə yaradılıb. Təxminən 3 ildən sonra Qrup fəaliyyətini dayandırıb. Ötən ayın sonlarında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini yenidən bərpa edib. Birgə İşçi Qrupun fəaliyyətini yenidən bərpa etməsinə səbəb, qarşıda duran vəzifələr, bu Qrupa qarşı aparılan kampaniya və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Qrupun katibi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırır.
- Sahib müəllim, Birgə İşçi Qrupun fəaliyyətini yenidən bərpa etməsini zəruri edən səbəb və ya səbəblər nədən ibarətdir?
- İnsan Haqları üzrə Birgə İşçi Qrupu 2005-2008-ci illərdə fəaliyyət göstərib. Qrupun fəaliyyətinin 2008-ci ildə dayandırılmasına səbəb Avropa Şurasının öz üzərinə götürdüyü “centlmen şərtləri”ni pozması olmuşdu. İndi isə yenidən bu Qrupun fəaliyyəti bərpa edilib. Bu onu göstərir ki, Azərbaycan cəmiyyətdə insan haqları ilə bağlı məsələlərin araşdırılması və vətəndaş həmrəyliyinin bərpa edilməsinə hazırdır. Bu Qrup 22 oktyabr tarixində ilk bərpa toplantısını keçirib. Ümumiyyətlə, İşçi Qrupu hökumətlə vətəndaş cəmiyyətinin dialoq platformalarından biri və ən mükəmməlidir. Ona görə ki, onun fəaliyyətinin bərpa edilməsində ölkə başçısının siyasi iradəsi dayanır. Bu Qrupla bağlı həm vətəndaş cəmiyyəti təmsilçiləri, həm də Avropa Şurası nümayəndələri dövlət başçısına müraciət etmişdilər ki, qarşılıqlı dialoq çərçivəsində bir sıra problemləri ölkə daxilində həll etmək mümkündür. Müzakirə, dialoq platformalarından biri kimi də İşçi Qrupun fəaliyyətinin bərpası önə çəkilmişdi. İnsan hüquqları ilə bağlı müəyyən məsələlər var ki, hökumətin hər üç qolunu təmsil edən hakimiyyət təmsilçiləri və aparıcı insan hüquq müdafiəçiləri mütəmadi bir araya gəlib müzakirə edəcək, problemlərin həli ilə bağlı tövsiyələr verəcəklər. Heç bir halda bu İşçi Qrup hansısa dövlət orqanını əvəz etmir və edə də bilməz. Yaxud da heç bir məhkəmə orqanının işinə müdaxilə edə bilməz. Yalnız və yalnız tövsiyələrlə çıxış edə bilər. Misal üçün, hansısa məhkumun əfv edilməsi ilə bağlı müvafiq komissiyaya müraciət edə bilər. Humanizm prinsiplərindən çıxış edərək hansısa xəstə məhkumun vaxtından əvvəl azad edilməsi məsələsini tövsiyə şəklində qaldıra bilər. Eləcə də insan hüquqları, vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərlə bağlı məsələlər qaldıra bilər. Bu kimi amillər nəzərə alındıqda, birgə işçi qrupun fəaliyyətinin bərpası olduqca əhəmiyyətli hadisədir. Bu, nəinki Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən, həmçinin ciddi beynəlxalq qurumlar, bir çox ölkələrin xarici işlər nazirlikləri tərəfindən də müsbət qarşılanır.
- Əvvəlki İşçi Qrupunda təmsil olunanlar yeni yaradılan qrupda da təmsil olunurlarmı?
- Ümumilikdə 9 nəfər təmsil olunur Qrupda. Qrupun əsasnaməsi, reqlamenti var. Bu çərçivədə tərkibin genişlənməsi məsələsinə hər zaman baxıla bilər. Faktiki olaraq, 2005-2008-ci ildə fəaliyyət göstərən qrupun bütün üzvləri indi də yeni tərkibdə yer almaqdadırlar. Əlavə olaraq iki nəfər də Qrupa üzv olub. Onlar Əliməmməd Nuriyev və Mirvari Qəhrəmanlıdır.
- Qrupun fəaliyyətinin 2008-ci ildə dayandırılmasına səbəb AŞPA-nın Azərbaycanda siyasi dustaqlar üzrə məruzəçisi Kristofer Ştrasserin pozuculuğu və qərəzli “siyasi məhbus” siyahısı olmuşdu. Yanlış məlumatlar əsasında hazırlanan həmin siyahıda terrorçular, canilər, separatçılar da “siyasi məhbus” kimi göstərilmişdi. Birgə İşçi Qrupun fəaliyyətinin bərpası Azərbaycan haqqında bu cür yanlış təsəvvürlərin qarşısını alacaqmı?
- Məqsədli şəkildə yayılan yanlış təsəvvürlərə bəlkə bundan sonra da rast gəlinəcək. Sadəcə bundan sonra o məlumatları hazırlayanların və yayanların arqumentləri zəifləyəcək. Məsələn, əvvəllər gedib Avropa İttifaqında tədbirlər keçirilir və qeyd edilirdi ki, guya, Azərbaycan hökuməti vətəndaş cəmiyyətini məhv edib, QHT-lərin fəaliyyətini məhdudlaşdırıb və sair. Amma indi bu işi təşkil edənlərin, o tədbirlərin effektivliyi itəcəkdir. Çünki Avropa Şurası, Avropa ölkələri Azərbaycanda əsl reallıqların tamam başqa cür olduğunu görəcəklər. Ölkədə mövcud olan hər hansı problemin Azərbaycan çərçivəsində həllinin mümkünlüyünü görəcəklər. Bu baxımdan Birgə İşçi Qrupun fəaliyyətinin bərpası bir qədər əvvəl qeyd etdiyim şəxslərin şər-böhtan kampaniyasına ciddi zərbə olacaqdır. Əsas odur, biz işimizlə sübut edək ki, Azərbaycan hökuməti öz vətəndaşının fikirlərini eşidir. Elə sonuncu əfv fərmanına diqqət yetirsək görərik ki, dövlət başçısı belə bir humanist addım atarkən insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların təkliflərini də nəzərə alıb. Prezident İlham Əliyev tərəfindən belə bir addım 2005-ci ildə də atılmışdı. O zaman da hüquq-müdafiə təşkilatlarının müraciətlərinin nəzərə alındığı ölkə başçısının aktında göstərilmişdi. Təbii ki, bütün bunlar olduqca əhəmiyyətli məqamlardır.
- Sizcə, bu cür qərəzli kampaniyaların aparılmasında məqsəd nədir?
- Bu kampaniyalardan müəyyən şəxslər bəhrələnir, külli miqdarda vəsaitlər əldə edirlər. Bəzi hallarda isə bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanırlar.
- Birgə İşçi Qrupu fəaliyyətini bərpa edərkən ona qarşı da belə gözdənsalma kampaniyasının aparıldığını müşahidə etdik. Hətta Qrupa etimadsızlıq göstərilsin deyə, 35 nəfərin imzası ilə Avropa Şurasının Baş katibinə müraciət də göndərilmişdi...
- Bəli, tamamilə doğrudur. Amma məsələ burasındadır ki, onlar 35 nəfərə imza atdırıb, əleyhimizə kampaniya aparırlarsa, biz də 3 min nəfərin imzasını toplayıb özümüzü haqlı çıxarar, Qrupa etimad göstərildiyini sübut edərik. Lakin biz bütün işimizi-gücümüzü atıb imza toplama kampaniyasına başlaya bilmərik. Elə insanlar var ki, bilməyərəkdən, təsadüfən o müraciətə imza atırlar. O 35 nəfər imza sahibləri arasında elələri var ki, müraciəti təşkil edənlər heç onların azadlığa çıxmasını istəmirlər. Çünki həbsdəki həmin insanların adları olmasa onların hazırladıqları siyahının “bəzəyi”, “yaraşığı” itəcəkdir. Bu kimi səbəblərdən, belə çirkin kampaniyanı təşkil edənlər istəmirlər ki, dialoq nəticəsində kimlərinsə barəsində humanist qərarlar qəbul edilsin, kimlərsə vaxtından əvvəl azadlığa çıxsın, əfv olunsun. Ona görə də bu cür uğursuz cəhdlər edirlər. Bilirsiniz, ortada böyük məsələlər var. Misal üçün, xaricdə fəaliyyət göstərən böyük QHT-lər var ki, regionla, o cümlədən Azərbaycanla bağlı böyük vəsaitlər əldə edirlər. Beynəlxalq tədbirlərdə əlavə tədbirlər təşkil edir, xüsusi kampaniyalar təşkil edib böyük vəsaitləri mənimsəyirlər. Belə işlər üçün ayrılan külli miqdarda vəsaitin yalnız 20-30 faizi xərclənir, qalanı isə administrativ xərclər adı altında silinir. Digər tərəfdən, Azərbaycanla dost münasibətində olmayan ölkələr var. Onlar insan hüquqlarından alət kimi istifadə edirlər. Bunun üçün onlara material lazımdır. Belə materialı, “faktları” isə bəlli adamlar onlara çatdırırlar.
- Birgə İşçi Qrupuna etimadsızlıq göstərilməsi üçün jurnalist Xədicə İsmayılovanın xüsusi fəallıq nümayiş etdirdiyi məlumdur. Sizcə, bu, nədən qaynaqlanır?
- Xədicə İsmayılova sadəcə jurnalist deyil, o, bəzi beynəlxalq təşkilatların buradakı təmsilçisidir. Ona görə də tez-tez xaricə beynəlxalq konfranslara dəvət olunur. Onun koordinasiyası altında olan xeyli insanlar var ki, onlar müxtəlif proseslərə cəlb edilirlər. Misal üçün, ATƏT-in Varşavadakı konfransına Xədicə İsmayılovanın rəhbərliyi altında Azərbaycandan 30-40 nəfər insan aparılmışdı. Onların hər biri üçün əvvəlcədən çıxışlar hazırlanmışdı və sair. Bu baxımdan Xədicə İsmayılovanın davranışları təbiidir. Fikrimcə, ona bir qədər də imkan vermək lazımdır ki, bu cür bəyanatlarla daha çox çıxış etsin. Çünki o, sonuncu çıxışında Birgə İşçi Qrupun işini alqışlayan bütün beynəlxalq təşkilatları açıq-aşkar təhqir etdi. ABŞ Dövlət Departamentini, Avropa İttifaqını, Avropa Şurasını hədəfə aldı və sair. Onun belə hərəkətləri bizim üçün yaxşıdır. Qoy, ona istinad edən qüvvələr, təşkilatlar görsünlər ki, Xədicə İsmayılova kimdir.
- Mətbuatdan o da məlumdur ki, X.İsmayılova özü də bu Qrupun üzvü olmağa cəhd göstərib. Bəs, necə oldu ki, onun bu cəhdi alınmadı?
- Xədicə İsmayıl 21 oktyabr 2014-cü il tarixində özünün Facebook səhifəsində yazdığı statusla açıq aşkar sübut edirdi ki, o, əvvəlki tərkib İşçi Qrupunu gözdən salmaq üçün səy göstərib. İşçi qrupunun əvvəlki tərkibini tamamilə dəyişdirməyin mümkün olmadığını anlayanda isə heç olmasa özünün həmin qrupda üzvlüyünün təmin olunması uğrunda mübarizəyə başladı. Bu işdə ona Norveç fondları lobbiçilik edirdi. Xədicə İsmayılova bu məqsədlə namizədliyini irəli sürdü, hətta işçi qrupda təmsil olunmaq naminə vədlər də verdi. Amma İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin birmənalı və yekdil mövqeyi bu oldu ki, onunla bir qrupda işləyə bilməyəcəklər. Çünki hər kəsə bəlli idi ki, Xədicə İsmayılovanın məqsədi bu formatda bərpa olunan dialoqu pozmaqdan ibarətdir. Lakin Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi ilə hüquq müdafiəçilərinin bir neçə saat davam edən müzakirələri nəticəsində onun digər KİV nümayəndələri ilə birgə İşçi Qrupunun işini müşahidə etməsinə razılıq əldə edildi. Ancaq o, öz Facebook səhifəsində İşçi Qrup üzvlərini aşağıladıqdan sonra yenidən özü-özünü çıxılmaz vəziyyətə saldı. Hər addımını Norveçlə razılaşdıran Xədicə İsmayılova bu dəfə özü öz planını alt-üst etdi.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər